Oxunduqca yazılan roman
25.06.2025 [08:45]
Əvvəli ötən sayımızda...
Andre Jidin “Saxta pul kəsənlər” romanı haqqında
Eduar həkimin müşahidəsini gündəliyinə qeyd eləyir: polyak həkim Sofronitskaya əmindir ki, Boris nəsə utanc verən bir sirri qəlbinin dərinliyində gizləyir. Eduar özü də gözləmədən “Saxta pul kəsənlər” romanının məğzini açıb dostlarına danışır. Bernar kitabı dükanda ona soxuşdurulmuş saxta puldan başlamağı məsləhət görür.
Xanım Sofronitskaya Borisin “tilsimini” göstərir - bu, üstünə “Qaz. Telefon. Yüz min frank” yazılmış bir kağız parçasıdır. Məlum olur ki, doqquz yaşında sinif yoldaşı onu sadəlövh uşaqların “sehr” adlandırdığı axmaq bir vərdişə yoluxdurub. Eduara elə gəlir həkim qadın uşağın qəlbinin bütün kilidlərini açıb töküb. Boris arzu-xəyalsız yaşaya bilmir, ola bilsin, Azaisin pansionunda qalmaq ona fayda gətirər.
Olivyedən cavab məktubu gəlir, məktubda o, Roberin dəstəsində İtaliya səfərinə çıxdığından heyranlıqla söz açır. Taleyin oyunu nəticəsində Olivyenin olası yeri Bernar tutub. Dayısı Eduar Olivyeni çox istəyir, Passavanın bu kövrək varlığı, saf yeniyetməni korlayacağından qorxur. Əvəzində Bernar Lauraya sevgisinin sayəsində aşkar surətdə yaxşılığa doğru dəyişir.
Parisə qayıdanda Eduar Borisi babasıyla tanış eləyir. Ata Molinye Eduara başına gəlmiş xoşagəlməz işlərdən danışır: sən demə, kişinin qıraqda məşuqəsi varmış, sevgilisinin yazdığı məktubu ələ keçirən arvadı isə bundan xəbər tutub. Oğlu Olivyenin Bernarla dostluğu da onu narahat eləyir. Məhkəmə müstəntiqi Profitandye məktəblilərin əxlaqsızlığa cəlb olunmasıyla bağlı araşdırma aparır, dünyaya qanunsuz gəlmiş bic Bernardan isə nə desən gözləmək olar.
Eduar Bernarı Azaisin pansionuna tərbiyəçi işinə düzəldir. Nəvəsi Borisə yaxın olmaq üçün qoca Laperuz da oraya köçür. Şagirdlərin ən diribaşı, bir zaman pansiondan qovulmuş, indisə saxta pul alverinə girişmiş Viktor Struvilunun bacısı oğlu Leon uşağı elə başdan gözümçıxdıya salır. Jorj Molinye qarışıq bir neçə məktəbli Leonun komandasının üzvüdir, müstəntiqin Eduara dediyi əxlaqsızlıq oyunlarında onların hamısının adı keçir. Polis basqınından sonra onlar öz emblemlərini, sarı lentlərini gizləməyə məcbur qalıblar, ancaq Leon onlara daha maraqlı əyləncə təklifində bulunmağa hazırdır.
***
Polina Molinye qardaşıyla şübhələrini bölüşür: son vaxtlar tez-tez evdən pul yoxa çıxır, bu yaxınlarda isə məşuqəsinin ərinə yazdığı məktublar da itib. O məktubları Polina çoxdan tapıbmış, qısqanmaq, dava salmaq ağlına da gəlməyib, ancaq Jorj onlardan xəbər tutsa, heç yaxşı olmayacaq. Kiçik oğlunun taleyi sarıdan ana çox narahatdır, Vinsent artıq yekə kişidir, ortancıl Olivye də sevimli dayısına güvənə bilər. Hərçənd Olivye özü də əzab çəkir, ona Bernarla, Eduar dayısıyla ünsiyyət gərəkdir, o isə Passavana qoşulub.
“Arqonavt” jurnalının çıxması münasibətiylə verilən banketdə Olivye möhkəm keflənib şuluq salır, səhəri gün ayılanda isə intihara cəhd göstərir. Eduar bacısı oğlunu xilas eləyir, bundan sonra dayı-bala arasında mehribanlıq, səmimiyyət yaranır. Passavan özünü inandırır ki, Olivyenin yaraşığını da, qabiliyyətini də çox şişirdib, ütük, yaramaz Struvilu jurnal redaktorluğunu daha yaxşı yarıdardı.
Məhkəmə müstəntiqi Profitandye Eduarla görüşüb ondan yeznəsi prokuror Molinyeyə bunları çatdırmağı xahiş eləyir: əxlaqsızlıqla bağlı qalmaqallı məsələdə onun oğlu Jorjun da adı hallanır, indisə uşağı saxta pulla bağlı fırıldaq mexanizminə qoşublar. Xeyli tərəddüddən sonra Profitandye oğulluğu Bernardan da söz salır, Eduar görür ki, möhkəm xarakterli bu kişinin indi ən böyük qayğısı Bernarın atalığına əvvəlki sevgisini geri qaytarmaqdır.
