Stalinin bəyəndiyi antisovet əsər
12.07.2024 [10:50]
Mixail Şoloxovun “Sakit Don” roman-epopeyası haqqında
Əvvəli ötən sayımızda...
Natalya yaralı canını dişinə tutub Aksinyanın üstünə minnətə gəlir, ondan ərini geri qaytarmasını istəyir. Aksinya onunla çox pis, qəddar davranır, hətta Natalyanın boğazındakı yaraya, boynunu əyri tutmasına da lağ eləyir, Qriqorini ona qaytarmayacağını qəti söyləyir. Natalya onun qapısından əliboş qayıdandan bir müddət sonra Aksinyanın körpəsi xəstəlikdən ölür. Aksinya bu dərdi göylərin kəsdiyi cəza kimi qəbul eləyir.
Mülkədar general Listnitskinin kapitan oğlu Yevgeni qulluqdan evə qayıdır, elə qayıtdığı ilk gündən Aksinyaya göz qoymağa başlayır. Yevgeni qadının dərdli olmasından istifadə eləyib Aksinyanın qılığına girir, handan-hana onu özünə təslim eləyir. Cəbhədə Qriqori yaralanır, ona məzuniyyət verirlər. Evə qayıdanda Listnitskinin qoca nökərindən olanları öyrənir, ertəsi gün əvvəlcə generalın kapitan oğlunu, ardınca da Aksinyanı qamçılayıb atası evinə qayıdır.
Göründüyü kimi, müəllif Aksinya obrazını da ideallaşdırmayıb, onu bütün müsbət-mənfi cəhətləriylə yaradıb. Bu qadın rus ədəbiyyatının tanıdığı ən parlaq infernal qadın surətlərindəndir. Gözəl olduğu qədər hikkəli, zalım; əzabkeş olduğu qədər cəsarətli; ehtiraslı olduğu qədər sədaqətli Aksinyanın ədəbi əcdadı Dostoyevskinin Nastasya Filippovnasıdır. Hər iki qadın işıqlı dünyaya ilan boğazından baxır, bir ovucluq qismətinə, bir dadımlıq sevincinə min əzabdan keçəndən sonra çatır. Nastasya Filippovnanın qızlıq qismətini atası yerində olan milyonçu Totski satın alırsa, Aksinyanı qızlığından doğmaca atası məhrum eləyir. Oxşar səbəblər üzündən hər iki qadın çox bədbəxt; bədbəxt olduğuna görə qəzəbli, kinli; kinli olduğuna görə də qəddar, zalımdır. Fəqət onlar sevginin dadını bilən, sevib-sevilən, sevdiyinin uğrunda ölümə getməyi bacaran qadınlardır. Beləsi iblisin məşuqəsinə çevrilsə belə tanrısını unutmaz, yatağını dəyişsə də, qibləsini dəyişməz.
***
Qriqori Melexovun özü də, ailəsi də Don kazaklarının ümumiləşdirilmiş obrazıdır. Dünya savaşı, vətəndaş müharibəsi, inqilab, əksinqilab, millətin ağlara-qırmızılara bölünməsi bu xalq içində xalqın (kazak adlanan əhali bir zamanlar köləlikdən qaçıb qurtulan təhkimli kəndlilərin birliyindən yaranıb) başına çox fəlakət, çox müsibət gətirib. Melexov ailəsinin faciələri bu baxımdan tipikdir. Vətəndaş müharibəsinin gedişində bütün kazaklar kimi Qriqori Melexov da gah ağların, gah qırmızıların tərəfində vuruşur; özlərinə bəlli olmayan məqsədlər uğrunda onlar canlarına qızırğalanmadan, usanmadan döyüşür, ölüb öldürürlər.
Rusiyanın fəlakəti zəhmətkeş kazakların təkcə ictimai həyatına yox, şəxsi həyatına da sirayət eləyir, nəsillər, qonşular arasına təfriqə salır, ailələr, evlər, ömürlər çat verir, insanlar tərəddüdlər arasında sərgərdan, başıpozuq qalırlar. Evin böyük övladı Petronu öz əliylə güllələyən bolşevik Mixail Koşevoy melexovların qızı Dunyaşaya müştəri çıxır. İliniçna oğlunun qatilini heç cür yaxına buraxmaq istəməsə də, qızın qəlbini ələ almış Koşevoy tipik bolşevik həyasızlığıyla onların evinə dürtülür, dərdli ananın duyğularıyla oynayır. O özünü heç bir əməldə suçlu bilmir, çünki Petronun əlinə imkan düşsəydi, o da bunu öldürərdi. Dunyaşa anasının ona xeyir-dua vermək istəmədiyini görəndə evdən getmək istəyir, biçarə ana tək qızının oğlunun qatiliylə nikahına razılıq verməyə məcbur qalır.
