Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Paris yenə ənənəvi ampluasında...

Paris yenə ənənəvi ampluasında...

30.10.2024 [08:48]

Bu dəfə Fransa - Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz separatçıların təəssübkeşi rolunda çıxış edib

Fransa dövlət və cəmiyyət olaraq postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesinə əngəllər yaratmaq siyasətindən əl çəkmək istəmir. Başda E.Makronun özü olmaqla onun komandasında təmsil olunan yüksəksəviyyəli məmurlar, həmçinin ölkə parlamentinin təmsilçiləri Azərbaycanla Ermənistan arasında başlayan sülhyartma prosesinin ruhuna uyğun olmayan mövqe sərgiləmək üçün sanki yarışa giriblər. Son olaraq bu xüsusda absurd fikirlər səsləndirənlərdən biri də Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinazdır.  O, növbəti dəfə özünü Qarabağdan könüllü şəkildə Ermənistana köç edən müəyyən sayda erməninin və  hazırda Bakıda dəmir barmaqlıqlar arxasında saxlanılan keçmiş separatçı rejimin cinayətkar rəhbərlərinin təəssübkeşi kimi göstərib.

Fransanın anlaşılmaz əndişəsi

Postmüharibə dövründə qalib Azərbaycanın təşəbbüsü ilə başlayan sülhyaratma prosesi son vaxtlarda ikitərəfli formatda irəliləməkdədir. Əslində, müşahidə edilən odur ki, ikitərəfli format danışıqlarda daha səmərəli nəticələr verir. Məlumdur ki, artıq keçmişdə qalan münaqişənin təxminən otuz illik bir mərhələsində danışıqlar ATƏT-in Minsk qrupu formatında aparılıb. Fransanın da təmsil olunduğu bu qrupun fəaliyyətinin nəticəsi sıfır oldu. BMT-nin dörd qətnaməsi kağız üzərində qaldı. Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi və buna görə hər hansı bir sanksiya ilə üzləşməsi. Minsk qrupunun yeganə istəyi işğal məhsulu olan keçmiş status-kvonun sosnsuzluğadək saxlanmasına nail olmaqdan ibarət idi. Belə olan halda işğal faktının qarşısını Azərbaycan öz gücü ilə aldı. 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı möhtəşəm qələbələrlə ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olan Azərbaycan həm də tarixi ədaləti, beynəlxalq hüququ təmin etdi. Burada Minsk qrupunun hər hansı bir müsbət rolu olmadı, əksinə qurumda təmsil olunan dövlətlər, xüsusilə də Fransa  Azərbaycanın apardığı ədalətli müharibənin qarşısını almaqdan ötrü xüsusi canfəşanlıq göstərirdi.

Gözləmək olardı ki, Fransa  müharibədən və lokal xarakterli antiterror tədbirlərindən sonra yaranmış reallıqları qəbul edərək sülhyaratma prosesində geniş təsir imkanlarına malik olduğu Ermənistan iqtidarına məhz bu istiqamətdə məsləhətlərini verəcək. Lakin bu, baş vermədi. Əksinə biz Yelisey Sarayının daha da aqressivləşməsinin şahidi oluruq. İndiki mərhələdə Ermənistanı revanşist mövqeyə çəkənlərin, bu ölkəni yeni müharibəyə təhrik edənlərin başında Fransanın dayandığını qətiyyətlə deyə bilərik.  Məhz E.Makronun destruktiv mövqeyinin nəticəsidir ki, bir vaxtlar Azərbaycanın da fəal şəkildə qoşulduğu Brüssel formatı iflasa uğrayıb.

