Bakıdan Avropaya uzanan strateji xətt
25.07.2026 [11:50]
Azərbaycan Avrasiyanın yeni enerji və təhlükəsizlik atlasında əsas həlqə kimi
Qlobal münasibətlər sisteminin qeyri-sabit mənzərəsi xüsusilə Avrasiyanın həm siyasi, həm də iqtisadi həyatına bir sıra yeni ştrixlər əlavə edib. Yaxın və Orta Şərqdə uzun illərdir davam edən kataklizmlər, qeyri-müəyyənliklər məcrasında dərinləşən ABŞ-İran müharibəsi, 4 ildən artıqdır ki, Avropanı fərqli standartlarla üz-üzə qoymuş Rusiya-Ukrayna münaqişəsi transkontinental həyatın məcrasına sərt təsirlər göstərməkdədir. Bütün bunların fonunda istər siyasi davranış kodeksləri (dialoq, siyasi əməkdaşlıq və siyasi anlaşma), istərsə də iqtisadi transformasiyalar (enerji təchizatı, daşımacılıq, qütblərarası ticari imkanların genişləndirilməsi) yeni mərhələyə qədəm qoyub. Bütün bu komponentlər son 10 ildə yeni siyasi-iqtisadi nizamın formalaşmasını zəruri edib.
Yeni iqtisadi-siyasi nizamın aparıcı sabitləşdirici rolunda isə Avrasiyanın orta güc dövlətlərindən sayılan Azərbaycan çıxış etməkdədir. Vətən müharibəsinin ardından yerləşdiyi geostrateji coğrafiyada yeni təhlükəsizlik arxitekturası formalaşdıran Bakı artıq Avropanın əsas yol və enerji ümidi kimi təqdim olunur. Bunu Avropa kontingenti özü də etiraf edir...
Avropa Azərbaycanın orta güc statusunu təsdiqləyir və dəstəkləyir...
Vurğulandığı kimi, Azərbaycan yeni dövrün təhlükəsizlik qarantı kimi Şərq-Qərb kontingentlərarası ticari münasibətlərin əsas həlqəsinə çevrilib. Orta dəhlizin imkanlarını daha da genişləndirən, müasir daşımacılığın inkişafı baxımından mühüm infrastrukturlar formalaşdıran, rəqəmsal daşımacılıq imkanlarını təqdim edən, Orta Dəhlizin diversifikasiyası baxımından mühüm addım olan Zəngəzur dəhlizi ideyasını qlobal gündəliyə təqdim edən Bakı yeni dövrdə Avrasiya üçün ticari imkanları genişləndirir. Yuxarıda qeyd etdiyimiz qeyri-stabil mənzərədə Azərbaycanın yaratdığı bu siyasi-iqtisadi tablo olduqca əsaslı bir hal kimi qeydə alınır. Belə ki, yeni iqtisadi atlasda Çindən başlanan Şərq-Qərb trayektoriyası Mərkəzi Asiya üzərindən Azərbaycana, oradan Gürcüstan və ya Ermənistan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya uzanır. Bu xətt daha çox Avropa üçün “nəfəslik” sayılır. Bunun əsas səbəblərinə gəldikdə isə bu gün “köhnə qitə” özünün son 15 ildə itirilən iqtisadi gücünü toparlamaq üçün Şərqlə ticarət imkanlarını genişləndirmək niyyətini açıq şəkildə bildirir. Avropa dərk edir ki, əvvəlki onilliklərdən fərqli olaraq bu gün siyasi təzyiq mexanizmləri ilə qlobal proseslərə təsir etmək imkanlarını tam itirib. Bu mənada, yeni nizamın şərtlərinə uyğun olaraq orta güc dövlətlərin (xüsusilə də Azərbaycanın) Avrasiyada bağlantı rolunu dərk edir, Bakı ilə münasibətlərin bərabərhüquqlu tərəfdaş qismində inkişafında maraqlı olduğunu söyləyir. Bu ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri çərçivəsində qəbul edilmiş Birgə Bəyanatda da göstərilir ki, prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir. Bu, birmənalı şəkildə Bakının orta güc statusu ilə Avrasiyanın mərkəzindəki mühüm rolunun etirafı və təsdiqidir...
