Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / "Ağdam” etimologiyası

"Ağdam” etimologiyası

19.11.2025 [16:51]

Toğrul Zeynalov    

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Ağdam toponiminin etimologiyası Azərbaycan xalqının çoxəsrlik dil, mədəniyyət və yaşayış tərzi ilə sıx bağlı olmaqla, bu adın formalaşmasında qədim türk dil qatlarının mühüm təsirini əks etdirir. Elmi mənbələrin əksəriyyətinə görə “Ağdam” sözü “ağ” və “dam” komponentlərinin birləşməsindən yaranmışdır; burada “ağ” yalnız rəng anlamını deyil, eyni zamanda ucalıq, paklıq, gün işığı, nur, saflıq kimi semantik çalarları da özündə birləşdirir. “Dam” isə qədim türk dillərində “örtük”, “ev”, “sığınacaq”, “mərkəz” kimi mənalarda işlənmiş və bu izah Ağdamın tarixi memarlıq xüsusiyyətləri ilə səsləşir. Ağdam adının yaranması barədə ən yayılmış rəvayətlərdən birinə görə, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın bu ərazidə tikdirdiyi, günəş işığında parıldayan ağ örtüklü saray yerli əhali tərəfindən “ağ dam” kimi adlandırılmış və zaman keçdikcə bu ad bütöv bir bölgənin tarixi adına çevrilmişdir. Digər etimoloji yanaşmalar “ağ” sözünü “uca yer”, “nurlu məkan”, “işıqlı düzənlik” kimi izah edərək Ağdamın qədim dövrlərdən Qarabağ aranının ən geniş, günəşli və yaşayışa əlverişli sahələrindən biri olması ilə əlaqələndirirlər. Türkoloji tədqiqatlarda “dam” sözünün “dayaq yeri”, “mühüm mərkəz”, “qorunan məkan” anlamlarına malik olması da xüsusi vurğulanır ki, Ağdamın tarix boyu Qarabağ bölgəsinin iqtisadi, ticarət, memarlıq və mədəniyyət mərkəzlərindən biri kimi tanınması bu izahı daha da möhkəmləndirir. Bu mənşə izahları göstərir ki, Ağdam adı yalnız coğrafi bir toponim deyil, həm də xalqın məkanla bağlı yaddaşının, bölgənin işıqlı təbiətinin, qədim memarlıq ənənələrinin və Qarabağın mədəni irsinin özünəməxsus simvoludur.

Tarixin son yüzillik mərhələsində Ağdam adı həm də böyük sınaqların, işğalın acı nəticələrinin və dağıdılmış şəhərin faciəli taleyinin rəmzinə çevrilmişdir. 1993-cü ildə Ağdamın işğalı nəticəsində şəhər və rayon ərazisi tamamilə dağıdılmış, mədəni irs abidələrinin böyük hissəsi yerlə-yeksan edilmiş, əhali öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Nəhayət, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində Ağdam rayonunun işğaldan azad edilməsi tarixi ədalətin bərpası kimi dəyərləndirilərək Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin edilməsində dönüş nöqtəsi oldu. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli diplomatiyası, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində Ağdam bir güllə belə atılmadan geri qaytarıldı ki, bu fakt həm Azərbaycanın gücünün, həm də dövlət rəhbərliyinin strateji yanaşmasının bariz təcəssümüdür. İşğaldan azad olunduqdan sonra Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı, şəhərin Baş planı təsdiq edildi, “Ağıllı şəhər” konsepsiyası əsasında yeni müasir infrastrukturun qurulması, yolların çəkilməsi, su, elektrik və kommunikasiya xətlərinin yenidən yaradılması sürətlə həyata keçirildi. Bu gün Ağdam Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dirçəliş və böyük qayıdış modelinin əsas simvollarından birinə çevrilərək, keçmiş dağıntıların yerində yeni həyatın qurulduğu, tarixi kimliyini qoruyaraq müasir inkişaf konsepsiyası ilə yenidən doğulan bir şəhər kimi tarixə qayıdır.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30