Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / ABŞ NATO-nu tərk edərsə...

ABŞ NATO-nu tərk edərsə...

03.04.2026 [09:15]

Alyansın ən böyük “söz sahibi” Türkiyə olacaq?

Donald Trampın hakimiyyətə gəlişi ilə ABŞ-ın siyasi gündəliyinə daxil olan “NATO-dan çıxma” hədəfi yenidən gündəmə gəlib. Artıq iki ildir ki, bu istiqamətdə aparılan müzakirələr yeni bir mərhələyə qədəm qoyub. Rəsmi Vaşinqton Alyansın maliyyələşməsindəki “yükü” ABŞ üçün əlavə vəsait sayır. Rəsmi strukturların bəziləri isə prezident administrasiyasının bu fikri ilə razı deyil. Trampın Şimali Atlantika Alyansına qarşı tənqidlərinə baxmayaraq, ABŞ hələ də NATO-dakı iştirakını azaltmaq istiqamətində heç bir konkret addım atmayıb. “Politico” yazır ki, administrasiya ABŞ-ın NATO-dan çıxması üçün tələb olunan müzakirələrə başlamayıb. Mənbələrə görə, “ABŞ NATO daxilində belə müzakirələrə başlamayıb” və Vaşinqtonun ittifaqdakı rolunun azaldılması ilə bağlı “heç bir konkret göstəriş verməyib”. Materialda aydınlaşdırılır ki, ABŞ administrasiyası Amerika qanunvericilərinə ittifaqdakı iştirakını azaltmaq ehtimalı barədə məlumat verməyib. Bu ehtimal Pentaqonda da mahiyyətcə müzakirə olunmur.

Senat nə deyir?

Qeyd edək ki, qanunverici orqan da bu fikirlə razı deyil - hətta Senatın bu məsələni qəti şəkildə rədd etdiyi də məlumdur. Xatırladaq ki, ötən ilin dekabrında Respublikaçıları təmsil edən konqresmen Tomas Massi ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 qanun layihəsini (“NATO Qanunu”) Nümayəndələr Palatasına təqdim etmişdi. Bildirilirdi ki, “NATO Soyuq müharibənin qalığıdır. Biz NATO-dan çıxmalı və bu pulu sosialist ölkələrini deyil, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik. Bu ittifaq 30 il əvvəl dağılan Sovet İttifaqına qarşı durmaq üçün yaradılıb. Blokda iştirak Amerika vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və ABŞ-ın xarici münaqişələrdə iştirakı riskini yaratmağa davam edir. Varlı ölkələr öz müdafiə xərclərini ödəməkdən imtina etdikdə, Amerika dünya üçün “təhlükəsizlik yorğanı” olmamalıdır”. Amma qanun layihəsi qəbul olunmadı. Senatın Demokrat Azlıq Lideri Çak Şumer “X” hesabında bildirib ki, ABŞ Prezidenti Donald Tramp qərar versə belə, ABŞ Senatı ölkənin NATO-dan çıxması cəhdini dəstəkləməyəcək. “Mən bunu vəd edə bilərəm: Senat NATO-dan çıxmaq və müttəfiqlərimizdən imtina etmək üçün səs verməyəcək. Dövlət katibi Marko Rubioya 2023-cü ildə Senatın üçdə iki səsini tələb edən qanun layihəsi hazırladığına görə təşəkkür edirəm”.

Qeyd edək ki, Şumer Amerika liderlərinə qanunvericilik təsdiqi olmadan ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmağı qadağan edən qanunu nəzərdə tutur. 2023-cü ilin dekabrında bu sənəd Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edildikdən və daha sonra ovaxtkı ABŞ prezidenti Demokrat Co Bayden tərəfindən imzalandıqdan sonra qanuna çevrilib. Senatda təqdim edilən qanun layihəsi Respublikaçı Marko Rubio və Demokrat Tim Keyn tərəfindən irəli sürülmüşdü. Onların təşəbbüsündə ABŞ-ın NATO-dan çıxmasının yalnız Senatın üçdə ikisinin dəstəyi ilə və ya qanun layihəsi Konqresin hər iki palatasından keçib dövlət başçısı tərəfindən imzalandığı təqdirdə həyata keçirilə biləcəyi nəzərdə tutulur.

“Kağız pələng”...

ABŞ liderinin yenidən “NATO məsələsi”nə müraciət etməsi isə müttəfiqlərinin Yaxın Şərq münaqişəsinə münasibətindən qaynaqlanır. Xatırladaq ki, bütün Aİ ölkələri ABŞ tərəfində İrana qarşı hərbi əməliyyatlarda iştirakdan imtina edib. Buna cavab olaraq, hazırkı ABŞ lideri Avropa müttəfiqlərini qorxaq adlandırıb və “bunu xatırlayacağına” söz verib. O, həmçinin NATO-nu tənqid edərək, alyansı “kağız pələng” adlandırıb. Aprelin 1-də “Reuters”də dərc olunan müsahibədə Tramp NATO-dan ikrahını bildirib və ABŞ-ı alyansdan çıxarmağı düşündüyünü deyib. “The Daily Telegraph”a verdiyi müsahibədə o, ABŞ-ın NATO-dakı iştirakını yenidən nəzərdən keçirməyi düşündüyünü qeyd edib, çünki alyans İranla müharibədə Vaşinqtonu dəstəkləməyib.

