Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Riyazi rəqqasın sonuncu “oyunu”

Riyazi rəqqasın sonuncu “oyunu”

19.10.2024 [09:45]

Qərb üçün “Şərq qapısı” - ideoloji üstünlük, hərbi ekspansiya...

Türkiyənin narahatlığı: sərhəddəki təhlükə...

Artıq bir neçə ildir beynəlxalq leksikona transfer olunmuş “kollektiv Qərb” anlayışı özündə siyasi, iqtisadi və hərbi meyarları əks etdirməkdədir. Fikirləşməyin ki, ideoloji prinsiplər yaddan çıxıb, əsla - sadəcə, ideoloji əsaslandırma fərqli regionlara, hətta fərqli ölkələrə nəzərən dəyişkən xarakterlidir. Məsələn, Avropaya nəzərən ideoloji əsaslandırmanın nüvəsini ABŞ tərəfindən irəliyə sürülən və şərti olaraq “Demokratiya yürüşü” adlandırılan tezislər təşkil edirsə, Asiya tamam fərqli durumu yaşamağa məhkum olub. Afrika daha fərqli situasiyadadır.

Bu gün siyasi fəhmlə Mərkəzi Avropada baş verənlərə diqqət yetirsək, bunun açıq şahidi ola bilərik.  Əsrlər öncə “müqəddəs müharibə” axtarışında olan Qərb özünün hərəkət istiqamətini yüngül şəkildə “sağa” meyilləndirib - yox, bu “sağçı” ideoloji baxış kimi də dəyərləndirilməməlidir. Sadəcə olaraq Qərb adətən naqolay fəaliyyətini “sağ” çiyni üzərindən aşırır - özü də münaqişələrin mərkəzində deyil, sağında yer almağa üstünlük verir...

Yeni əsrin yeni planı: parçala, amma öldürmə...

Sirr deyil ki, Qərbin “qlobal müharibə” planları XXI əsrlə yaşıddır. XX əsrdə baş verənlər hazırlıq mərhələsi xarakteri daşıyıb. Əsaslandırmasını təqdim etmək mümkündür:

- BMT və başqa təşkilatlar görüntü xatirinə də olsa fəaliyyətində bitərəfliyi qorumağa çalışırdı;

- Terrorla mübarizə müstəvisində əməkdaşlıqların təbliğatı aparılırdı;

- Beynəlxalq qınaq kodeks olaraq qəbul edilirdi;

- Qarşı tərəfin iddiası gücünə mütənasib olmasa da, dinlənilirdi - məsələn XX əsrdə dəfələrlə təzyiqə məruz qalan və azadlıq istəyən ölkələrin liderlərinin BMT kürsüsündən radikal ittihamlarını eşitmişik.

Hazırki dövrdə isə:

- Güc əsas tərəzi, ölçü meyarıdır;

- Vahid xətlə hesablaşmamaq “qlobal xəyanət” sayılır;

- Oxlar açıq hədəflərə atılsa da, əslində qapalı hədəflərə doğru tuşlanıb.

Sonuncu tezis hazırki beynəlxalq proseslərin ən mühüm detalizasiyasını təşkil etməkdədir. Başqa sözlə, “parçala, hökm sür” ideologiyasının yeni abreviaturada açılışı “parçala, amma öldürmə” kimi oxunur...

Məqsəd işğal deyil: xaos, anarxiya, qanunsuzluq, dövlətsizlik...

Məsələn, illərdir Yaxın Şərqdə “gərginlik” fonunda davam edən gedişat artıq müharibə statusunu qazanmaqdadır. Daha doğrusu, qazanıb - Livan, Suriya, İraq, hətta İran öz sərhədlərində “atəş” səslərini eşidir. Müharibənin sərhəddi genişləndikcə təhlükənin dərəcəsi də artır. Belə olan təqdirdə niyə “sülh” uğrunda əsl fəaliyyətə başlanılmır? Niyə görüntü xatirinə də olsa, BMT “qaşlarını çatmır”?

Səbəb bəlli, hədəf isə... Hədəf də bəllidir. Qərb bəlkə də 10 əsr öncə başladığı planını davam etdirir. Məqsəd işğal deyil - məqsəd dağıtmaq, inkişafdan saxlamaq, ətrafa hədə-qorxu, təhlükə saçmaqdır. Məqsəd işğal olsaydı, ən azından ötən yüzilliyin ortasından başlanan bu silahlı mübarizə bu və ya digər şəkildə yekunlaşdırılardı - halbuki təxminən BMT-nin yaranması ilə həmyaşıd olan İsrail - Fələstin mübarizəsinin məntiqi yekunun ştrixləri hamı üçün bəlli olsa da, real yekunu görünmür. Yenə də səbəb və hədəf. Səbəblər sırasında subyektiv və obyektiv arqumentlər mövcuddur:

- Qərb bu yolla Şərqin zəngin sərvətinə yiyələnir - məsələn Ərəb baharından sonra neft ixracına görə sıralamanın ən ön səfində yer alan Liviyanın neft ehtiyatlarının “axıntı istiqaməti” bəlli deyil;

- Silah alverini stimullaşdırır, paralel olaraq dağıtdığı Şərqin bərpası adı altında çirkli pullarını yuyur - faktlara müraciət edək, ABŞ 2019-2023-cü illərdə silah ixracını 17 faiz artırıb. ABŞ dünyada ümumi qlobal silah ixracının 42 faizini təşkil etməklə liderdir. Fransanın silah ixracının 34 faizi isə Yaxın Şərqdəki ölkələrin payına düşüb;

- Müharibələr Qərbə ucuz işçi qüvvəsi qazandırır. Uzun illərdir, Qərbin təbliğat predmetlərindən olan “qızıl milyard” artıq mövcuddur - “qanuni mühacirət” yollarını bağlayan Qərb, nə sirrdirsə qeyri-qanuni mühacirəti ticarətə çevirib. Təbii ki, burada orqan alveri, qadın alveri və narkotik alveri kimi qaranlıq məsələlərə də “toxunmaq” olar.

