Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Cümə Qiraəti

Cümə Qiraəti

31.01.2025 [09:31]

Məmməd Arifin rəngi saralmışdı

Yerə vurulan təpikləri sakitləşdirməyə çalışırdı...

Xəlil Rza Ulutürkün “Bir odlu gözləri, bir də xoş səsi” kitabından...

15 oktyabr 1967

Sevimli müəllimim Abbas Zamangilə gəlmişəm. Evdə yoxdur. Ömür-gün dostu Asya xanım məni çox böyük məhəbbətlə, mehribanlıqla qarşılayır. Getmək istədiyim halda içəri dəvət edir. Əyləşirəm. Ötən günləri xatırlayırıq. Xatırlayıram ki, Lenin prospektində, 70 nömrəli binada yaşadığım müddətdə bu qiymətli insan, gözəl alim, böyük vətənpərvər mənimlə qonşu olmuş, mən bəlkə də bu qonşuluğun qiymətini lazımınca bilməmişəm. Oturub-durduğum, Abbas müəllimdən öyrəndiyim saatların ömrü az olub. Xatırlayıram ki, təxminən altı il bundan qabaq Akademiyanın böyük salonunda, Səməd Vurğun gecəsində Abbas Zaman müəllimin qopardığı tufanda az-çox mən də “taqsırkaram”. Öz çıxışı ərəfəsində dərin mənəvi həyəcan keçirən Abbas müəllim onda lap qabaqda, bəlkə də birinci cərgədə mənimlə yanaşı əyləşmişdi.

- Xəlil, bu gecə Səməd haqqında xatirə söyləyəcəyəm. Axırda Naxçıvan məsələsinə də toxunacağam. Məsələhət bilirsənmi?

- Əlbəttə, - deyə mən sevimli müəllimimizi alqışladım. Onda 28-29 yaşlı bir gənc olan Xəlil, onsuz da fitrətinə görə qızğın olan bu gənc alışmaq üçün bir çınqıya bənd idi. Abbas müəllimin sözü ürəyimi dağa döndərdi.

- Əgər bu məsələ şayiə deyilsə, əgər bu məsələnin ciddiliyinə tam əmin-arxayınsınızsa, əgər doğurdan da, erməni qardaşlarımızın arasında belə şərəfsiz niyyətə düşənlər, təhlükə törədənlər varsa, onda deyin...

Abbas Zaman müəllim o gecə öz sözünü dedi. Söz veriləndə xitabət kürsüsünə qalxmadı. Əlini kürsüyə söykəyib dərya kimi ləngər vuran salona üz tutdu. Səməd Vurğun barədə gözəl, səmimi bir xatirə söylədikdən sonra əsil mətləbə keçdiyi zaman Abbas müəllimin necə gərgin dəqiqələr keçirdiyini unutmaq mümkün deyil. Sədrlik edən Məmməd Arif dözmədi. Onun sözünü yarıda kəsməyə çalışdı. Ancaq Abbas müəllim axıra kimi mərd dayana bildi.

- Mənə elə gəlir ki, - dedi, - Səməd Vurğun sağ olsaydı, bu gün Naxçıvan məsələsi barədə şərəfsiz söhbətləri eşitsəydi, məhz bu cür deyərdi: Naxçıvan Azərbaycan torpağının müqəddəs bir parçasıdır. Onu qara niyyətli dargözlərə, millətçilik, şovinizm mərəzinə tutulmuşlara tərk etməyə bizim heç bir mənəvi haqqımız yoxdur. Naxçıvandan əl çəkmək hər şeydən əvvəl bizim çoxmillətli Qafqazda dostluğa, böyük beynəlmiləlçilik ənənələrinə endirilən zərbə ola bilər. Hər şeydən əvvəl erməni-azəri dostluğunu qıra bilər. Bizim üçün dostluqdan, xalqların qardaşlığından müqəddəs heç nə yoxdur. Ona görə də mən təklif edirəm ki, azəri və erməni xalqlarının bütün ağıllı hissəsi bu məsələdə yekdil, ayıq, mərd olmalı, bir ovuc daşnak tör-töküntülərini cilovlamağı bacarmalıdır.

