İdeyalar aləminə səyahət
19.06.2026 [09:31]
Tomas Mannın “Sehirli dağ” romanı haqqında
əvvəli ötən sayımızda
Əslində, “Sehirli dağ” romanı ruhla bədənin qarşılıqlı münasibəti haqqındadır, ancaq müəllif bu kontekstdə (zatən başqa bir kontekst heç yoxdur da!) çağdaşlarını (özü də təkcə onları yox) həyəcanlandıran bir çox fəlsəfi-psixoloji, sosial-tarixi mülahizəni fikir arenasına çəkir, həyat-ölüm, məhəbbət-əzab, xəstəlik-sağlamlıq, tərəqqi-konservatizm, rasionalizm-irrasionalizm, Apollon-Dionis, Eros-Tanatos kimi dövrünün (təkcə o dövrün də yox) aktual dilemmalarından çıxış yolu axtarır, Avropa sivilizasiyasının keçmişinə-gələcəyinə dair qaranlıq ehtimalları rentgen şüası kimi işığa tutmağa çalışır. “Tərbiyələndirmək istədiyi” gənc qəhrəmanını ölüm-dirim məqamına, gərgin polemika mühitinə salan yazıçı metoddan yararlanıb, iyirminci əsrin birinci rübündə Avropa düşüncəsində at oynadan bütün əsas fikir cərəyanlarına meydan verir, ancaq usta qələm adamı kimi özünün, yaxud qəhrəmanının onlardan hansı birinə xüsusi rəğbət bəslədiyini, əlbəttə, büruzə vermir.
***
Beləliklə, 1907-ci ilin yay mövsümünün ortalarında iyirmi üç yaşlı gənc mühəndis Hans Kastorp Almaniyanın Hamburq əyalətindən yola çıxıb, “Berqhof” sanatoriyasında vərəmdən müalicə olunan qohumu (müəllif onu dayoğlu kimi təqdim eləsə də, xəstə Hansın ana tərəfdən əqrəbasıdır) Yoaxim Simsseni yoluxmaq üçün İsveçrənin Davos kurort şəhərinə gəlir. Dəmiryol stansiyasında onu şəxsən dayısı oğlu özü qarşılayır, birlikdə sanatoriyaya qalxırlar. Yoaxim 33-cü otaqda yatır, Hansa isə onun qonşuluğundakı 34-cü (üçlə dördün cəmi də yeddi eləyir) otağı verirlər, bu otaqda iki gün qabaq bir amerikalı qadın ölüb.
Kastorp yerbəyer olandan sonra qohumlar sanatoriyanın yeməkxanasında deyə-gülə şam eləyirlər. Yoaxim Hansı baş həkimin köməkçisi doktor Krokovski ilə tanış eləyir. Krokovski xəstələr arasında psixoanalitik seanslar keçirir, baş həkimdən fərqli olaraq o, pasiyentlərin cisminin yox, ruhunun qeydinə qalır. Krokovskinin sualına verdiyi cavabda Kastorp inamla tam sağlam olduğunu söyləyir, ancaq həkim onun cavabını istehzalı təbəssümlə qarşılayır, tam sağlam olmağın mümkünlüyünə şübhəylə baxdığını gizlətmir.
Hans Kastorp ata-anasını erkən itirib, ondan sonra babasının himayəsində yaşayıb. Babası da öləndən sonra onu anasının əmisi qəyyumluğa götürüb. Himayədarlarının sayəsində Hans ehtiyac çəkməyib, gözütox böyüyüb, üstəlik, valideynlərindən ona normal yaşamağa yetəcək qədər miras qalıb. Uşaqlıqda rəsm çəkməyə meyli olsa da, rəssamların maddi baxımdan çətin həyatı onu bu sənətə bağlanmaqdan çəkindirib. Hans əməyə sayğıyla yanaşır, amma özünü işə verməyə çox da həvəsli deyil. İyirmi iki yaşına qədər bu gənc mühəndis ixtisasına yiyələnmək məqsədiylə politexnik profilli üç təhsil müəssisəsində dərs alıb, oxumaqdan, çətin imtahanlara hazırlaşmaqdan canı üzülüb. Bu səbəbdən həkim ona səs-küydən uzaq dağ yerində bir-iki həftə dincəlməyi məsləhət görüb.
Səhər yeməyi mərasimində (böyük zalda xəstələrin səhər-günorta-axşam yeməkləri adətən bayram mərasimi, qədim ovçu ritualı kimi keçirilir) Hans sanatoriyanın baş həkimi Berenslə, eləcə də bu məbədin başqa sakinləriylə tanış olur. Burada hər kəsin öz masası, masa yoldaşları var. Gəzinti zamanı Yoaxim onu Lodoviko Settembrini ad-soyadlı qəribə bir italyanla da tanış eləyir. Settembrini coşqun bir ədəbiyyat dəlisi, humanist intibah ənənələrinin fanatik ardıcılı, ağlı tanrı bilən əqidəli maarifçidir, ona görə də öz biliklərini Kastorpun ağ vərəq kimi təmiz ruhuna (tabula rasa) köçürməyə, mənəvi oriyentasiyasını hələ tapmamış həssas gəncə dayəlik, ustadlıq eləməyə həvəslə girişir.
