Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İRƏVANIN MAARİFÇİ, İLK PEDAQOQ XANIMLARINDAN BİRİ - FATMA QƏDİMOVA

İRƏVANIN MAARİFÇİ, İLK PEDAQOQ XANIMLARINDAN BİRİ - FATMA QƏDİMOVA

19.06.2026 [09:17]

XX əsrin əvvəllərində İrəvanda qadın təhsilindən danışarkən bu coğrafiyadakı azərbaycanlı qızlar və qadınlar arasında maarifin, mədəniyyətin yayılmasında müstəsna xidmətləri olmuş azərbaycanlı xanım ziyalıların, maarifçilərin arasında Fatma Qədimovanın adını xüsusi ehtiramla yada salmaq lazımdır. Qərbi Azərbaycanda milli maarifçilik mühitinin formalaşmasında azərbaycanlı ziyalı qadınlar arasında Fatma xanımın böyük xidmətləri olmuşdur. İrəvanda ilk azərbaycanlı qadın müəllimlərindən olan Fatma Məmməd qızı Qədimova 1885-ci ildə İrəvan yaxınlığındakı Zəngibasar rayonunun Hacı İlyas (Hacı Elləz) kəndində anadan olmuşdur. Erkən yaşlarında atasını itirmiş Fatma dayısının himayəsində böyümüş, ilk təhsilini dövrün tərəqqipərvər maarifçilərindən olan dayısının yanında almışdır. XX əsrin əvvəllərində Qərbi Azərbaycanda milli maarifçiliyin inkişafında böyük fədakarlıq göstərmiş, ömrünün böyük bir hissəsini, bütün qüvvəsini, bilik və bacarığını yorulmaq bilmədən, öz xalqının oğul və qızlarının təlim-tərbiyəsinə, elmə, təhsilə yiyələnməsinə həsr edən Fatma xanım 1900-cü illərdən müəllimlik fəaliyyətinə başlamışdır. O, İrəvan qızlar gimnaziyasını bitirdikdən sonra 1905-ci ildə İrəvan rus-tatar qız məktəbində əmək fəaliyyətinə baslamışdır. Həmin dövrlərdə bəzi cahillərin hədə-qorxuları ilə qarşılaşsa da, azərbaycanlı xanımların azadlığı və maariflənməsi uğrunda mübarizədən geri çəkilməmişdir. Fatma xanım İrəvan Azərbaycan maarifçilik mühitində o dövrün maarifpərvər, parlaq şəxsiyyətləri Məmmədvəli Qəmərlinski, Mirzə Cabbar Məmmədzadə, Tərlan xanım Sultanova, Bülbül Kazımova və başqa tərəqqipərvər ziyalıları ilə birlikdə çiyin-çiyinə çalışmışdır.

Olduqca maarifpərvər və mətin iradə sahibi olan Fatma xanım həyat yoldaşı, silahdaşı Mirzə Rza ilə birlikdə İrəvanda milli maarifin inkişafına böyük töhfə vermişlər. 1914-cü ilin Cahan müharibəsindən sonra yetim və yurdsuz qalan bir sıra azərbaycanlı uşaqlarının təlim və tərbiyəsində, təhsilə yiyələnməsində onların böyük əməyi olmuşdur.

1918-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar zamanı rus-tatar qız məktəbinin də fəaliyyəti dayandırıldı. Fatma xanım da digər soydaşlarımız kimi, amansızcasına qətlə yetirilməkdən xilas olmaq üçün öz doğma ocağını tərk etməyə məcbur olmuşdur. 1920-ci ildən sonra öz doğma yurduna dönən Fatma xanım pedaqoji fəaliyyətini yenə də böyük həvəslə və inamla davam etdirmişdir.

1920-ci ildə “Ermənistanda” sovet hakimyyəti qurulmasından iki il keçməsinə baxmayaraq, 1922-ci ilə qədər hələ də İrəvanda azərbaycanlı məktəbi təşkil olunmamışdı. Təhsilin əhəmiyyətini aydın dərk edən Fatma xanım heç bir təmənna ummadan İrəvan şəhərindəki iki otaqdan ibarət olan mənzilinin bir otağını sinfə çevirib azərbaycanlı qızlar üçün kiçik bir məktəb yaradır, uşaqlara yazıb-oxumağı öyrədir. Burada Fatma xanım 40-a qədər azərbaycanlı oğlan və qıza öz ana dilində təhsil verir, onların maariflənməsinə çalışmışdı. Dövrün çətinliklərinə baxmayaraq, Fatma xanım həmişə azərbaycanlı övladlarının təhsilə cəlb olunması yolunda böyük zəhmət çəkmişdir.