Salondakılar, xüsusilə, tələbə gənclər Abbas müəllimi nə qədər vəcd ilə, məhəbbətlə alqışladılar.

Məmməd Arifin rəngi saralmışdı. Hey zəngi basır, yerə vurulan təpikləri, alqışın odundan yanan əlləri sakitləşdirməyə çalışırdı.

Ancaq heyhat. Biz dağılışandan sonra da ürəklərin odu keçmədi. Abbas Zaman min-min könüldəki milli ləyaqət duyğusunu silkələmişdi. Mürgüləyən qüvvələri oyatmışdı. Əlbəttə, onun dalınca deyinən, dargözlük edən, Abbas Zamanı milli lovğalıqda, şöhrətpərəstlikdə ittiham edənlər də yox deyildi. Ertəsi gün yazarlar birliyində Mehdi Hüseynin hüzurunda Zeynal Xəlilin dediyi şərəfsiz sözlərin tikanı ürəyimdən çıxmayıb. Çox keçmədən eşitdik ki, Abbas Zamanı universitetdə müəllimlikdən azad ediblər. Abbas Zaman yoldaşı milli məhdudluqda ittiham edən Vəli Axundovun məruzəsindən sonra onun, hətta partiya üzvlüyündən çıxarılması faktı da acı bir xatirə kimi yadımdadır. Maraqlıdır, bu dövrdə mən Abbas müəllimi heç vaxt sarsılmış, sustalmış görmədim.

- Abbas müəllim, necəsiniz?

- Dəmir kimi, - deyə gülü-gülə cavab verən bu balacaboy kişi həmişə məni sevindirmişdir.

- Dəmir kimi.

Bu qısa, mətin cümlə, doğrudan da, Abbas müəllimə nə qədər yaraşır. Mən onu həmişə dəmir kimi, polad kimi əyilməz görmüşəm. Doğrudur, Əkrəm Cəfərin dediyinə görə, Abbas Zamanın sıxıntı, hətta, korluq çəkdiyi günlər olmuşdur. Ancaq o, bunları üzə vurmamış, həmişə özünü mənəvi cəhətdən uca, vüqarlı və təmkinli aparmışdır.

Universitetdən və partiya üzvlüyündən azad edildiyi halda qətiyyən ruhdan düşməməsi, Nizami adına Ədəbiyyat İnstitutuna işə girəndən sonra daha böyük eşq ilə çalışması, mətbuatda ardıcıl parlaması, Azərbaycan klassiklərinin həyatını, yaradıcılığını işıqlandıran tam orijinal nəfəsli məqalələr ilə dalbadal çıxış etməsi Abbas Zamanı ədəbi-elmi ictimaiyyətin nəzərində daha da ucaltdı. Çox keçmədən fərəhli, çox fərəhli bir xəbər eşitdik:

- Abbas müəllimin namizədlik dissertasiyası doktorluq işi olaraq qəbul edilmişdir.

Əslində, bu yüksək elmi ada Abbas müəllim çoxdan layiq idi. 40 ildən bəri ədəbiyyat dağlarında külüng vuran bu Fərhad heç bir vaxt başqa alimləri təkrar etmir, həmişə xalqa, gəncliyə, elmə yeni söz deyir, tam orijinal sənədləri, dəyərli faktları aşkara çıxaran bir alim, yorulmaz tədqiqatçı kimi fəaliyyət göstərirdi.

Abbas müəllimin gözəl sifətlərindən biri qayğıkeşliyidir. Mənim avtoreferatımın “korrekturası” hazır olanda Abbas müəllimin nə qədər sevindiyini unuda bilmirəm. Dərhal məni götürüb dostu Cəfər Cəfərovgilə gətirdi.

- Cəfər ruscanı gözəl bilir, - dedi. - Qoy sənin əsərinə tənqidçi gözü ilə baxsın, sonra peşmançılıq çəkməyək.