Çoxtərəfli formatlarda hər hansı bir uğura imza atılmadığını görən Azərbaycan ikitərəfli dialoq təşəbbüsünü irəli sürüb. Bu çərçivədə aparılan danışıqlarda konkret nəticələr əldə olunur. Artıq sərhədlərin delimitasiya və demarkasiya olunması prosesinə start verilib, sülh sazişinin əhəmiyyətli hissəsi razılaşdırılıb. Bütövlükdə, iki ölkə arasında münaqişə səhifəsinin bağlanması üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaranıb. Son olaraq oktyabrın 24-də BRICS-in sammiti çərçivəsində Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın vasitəçilər olmadan ikitərəfli görüşü baş tutub. Kazan görüşündə  tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Bütün bunlar sülhə böyük ümidlər yaradır. Əgər Fransa Ermənistanın gerçək dostudursa, onda sülyaratma prosesinin ikitərəfli formatda irəliləməsinə sevinməli və buna töhfələrini verməlidir. Ancaq biz nə Makron iqtidarından, nə də Fransa parlamentindən belə dost jestlərinin edildiyini görmürük. Əksinə, müşahidə edilən odur ki, Yelisey Sarayı sülhyaratma prosesinin ikitərəfli formatda irəliləməsinə qısqanclıqla yanaşır. Fransanın indiki həssas dönəmdə bir tərəfdən Ermənistanı revanşizmə çəkməsi, digər tərəfdən isə Azərbaycana hansısa yollarla təzyiqlər göstərməyə çalışması, Jilber-Lyuk Devinaz kimi parlamentarilər vasitəsilə qarayaxma kampaniyası aparması əslində, yanan odun üstünə yağ tökmək, arzuolunmaz hadisələrə rəvac verilməsi anlamına gəlir. İkitərəfli dialoqa ümidlər artdığı bir vaxtda Fransanın əndişələnməsinin məntiqi başa düşülmür. Sual olunur: Yelisey Sarayı belə qızışdırıcı mövqeyindən nə vaxt geri çəkiləcək? Makron, nəhayət, anlamalıdır ki, o, sülhyaratma prosesində hansısa bir rol ala bilməyəcək.

Erməni yançısı Devinaz, sənin ədalət hissin, obyektivliyin heçmi yoxdur?

Əvvəlcə Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinazın lokal xarakterli antiterror tədbirlərindən sanra Qarabağdan Ermənistana könüllü şəkildə köç edən ermənilərin və zamanında Xankəndidə yaradılmış oyuncaq rejimin rəhbərlərinin təəssübünü çəkməsinin motivlərinə diqqət çəkək. Parlamentarinin erməni sevdası haradan və nədən qaynaqlanır? Birmənalı şəkildə deyə bilərik ki, əksər Fransa siyasətçilərində olduğu kimi, Devinazın da ermənilərə münasibətdə özünü hədsiz dərəcədə təəssübkeş kimi göstərməsi Fransadakı erməni lobbisi ilə çirkin işbirliyindən qaynaqlanır. Fransada təxminən 500 minlik erməni icması var. Ölkənin müxtəlif strukturlarında özlərinə yer edən və yaxşı gəlir imkanlarına malik olan ermənilər burada sistemli fəaliyyətlər həyata keçirirlər. Türkofobiya və Azərbaycanofobiya bu fəaliyyətin mərkəzində dayanır.  Erməni lobbisi Türkiyəyə və Azərbaycana qarşı çirkin planlarını həyata keçirməkdən ötrü müxtəlif vasitələrə əl atır, o cümlədən də siyasətçiləri şirnikləndirici vədlərlə, onları seçkilərdə dəstəkləməklə ələ alır. Yelisey Sarayının Makron başda olmaqla əksər təmsilçiləri kimi, Devinaz da belə siyasətçilərdəndir. O da erməni lobbisinin hərtərəfli dəstəyinin müqabilində Azərbaycana qarşı qurulan çirkin planlarda məmnuniyyətlə yer alır. Qeyd edək ki, o, əvvəllər də Azərbaycana qarşı qərəzli çıxışları və açıqlamaları ilə vaxtaşırı gündəmə gəlib. Xatırlayaq: Devinaz hələ 2018-ci il sentyabrın 14-də qondarma qurumun “parlament rəhbəri” Aşot Qulyanı qəbul etmişdi. Görüşdə separatçılarla “ikitərəfli əlaqələrin” inkişafından bəhs olunmuşdu.

İndi isə Fransa parlamentinin təmsilçisi erməni lobbisindən və Yelisey Sarayından gələn sifarişlərə uyğun olaraq noyabrın 11-də COP29-a ev sahibliyi edəcək Azərbaycanın guya “etnik təmizləmə planını” cəzasız davam etdirdiyini bildirib. Bakıda həbsdə olan separatçıları “siyasi xadim” adlandırıb, habelə Qarabağda guya “erməni irsinin məhv edilməsindən” danışıb. Erməni yançısı Devinaz, sənin ədalət hissin, obyektivliyin heçmi yoxdur?