***
Bu aralar Bernar bakalavr imtahanlarını parlaq nəticəylə başa vurur. Oğlan öz uğurunu, sevincini bölüşmək üçün alışıb yanır, atasının yanına qaçıb onun boynuna sarılmaqdan özünü güclə saxlayır. Lüksemburq bağında onun gözünə mələk görünür. Bernar mələyin ardınca əvvəl kilsəyə, sonra cürbəcür partiya yığıncaqlarına, sonra biganə, laqeyd, mənasız insanlarla dolu bulvara, sonra da yoxsullar yaşayan məhəllələrə, aclıq, xəstəlik, cinayət, pozğunluq kimi bəlaların at oynatdığı yerlərə baş vurur. Bernarın mələklə macəralarını dinləyən Eduar onu Profitandye atayla görüşüb söhbətləşdiyi barədə məlumatlandırır.
Pansionda isə bu vaxt fəlakət yetişməkdədir. Uşaqlar qoca Laperuzu gözümçıxdıya salırlar, Leonun dəstəsi onun tapançasını oğurlayır. Struvilu bacısı oğlu vasitəsiylə məktəbliləri uzaqdan-uzağa nəzarətdə saxlayır, onun dövriyyəyə buraxdığı saxta pullar əl-əl gəzir, göydə qapılır. Jorj Molinye atasının sevgi məktublarını ələ keçirir. Sofronitskaya Borisə qızı Bronyanın - oğlanın ən əziz dostunun öldüyünü xəbər verir. Bundan sonra dünya uşağın gözündə səhraya dönür. Struvilunun təhrikiylə Leon “Qaz. Telefon. Yüz min frank” yazılı kağızı onun oturduğu partanın üstünə atır. Artıq “sehrli” kəlmələri unutmuş Boris şeytanın feli qarşısında duruş gətirə bilmir, özünə nifrəti uşağı “güclü adam” fənnindən imtahan verməyə sövq eləyir. Boris dərsin gedişində qocanın tapançasından özünü atır - tapançanın dolu olduğunu isə yalnız Leon bilirdi.
Gündəliyinin son sətirlərində Eduar bu intiharın nəticələri barədə yazır: Azaisin pansionu buraxılır, dərindən sarsılan Jorj Leona pərəstişdən biryolluq sağalır. Olivye dayısına xəbər verir ki, Bernar atasının yanına qayıdıb. Müstəntiq Profitandye Molinye ailəsini evinə qonaq çağırır. Eduar Bernarın balaca qardaşı Kalunu yaxından tanımaq istəyir...
***
Göründüyü kimi, çoxplanlı, çoxmərkəzli, çoxlaylı “Saxta pul kəsənlər” romanı eynən həyatın özütək şəbəkə üsuluyla hörülüb, ədəbiyyatşünasların kaleydoskopa bənzətdiyi bədii metod əsasında qələmə alınıb. Burada hamı bir yerdədir, hamı iç-içədir, amma hər kəs də yalqızdır, təkdir, təkrarsızdır. Müəllifin həyatla bağlı anarxistik dünyagörüşü əsərin formasında da əksini tapıb, bu baxımdan bu romanı modernist ədəbiyyatda məzmunla formanın vəhdətinə ən yaxşı nümunələrdən biri saymaq olar.
Əsərdəki personajlar özlərindən xəbərsiz adlarına yazılmış taleyin yükü altında əzilirlər, hər kəs bu yükün altından çiynini qaçırmaq istəyir. Hamının yeri dəyişik düşüb, hamı özünü itirib, hamı saxta pul kimi gerçək dəyərindən məhrum olunub, fəqət hər kəs həqiqi varlığına qovuşub əsl mənini tapmaq istəyir, hər kəs dünya bazarına real dəyəriylə çıxmaq istəyir, özü olmaq istəyir. Başqalarının məhsulu olmaq həyatı cəhənnəmə çevirir, insan orijinal görünmək istəyəndə yox, başqasını yamsılayanda, özgəsinin xəttinə girəndə yox, yalnız doğrudan özü olanda, içini qazıb mahiyyətinə yetəndə, qəlbini saflaşdırıb həqiqi mənini ortaya qoyanda sözün əsl mənasında orijinal olur. Romandakı Eduar da, Bernar da belə bir orijinallığa yaxın tiplərdir. Bunu bacarmayan adam ömrü boyu özgələrin yedəyində dolanmağa məhkumdur. Deyilən cəhətlərinə görə Andre Jidin romanını ekzistensializm fəlsəfəsinə illüstrasiya da saya bilərik.
Yalnız özünü tapanda taleyi insana boyun əyir, yalnız onda insan özünü kainatın mərkəzinə çəkə bilir. Ola bilsin, Andre Jid tipli fikir adamlarından ötrü belə bir mərkəz yoxdur, ancaq ayrıca götürülmüş insanın fövqünə qaldırılan bütün mərkəzləri, bütün institutları, bütün təsisatları inkara qalxan anarxizmin özü də belə bir mərkəz tanıyır - bu mərkəz ayrıca götürülmüş hər bir fərdin özüdür. Yer üzündə nə qədər insan varsa, o qədər də baxış bucağı, ilahi kamera var. “Saxta pul kəsənlər” romanının məzmunu da, forması da həyatı bu sayaq qavrayan plüralistik, bundan da artıq anarxistik düşüncənin məhsuludur.
Burada hökm sahibi müəllif, söz yiyəsi baş qəhrəman yoxdur, burada sözün məcazi mənasında hamı qəhrəmandır. Hamının başına uçurulmuş taleyinin xarabalığından sıyrılıb aydın yola çıxmaq haqqı, özünə qayıtmaq, özünə çatmaq ixtiyarı var. Bu haqqı, ixtiyarı nə bizim əlimizdən alan, nə də onu bizə verən olacaq. Haqqımızı, ixtiyarımızı dərk elədiyimiz andan haq da, ixtiyar da özümüzdədir - heç vaxt dəyərdən düşməyən, qiymətini itirməyən qızıl pul kimi.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