Buna qədər melexovların evi artıq suyu soğulmuş dəyirmana dönmüşdü: Panteley ata dünyadan köçmüşdü; Petro, dediyimiz kimi, öldürülmüşdü; Qriqori cəbhədə döyüşürdü; bir cüt əkiz uşaq anası Natalya ərinin Aksinya ilə yenidən görüşməyə başladığını eşidəndə növbəti hamiləliyini süni yolla pozmuş, qanaxmadan ölmüşdü; hansısa hərbçidən zöhrəvi xəstəliyə yoluxan həyatsevər Darya özünü Don çayında batırmışdı. Qriqorinin balalarını Dunyaşaya tapşıran İliniçna özü də ölməyə hazırlaşırdı.
Qriqoridən sonra generalın mülkündə bir müddət qulluqçuluq eləyən Aksinya məşuqu Yevgeni evə gəlin gətirəndən sonra öz daxmasına qayıdır. Stepanın əvvəlcə ölüm xəbəri çıxsa da, bir müddət keçmiş məlum olur ki, o, almanlara əsir düşübmüş. Stepan evinə dönəndən sonra ər-arvad astaxovlar yenidən bir dam altına yığılırlar.
Ard-arda alovlanan müharibələr, çaxnaşmalar, insanların sümüyünə işləmiş düşmənçilik artıq öz sözünü deyib. Kazaklar savaşmaqdan beziblər, asudə həyata, torpağa qayıtmaq, əkib becərmək istəyirlər. Hərçənd bunca fəlakətdən sonra kiminsə xoşbəxt olmağı, rahat vicdanla yaşamağı mümkün deyil...
Rusiya tarixinin ən dəhşətli dönəmi qanlı caynaqlarını yüz ilin o başından ta bu günə qədər uzadıb, fəlakət ssenarisinin müəllifləri hələ dünyaya gəlməmiş nəsillərin də toxumlarını zədələyiblər. Rus xalqı tarixi səhvlərinin girovluğundan indi də çıxa bilmir, boynundan dəyirman daşı kimi asılmış ambisiyaların ağırlığı bu böyük istedadlı xalqın qəddini əyib. Bir gün oğlu Mixail Şoloxova belə bir sual verir: “Ata, vətəndaş müharibəsinin bitdiyi dəqiq tarixlə bağlı nə deyə bilərsən? Hərə bir tarix göstərir, kimi 1920-ci ili, kimi 22-ci ili, kimi də 24-cü ili nişan verir”. Yazıçı fikrə gedib qəlyanından dərin bir qullab alandan sonra dillənir: “O savaş, oğul, ola bilsin, hələ də bitməyib”.
***
Əsərin sonuna doğru Qriqori Melexovda inqilaba da, əksinqilaba da nifrət yaranır, mənasız qələbələr, puç döyüşlər onu bezdirir, baş qəhrəman ağlara da, qırmızılara da tüpürür. Bolşevik yeznəsinin əlindən yenidən cəlayi-vətən olub kənddən qaçsa da, artıq yerini bərkitmiş bolşeviklərə qarşı qiyam qaldıran bandaya qoşulsa da, tezliklə mənasız mübarizədən usanır. Onu indi yalnız dinc həyat, kəndli əməyi, əkinçi zəhməti özünə çəkir.
Melexov qiyamçı dəstədən aralanıb gizlicə xutora qayıdır. Yaxşı bilir ki, çar qoşununun tərkibində, ağların sırasında vuruşduğunu, Don ordusunun yüksək çinli zabiti, alay komandiri olduğunu, qiyamçılara qoşulduğunu bilən bolşeviklər ona dinclik verməyəcəklər, kazak qiyamında mühüm rol oynamasını ona bağışlamayacaqlar. Nə olsun ki, bolşevik ordusunun da sıralarında igidliklə döyüşüb - bunlar hesaba alınmır, sən özünü sübuta yetirənə qədər iş işdən keçir. Başqaları bir yana dursun, özcə bacısının əri belə onu bağışlamayacaq, Qriqori ən yaxşı halda həbs olunacaq. Bunu bildiyindən o, gecəylə Aksinyanı da götürüb üzü cənuba, Kubana doğru yola çıxır. Orada - gözdən-qulaqdan uzaqda onlar dinc həyata qovuşub halal zəhmətlə ömür sürməyə ümid eləyirlər. Özlərinə yer-yurd salandan sonra uşaqları da yanlarına aparacaqlar.