Brüssel çağırış edir: Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır...
Sirr deyil ki, əvvəlki Avropa Komissiyası ölkəmizə qarşı ikili standartlarla çıxış edib. Siyasi təzyiqlər, Vətən müharibəsinin nəticələrinin ədalətsiz və qərəzli təşviqi cəhdləri, eləcə də separatizmə dəstək anlamına gələn bir sıra addımların atılması məqsədsiz konyukturanın çirkin fəaliyyətinin nəticəsi sayılırdı. Amma bu gün mənzərə dəyişib - artıq Avropa Azərbaycanın bölgədəki rolunu yüksək dəyərləndirir.
- Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıya səfəri zamanı bəyan etdi ki, Azərbaycan Respublikası Avropa İttifaqının əsas tərəfdaşıdır. O qeyd etdi ki, daşımalar bizim əməkdaşlığımızın mühüm sahəsidir: “Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Qlobal sabitsizlik fonunda aramızdakı əlaqələri gücləndirmək heç zaman olmadığı qədər vacibdir. Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir. Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür. Biz onu xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik”.
İyulun 1-də Bakıya gələn Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bildirdi ki, “bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam”. Sitat: “Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik”.
Bəli, bu siyasi tezislər Azərbaycanın Avrasiyanın bağlantı mərkəzi kimi ön plana çıxmasının mühüm təsdiqidir. Avropa Şərq ilə münasibətlərini məhz Azərbaycanın coğrafi, iqtisadi və infrastruktur imkanları üzərindən yenidən formalaşdırmağa çalışır.
Enerji xətti: “Köhnə qitə”nin yeni tərəfdaşı...
Bakı-Brüssel münasibətlərində əsas xətt kimi keçən məqamlardan biri də enerji təminatı məsələsidir. Qeyd olunmalıdır ki, “köhnə qitə”nin enerji təminatı uzun illər, onilliklər etibarı ilə Rusiya tərəfindən təchiz olunurdu. Rusiya-Ukrayna müharibəsi başlanan dövrdə isə Avropa Rusiya qazından imtina etdi - əvəzində isə ABŞ-ın keçmiş Bayden adminstrasiyasının enerji təminatı ilə bağlı illüziyalarına aldanaraq alternativ mənbələr axtarışına çıxmadı. Amma bu gün Baydenin “köhnə qitə”nin “başının altına qoyduğu yastıq” artıq öz effektini verə bilmir. Avropa yeni enerji mənbələri axtarışına çıxdığını elan edir. Bu mənada isə ən əsas tərəfdaş qismində Azərbaycan çıxış edə bilər. Geosiyasi reallıqlar fonunda Avropa İttifaqı məkanında enerji daşıyıcılarına tələbatın artması Cənub Qaz Dəhlizi layihəsinin əsas moderatoru qismində çıxış edən Azərbaycanın strateji baxışlarının uzaq məqsədlərə hesablandığını bütün cəhətləri ilə təsdiqləyir. 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması isə bu prosesdə xüsusi yerə malikdir. Avropa bazarında Azərbaycan qazına ehtiyac ildən-ilə daha da çoxalır - bu isə yeni idxalçı ölkələrin ortaya çıxmasını şərtləndirir. Digər tərəfdən, paralel olaraq Azərbaycanın ixrac potensialı da artmaqdadır. Ölkənin hədəfi 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır - hazırda ixrac 25 milyard kubmetr təşkil edirsə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək. Qarşıdakı dövrdə isə Avropanın Azərbaycandan enerji idxalı imkanları daha da genişlənə bilər. Prezident İlham Əliyev iyulun 21-də Berlində təşkil olunan mətbuat konfransında bildirib ki, bizim keçən il ümumi qaz ixracımız 25 milyard kubmetr olub. Onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilib: “Bildiyimə görə, Almaniya şirkətləri ilə 10 illik kontrakt imzalanmışdır və ilkin həcm 1,5 milyard kubmetrdir. Ancaq bu, təbii ki, arta bilər. Bunun üçün bir neçə məsələ öz həllini tapmalıdır”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa məkanına, o cümlədən Almaniyaya öz qaz ixracını böyük dərəcədə artıra bilər.
