Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Vasitə məqsədi doğrultmayanda

Vasitə məqsədi doğrultmayanda

18.10.2024 [07:41]

Fridrix Şillerin “Qaçaqlar” dramı haqqında

Klassik alman ədəbiyyatının iki zirvəsindən biri sayılan Şiller yaradıcılığa erkən başlamışdı. Qırx altı ildən də az çəkən ömründə onun qələmindən ondan çox dram əsəri, çoxlu şeir, məqalə, məktub çıxmışdı. Şillerin “Sevinc odası”na Bethovenin bəstələdiyi musiqi (“Qəhrəmanlıq simfoniyası” adıyla tanınan məşhur doqquzuncu simfoniyanın bir parçası) bu gün Avropa Birliyinin himnidir. Bu fakt Şiller yaradıcılığının həm Avropa xalqları, həm də bütövlükdə bəşəriyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərən əlamətlərdən yalnız biridir.

Hələ Ştutqart hərbi akademiyasının tibb fakültəsində oxuduğu vaxt gənc şair ömrünü ədəbiyyata, teatra həsr eləmək qərarına gəlmişdi. Ona böyük ad-san qazandıran “Qaçaqlar” əsərini də elə tələbəlik illərində yazmağa başlamışdı. Akademiyanı bitirəndən bir il sonra - 1781-ci ildə iyirmi iki yaşlı dramaturq ona çox da uzaq olmayan gələcəkdə dünya şöhrəti gətirəsi pyesi üzərində işini tamamladı. Tezliklə məlum oldu ki, yerli naşirlər mərd, xeyirxah qaçaqdan bəhs eləyən, dövrün reallıqlarına uyğun (həmin dövrdə üç yüzdən çox xırda dövlətin ərazilərinə dağılmış Almaniya torpaqları həqiqətən də feodal əsarətindən, aclıqdan, yoxsulluqdan qaçıb çöllərə düşən qaçaq-quldur dəstələriylə doluydu) əsəri işıq üzünə çıxarmağa hazır deyillər. Bu səbəbdən müəllif “Qaçaqlar”ı öz hesabına çap elətməyə məcbur oldu.

1782-ci ilin 13 yanvarında pyes Manheym şəhərində ilk dəfə səhnəyə çıxarıldı. İctimaiyyət tamaşanı böyük rəğbətlə, heyranlıqla qarşıladı, teatr aləminə yeni bir Şekspirin gəldiyi sənət xiridarlarına əyan oldu. İndi, üstündən iki əsr yarımlıq bir zaman keçəndən sonra cəsarətlə deyə bilərik ki, Fridrix Şiller klassik Avropanın Şekspirdən sonra ən böyük, həm də ən məşhur dramaturqudur.

Dahilərin ömür yolu heç vaxt hamar olmayıb. “Qaçaqlar”ın tamaşasına baxmaqdan ötrü qulluq elədiyi hərbi hissədən özbaşına ayrılan gənc dramaturq əsgəri nizamnaməni pozduğuna görə on dörd gün zindanda yatmışdı. Zalım hersoqun əmriylə ona tibbi əsərlərdən başqa nəsə yazmaq qadağan olunmuşdu. Bundan sonra Şiller musiqiçi dostuyla birgə qonşu hersoqluğun ərazisinə qaçmışdı. Bu qaçış əslində onu zorla boynuna qoyulmuş məsləkdən uzaqlaşdıran, onu gerçək təyinatına doğru aparan bir ziyarət, özgələrdən özünə qaçış, eşikdən evə qayıdış idi.

***

“Qaçaqlar” dramı beş pərdədən ibarətdir. Hər pərdə də özlüyündə səhnələrə bölünür.

Birinci pərdə qraf fon Moorun qəsrində açılır. Qoca qraf kiçik oğlu Fransla böyük oğlu Karldan danışır. Leypsiqdən bir vəkilin göndərdiyi məktubda deyilir ki, tələbə Karl universitetin başını buraxıb avaraçılığa qurşanıb, qumarda böyük məbləğdə pul uduzub, bir bankir qızının namusuna toxunub, qızın nişanlısını öldürüb, sonra da dostlarıyla birgə harasa qaçmaqla ədalət məhkəməsindən yayınıb. Artıq onun başına pul qoyulub.