Dan üzü sevgililər yolda atlı dəstəylə rastlaşırlar. Çapıb xatadan uzaqlaşmaq istəyəndə atlılar onları təqib eləyirlər, güllə atırlar. Güllələrdən biri Aksinyaya dəyir, Qriqorinin onu qurtarmaq cəhdlərinə baxmayaraq qadın canını tapşırır. Melexovun Aksinyanı torpağa gömdüyü səhnə, şübhəsiz, dünya ədəbiyyatının ən parlaq səhifələrindən biridir:
“Aksinya dan yeri ağarana yaxın Qriqorinin qucağında keçindi. Onun huşu bir daha özünə qayıtmadı. Qriqori dinməzcə onun soyumuş, qana bulaşmış dodaqlarından öpüb ehmalca yerə qoydu, ayağa qalxdı. Gözəgörünməz bir qüvvə onun sinəsinə yumruq ilişdirən kimi oldu, Qriqori dal-dala gedib üzüqoylu yerə yıxıldı, amma dərhal qorxusundan dik sıçradı. O, bir də yıxıldı, açıq başı bir daşa dəyib bərk ağrıdı. Sonra dizlərini yerdən qaldırmadan qılıncını qınından çıxarıb qəbir qazmağa başladı. Nəm torpaq yumşaq idi. O, çox tələsirdi, ancaq nəsə boğazını tutub onu boğurdu; rahat nəfəs alsın deyə o çəkib köynəyinin yaxasını cırdı. Dan qaranlığının soyuq nəfəsindən onun tərdən islanmış sinəsi üşüdü, buna görə işləməsi çox da çətin olmadı. Qazdığı torpağı o, əlləriylə xışmalayıb qırağa tökür, papağına doldurub çıxarırdı, bununla belə kəmər yeri dərinliyində qəbir qazmaq xeyli çəkdi.
O öz Aksinyasını parlaq səhər işığında dəfn elədi. Onu qəbrə uzadandan sonra soyumuş, artıq ağarmış qarabuğdayı əllərini sinəsində çarpazladı, yaylığını üzünə saldı ki, donuq-donuq göyə zillənmiş, artıq işığı sönməyə başlamış yarımaçıq gözlərinə torpaq dolmasın. Qriqori Aksinya ilə vidalaşdı, o möhkəm əmin idi ki, bu ayrılıq uzun sürməyəcək...
Dikəlmiş qəbir üzərindəki nəm sarı torpağı xüsusi bir səylə yastıladı, başını aşağı salıb vücudu yırğalana-yırğalana uzun zaman qəbrin kənarında dizi üstə sakitcə durdu.
Bundan sonra tələsməyin mənası qalmamışdı. Hər şey artıq bitmişdi.
Günəş qara yel dumanı arxasından yarğana boylanırdı. Onun saçaqları Qriqorinin açıq başının ağ tellərini gümüş kimi parladır, daş kimi bərkimiş solğun üzündə dolaşırdı. O, ağır yuxuya getmiş adam kimi başını qaldıranda göy üzündə zülmət səma, işıltısı göz qamaşdıran parlaq qara günəş gördü”.
***
Əsərin sonunda Qriqori Melexovun qırmızılara yanaşıb nümunəvi bolşevikə çevrilməsi üçün Şoloxova çox təkliflər verilir, hətta təzyiqlər olunurdu. Əslində, Stalinin də müəllifdən umacağı bu idi. Sonralar sovet yazıçılarının rəhbəri olası Aleksandr Fadeyev ona bu istiqamətdə tövsiyə məktubu yazmışdı. “Əzablı yollarla” trilogiyasının müəllifi qocaman Aleksey Tolstoy isə hətta Qriqorinin aqibətini xeyirə calamaq üçün ərinməyib birbaşa Don sahilinə - Şoloxovun yaşadığı Vyoşensk stanitsasına təşrif buyurmuşdu.
Fəqət heç kəs, heç bir qüvvə böyük yazıçını fikrindən döndərə bilməmişdi. Xırda güzəştlərə gedirdisə də, prinsipial məsələlərdə onu heç bir güzəştə məcbur eləmək mümkün deyildi. O düşünürdü ki, Melexovun bolşeviklərə qoşulması olduqca süni, qəlp çıxar. Ümumiyyətlə, sovet gilyotininin dayanmadan, usanmadan baş kəsdiyi bir vaxtda, əsəri cümlə-cümlə izləyən Stalinin qılıncının altında (“proletariatın dahi rəhbəri” ədəbiyyatı çox yaxşı duyurdu, onun zəngin mütaliəsi vardı, gözündən bir tük də yayınmazdı) yazılmış bu romanda saxta, qəlp heç nə yoxdur. Bu, sadəcə möcüzədir, buna başqa ad tapılmaz! Gənc Şoloxov belə bir möcüzəni gerçəkləşdirməyə necə nail olmuşdu? Aydın məsələdir ki, bu məsələdə onun cəsarətiylə yanaşı rəhbərin ona şəxsi rəğbətinin də böyük rolu vardı - Şoloxov onunla çox açıq, sərbəst danışır, yeri gələndə fikrini əsaslandırmaq üçün hətta lətifə də söyləyirdi.