Qeyd edək ki, ABŞ NATO-ya “daxil olan” ölkə deyil - o, təşkilatın yaradıcı və əsas üzvlərindən biridir. NATO Şimali Atlantika Müqaviləsinin imzalanması ilə 1949-cu ildə yaradılıb. ABŞ həmin müqaviləni imzalayan 12 ilkin ölkədən biri olub. Başqa sözlə, ABŞ NATO-nun qurulmasında lider rol oynayıb. NATO-nun yaranma səbəblərinə gəldikdə isə, məqsəd II Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyini qorumaq olub:

- Sovet İttifaqı təsirinə qarşı kollektiv müdafiə sistemi qurmaq;

-Üzv ölkələr arasında hərbi və siyasi əməkdaşlığı gücləndirmək.

NATO-nun məşhur Maddə 5 prinsipinə görə, bir üzvə hücum hamısına hücum sayılır. Bu mənada, ABŞ hazırda onunla bərabər Yaxın Şərq müharibəsinə “qol qoymayan” Avropa dövlətlərinin hərəkətlərini düzgün saymır. 

Ən böyük təchizatçı...

Hazırda Qərb mediasının müzakirə etdiyi əsas məsələlərdən biri də NATO-nun ABŞ olmadan dağıla bilmə ehtimalıdır. Qeyd edək ki, ABŞ dolayısı ilə maliyyələşmə məsələsini bəhanə edərək öz arqumentlərini NATO-ya qarşı irəli sürür. Əslində, bu, həqiqətdir - belə ki, bütün ittifaq üzvləri arasında hərbi personalın saxlanmasına, silah tədarükünə və müdafiə infrastrukturuna ən çox məbləği ABŞ xərcləyir. 2025-ci il etibarilə ABŞ-ın NATO büdcəsindəki payı təxminən 16 faiz faiz təşkil edir və alyansa ildə bir trilyon dollardan bir qədər az maliyyə tranşı ayırır. Bu, hətta NATO-da ikinci ən böyük hərbi xərc payına sahib olan Almaniyadan 10 dəfə çoxdur.

Şimal Alyansı, yoxsa “Dördüncü Reyx”...

Belə olan təqdirdə sual meydana çıxır - NATO ABŞ üçün nə qədər vacibdir? NATO-nun ABŞ üçün əhəmiyyət dərəcəsini müəyyən edən üç aspekt var:

- Hərbi güc baxımından: NATO hərbi ittifaq kimi Amerika qitəsində Vaşinqton üçün elə də böyük rola malik deyil. 2025-ci ilin statistikasına görə,  ABŞ ordusu dünyada ən güclüdür. ABŞ-a ən yaxın NATO üzvü ordusu Britaniya və Türkiyə Silahlı Qüvvələridir ki, onlar da ilk onluqda təmsil olunurlar;

- ABŞ-ın iştirak etdiyi dünya miqyasında hərbi əməliyyatlar zamanı NATO əlavə resurslar təmin etməkdə daha böyük rol oynayır. Avrasiya qitəsində xüsusi əməliyyatlar üçün resurslar təmin etməklə yanaşı, NATO ABŞ-ın Avropaya qarşı təsir gücüdür.

- İttifaq 75 ildən çoxdur mövcud olduğu müddətdə potensial təhdidlərə qarşı effektiv şəkildə qalxan rolunu oynayıb. NATO ölkələri həm də Amerika silahlarının ən böyük alıcılarıdır.

Qərbli politoloqların fikrincə, NATO təkcə Rusiyanı cilovlamaq üçün bir vasitə deyil, həm də ABŞ-ın Avropa üzərində nəzarəti, Avropadan maliyyə resurslarını Amerika hərbi-sənaye kompleksinə ötürmək üçün bir vasitədir. Bu mənada, Tramp həqiqətən istəsə belə, dövlət strukturu ABŞ-a NATO-dan çıxarmağa icazə verməz. Onların qiymətləndirməsinə görə, ABŞ NATO-dan çıxsa belə, təşkilat dağılmayacaq. Lakin çox güman ki, o, fundamental dəyişikliklərə məruz qalacaq və başqa bir ölkə liderlik rolunu öz üzərinə götürməyə tələsəcək - avropalı siyasət adamlarının düşüncəsinə görə, ABŞ-sız NATO sanki “Dördüncü Reyx” olacaq. Almaniya, çox güman ki, orada təsirini sürətlə artıracaq və Avropanın iqtisadi mərkəzi olduğundan, şübhəsiz ki, hərbi təsirini də oturuşdura biləcək. Çünki ABŞ indiyə qədər Almaniyanın nüvə silahı əldə etməsinin qarşısını alan yeganə ölkədir. Aydındır ki, Vaşinqtonun nəzarəti olmadan Berlin daha asan şəkildə nüvə silahı əldə edə bilər. Təbii ki, bunlar yalnız gümanlardır - əsas dəmir məntiq isə onu deyir ki, nəinki ABŞ, NATO-nun heç bir üzvü təşkilatı tərk etmək fikrində deyil.

