Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbi Azərbaycana qayıdış!

Qərbi Azərbaycana qayıdış!

23.09.2023 [10:40]

Parlamentdə ictimai dinləmə keçiriləcək

Günel ABBAS

Sentyabrın 25-də Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçiriləcək.

Tədbirdə azərbaycanlıların indiki Ermənistan ərazilərindən - öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımından qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak edəcəklər.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu qayıdışın bütün detalları Prezidentin tapşırığı ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb.

Millət vəkili qeyd edib ki, son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqları davamlı olaraq pozulub, onlar dəfələrlə deportasiyaya, soyqırımlara məruz qalıblar. O, bununla bağlı müxtəlif vaxtlarda baş vermiş tarixi hadisələr barədə məlumat verib, 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbə nəticəsində tarixi torpaqlarımıza qayıdış üçün yeni imkanlar yarandığını deyib.

Əziz Ələkbərli vurğulayıb ki, öz torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin 2022-ci ilin avqustunda keçirilmiş toplantısında Qərbi Azərbaycan İcması təsis edilib. O, bildirib ki, İcma qarşısında duran əsas məsələ 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar barədə həqiqətlərin, onlara qarşı törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquqlarının müdafiəsini təşkil etməkdir.

İcma rəhbəri xatırlatma edərək Prezidentin Qərbi azərbaycanlılarla görüşdə bir sıra mühüm məsələlər, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı qarşıya vəzifələr qoyduğunu söyləyib. O, sözügedən konsepsiyanın bir ay müddətində hazırlanaraq,  təsdiq edildiyini deyib. Bildirib ki, sənəddə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. O, soydaşlarımızın həmin ərazilərə qayıtdıqdan sonra təhlükəsiz yaşaması məsələsinin həll olunmasının vacibliyindən də danışıb. Qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdışı tələbi beynəlxalq hüquqa tam uyğundur. Bu istiqamətdə beynəlxalq müstəvidə də ardıcıl iş aparılmalıdır. Bu mənada, Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılması mühüm əhəmiyyət kəsb edir. İcma sədri bu istiqamətdə Qərbi Azərbaycan İcmasının səmərəli fəaliyyət göstərdiyini söyləyib.

İdarə heyətinin sədri müzakirəyə çıxarılan mövzunun mühüm siyasi-hüquqi xarakter daşıdığını deyib. O, məsələnin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra yaranmış yeni reallıqlar kontekstində vacibliyindən bəhs edib. Ə.Ələkbərli soydaşlarımızın öz əzəli torpaqlarına qayıdışının bütün Azərbaycan xalqının hədəfi olduğunu, bu mənada aparılan müzakirələrin milli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib. O, xalqımızın yaşadığı humanitar faciənin fəsadlarının aradan qaldırılmasının, insanlarımızın pozulmuş hüquqlarının bərpasının, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Ə.Ələkbərli həmçinin ermənilər tərəfindən əsrlərdən bəri törədilmiş və özündə cinayət tərkibi ehtiva edən məsələlər barədə danışıb. O, bildirib ki, azərbaycanlıların indiki Ermənistandan qanuni əsaslarla yaşadıqları ərazilərdən sistemli və irimiqyaslı formada qovulması 200 ildən artıq bir müddətdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin bariz nümunəsidir. Düşünülmüş şəkildə reallaşdırılan və ən ağır cinayətləri özündə ehtiva edən bu proses 1905-1920, 1948-1953, 1988-1992-ci illəri əhatə edən üç mərhələni keçib. Bunların nəticəsində Qərbi Azərbaycanın etnik tərkibi dəyişdirilib və burada monoetnik bir dövlət yaradılıb.

Millət vəkili 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında tarixdə baş verən dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, Prezident İlham Əliyevin 12 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamında erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirdiyi əks olunub.

Əziz Ələkbərli ermənilər tərəfindən törədilmiş cinayətlərin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi, milli qanunvericilikdə bu məsələlərin əks olunması ilə bağlı bəzi məqamlara toxunub. Qeyd edib ki, Azərbaycan xalqına qarşı uzun müddət ərzində ən ağır beynəlxalq cinayətlər törədilib və Qərbi Azərbaycana qayıdışın ən mühüm komponentlərindən biri bu cür cinayətlərin beynəlxalq müstəvidə tanınmasına nail olmaqdır.

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31