Enerji sahəsində əlaqələrin möhkəmləndirilməsi Avropa İttifaqı üçün də prioritetdir. Yuxarıda bəhs açdığımız Antonio Koştanın Bakı səfəri zamanı imzalanan Birgə Bəyanatda da bu məqam açıq şəkildə vurğulanır: “Prezidentlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Onlar Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının əhəmiyyətini, külək və Günəş enerjisi də daxil olmaqla, bərpaolunan enerji mənbələri sahəsində enerji əməkdaşlığının genişləndirilməsi potensialını, həmçinin Qara dəniz sualtı kabeli layihəsi kimi qarşılıqlı elektrik enerjisi bağlantısı təşəbbüslərini qeyd ediblər”.
AK Prezidentinin Bakı səfəri zamanı da enerji dialoqunun genişləndirilməsi məsələsi gündəmin əsas mövzularından biri kimi çıxış edib. Ursula Fon der Lyayen bildirib ki, “enerji tərəfdaşlığımızın ən güclü pillələrindən biri kimi qalmağa davam edir. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir. Biz Rusiyanın enerjini silah kimi istifadə etdiyi və qazı kəsdiyi zaman Azərbaycanın irəliyə çıxdığını unutmamışıq. Cənub Qaz Dəhlizi həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. Mən buna görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm. İndi biz növbəti səhifəni hazırlayırıq. Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”ni qurmaq üçün planlarınızı alqışlayırıq”.
Göründüyü kimi, Azərbaycanın həm yaşıl enerji strategiyası, həm də qaz ixracı ilə bağlı hədəfləri Avropanın gündəminin aparıcı mövzularıdır. Bakı yalnız “yol siyasəti” üzərindən deyil, həm də enerji siyasəti üzərindən Avrasiyanın ən aparıcı aktorlarından birinə çevrilib.
Uzunmüddətli inkişaf strategiyasının və çoxşaxəli xarici siyasət kursunun uğuru
Beləliklə, qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi və nəqliyyat marşrutlarının dövlətlərin strateji gündəliyində əsas yer tutduğu bir dövrdə Azərbaycanın rolu getdikcə daha aydın görünür. Bakı artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın siyasi, iqtisadi və logistik arxitekturasının mühüm dayaqlarından birinə çevrilib. Bu günün Avropası üçün Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizi təşəbbüsü, Cənub Qaz Dəhlizinin genişlənməsi, eləcə də yaşıl enerji layihələri Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsi kimi çıxış edir. “Qoca qitə” artıq Azərbaycanı qitələrarası əməkdaşlığın əsas tərəfdaşlarından biri kimi qəbul edir. Yuxarıda da qeyd olunduğu kimi, bu yanaşmanın əsasında Azərbaycanın etibarlı enerji təchizatçısı, sabit tranzit ölkəsi və konstruktiv siyasi tərəfdaş kimi qazandığı nüfuz dayanır. Məhz bu amillər Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, ticarət əlaqələrinin şaxələndirilməsində və yeni iqtisadi marşrutların formalaşdırılmasında Bakının əvəzolunmaz rolunu ön plana çıxarır.
Beləliklə, Azərbaycan dəyişən beynəlxalq münasibətlər sistemində yalnız yaranan imkanlardan istifadə edən deyil, həm də yeni geosiyasi və geoiqtisadi reallıqları formalaşdıran aktorlardan biridir. Enerji diplomatiyası, nəqliyyat bağlantıları və regional sabitliyə verdiyi töhfə Bakını Avrasiyanın yeni enerji və təhlükəsizlik atlasında əsas həlqəyə çevirir. Bu reallıq Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirməklə yanaşı, ölkənin uzunmüddətli inkişaf strategiyasının və çoxşaxəli xarici siyasət kursunun uğurunu da təsdiqləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

