Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / ABŞ yenidən köhnə qitəyə “qayıdır”

ABŞ yenidən köhnə qitəyə “qayıdır”

10.06.2022 [10:14]

Baydenin Avropa turnesi hərbi-siyasi proseslərə hansı təsiri göstərəcək?

Pərviz SADAYOĞLU

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden iyunun 25-28-də Almaniyada keçiriləcək G7 liderlərinin sammitində və İspaniyada təşkil olunacaq NATO sammitində iştirak etmək üçün Avropaya səfər edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib. “Bayden G7 liderlərinin zirvə toplantısında iştirak etmək üçün iyunun 25-də Almaniyanın cənubundakı Elmau şəhərinə gedəcək”, - o deyib.

Zirvə görüşündə G7-nin Ukraynaya verdiyi dəstək, iqtisadi və demokratik dayanıqlılıq, iqlim dəyişikliyi, inkişaf və qlobal sağlamlıq təhlükəsizliyi müzakirə ediləcək. Jan-Pyer toplantıda Rusiya-Ukrayna müharibəsi səbəbindən ortaya çıxan qida və enerji böhranının da diqqət mərkəzində olacağını vurğulayıb. “Müharibə sammitin mühüm mövzuları arasında olacaq”, - deyə o qeyd edib.

“İyunun 28-də Bayden NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə gedəcək”, - Ağ Ev rəsmisi deyib.

Siyasi mütəxəssislər Baydenin Avropa turnesini yaxın gələcək üçün siyasi proseslərin məcrasının müəyyənləşdirilməsi kimi qiymətləndirirlər. Ağ Ev rəhbərinin bu səfəri siyasi münasibətlər sisteminin yeni mərhələsini formalaşdıra bilər.

Yaxın-Uzaq Şərq səfərləri və uğurlu nəticələr - Avropa arxayın ola bilər

Ötən ilin dekabrında keçirilən “Demokratiya sammiti”nin ABŞ xarici siyasətinin aktivləşməsindəki rolu danılmazdır. Prezident Baydenin təşəbbüsü ilə reallaşan sammitdən ötən 6 ay Vaşinqtonun qlobal liderlik uğrunda aktiv mübarizəsində effektiv nəticələri ilə yadda qalıb. Belə ki, bu yolda ən böyük maneələrdən biri olan Rusiyanın başı Ukraynadakı hərbi qarşıdurmaya qarışıb. İkinci maneə olan Çinə qarşı isə çoxşaxəli “hücum planı” strategiyası həyata keçirilir. Bu mənada, ortaya çıxa biləcək fors-major situasiyalardan yayınmaq üçün güclərin təmərküzləşməsi, yalnız hədəflərə fokuslanması olduqca vacibdir. ABŞ prezidentinin Avropa turnesi isə bu yolda ən vacib detallardandır. Baydenin son bir aydakı səfər trayektoriyasına nəzər saldıqda, Ağ Evin planlarının konturları da aşkara çıxır. Məsələn, Uzaq şərq səyahətinin nəticələrini belə müddəalaşdırmaq mümkündür;

- Uzaq Şərqdə Çin və Rusiya əməkdaşlığına qarşı güclü birlik yaradılması;

- Yaponiyanın Kuril probleminin həlli ilə bağlı hərtərəfli dəstəyin verilməsi;

- Tayvan adası məsələsində qəti mövqe nümayişi;

- Şərq sularında möhkəm hərbi-siyasi bloklaşma;

- Uzaq Şərqin neytral və ya Çinə meyilli ölkələrinə qarşı əzələ nümayişi - bu yolla onların ən azından neytral mövqeyinin saxlanılmasına nail olmaq.

Yaxın Şərq kontingentinə səfər isə ABŞ üçün daha vacib şərtlər formalaşdırdı. Dünyanın əsas karbohidrogen ehtiyatlarına sahib olan Yaxın Şərqin tam dəstəyi anti-Rusiya və anti-Çin koalisiyası üçün hava-su kimi vacib idi. Bu səfərdə əldə olunan nəticələri də punktlaşdırdıqda, uğurlar böyükdür:

- Ərəb dünyasının lideri sayılan Səudiyyə Ərəbistanı ilə münasibətlərin yenidən normallaşdırılması, hətta daha da inkişaf etdirilməsinə nail olunub;

- Qətər və digər enerji idxalçılarının vasitəsilə Avropanın Rusiyadan olan neft-qaz asılılığının minimuma endirilməsi istiqamətində real addımlar atılıb;

- “Taliban” təhdidinin bu və ya digər şəkildə Çinə qarşı yönləndirilməsinə nail olunub;

- Hindistanın prosesdəki rolunun tam dəqiqləşdirilməsi mümkünləşib.