Ağır xəbər qoca atanın belini qırır. Frans təkidlə tələb eləyir ki, atası Karlı oğulluqdan çıxarsın. Dövrün qanunlarına görə, atanın bütün mülkü böyük oğluna çatır, qalan övladlarına mirasdan heç nə düşmür. Məhz bu səbəbdən Frans Karlı vərəsəlikdən məhrum eləməyə, ata mülkünə yiyələnməyə çalışır. Di gəl, qoca qraf böyük oğluna çox bağlıdır, Karla sərt cəza verməyə ürəyi gəlmir. Bununla belə ona hədə dolu məktub yazmağa razılıq verir: əgər Karl doğru yola qayıtmasa, qraf ondan üz döndərəcək. Frans atasını inandırır ki, bu məzmunda məktub yazmaq ona çətin olacaq, əgər atası rüsxət versə, qardaşına məktubu Frans özü yazar. Qoca qraf gedəndən sonra kiçik qardaş “Leypsiqdən gələn” məktubu cırıb atır ki, xəttini tanıyan olmasın. Buradan məktubun saxta olduğu üzə çıxır.

Frans Moorun bu səhnədəki monoloqu onu çox dəqiq xarakterizə eləyir:

“Mənim təbiətdən narazı olmağa ixtiyarım var. Namusuma and olsun, mən bu ixtiyardan sona qədər istifadə eləyəcəyəm. Axı niyə ana bətnindən işıqlı dünyaya birinci mən çıxmadım? Axı niyə mən tək oğul olmadım? Niyə təbiət məni bunca eybəcər yaratdı? Elə bil mən təbiətin müflis vaxtına düşmüşəm. Bu lapland burnu, bu zənci dodaqları, bu qottentoq gözləri niyə elə mənə qismət olub? Elə bil təbiət bütün irqlərdən artıq qalmış iyrənc tikə-parçaları bir yerə yığıb qarışdırıb, məni belə xəmirdən yoğurub. Lənət, min lənət! Nə haqla yaramaz təbiət bütün nemətlərini ona verib, məni isə hər şeydən məhrum eləyib? İnsan hələ doğulmamışdan təbiətdə özünə rəğbət oyada bilərmi? Ya dünyaya gəlməmişdən təbiəti incitmək mümkündürmü? Yox, yox, mən öz şikayətimdə ədalətsizəm. Təbiət bizi miskin, çılpaq halda sonsuz həyat dənizinin sahilinə atanda bizə ağıl verib. Üzə bilən üzsün, kim acizsə, boğulsun! Həyat dənizinə atılandan mən təbiətdən bir kömək görməmişəm, nə qazancım olacaqsa, öz qolumun gücünə qazanacağam. Aza da, çoxa da hamının haqqı bərabərdir. Bu dünyada tələb tələblə, arzu arzuyla, qüdrət qüdrətlə toqquşub vuruşur. Haqq qələbə çalanındır, qanunsa bizdən ötrü qüvvələrimizin hüdudundan başqa bir şey deyil.

Doğrudur, dünyanın nəbzini işlətmək üçün insanların uydurduğu, guya hamının qəbul elədiyi anlayışlar var. Məsələn, təmiz ad. Bu, elə qiymətli bir sikkədir ki, yaxşı alver eləyənə böyük qazanc gətirə bilər. Vicdan dedikləri sərçələri gilənar ağacından qovmaq üçün bir uyuq, yaxud müflisləri bəladan qurtarmaq üçün ustalıqla düzəldilmiş vekseldən başqa bir şey deyil.

Söz yox, bunlar tərifə layiq məfhumlardır. Özü də ancaq axmaqları aldatmaq, qara təpik altında saxlamaq, ağıllıların isə əl-qolunu açmaq üçün lazımdır. Onlar mənə bizim kəndlinin öz bostanına çəkdiyi çəpəri xatırladır. Kəndli bostanı çəpərləyir ki, Allah eləməmiş, birdən içəri dovşan keçər. Bu yandan da ağa atını mahmızlaya-mahmızlaya düz əkinin ortasından ötüb keçir. Yazıq dovşan! Bu dünyada dovşan olmaq miskin taleyin yiyəsi olmaq deməkdir. Fəqət dünyada dovşan da lazımdır. Ağaya lazımdır...”

