Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransanın müstəmləkəçilik siyasəti davam edir...

Fransanın müstəmləkəçilik siyasəti davam edir...

30.10.2024 [07:56]

Yeni Kaledoniyanın azadlıq istəyi niyə eşidilmir?

Özünün neokolonialist ənənəsindən əl çəkməyən Fransanın Yeni Kaledoniya və digər ərazilərdə törətdiyi qeyri-qanuni hərəkətlər yaşadığımız əsrin azadlıq çağırışları ilə üst-üstə düşmür. Paris yüzilliklər öncə işğal etdiyi torpaqlarda yaşayan insanların azadlıq tələblərinə məhəl qoymur, XXI əsrin birinci rübünün yekununda hələ də insan hüquqlarını kobud şəkildə pozur, özünün sümürgəçi mahiyyətindən əl çəkmir və beynəlxalq hüquq kodekslərini tanımaq istəmir. Bu gün Yeni Kaledoniyanın, Korsikanın və digər dənizaşırılarının timsalında Fransanın və ümumən Qərbin insan hüquqlarına münasibətini kodlaşdırmaq mümkündür. Bir sözlə, Fransa sərhədlərindən minlərlə kilometr aralıda - keçmiş müstəmləkələrində, konkret olaraq Yeni Kaledoniya, Mayot adaları, Fransız Qvianası və s. bölgələrdə milli azadlıq hərəkatlarını, müstəqillik çağırışlarını qan içində boğur.

Fransızlar kanak fəallarını həbs edir, girov götürürlər...

Son dövrlərdə yenidən polis zorakılığı ilə Kaledoniyada öz maraqlarını təmin etməyə çalışan Fransa minlərlə insanın hüquqlarını pozdu, qanunları tapdadı. Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan Kanak xalqı isə yenə də diskriminasiyaya məruz qoyuldu - öz hüquqlarını tələb edən insanlar polis zorakılığı ilə üz-üzə qaldı, onlarla aksiya iştirakçısı saxlanıldı, toqquşmalar nəticəsində onlarla şəxs yaralandı, hətta öldürüldü. Bölgədə etiraz hərəkatını yatırmaq üçün 11 fəal həbs edilib və hazırda da girov kimi Fransada saxlanılır. Onların arasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının lideri Kristian Ten də var. Numea şəhərində saxlanılaraq dindirilən digər 10 nəfər barədə də oxşar qərar qəbul edilib. Onlara qarşı konkret hansı maddələrlə ittiham irəli sürüldüyü açıqlanmır. Lakin istintaq cinayətkar birlik yaratma, quldurluq və vəzifəli şəxsləri öldürməyə cəhd faktları üzrə aparılır. Həbs olunanlardan Yeni Kaledoniya Konqresinin katibliyinin direktoru, xanım Frederik Muliava istintaq müddətini Klermon-Ferrandakı həbsxanada keçirir - həbs olunanlar arasında hərəkatın lideri Kristian Tenlə yanaşı, Brenda Vanabo, Frederique Muliava, Guillaume Vama, Joel Tjibaou, Yeva Vaetheane, Stev Une, Dimitri Tein Qenegei, Gilles Joredie var. Öldürülən şəxslər isə Rok Viktorin Vamytan və Nasaie Daoukadır. Bu adlar Fransanın şqeyri-insani davranışlarının, kolonialist mahiyyətinin faktoloji sübutlarıdır...

Zorakılıq, qəsb və insan hüquqlarının məhdudlaşdırılması...

