Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Çin: strateji tərəfdaşlığın gücləndirilməsində partiya diplomatiyasının rolu

Azərbaycan-Çin: strateji tərəfdaşlığın gücləndirilməsində partiya diplomatiyasının rolu

25.07.2026 [11:35]

YAP-ÇKP əməkdaşlığı dövlətlərarası münasibətlərin inkişafına mühüm töhfələr verir

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər son illərdə qarşılıqlı etimad, strateji tərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. Bu münasibətlərin mühüm istiqamətlərindən biri də hər iki ölkənin iqtidar partiyaları arasında formalaşmış konstruktiv dialoq və qarşılıqlı əməkdaşlıqdır. Siyasi partiyalararası əlaqələr dövlətlərarası münasibətlərin möhkəmlənməsinə, qarşılıqlı etimadın dərinləşməsinə və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə əlavə impuls verir. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında həyata keçirilən müntəzəm görüşlər, təcrübə mübadiləsi, birgə tədbirlər və qarşılıqlı səfərlər siyasi dialoqun institusional əsaslarını gücləndirir. Bu əməkdaşlıq yalnız siyasi müstəvidə deyil, iqtisadi, humanitar, elmi, təhsil və mədəni sahələrdə də yeni imkanların yaranmasına şərait yaradır. Eyni zamanda, partiyalararası münasibətlər xalqlar arasında qarşılıqlı anlaşmanın, dostluq və etimad mühitinin möhkəmlənməsinə, cəmiyyətlərarası əlaqələrin genişlənməsinə mühüm töhfə verir.

Qeyd edilməlidir ki, bu amil istər 2024-cü ilin iyulunda iki ölkə arasında imzalanan strateji tərəfdaşlıqla bağlı Birgə Bəyannamədə, istərsə də 2025-ci ilin aprelində imzalanan Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda öz əksini tapıb. Belə ki, 2024-cü ildə imzalanan Birgə Bəyannamədə iki ölkənin siyasi və ictimai strukturlarının arasında mübadilə və əməkdaşlığın qarşılıqlı münasibətlərin inkişafına və daha da dərinləşməsinə töhfə verdiyi də vurğulanır. Tərəflər Azərbaycanın hakim siyasi partiyası ilə Çin Kommunist Partiyası arasında mübadilə və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyirlər. Bundan başqa, tərəflər əlaqələrin genişləndirilməsində və inkişafında qanunverici orqanlar səviyyəsində əməkdaşlığın mühüm rolunu qeyd edirlər. Bu kontekstdə iki ölkənin qanunverici orqanları arasında müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə, o cümlədən müvafiq beynəlxalq və regional təşkilatlar çərçivəsində mübadilə və əməkdaşlığın fəallaşmasının vacibliyi də  sənəddə öz əksini tapır.

2025-ci ildə imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda vurğulanır ki, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında siyasi dialoqun möhkəmləndirilməsi dəstəklənir.

Bildirildiyi kimi, Çin ilə Azərbaycan arasında ictimai həyatın ən müxtəlif sahələri üzrə əməkdaşlıq yüksək səviyyədədir - iki ölkənin aparıcı siyasi gücü sayılan iqtidar partiyaları arasında çoxşaxəli əlaqələr mühüm inkişaf tempinə malikdir. Qarşılıqlı səfərlər, təşkil olunan beynəlxalq səviyyəli partiyalarası konfrans və tədbirlər, partiyaların ayrı-ayrı strukturlarının əlaqələndirilməsi yönündə atılan addımlar müsbət nəticələr verir. Xüsusilə, son bir neçə ildə bu əlaqələrin daha da güclənməsi diqqəti cəlb edir.

Yüksək səviyyəli əlaqələr fonunda hakim partiyalar tərəfindən qarşılıqlı səfərlərin təşkil olunması və təcrübə mübadilələrinin aparılması münasibətlərin gələcək inkişafı baxımından böyük önəm daşıyır. Xatırladaq ki, hər iki ölkənin iqtidar partiyasının rəsmi şəxsləri mütəmadi olaraq qarşılıqlı səfərlər edir, partiyalararası münasibətlərin inkişafını, intqerasiyanı daha da gücləndirirlər. 

Qarşılıqlı əlaqələr rəsmi əməkdaşlıq səviyyəsinə çatdırılıb...

Müsbətyönümlü əlaqələrin inkişafı hüquqi müstəvidə də rəsmiləşib - belə ki, 2024-cü ilin noyabr ayında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu sənəd qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirərək partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib.

Partiyalarası münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, eləcə də təcrübə mübadilələri uğurlu siyasi müzakirələrə yol açır. Bunun nəticəsidir ki, strateji birliyi özündə ehtiva edən sənədlərdən irəli gələn vəzifələr mütəmadi olaraq görüşlərin əsas mövzusu kimi diqqət  mərkəzində olur. Təsadüfi deyil ki, bu ilin mayında Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində hakim partiyalar arasındakı münasibətlərin inkişafı növbəti dəfə müzakirə predmeti olub. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin ilə görüşdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin siyasi iradəsi sayəsində ildən-ilə möhkəmlənərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin hər iki ölkənin maraqlarına cavab verdiyi vurğulanıb. Görüşdə nümayəndə heyətlərinin mütəmadi səfərlərinin ölkələr və siyasi partiyalar arasında münasibətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi və işbirliyinin əhatə dairəsinin genişləndirilməsi xüsusunda önəmi vurğulanıb, məqsədyönlü birgə fəaliyyətin ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə və müştərək maraqların təmininə xidmət etdiyi bildirilib. Partiya diplomatiyasının qarşıda duran hədəflərin gerçəkləşməsinə bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub.

Bir neçə gün öncə, iyulun 23-də isə Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizə səfərin yekunları ilə bağlı Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamenti direktorunun müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. YAP Sədrinin müavini nümayəndə heyətlərinin mütəmadi səfərlərinin ölkələr və siyasi partiyalar arasında münasibətlərin inkişafı baxımından xüsusi önəm daşıdığını qeyd edib. O, 2024-cü ilin noyabr ayında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin indiyədək müvəffəqiyyətlə yerinə yetirildiyini vurğulayıb. Tahir Budaqov gənclərin ictimai-siyasi həyatda, eləcə də dövlət idarəçiliyində və partiya fəaliyyətində aktiv iştirakının önəminə toxunaraq bu sahədə səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib. O, partiya diplomatiyasının bundan sonra da ortaq hədəflərin gerçəkləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Münasibətlərin inkişafı yaxşı perspektivlər vəd edir...

Göründüyü kimi, iqtidar partiyalarının qarşılıqlı əməkdaşlığı ikitərəfli münasibətlərin inkişafında mühüm siyasi və institusional rol oynayır. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında qurulan davamlı dialoq, qarşılıqlı etimad və təcrübə mübadiləsi dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır. Bu münasibətlər siyasi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda iqtisadi, investisiya, nəqliyyat-logistika, elm, təhsil, mədəniyyət və humanitar sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına da müsbət təsir göstərir. Partiyalararası münasibətlər müxtəlif səviyyələrdə həyata keçirilən görüşlər və birgə təşəbbüslər vasitəsilə cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və uzunmüddətli tərəfdaşlığın sosial əsaslarının güclənməsinə xidmət edir. Xüsusilə, beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət, suverenlik və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan əməkdaşlıq modeli hər iki ölkənin xarici siyasət prioritetləri ilə uzlaşır. Bu baxımdan, iqtidar partiyaları arasında mövcud olan müsbət dinamizm Azərbaycan-Çin strateji tərəfdaşlığının mühüm dayaqlarından biri kimi qiymətləndirilə bilər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31