Amansız NKVD şefi, iki yüz min sovet vətəndaşının ölümünə gözüyumulu qol çəkmiş Yejovun arvadını öz məşuqəsinə çevirəndən sonra Yejov ona ölüm tələsi qurmuşdu, yazıçının necə öldürüləcəyi dəqiq planlaşdırılmışdı. Bu tələdən də onu Stalin qurtarmışdı. Otuzuncu illərin birinci yarısında Don kazakları arasında aparılan kollektivləşmə prosesində hökumət təmsilçilərinin yol verdikləri dəhşətli işgəncə faktlarıyla bağlı Şoloxov rəhbərə çox cəsarətli bir məktub yazmışdı, məktubunda eşidib-bildiyi müdhiş faktları bircə-bircə qeyd eləmişdi. Stalin yazıçıya cavab məktubunda onun qaldırdığı bir sıra məsələlərlə razılaşmadığını bildirsə də, qəribədir ki, Şoloxov rəhbərin qəzəbinə gəlməmişdi. Bununla belə, məktublarına lazımi reaksiya verilmədiyini, zəruri tədbirlər tökülmədiyini görəndən sonra yazıçı pessimizmə qapılıb içkiyə qurşanmışdı.
***
Romanın son fəslində buzu əriməkdə olan Don çayının üstündən adlayıb evinə yönələn Qriqori Melexov tüfəngini-tapançasını da, üstündə gəzdirdiyi patronları da suya atır. İstər inqilabçılar olsun, istərsə əksinqilabçılar, istər qırmızılar olsun, istərsə də ağlar - hamısı onda ikrah doğurur. O, bu neçə ildə bütün doğmalarını, bütün əzizlərini itirib, onun sözün əsl mənasında tifağı dağılıb. Qriqori kənddə olmadığı müddətdə xəstəlikdən, baxımsızlıqdan qızı da ölüb. Bacısı bolşevik çörəyi yeyir, yeznəsi onun qanına yerikləyir. Bu dünyada ona təkcə oğlu qalıb, artıq Qriqorinin varı-yoxu tək Mişatkadır:
“Neyləmək olardı, yuxusuz keçən gecələrdə Qriqorinin həsrətini çəkdiyi o cüzi xoşbəxtlik indi ona nəsib olmuşdu. O, doğma evinin qapısında dayanıb oğlunu qucağına almışdı...
Bu - həyatda onu torpağa, soyuq günəş altında parıldayan bu nəhəng dünyaya hələlik bağlayan yeganə varlıq idi”.
Roman bu cümlələrlə sona çatır.
Qriqori Melexovun sonrakı taleyinin necə olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Əlbəttə, prototiplərindən biri, daha doğrusu, ən başlıcası sayılan Xarlampi Yermakov kimi (yeri gəlmişkən, kazakların tarixində parlaq iz qoymuş Yermakov əsərdə ikinci dərəcəli personaj kimi öz adıyla da çıxış eləyir) bolşeviklər 1927-ci ilin isti bir yay günündə onu da güllələyəcəklər. Əgər o vaxta başı salamat qalsa...
***
Mixail Şoloxov bütün ömrü boyu kazak varlığından, kazak xarakterindən cüda düşmədi. Moskvada təklif olunan təmtəraqlı bağ evindən imtina eləyib doğma stanitsasında gözəgəlimli ikimərtəbə mülk tikdirdi, ölənəcən də həmin evdə yaşadı. Elinin-obasının təəssübünü çəkdi, kazakların dərd-sərini həm yerli, həm də mərkəzi hökumətə çatdırdı. Kəndini, camaatını cəmi dünyaya tanıtdı. Oxucuları, sevənləri planetin hər yerindən onun ziyarətinə gəlirdilər.
Hətta ağır, sağalmaz xəstəliyə mübtəla olduğunu biləndə belə heç bir keyidici dərmanı, ağrıkəsici vasitəni yaxınına qoymadı, ölümünü saniyə-saniyə yaşadı. Ölüm xofuna da yenilmədi, cəhənnəm əzabına da baş əymədi.
1984-cü ilin 21 fevralında, 79 yaşının tamam olmağına üç ay qalmış Şoloxov gözlərini həmişəlik yumdu. Həkimlər günə üç qutu tünd papiros çəkən, üç şüşə tünd içki içən birinin bu qədər yaşadığına heyrət eləyirdilər...
P.S. Ötən əsrin altmışıncı illərinin ortalarında Şoloxovun Azərbaycanda işıq üzü görmüş səkkiz cildinin səkkizinin də tərcüməçisi Cahanbaxş Cavadzadənin xatirəsini hörmətlə, rəhmətlə anıram.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