Beləliklə də, səfər nəticəsində ABŞ özünün qlobal dünya siyasətində mühüm yerə malik şərq kontenti ilə bağlı arxayınlıq qazanmış oldu. Əldə edilən bu uğurlu nəticələr isə əsas müttəfiqlər - Avropa ölkələri ilə paylaşılmalıdır. Köhnə qitə əmin olmalıdır ki, üzləşə biləcəyi problemlərin yaxın zamanda həlli üçün qarantiyası var.

Avropanın böyük bir hissəsi şərq enerjisinə “qızına biləcək”

Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin də qeyd etdiyi kimi, Almaniyada keçiriləcək G7 liderlərinin sammitinin əsas müzakirə mövzusu G7-nin Ukraynaya verdiyi dəstək, iqtisadi və demokratik dayanıqlılıq, iqlim dəyişikliyi, inkişaf və qlobal sağlamlıq təhlükəsizliyi məsələləridir. Eləcə də, Rusiya-Ukrayna müharibəsi səbəbindən ortaya çıxan qida və enerji böhranı da diqqət mərkəzində saxlanılacaq. Göründüyü kimi, Baydenin Yaxın Şərq səfəri müzakirənin əsas predmetlərinin həllini böyük miqyasda özündə əks etdirir. Artıq Avropa arxayın ola bilər. Rusiyaya qarşı tətbiqi nəzərdə tutulan 6-cı sanksiyalar paketinin gözlədilməsinə də ehtiyac qalmayacaq. Çünki sammitin keçirildiyi Almaniya da daxil olmaqla Avropanın böyük bir hissəsi şərq enerjisinə “qızına biləcək”. ABŞ bu yolla Avropanın Rusiyaya qarşı mübarizədə tam dəstəyinə nail ola bilər. Bu səfər Ukraynanın da Avropa məkanından narazılıqlarına son qoya bilər. Kiyevə Aİ yolunun açılması ilə bağlı maneələrin aradan qaldırılması, dəstəyin siyasi bəyanatlarla məhdudlaşmaması, tam əksinə, maddi və hərbi yardımların daha da genişləndirilməsi bu sammitin ən mühüm müzakirə predmetlərinə çevriləcək. ABŞ isə problemlərin həllində təminatçı kimi liderliyini ortaya qoyacaq.

NATO sammiti - geosiyasi mənzərə dəyişə bilər...

O ki qaldı Baydenin Madriddə baş tutacaq NATO sammitində iştirakına, burada söylənəcək sözlər daha çox olacaq. Ehtimal edilir ki, İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsi məsələsi yenidən aktuallaşacaq. Bu ölkələrin Türkiyənin irəli sürdüyü şərtləri qəbul etməsi qarşılığında quruma daxil olacaqları daha çox proqnozlaşdırılır. Çünki indiki halda ABŞ üçün Türkiyə ilə münasibətlərin müsbət məcrada inkişafı İsveç və Finlandiyanın himayəsində olan terrorçu qruplaşmalardan daha önəmlidir. İkinci bir tərəfdən, Bayden NATO sammitinə əliboş da gəlmir. Bir neçə ay öncə tarixdə ilk dəfə Yaponiya nümayəndəsinin NATO toplantısına qatılması öz bəhrəsini verir. Artıq Tokio rəsmi şəkildə şimal alyansının müttəfiqinə çevrilir. Bu isə birmənalı şəkildə ABŞ-ın xidmətidir. Anti-Çin koalisiyasının ən aparıcı üzvləri sayılacaq Cənubi Koreya və Yaponiya təşkilatla paralel hərəkət edəcəklər. Bu isə birmənalı şəkildə  NATO-nun gücünə güc qatacaq.

Nəticə etibarı ilə, Avropa - ABŞ münasibətləri heç də iddia edildiyi kimi, eniş fazasında deyil. Tam əksinə, iyunun üçüncü ongünlüyü XXI əsrin geosiyasi mənzərəsini dəyişə biləcək yeniliklər vəd edir. Bu yeniliklər arasında ən mühümü isə Şərq-Qərb hərbi-siyasi əməkdaşlığının möhkəmlənməsi, hədəflərə diqqət kəsilməsi olacaq. Başqa sözlə, tarix yeni bir qlobal qarşıdurmanın astanasındadır...

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

28 İyun 09:21

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30