Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Yaxın Şərq yeni müharibə astanasında

Yaxın Şərq yeni müharibə astanasında

24.02.2026 [09:30]

Silah kölgəsində gedən böyük diplomatik oyunun nəticəsi necə olacaq?

Yaxın Şərq yenidən dünyanın diqqət mərkəzinə çevrilib. Son həftələrdə baş verən hadisələr göstərir ki, region faktiki olaraq müharibə ilə diplomatiya arasındakı təhlükəli bir xətt üzərində hərəkət edir. Uzun fasilədən sonra başlayan ABŞ-İran danışıqları ümid yaratsa da, paralel şəkildə güclənən hərbi hazırlıq bu ümidləri ciddi sual altına alır.

2026-cı ilin 6 fevral tarixində Oman Sultanlığının paytaxtı Maskatda ABŞ və İran nümayəndələri arasında dolayı danışıqların ilk raundu keçirildi. İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edirdi. Görüş birbaşa deyil, Omanın vasitəçiliyi ilə aparıldı ki, bu da tərəflər arasında etimad səviyyəsinin hələ də aşağı olduğunu göstərir.

İran tərəfi danışıqların yalnız nüvə proqramı ilə bağlı olduğunu bildirdi. Tehran uranın zənginləşdirilməsindən tam imtinanı qəti şəkildə rədd etdi, yalnız zənginləşdirmə səviyyəsinin məhdudlaşdırılması və beynəlxalq nəzarət mexanizmlərinin müzakirəsinə hazır olduğunu açıqladı. ABŞ isə daha geniş paketlə - raket proqramının məhdudlaşdırılması və regional təsirin azaldılması tələbi ilə çıxış edir. Məhz bu ziddiyyət danışıqların dalana dirənmiş əsas məqamı hesab olunur.

Diplomatik proses davam etdiyi halda Vaşinqton eyni gündə - 6 fevral 2026-cı ildə İrana qarşı yeni ikinci dərəcəli sanksiyalar haqqında fərman imzaladı. Prezident Donald Trampın təsdiqlədiyi sənədə əsasən, İranla ticarət aparan ölkələrə əlavə tarif və iqtisadi məhdudiyyətlər tətbiq edilə bilər. Bu addım Tehranda danışıqlara paralel təzyiq siyasəti kimi qiymətləndirildi.

Hərbi müstəvidə isə vəziyyət daha gərgindir. ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzinə əlavə qüvvələr göndərib. Regionda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbər strukturlarında xidmət edən admiral Bred Kuper danışıqlar prosesinə də qatılıb ki, bu fakt diplomatiyanın arxasında real hərbi planlaşdırmanın getdiyini göstərir.

İsrail amili də prosesin əsas determinantlarından biridir. İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfərindən sonra ABŞ-ın İran məsələsində sərt mövqeyini dəstəklədiyini açıq şəkildə bəyan edib. Təl-Əviv hesab edir ki, İranın nüvə potensialı regionda strateji balansı dəyişə bilər, bu səbəbdən hərbi variant gündəmdən çıxarılmamalıdır. Ekspertlərin fikrincə, ABŞ və İsrailin mümkün “məhdud zərbə” ssenarisi belə genişmiqyaslı müharibəyə səbəb ola bilər. İran rəhbərliyi açıq-aşkar bəyan edib ki, ölkə ərazisinə istənilən hücum “kütləvi cavabla” qarşılanacaq. Tehran xüsusilə Fars körfəzində yerləşən ABŞ hərbi bazalarını və enerji infrastrukturlarını potensial hədəf kimi göstərir.

Ən böyük risk isə enerji təhlükəsizliyi ilə bağlıdır. Dünyada dəniz yoluyla daşınan neftin təxminən 20 faizi Hörmüz boğazından keçir. İranın bu marşrutu bağlamaq ehtimalı qlobal enerji qiymətlərində kəskin sıçrayış yarada bilər. Bu səbəbdən Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi regional aktorlar Vaşinqtonu diplomatik həllə sövq etməyə çalışır.

Maraqlıdır ki, ABŞ-İran dialoqu 2025-ci ilin iyununda İsrail və ABŞ-ın İran ətrafında hərbi əməliyyatlarından sonra dayandırılmışdı. O vaxta qədər tərəflər 2015-ci il nüvə sazişinin bərpası üzrə beş məsləhətləşmə keçirmişdi. Xatırladaq ki, həmin sazişdən ABŞ məhz Donald Trampın əvvəlki prezidentliyi dövründə - 2018-ci ildə çıxmışdı. Bugünkü reallıq göstərir ki, tərəflər nə tam müharibə istəyir, nə də real kompromisə hazırdır. Politoloqlar bu vəziyyəti “idarə olunan gərginlik” modeli adlandırırlar. Yəni tərəflər qarşıdurmanı müəyyən həddə qədər saxlayaraq həm daxili auditoriyaya güc nümayiş etdirir, həm də strateji mövqelərini qorumağa çalışırlar. Lakin tarix göstərir ki, Yaxın Şərqdə səhv hesablanmış bir addım belə böyük müharibənin başlanmasına kifayət edir. Hazırda region məhz belə bir həssas mərhələdən keçir - diplomatik masanın üzərində sənədlər olsa da, onun kölgəsində silahlar hazır vəziyyətdədir.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Bir gecənin faciəsi

24 Fevral 10:55  

Gündəm

Gündəm

Gündəm

Baharın ilk nəfəsi

24 Fevral 08:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28