Bəli, Fransanın mahiyyəti budur - etirazlara qulaq vermək, dinləmək, bu problemlərin həlli ilə bağlı əməli fəaliyyət nümayiş etdirmək və azadlıq tələb edən insanların seçiminə hörmət etmək əvəzinə onlar zorakılığa əl atırlar - adi fakt, Kaledoniya ilə bağlı problem illərdir ki, davam edir.  Xatırladaq ki, bu ərazi Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu sayılır. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyni adlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunan Yeni Kaledoniya cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu və cənub-şərqdə Fici ilə həmsərhəddir, paytaxtı Noumea şəhəridir. Fransa 1853-cü ildən Yeni Kaledoniya adalarına sahib olduğunu iddia edir və 1864-cü ildən 1896-cı ilə qədər Fransa hökuməti ən ağır cinayətlərə görə məhkum edilmiş cinayətkarları bu koloniyaya göndərib, oranı özünün “məskəninə çevirib”. XIX əsrin sonundan bu günə qədər isə adanın mineral ehtiyatları Paris tərəfindən qəsb olunur - nikel, kobalt, xrom, dəmir, manqan, qızıl, qurğuşun və s. kimi bahalı mineral birləşmələr Fransanın “himayəsində” dünya bazarına çıxarılır. 1946-cı ildə Yeni Kaledoniya Fransanın xaricdəki ərazisi “statusu” qazanıb - 1980-ci və 1990-cı illərin əvvəllərində adaya müstəqilliyin verilməsi şüarı altında aborigen əhali (melaneziyalılar) tərəfindən təşkil edilmiş üsyanlar başlayıb. 1987-ci ilin sentyabrın 13-də Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ilk referendum keçirilib. İlk referendum Fransanın təqibləri və hədələri ilə baş tutmur - seçicilərin cəmi 59 faizi səsvermədə iştirak edir. Seçkiyə gələnlər isə güclü təzyiqə məruz qalırlar. 1998-ci ildə imzalanan Noumea Sazişinə görə isə 20 ildən sonra ərazinin sakinləri iki il fərqlə müstəqillik məsələsi ilə bağlı üç referendum keçirmək hüququ əldə edir. Amma Fransa yenə də özünün imperialist siyasətini fərqli istiqamətlərdə ortaya qoyur - həmin siyasət bu gün də davam etdirilir. Məsələn, Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib ki, Fransa Yeni Kaledoniyada elektoratı süni şəkildə artırıb öz xeyrinə istifadə etmək istəyirdi. Keçirilən aksiyaların bu prosesin baş verməməsinə müsbət təsiri oldu. O bildirib ki, Fransa Yeni Kaledoniyaya qoşun yeridərək əsassız şəkildə komendant saatı tətbiq edir. A.Abbasovun sözlərinə görə, Sakit okeanda Fransanın ordu saxlaması da bu ölkənin geostrateji məqsədinə xidmət edir. “Yeni Kaledoniyadakı aksiyaların 3-5 ildən sonra müsbət nəticələrinin şahidi ola bilərik. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, Fransanın sərt şəkildə tənqid olunması da bu prosesə müsbət təsir edəcək”, - deyə BTQ-nin icraçı direktoru vurğulayıb.

SOS: Dənizaşırılarının tarixi təhrif edilir...

Paralel olaraq eyni zorakı və işğalçı davranış digər dənizaşırılarında da müşahidə olunur - Qvadelupanın Azadlığı uğrunda Xalq Birliyi Partiyasının (UPLG) baş katibinin müavini Floran Ali Meril “Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması haqqında hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib ki, 1960-cı ildə Fransadan gələn fransızlara görə maaşlarımız azaldı. Amma onların maaşı 40 faiz artdı. Bu, iqtisadi bərabərsizlik, qərəzli münasibət və ayrı-seçkiliyin nəticəsi idi. Turizm və kənd təsərrüfatı kimi sahələrdə işçi qüvvəsinin böyük hissəsi yerli qaradərili əhali olsa da, qərar qəbul edən mövqelərdə fransız mənşəli insanlar daha çox təmsil olunurlar. Müstəmləkə altında olan heç bir xalqın inkişaf edə bilmədiyini vurğulayan UPLG baş katibinin müavini əlavə edib: Fransa qaradərililərə qarşı hələ də qərəzli münasibət göstərir. Hökumət və yerli idarəetmə qurumları irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün tədbirlər görmür. Bizim məktəblərdə hələ də fransızların bir qolu olduğumuzu öyrədirlər. Fransız təhsil sistemi və mədəni siyasətləri bəzən yerli mədəniyyətlərin və dilin kənarda qalmasına səbəb olur. Ona görə də burada yerli mədəniyyətin inkişafından söhbət gedə bilməz. Bu, mədəniyyətin qorunması və təhsil hüququ baxımından bərabərsizlik kimi qəbul edilir”.