- Ən əsası müharibələr bitsə, “nehrə dayanacaq” - amma Qərb üçün ən sərfəlisi yüngül şəkildə də olsa “nehrənin çalxalanması”dır. Xaosun yaşandığı yerdə sabitlik olmaz, sabitliyin olmadığı yerdə qanun işləməz, qanunun işləmədiyi yerdə isə qeyri-insani maraqların təmini daha rahat şəkildə reallaşar. Beləliklə, qarşıdurmaların sürətini dəyişmədən “irəliləməsi” Qərb üçün ən sərfəli variantdır;

- Regionun tarixi dövlətləri daim sərhədlərindən narahat qalarlar. Çünki sərhəddə kimlərin dayandığı bəlli olmaz - bu, radikal dini qruplaşmalar da ola bilər, terror dəstələri də ola bilər, başqa dövlətlərin xüsusi kəşfiyyat birlikləri də ola bilər...

Hədəf açıqlanmır: Qərbin tarixi “ağrısı”...

KİV-lərdə yayılan məlumatlarda bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 15-də “Fələstinin gələcəyi” adlı konfransda çıxışı zamanı deyib ki, Yaxın Şərqdəki müharibə Türkiyəyə yaxınlaşır. O bildirib ki, bununla bağlı bir risk var: “Biz bütün tədbirləri görürük”. R.T.Ərdoğan, həmçinin söyləyib ki, müharibə yaxın zamanda dayanmayacağı təqdirdə daha da genişlənə bilər.

Təbii ki, yuxarıda qeyd edilən tezislərin hər birində bu və ya digər şəkildə Türkiyəyə aidiyyəti olan məsələlər yer almaqdadır. Bölgənin “tarixi imzası” kimi çıxış edən Türkiyənin son illərdəki yüksəliş yolu Qərb tərəfindən hərtərəfli şəkildə araşdırılır - müdafiə sənayesinin inkişafı, türkdilli dövlətlərin birləşməsində açar rollardan biri kimi çıxış etməsi, bölgədə yeni münasibətlər sisteminin qurulmasındakı fəal iştirakı, Azərbaycanla müttəfiqlik bəyannaməsinin imzalanması, Yaxın Şərqin stabilləşdirici faktoru olması diqqətdən yayınmayıb. Qərb açıq şəkildə qorxur. Qorxduğu qədər də tarixi “ağrısı” “sızıldayır”. Türk dünyasının potensial qalxınması, birliyi və tərədaşlığı dünyaya yeni nizam qazandıracaq - bunun üfüqlərini hər kəsdən çox Qərb görməkdədir.

Sirr deyil ki, bir müddət öncə bölgədə tamam fərqli ab-hava hökm sürürdü - hətta bütün siyasi ekspertlər İsrail ilə Türkiyə arasında münasibətlərin inkişaf xəttinə qədəm qoymasından danışırdı. İsrail Prezidentinin Ankaraya səfəri özlüyündə bir çox regional suallara cavab verirdi.  Türkiyə - İsrail əməkdaşlığı bölgədə yeni inkişaf xəritəsi yaradırdı. Artıq Yaxın Şərq də region olaraq xüsusi güc mərkəzi statusu qazanmaq yolunda irəliləyə bilərdi... Məhz belə bir məqamda kollektiv Qərbin “müdaxiləsi” prosesi tam şəkildə tormozladı və fərqli inkişaf xəttinə yönləndirdi. Bu inkişaf xətti isə... Sabitlikdən və sakitlikdən çox uzaqdır...

Nə etməli: hər kəsin əli daş altında olsa...

Nə etməli? Bu ritorik suala hər dövlətin özünəməxsus cavabı ola bilər - amma bölgədəki dramatik situasiyadakı adrenalini azaltmaq üçün fərdi maraqlardan imtina edilməsi hər kəsin razılaşdığı məqamdır. Kollektiv Qərbin dünyanın fərqli bölgələrində apardığı destruktizmə qarşı səmimi münasibət sərgilənməlidir - Asiyanın və ya Afrikanın davranışları təxminən proqnozlaşdırıla bilər, Avropa özü haqda düşünmələdir. Çünki “köhnə qitə” sürətlə eniş aşağı yuvarlanmaqdadır. Mərkəzi Avropadakı müharibənin stimullaşdırılması paralel olaraq Yaxın Şərqdə də güc balansını pozur. Güc balansının pozulması isə proseslərin birtərəfli inkişafına yol açır. Ən son nöqtədə şərti olaraq “qarşı tərəf”lə mübarizə və ya hansısa narahatlıq yaşamaq Avropanın “taleyinə” yazılmış yazıya çevriləcək - başqa sözlə, silahlar daha sərt şəkildə atəşə hazırlansa, heç kim yaxındakı “düşməni” qoyub, okean adlamaq “fikrinə” düşməyəcək...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 336 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30