Çox uzaq olmayan gələcəkdə Balzakın iblisanə qəhrəmanları, insan talelərini ayaqlarının altına sərən amansız fövqəlinsanları da eynən belə danışacaqlar. Ardını dinləyək:

“Xülasə, bütün çəpərlərin üstündən cəsarətlə tullanmaq gərəkdir! Heç nədən qorxmayan adam - hamının qorxduğu adamdan az güclü deyil. İndi toqqalı şalvar geymək dəbdədir. İstədiyin vaxt toqqanı boşalda da bilərsən, bərkidə də. Biz vicdanı da dəbə görə təzə çeşnidə tikdiririk ki, kefimiz istəyəndə onu daraldıb-genəldə bilək... Bu qan bağı, doğmalıq istəyi haqqında da mən o qədər yalan-palan eşitmişəm ki, onları namuslu axmaqlardan biri eşitsəydi, başı pozulardı. Deyirlər ki, bax bu, sənin qardaşındır. Yəni o da sən çıxan sobadan çıxıb, buna görə də sənin üçün müqəddəs olmalıdır. Bu müqayisəyə, bu mülahizəyə fikir verin. Bədənlərin qonşuluğundan, ruhların ahəngindən, bətnin birliyindən guya ümumi duyğular, eyni süddən guya eyni meyillər yaranırmış. Ya da deyirlər ki, bax bu, sənin atandır, səni bu dünyaya o gətirib. Sən onun belindən gəlmisən, buna görə də o sənin üçün müqəddəs olmalıdır. Bu da çox qəribə mülahizədir. Soruşuram, o məni nədən ötrü bu dünyaya gətirib? Bunu ki məni çox istədiyindən eləməyib, axı mən onda hələ yox idim. Məgər o məni əkib-becərməmişdənmi tanıyırdı? Ya məni indi olduğum kimi düzəltmək istəyirdi? Olmaya mənim necə olacağımı bildiyi üçün məhz məni yaratmaq istəyirmiş?..”

Üstündən bir əsr ötməmiş Dostoyevskinin qatilləri də öz müdhiş əməllərinə bəraət qazandırmaq üçün buna bənzər metafizik tutalğalardan yapışacaqlar. Göründüyü kimi, Frans Moorun arqumentləri İsa Məsihin buyruqlarına, xristianlığın ehkamlarına daban-dabana ziddir. O, tezliklə qanlı cinayət piramidasını göylərə qaldırmaq üçün özünə ideoloji bünövrə hazırlayır, inanmadığı Allahı, inandığı təbiəti ədalətsiz davranmaqda suçlayır, ondan payını, qismətini əsirgəmiş taleyini qarğıyır, yerə də, göyə də meydan oxuyur, hədə-qorxu, təpməcə gəlir. Bu fikirlərlə yaşayan kəs əlinə fürsət düşən kimi qanlı tirana, amansız müstəbidə çevrilməlidir.

***

İndi görək böyük qardaş nə düşünür.

Birinci pərdənin ikinci səhnəsi Saksoniya sərhədindəki bir meyxanada vaqe olur. Leypsiq universitetinin dərsdən yayınan tələbələri adətən bu məkana toplaşırlar. Karl Moor kitab oxuyur, sonra kitabı büküb sözə başlayır:

“Antik qəhrəmanlar haqqında Plutarxın yazdıqlarını oxuyanda mən bu istedadsız cızmaqaraçılar əsrinə nifrət eləyirəm... Prometeyin göylərdən gətirdiyi parlaq qığılcım sönüb. Onun əvəzinə indi plaun tozundan, teatrlarda işlənən bu oddan istifadə eləyirlər, halbuki bu yalançı odla bir çubuq belə yandırmaq mümkün deyil. Adamlar başını itirib, siçanlar Herkulesin çomağında qaçışan kimi onlar da o yan-bu yana qaçıb vurnuxur, bu pəhləvanın hansı toxumdan yarandığını, hansı şirəylə bəsləndiyini öyrənmək üçün baş sındırırlar. Axmaq fransız keşişi deyir ki, böyük İsgəndər aciz bir qorxaq imiş. Kəlməbaşı naşatır iyləyən vərəmli professor qüvvət, qüdrət haqqında mühazirə oxuyur. Uşaq-muşaq Hannibalın taktikasını tənqidə qalxır...

Döyüş meydanında tər tökən ərlər! İndi sizə gimnaziyalar məskən olub, tənbəl məktəblilər sizin ölməz əməllərinizi bir yük kimi çantalarında gəzdirirlər. Budur sizin mükafatınız! Nürnberq alverçiləri sizə qoğal büküb satırlar, bəxtiniz gətirəndə isə fransız dramaturqları sizi səhnəyə çıxarıb kukla kimi oynadırlar. Budur axıtdığınız qanların, aldığınız yaraların mükafatı!

Bu aciz xadimlər əsrini görüm lənətə gəlsin! O, keçmiş dövrlərin rəşadətini çeynəməkdən, qədim qəhrəmanlar haqqında naqqallıq eləməkdən, tragediyalar quraşdırmaqdan başqa heç nəyə qadir deyil. Onun beli gücdən düşüb, toxumu kəsilib. İndiki adamları pivə mayasıyla mayalayırlar...

F.Uğurlu

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30