Mexanizm var...

32 üzvü olan NATO-dan indiyə qədər heç bir ölkə tam çıxmayıb. Baxmayaraq ki, bunu etmək üçün mexanizm mövcuddur -  NATO Nizamnaməsinin 13-cü maddəsi. Hərbi müqavilədən çıxmaq, xüsusən də ABŞ üçün nisbətən daha asandır - çünki o, depozitar ölkə, yəni müqavilənin icrasının həvalə edildiyi tərəf hesab olunur. NATO-dan çıxmaq üçün ABŞ hökuməti bir il öncədən bildiriş göndərməlidir - digər üzv ölkələrin  hökumətləri isə məlumatlandırılmalıdır. Bir ildən sonra ölkə ittifaqdan çıxmış hesab olunur.

ABŞ-sız NATO...

ABŞ-ın çıxması ilə NATO-da nələr baş verəcək:

- NATO qoşunlarının sayı təxminən 200.000 nəfər azalacaq;

-Alyans ABŞ tərəfindən idarə olunan hava xəbərdarlıq və idarəetmə sistemlərini itirəcək;

-NATO kəşfiyyat toplama və döyüş meydanı müşahidə imkanlarının əhəmiyyətli bir hissəsini itirəcək;

-NATO qüvvələri ABŞ-ın logistik dəstəyindən məhrum olacaq;

-NATO inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi olmadan fəaliyyətini davam etdirəcək.

Bəli, itkilər böyük olsa da, ABŞ-sız NATO dağılmayacaq. Amma strateji gücünü itirəcək. NATO-nu üzv ölkələrin kifayət qədər böyük silahlı qüvvələri var və bəzi üzv dövlətlər son zamanlar onları qururlar.

Yeni lider: TÜRKİYƏ...

ABŞ NATO-dan çıxacağı təqdirdə isə liderliyi ən yaxın müttəfiqlərindən olan Türkiyəyə həvalə edəcək. Bəllidir ki, müdafiə sənayesində son illərdə yüksək inkişaf tempi əldə etmiş Ankara NATO-nun ikinci ən böyük ordusudur - 400.000-dən çox aktiv xidmət əsgəri ilə ABŞ-dan sonra ikinci yerdədir. Paralel olaraq Türkiyə PUA bazarında müttəfiqlər arasında fərqlənir. Ölkədə 3500-dən çox müdafiə şirkəti fəaliyyət göstərir. Digər 29 Avropa müttəfiq ölkəsində isə bu rəqəm təxminən 2800-ə çatır. Türkiyə istehsalı olan zərbə pilotsuz uçuş aparatlarının (PUA) hərbi uğuru qlobal bazarın diqqətini cəlb edib. Müharibənin gedişatını dəyişdirmək qabiliyyəti ilə tanınan PUA sektoru ilə Türkiyə qlobal PUA bazarının təxminən 65 faizinə nəzarət edərək qlobal tanınma qazanıb. Türkiyə 2020-ci ildən 2024-cü ilə qədər müdafiə ixracında qlobal miqyasda 11-ci yeri tutub. 74 illik üzvlüyü dövründə Türkiyə, strateji mövqeyi sayəsində, xüsusilə terrorizmə qarşı mübarizədə təhdid və riskləri birbaşa həll edən ilk müttəfiq olaraq NATO-ya mühüm töhfə verib. NATO büdcəsinə töhfəsinə görə isə 32 müttəfiq arasında yeddinci yerdədir və 2030-cu ilə qədər bu rəqəmin 620 milyon avroya çatacağı gözlənilir. 4 iyul 2025-ci ildən etibarən Türkiyə Müttəfiq Cavab Qüvvələri, Suda-Qəza Qüvvələri Komandanlığı rəhbərliyini öz üzərinə götürüb. Türkiyə NATO-nun cənub-şərq cinahındakı mühüm roluna əlavə olaraq, Alyansın Qara dənizə, Yaxın Şərqə və Şərqi Aralıq dənizinə çıxışını asanlaşdırır ki, bu da strateji dəyər deməkdir.

Alyansın ümumi gücünə gəldikdə isə, NATO-nun təyyarədaşıyan gəmiləri, bombardmançı təyyarələri, qırıcı təyyarələri, kruiz raketləri və sualtı qayıqları var - Böyük Britaniya və Fransa isə nüvə silahlarına malikdir. NATO, ehtimal ki, ABŞ olmadan da yaşayacaq, çünki kollektiv müdafiə ideyası hərbi-siyasi blokun üzv dövlətləri üçün cəlbedici olaraq qalır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30