“Sarı jiletlilər” hərəkatı: qəsbkar hakimiyyətə qarşı mübarizə...

Vurğulandığı kimi, Fransanın mövcud hakimiyyətinin yürütdüyü qeyri-standart siyasət bütün sferalarda etirazla qarşılanır. Bu tək işğal edilmiş dənizaşırılara münasibətdə özünü göstərmir - daxili auditoriya da Makron hakimiyyətinin yarıtmaz siyasətinə qarşı qəti  mübarizə aparır. Yeni Kaledoniyada olduğu kimi Fransada da bu etirazlar vəhşicəsinə, qeyri-insani, zorakı yollarla yatırılır, insanlar kütləvi şəkildə həbs edilir, döyülür, işgəncəyə məruz qalır, hətta öldürülürlər. Məsələn, 2018-ci ildən hakimiyyətin qəsbkar siyasətinə etiraz edən “sarı jiletlilər” hərəkatı ölkənin daxilindəki qanunsuzluğa, özbaşınalığa qarşı çıxırlar. “Sarı jiletlilər”in hakimiyyət qarşısında qoyduqları 25 bəndlik tələbə nəzər saldıqda Makron hakimiyyətinin öz xalqı ilə də quldarlıq qanunları ilə davranması həqiqəti ortaya çıxır. Məsələn, bu tələblər toplusunun altıncı bəndində göstərilir ki, hakimiyyət xalqın ayağına qondarma borclar yazır - tələb isə ondan ibarətdir ki, həmin uydurma daxili borclar ləğv edilsin. Tələbnamənin 23-cü bəndi isə Fransanın Afrika ilə “münasibətlərinə” həsr olunur: “Soyğunçuluq siyasətini dayandırın, hərbi və siyasi müdaxiləni dayandırın. Diktatorların qanunsuz qazanclarını və mülklərini Afrika xalqına verin. Fransız qoşunlarını dərhal ölkəyə qaytarın. Afrika ölkələrinin valyuta ehtiyatlarını Fransanın mərkəzi bankında saxlanması tələbi aradan qaldırılsın”.

 Fransa hakimiyyəti etiraz edən xalqın səsinə qulaq asmaq əvəzinə yenə də zorakılığa əl atır - 2018-ci il aksiyalarında minlərlə insan polis dəyənəyi ilə “mükafatlandırıldılar”, minlərlə aksiya iştirakçısı həbs olundu, hətta onlarla insan qarşıdurmalarda həyatını itirdi. Təkcə 2019-cu ilin dekabrında baş tutan aksiyalarda 10 minə yaxın insan iştirak edirdi ki, onun da böyük hissəsi Paris şəhərindən idi. Etirazlar bu gün də lokal səviyyədə davam edir. Hakimiyyətin yarıtmaz maliyyə siyasəti və mütəmləkəçilik həvəsi daxili sferada sabitliyin yaranmasına ən böyük maneə sayılır...

Aİ niyə “gözünü” yumur, “qulağını” bağlayır...

Paradoks isə burasındadır ki, istər Kaledoniyanın azadlıq çağırışlarının vəhşicəsinə boğulmasını, istərsə də Fransanın daxilindəki etiraz səslərinin həbs və qətllərlə qarşısının alınmasını özünü “demokratik dünya” adlandıran strukturlar sükutla “qarşılayırlar”. Müstəqil ölkələrə qarşı qeyri-hüquqi qətnamələr və aktlar qəbul edən Avropa İttifaqı və onun insan hüquqları komissarlığı nədəndirsə, Fransaya münasibətdə kor, kar və lal olur. Proseslərə nəinki adekvat cavab verilmir, hətta adi reaksiya belə nümayiş olunmur. Bəzi hallarda yerli əhali günahkar çıxarılır - məsələn, bir sıra ali komissarlar Yeni Kaledoniyanın paytaxtı Noumeada aksiyalarda azı 3 yerli kanak gəncinin öldürülməsində yerli aborigenləri təqsirli biliblər. Onların fikrincə, aksiyalar zamanı ölənləri polis deyil, yerli mülki müdafiə qüvvələri güllələyib. Bu isə Qərbin “ədalət hissini” tam itirdiyini deməyə əsas verir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30