Cəfər Cəfərov bizi məhəbbət ilə qarşıladı. Bu əhvalat 1963-cü ilin söhbətidir. Bir az əvvəl mən döyülmüşdüm. Vəli Axundov məni milli məhdudluqda ittiham etmişdi. Buna baxmayaraq, Cəfər Cəfərov bizi qəbul edərkən heç nəyi üzə vurmadı, “Ana dili” şeirindən söz düşəndə buna ciddi əhəmiyyət vermədi və gərək ki, belə şeylərin vacib olmadığını bildirən bir-iki söz dedi. Sözündən belə anlamaq olardı ki, “Ana dili”ni tərifləməyin indi vaxtı deyil. Biz geniş üfüqlərə baxmalıyıq. Dünya miqyasında qanaq çalmalıyıq.

Söhbət əsnasında hiss etdim ki, Abbas Zaman müəllim dostuna güzəştə gedir, onu mübahisəyə çəkmir.

Qayıdanbaş öyrəndim ki, Cəfər Cəfərov, Rəsul Rza, İlyas Selvinski, Abbas Zaman cəbhə dostları olmuşlar. Bu dostluqdan böyük dəyanət göstərmiş, cəbhədə özünü çox mərd, cəsur aparmış Cəfər Cəfərovun şəxsi keyfiyyətlərini Abbas müəllim yüksək qiymətləndirir.

Mən bu sətirləri yazarkən Abbas müəllim içəri girir, hal-əhval tutandan sonra:

-Qoy sənə bir kitab bağışlayım, - deyir.

Bu, Həmidə Məmmədquluzadənin “Mirzə Cəlil haqqında xatirələrim” kitabıdır.

Abbas müəllimin qayğısı, müqəddiməsi ilə bu kitabı ələ alanda xatırlayıram ki, bu gözəl tədqiqatçı-alim nə qədər gözəl iş görür, onun “Müasirləri Sabir haqqında” kitabı nə qədər qiymətli bir xəzinədir. İndi Sabirin həyatını, yaradıcılığını bu kitabsız tədris etmək mümkün deyil. Tələbələrimiz bu kitabdan nə qədər öyrənir, qanadlanır, əxz edirlər.

Xatırlayıram ki, mehribanlığına, yumşaqlığına baxmayaraq, Abbas Zaman çox ciddi müəllimdir. Universitetdə ədəbiyyatdan aldığım yeganə “dörd” qiyməti mənə Abbas müəllim yazmışdır. Gərək ki, “Kişmiş oyunu” əsərini oxumadığım üçün. Abbas müəllim əsərlərin orijinalının tələbə tərəfindən oxunmasına çox böyük əhəmiyyət verən pedaqoq idi.

- Surətləri, hadisələri bilirsən. Çox yaxşı. Ancaq əsərin özünü oxumamısan. Gərək özünü oxuyasan, əzizim.

Abbas müəllimin belə sərt sözləri bizi əsla incitmirdi. Əksinə, məhz belə tələbkarlığına görə onu sevirdik. Çox sevirdik. Abbas müəllim mənim dərdlərimi dinləyib Qulu Xəlilovun namərdliyini pisləyəndən sonra Cənubi Azərbaycana keçir, Əli Təbrizi adlı görkəmli alimin, yazıçının “Şah İsmayıl” (I və II cildlər) romanvari dastanından danışır. Müqəddiməsi çox dərin, zəkalı fikirlər ilə doludur. Hiss olunur ki, Cənubi Azərbaycan, xüsusilə Təbriz inqilab ruhu ilə yaşayır, milli arzular ilə çırpınır. Vaxtilə Cənub ölkələrini, İranı və Azərbaycanı əsarət altına aldığı zaman milli satqınlardan istifadə etməyi vacib bilən Makedoniyalı İsgəndər müəllifin diqqət mərkəzindədir. Yazıçı bildirir ki, indi yadellilər qabağında muzdurluq edən belə şərəfsiz satqınlar Təbrizdə vardır.

Paylaş:
Baxılıb: 343 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30