Əslində, Devinaz yeni heç nə demir. Bu, Ermənistan - Makron xorunda çalınan köhnə mahnıdır və revanşistlərin, Yelisey Sarayının, Senatın ayrı-ayrı təmsilçilərinin dilindən dəfələrlə eşidilib. Burada, Yelisey Sarayına və Devinaz kimi parlamentarilərə bir neçə zəruri xatırlatma etmək yerinə düşər:

Birincisi, Azərbaycan suveren dövlətdir və suveren dövlətin daxili işlərinə qarışmağa Fransanın və bu ölkənin parlamentinin hansısa bir səlahiyyəti yoxdur. Bəli, biz bilirik ki, Fransa müstəmləkə və sümürmə siyasətindən əl çəkməyən bir dövlətdir. Ancaq Azərbaycan da milli iradəsi və özünü müdafiə etməyə qürəti çatan ölkədir, onunla heç kim diktat dili ilə danışa bilməz. Belə münasibətlər və yanaşmalar  Bakıda qəbul olunmur. Qoy Yelisey Sarayı və Senat ünvanı səhv salmasın!

İkincisi, Devinaza bir daha xatırladırıq ki, erməniləri Qarabağdan heç kim qovmayıb, onlar könüllü və çox rahat şəkildə Ermənistana köç ediblər. Bizim yeganə qanuni tələbimiz  ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri zərurəti ilə bağlı idi. Ermənilər bunu istəmədilər və köç etməyi üstün tutdular ki, bu da onların hüququdur. Azərbaycan siyasətində beynəlxalq hüquqa, eləcə də ədalət və humanizm prinsiplərinə əsaslanan dövlətdir. Ölkəmizin qapıları yenə də müvafiq şərtlərlə Azərbaycana qayıtmaq istəyən ermənilərin üzünə açıqdır.

Üçüncüsü, Devinaz “mədəni irs” məsələsində kobud yanlışlığa yol verir. Qarabağda vandalizm əməllərinə tuş gələn erməni abidələri yox, Azərbaycanın tarixi mədəni-dini irsidir. İşğal illərində ermənilər xalqımıza məxsus olan 67 məscidi dağıdıblar, dini abidələrimizi, qəbiristanlıqlarımızı təhqir ediblər. Postmüharibə mərhələsində isə Qarabağda istər İslam dininə, istərsə də xristianlığa aid olan bütün abidələr bərpa olunur. Bu, tarixi-mədəni irsə Azərbaycanın multikultural yanaşmasıdır.

Dördüncüsü, Devinaz separatçı rejimin hazırda Bakıda saxlanılan rəhbərlərini “siyasi məhbus” adlandırdıqda ciddi şəkildə siyasi səhvə yol verir. Barələrində istintaq prosesi başa çatan həmin şəxslər zamanında dövləti cinayətlər törədiblər, Azərbaycanın Konstitusiya quruluşuna qarşı çıxıblar, Gəncə və digər şəhərlərimizə qadağan olunmuş raketlər atılmasına birbaşa göstəriş veriblər, bununla  da çoxlu sayda mülki vətəndaşımızın ölümünə bais olublar. Əgər Devinaz müstəqil siyasətçidirsə, erməni lobbisindən, siyasi hakimiyyətdən asılı deyilsə və əlbəttə ki, vicdanı varsa, etiraf etməlidir ki, bütün bunlar “siyasi məhbus” anlayışı ilə tamam ziddiyyət təşkil edir.

Nəhayət, Devinaz kimi parlamentarilərə zəruri xatırlatma etmək istərdik. Qarabağdan köç edən ermənilərin, separatçıların təəssübünü çəkən siyasətçi gərək məlum fikirlərini dilə gətirərkən zamanında Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların da geri qayıtmaq hüququnu tanıdığını bildirməli idi. Burada Devinaz üçün vazkeçilməz bir P.S. də yerinə düşər: Təkrar edirik, ermənilər Azərbaycan ərazilərini könüllü və rahat şəkildə tərk ediblər. Azərbaycanlılar isə doğma yurd-yuvalarından zorla çıxarılıblar...

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 338 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30