Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Təhlükəsiz istirahət üçün...

Təhlükəsiz istirahət üçün...

30.06.2026 [08:30]

Dənizdə boğulmaların qarşısını necə almaq olar?

Yayın gəlişi ilə istirahətə və sərinləməyə olan ehtiyac minlərlə insanı dəniz sahillərinə üz tutmağa vadar edir. Lakin yayın gətirdiyi istirahət əhval-ruhiyyəsi hər il olduğu kimi bu il də acı xəbərlərlə kölgələnir. Çimərlik mövsümünün açılmasından bir neçə həftə keçməsinə baxmayaraq, ölkədə küləkli hava şəraiti səngimir - bu isə özlüyündə suda boğulma hallarını nəzərəçarpacaq dərəcədə artırıb. Demək olar ki, hər gün müxtəlif bölgələrdən dənizdə və ya digər su hövzələrində baş verən faciələrlə bağlı məlumatlara rast gəlirik.

Mütəxəssislər və aidiyyəti qurumlar dəfələrlə xəbərdarlıq etsələr də, təhlükəsizlik qaydalarına laqeyd yanaşma bu kimi faciələrə yol açır. Xüsusilə, küləkli və dalğalı hava şəraitində, eləcə də çimməyin qadağan olunduğu ərazilərdə suya daxil olmaq ölüm riskini dəfələrlə artırır. Buna baxmayaraq, bəzi vətəndaşlar xəbərdarlıqları nəzərə almır, həyatlarını təhlükə altına atırlar. Nəticədə adi bir istirahət planı saniyələr içində faciə ilə nəticələnir.

Qeyd edək ki, boğulma hallarının əksəriyyəti məhz nəzarətsiz çimərliklərdə, güclü axın olan ərazilərdə və ya təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün baş verir. Bəzən isə insanlar üzmə bacarıqlarına həddindən artıq güvənir, dənizin təhlükəsini kiçik hesab edirlər. Təəssüf doğuran məqamlardan biri də odur ki, hadisə qurbanları arasında azyaşlı uşaqlar və gənclər də az deyil.

İntihara bərabər addım...

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yalnız fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Onun sözlərinə görə, çimərlik mövsümü başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən həmin ərazilərə baxış keçirilir, suyun dibinin akvatoriyası, relyefi və sualtı axınlar öyrənilir:

“Daha sonra suyun kimyəvi və bakterioloji nümunələri götürülür, əgər insanların həyat və sağlamlığı üçün təhlükə riski varsa, o zaman həmin çimərliyin fəaliyyətinə icazə verilmir. Fəaliyyətinə icazə verilən bütün çimərliklərdə isə xilasetmə və nəzarət xidməti olur. Ona görə də vətəndaşlar ilk növbədə bu amilə ciddi diqqət etməli, yəni fəaliyyətinə icazə verilən çimərliklərə üz tutmalıdırlar. Bir çimərliyə “icazə yoxdur” deyirlərsə, bu, sadəcə inzibati bir qərar deyil. Xilasedicisi və nəzarəti olmayan çimərliklərə daxil olmaq, birmənalı olaraq intihara bərabərdir”.

5 qızıl qayda...

E.Nurəliyev dəniz kənarında istirahət edənlər üçün mütləq riayət olunmalı olan ölüm-dirim qaydalarını açıqlayıb:

“Küləkli havada dənizə girməyin: Küləyin sürəti saniyədə 10-12 metri keçirsə, dalğalarla mübarizə aparmaq qeyri-mümkündür.

Üzmə sərhədlərini keçməməlidirlər: Sərhədi aşmaq həm xilasedicilərin görünüş məsafəsindən çıxmaq, həm də boğulma riskini pikə çatdırmaq deməkdir.

Spirtli içki və dəniz ölümcül kombinasiyadır: Alkoqolun təsiri altında suya girmək reaksiyanı tamamilə sıfırlayır.

Nəzarətsiz ərazilərdən uzaq durun: Xilasetmə postu olmayan yerdə sizə heç kim kömək edə bilməyəcək.

Uşaqları bir saniyə belə nəzarətsiz qoymayın: Valideynlərin əyləncəyə qapılması çox vaxt faciə ilə bitir”.

Dünya statistikası: Qurbanların 95%-i eyni səhvi edir

Ekspert dünyada hər il yaşanan çimərlik faciələrinin qorxulu statistikasını da diqqətə çatdırıb: “Hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Ən dəhşətlisi odur ki, bu ölüm hallarının 95 faizi məhz nəzarətsiz və qadağan olunmuş çimərliklərin payına düşür. Suda boğulmaların 70 faizinin səbəbi isə əlverişsiz hava şəraitinə məhəl qoymamaqdır.

Bu rəqəmlər bir daha sübüt edir ki, dəniz qayda pozuntularını və səhlənkarlığı bağışlamır. İstirahətin faciəyə çevrilməməsi üçün çimərlik seçimini planlı və şüurlu şəkildə etmək hər bir vətəndaşın öz əlindədir”.

Gücləndirilmiş iş rejimi...

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin bu yaxınlarda verdiyi məlumata görə, qurum 2026-cı il çimərlik mövsümünə tam hazırdır: “Aprel ayından etibarən sahilboyu ərazilərdə monitorinqlər keçirilib və təhlükəli çimərlik sahələri müəyyənləşdirilib. Nəzarətdə olan və ictimai çimərliklərdə dalğıclar tərəfindən sualtı müayinələr və təmizləmə işləri aparılıb. Eyni zamanda üzmə sərhədlərini göstərən nişanlar və təhlükəsizlik barədə maarifləndirici lövhələr quraşdırılıb. Həmçinin xilasetmə texnikası və dalğıc-axtarış avadanlıqları tam işlək vəziyyətə gətirilib. Xidmət əməkdaşları mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər”.

Qurum bir daha vətəndaşların diqqətinə çatdırır ki, yalnız xilasedicilərin növbə çəkdiyi nəzarət olunan çimərliklərdən istifadə etsinlər. Küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda, hava qaraldıqdan sonra suya girmək olmaz. Bundan başqa, xilasedicilərin göstərişlərinə və çimərlikdə yerləşdirilmiş təhlükəsizlik lövhələrinə əməl etmək vacibdir.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30