Gəzintidən sonra qohumlar eyvanda uzanıb təmiz havayla nəfəs alırlar. Yoaxim təlimata uyğun olaraq temperaturunu ölçür, Hans zamanın mahiyyəti barədə fikirlərini dilə gətirir. Nahardan qabaq onlar sanatoriyadan aşağıda yerləşən kurort kəndinə enirlər. Ürəyi möhkəm döyünən Hans özünü yorğun hiss eləyir. Nahar zamanı fikir verir ki, xəstələr yeməyi canavar iştahıyla içəri ötürürlər. Hər dəfə yemək zalına girəndə qapını bərk çırpan pasiyentin də kimliyini axır ki, öyrənir - bu, sarışın saçlı rus qızı madam Şoşadır (yeddi nömrəli otaqda qalır), onun yeri “yaxşı” rus masasının (ona görə belə adlanır ki, bu zalda “pis” rus masası da var) arxasındadır.
Axşam çayından, şam yeməyindən sonra Kastorp tamam bezmiş-tükənmiş hala düşür. Yatmamışdan pasiyentlərə qaynayıb-qarışır, Settembrini ilə söhbətləşir. Yatağına girəndə uzun müddət yuxuya gedə bilmir, gözləri yumulandan sonra isə əcaib, qarışıq yuxular görür.
***
Hansın “Berqhof”da qaldığının üçüncü günü dağlara qar yağır. Yoaxim qohumuna izah verir ki, buralarda fəsillər bir-birindən, demək olar, fərqlənmir, qar avqustdan maya qədər yağır, birdən də qışın oğlan çağında hava qəfil mülayimləşir. İkinci səhər yeməyindən sonra qohumlar aşağı kəndə enirlər, qayıdanda isə Settembrini ilə rastlaşırlar. İtalyan Hansın səfehliklə xəstəliyin bir araya sığmadığı haqda fikrinə şübhəylə yanaşıb onunla polemikaya girir.
Bazar günü sanatoriyada musiqi səsləndirilir, ruslar buz üstündə sürüşməyə gedirlər. Bazar ertəsi Hans Kastorp gündəlik yaşayışın darıxdırıcı trayektoriyasından çıxmaq üçün təkbaşına dağları gəzib dolaşır. Gəzinti zamanı onun burnundan qan açılır. Çayın suyunda burnunun qanını yuyandan sonra o, skamyanın üstünə uzanıb yeniyetməlik sevgisini xatırlayır. Hansa indi əyan olur ki, madam Şoşa onun “qırğız gözlü” ilk məhəbbətinə bənzəyirmiş.
Saat on birdə doktor Krokovskinin mühazirəsi başlanır. Kastorp madam Şoşayla yanaşı oturub həkimin sevgi haqqında tibbi-psixoloji mülahizələrini dinləyir. Həftənin ikinci günü Hans sanatoriyada qalmağının bir həftəlik haqqını ödəyir. Yoaximdən öyrənir ki, çox güman, bu məbədin baş kahini - arvadı vərəmdən öləndən sonra bütün həyatını sanatoriyadakı işinə həsr eləmiş baş həkim Berens özü də buradakıların yoluxduğu xəstəliyə mübtəladır.
Dağ gəzintisindən sonra Hansın başı əsməyə başlayır. Eyni masa arxasında oturduğu fröyleyn Engelhart onun madam Şoşaya maraq göstərdiyindən duyuq düşür. Bundan sonra pedaqoq qadın Hansa atmacalar atmaqla onun sevgi həyəcanlarının ortağına çevrilməyə can atır. Gənc aşiq yemək zamanı Klavdiyanın (madam Şoşanın adı beləymiş) baxışlarını tutmağa, onunla göz-gözə gəlməyə, dəhlizlərdə guya təsadüfən onunla qarşılaşmağa çalışır.
Humanizm dinindən vəcdə gələn Settembrini qohum gənclərə vahid ümumdünya burjua respublikasından, ümumbəşəri qardaşlıqdan, bərabərlikdən coşqun bir etiqadla, qızğın inamla dəm vurur. Hans Kastorp hesablayır ki, bir xəstənin il ərzində sanatoriyada qalması on iki min franka başa gəlir, onun illik gəliri isə təxminən on doqquz min frankdır.
“Berqhof”da keçirdiyi üçüncü həftənin sonuna doğru qəhrəman soyuqlayır. Onu müayinədən keçirən baş həkim Berens Hansın ağ ciyərində xırıltı, xışıltı eşitdiyini deyib, ona sanatoriyada qalıb müalicə olunmağı məsləhət görür.
***
Ertəsi gün Hans Kastorp yataq rejiminə keçir. Gün ərzində Yoaxim ona baş çəkir. Bir dəfə də Settembrini onu görməyə gəlir, Hansa buraların havasını götürməyən bir xanım haqda danışır. İtalyan humanisti onu sanatoriyadakı həyat tərzinə alışmaqdan, normal insanlar arasında keçirdiyi sağlam həyatı yadırğamaqdan çəkindirməyə çalışır.
Üç həftədən sonra Hansa yatağından qalxmaq icazəsi verilir. O, fröyleyn Engelhartdan öyrənir ki, axşamlar bir həmvətəni Klavdiyaya baş çəkir, doktor Berens isə qadının portreti üzərində işləyir. Hans özü də pasiyentlərdən birinin madam Şoşanı gözləriylə yediyini nəzərdən qaçırmır. Rentgenə növbə gözləyəndə Klavdiya Yoaximlə söhbətə girişir, Hans bunu uğurlu əlamət sayır. Oktyabrda qohumlarına yazır ki, xəstələndiyinə görə “Berqhof”da bir müddət qalmağa məcbur olub.
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