Vaxtilə Fatma müəllimənin şagirdi olmuş, İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin məzunu, “Qızıl şəfəq” qəzetinin fəal müxbirlərindən olan Abdulla Mirzəyev öz müəlliməsinin bu milli təəssübkeşliyini minnətdarlıq hissi ilə xatırlayaraq yazır: “Otaqda 6 parta qoyulmuş, onun önündə isə divara bir yazı taxtası vurulmusdu. Otağın yuxarı başı Şərq üslubunda döşənmisdi. Müəllimə və qızlar isə burada otururdular. Müxtəlif bilik səviyyəsində olan şagirdlərdən bəziləri “Birinci il”, bəziləri “İkinci il”, bəziləri “Yeni məktəb” kitablarından dərs alırdılar. Hər birimiz ayrı-ayrılıqda müəllimənin yanına gedir, köhnə dərslərimizi oxuyur və yeni dərs alırdıq. Bu balaca məktəbdə, ana dilindən başqa, hesab, təbiət və coğrafiyadan da dərs keçirdik.

Müəllimənin mehriban və mülayim rəftarı bizim məktəbə və təhsilə olan marağımızı qat-qat artırmışdı. 5 saata qədər davam edən məşğələmizdə ancaq bir dəfə tənəffüs edir, qalan vaxtları isə verilən dərsləri hazırlamaqla məşğul olurduq. Yazı işlərini belə, sinifdə qurtardığımız üçün evdə çalışmağa bir iş qalmırdı”.

1920-ci ildən sonra İrəvanda yeni tipli azərbaycanlı məktəbinin təşkilində böyük xidməti olan Fatma Qədimova öz evində açdığı balaca məktəbini 1923-cü ildə yeni təşkil edilən böyük məktəbə köçürür.

Fatma xanım 1923-cü ildə İrəvanda yeni təşkil olunmuş azərbaycanlı məktəbində dərs deməklə yanaşı, İrəvanın mədəni, ictimai həyatında da fəal iştirak etmişdi.

Qərbi Azərbaycanda azərbaycanlı kənd məktəblərinin təşkili məsələsi şəhər müəllimlərindən bir çoxunun kəndə getməsini zəruri edirdi. O zaman kənddə hələ lazımi şərait olmadığından bəzi müəllimlər kəndə getməkdən imtina edirdilər. Amma Fatma xanım 1929-cu ildə Maarif Komissarlığından azərbaycanlı kəndlərinə işləməyə getməyi özü xahiş edir. O, xahişinə əsasən Zəngibasar rayonunun Aşağı Necili kənd məktəbinə müəllim təyin edilir. Fatma xanım həmin məktəbdə 2 il işlədikdən sonra pedaqoji fəaliyyətini rayon maarif şöbəsinin qərarı ilə Zəngibasar rayonunun Məsimli kəndində, sonra isə Reyhanlı, Bulaqlı kənd məktəbində davam etdirir. Sonralar isə bir neçə il Sarvanlar kənd məktəbində çalışır. Fatma xanım hansı kənddə işləyirdisə, orada məktəb və mədəni-maarif işlərini qısa zaman ərzində qaydaya sala bilirdi. 1955-ci ildə Qəmərli rayonunun mədəniyyət evində Fatma xanımın anadan olmasının 70 illiyi, pedaqoji fəaliyyətinin isə 50 illiyi böyük təntənə ilə qeyd edilmişdir. Həmin yubiley tədbirində Zəngibasar rayon orta məktəbinin müəllimi, tanınmış maarif xadimi Əsəd Məmmədov Fatma xanımın həyatı və pedaqoji fəaliyyəti haqqında geniş məruzə etmiş, Aşağı Necili kənd məktəbinin direktoru Sənan Qədiməliyev və başqaları isə çıxış edərək Fatma Qədimovanın gənc nəslin təlim-tərbiyəsində göstərdiyi böyük xidmətlərdən danışmışlar. Əməkdar müəllim Fatma xanımın ünvanına Bakıdan, Gəncədən və müxtəlif şəhərlərdən gələn təbrik məktubları yubilyarın sevincinə daha da xoş ovqat qatmışdır. Azərbaycanın görkəmli elm xadimləri Tağı Paşayev, Mirəli Seyidov, Nəzirə Axundova, Kövsər Tarverdiyeva və başqaları onun yetirmələridir. İki dəfə Lenin ordeni almış, təşkilatçılığı və peşəkarlığı ilə seçilən, ürəkdən bağlı olduğu sənətinin uğurları ilə diqqəti çəkən Fatma xanım 1944-cü ildə Əməkdar müəllim adına və bir sıra Fəxri fərmanlara layiq görülmüsdür. İrəvanın tanınmış pedaqoqlarından olan Mirzə Rza ilə ailə həyatı qurmuşdu. Fatma xanım ömür-gün yoldaşı Mirzə Rza ilə birlikdə xalqa xidmətləri, böyük fəaliyyətləri ilə bu gün də hörmət və ehtiramla yad edilirlər. Dövrünün sayılıb-seçilən ziyalılarından olmuş, maarifçi, pedaqoq Fatma xanım 1968-ci il yanvar ayının 6-da İrəvanda vəfat etmişdir.

Cəlal Zəngi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30