Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak Azərbaycana rəsmi səfər edib

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak Azərbaycana rəsmi səfər edib

13.09.2014 [11:03]

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın sentyabrın 12-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Malayziya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakı və xanımı Datin Paduka Seri Rosmah Mansoru qarşılayıblar.
Malayziya Baş nazirinin xanımına gül dəstəsi təqdim olunub.
Fəxri qarovul dəstəsinin rəisi Malayziyanın Baş nazirinə raport verib.
Malayziyanın və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Baş nazir Mohammad Najib Tun Abdul Razak fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Malayziyanın Baş naziri Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Mohammad Najib Tun Abdul Razaka, Malayziya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Malayziya Baş nazirinin qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak rəsmi foto çəkdiriblər.
* * *
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Malayziya Baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
* * *
Sentyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar.
Sizi ölkəmizdə salamlamaq istəyirəm. Ümidvaram ki, Malayziya Baş nazirinin ilk səfəri uğurlu olacaq.
Təkbətək görüşümüz zamanı biz ikitərəfli əlaqələrimizin mühüm məsələlərini müzakirə etdik və indi nümayəndə heyətlərinin iştirakı ilə bunu davam etdiririk.
Biz ikitərəfli əlaqələrə böyük əhəmiyyət veririk. Malayziya bizim üçün yaxın dost və tərəfdaşdır. Əminəm ki, bu səfər əlaqələrimizə yeni təkan verəcək və biz siyasi, iqtisadi əlaqələrimizi gücləndirəcəyik. Biz xalqlarımız arasında əlaqələrin dərinləşməsi üzərində çalışacağıq. Xalqlarımız ünsiyyət saxlamaq və ikitərəfli əlaqələrimizin uğurlu inkişafına töhfə vermək üçün bir-birini daha yaxından tanımalıdırlar.
Əməkdaşlığımızın gündəliyi genişdir və bir çox sahələri əhatə edir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaq. Nümayəndə heyətlərinin üzvləri də ikitərəfli əlaqələrin mühüm məsələləri - siyasi, enerji təhlükəsizliyi və regional təhlükəsizlik ilə bağlı müzakirələr aparacaqlar. Buna görə də ümidvaram ki, biz fəal dialoq və dostluğumuzu davam etdirəcəyik. Təbii ki, bu səfər çox əhəmiyyətlidir. Çünki bu, qarşılıqlı etimadın və dostluğun yaxşı göstəricisidir. Bir daha xoş gəlmisiniz”.
* * *
Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak deyib: “Cənab Prezident, belə səmimi və gözəl qəbula görə Sizə təşəkkür edirik. Ötən gecə gələndə dediyim kimi, Sizin rəhbərliyinizlə sürətli və eyni zamanda, keyfiyyətli inkişaf məni heyrətləndirdi. Bakının müasir şəhərə, Azərbaycanın güclənən, inkişaf edən, böyük potensialı olan ölkəyə çevrilməsini görmək yeni nəfəs almaq deməkdir.
Zati-aliləri, Sizi bu mükəmməl rəhbərliyiniz münasibətilə təbrik etmək istərdim. Mən bu səfəri səbirsizliklə gözləyirdim. Ölkəniz barədə çoxlu məlumatlar eşitmişdim və gördüklərim məni çox sevindirir. Mən gələcəkdə burada daha çox vaxt keçirmək, bu gözəl mənzərəni görmək istərdim.
İkitərəfli əlaqələrimizə gəlincə, ölkələrimiz arasında çox müsbət münasibətlər var. Düşünürəm ki, biz bu münasibətlərə əsasən əməkdaşlığın bir çox sahələrini aşkar edə bilərik. Hesab edirəm ki, bunun əsasını Sizin ölkənizdə neft və qaz sahəsində əməkdaşlıq təşkil edəcək. Düşünürəm ki, bu gün imzalanacaq Anlaşma Memorandumu əməkdaşlığımızın inkişafında çox mühüm bir mərhələnin başlanğıcı olacaq”.
* * *
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Malayziya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak imzalayıblar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Malayziyanın “Petroliam Nasional Berhad” şirkəti arasında neft və qaz sektorunda əməkdaşlıq üzrə Anlaşma Memorandumunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Petroliam Nasional Berhad” şirkətinin prezidenti və baş icraçı direktoru Tan Sri Dato Şamsul Azhar Abbas imzalayıblar.
Azərbaycan Respublikası Hökuməti və Malayziya Hökuməti arasında diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər nazirinin müavini və “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Malayziyanın Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Hussin Nayan imzalayıblar.
* * *
Sentyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Baş nazir.
Xanımlar və cənablar.
Əvvəlcə, cənab Baş nazir, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Mənim dəvətimi qəbul edib ölkəmizə səfərə gəldiyinizə görə Sizə təşəkkür edirəm. Bu, Malayziya Baş nazirinin Azərbaycana ilk səfəridir. Bu, tarixi bir səfərdir və əməkdaşlığımızın tarixinə həkk olunacaq. Bu səfərə böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticəsi ikitərəfli əməkdaşlığımızı gücləndirəcək.
Əməkdaşlığımızın yaxşı tarixçəsi var. Əminəm ki, gələcək üçün çox böyük perspektiv var. Çünki bizim çox fəal siyasi dialoqumuz mövcuddur. Əminəm ki, bugünkü səfər də siyasi təmaslarımızı gücləndirəcək. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasi dialoq aparırıq.
Biz bu gün Birgə Bəyannamə imzaladıq. Əminəm ki, bu, gələcək əməkdaşlığımızın inkişafı baxımından çox mühüm sənəd olacaq. Çünki həmin sənəd əməkdaşlığımızın bütün aspektlərini - siyasi, iqtisadi, enerji sahələrini əhatə edir.
Eyni zamanda, biz bu gün cənab Baş nazirlə geniş müzakirə apardıq. Bizim beynəlxalq təsisatlar çərçivəsində də çox müsbət əməkdaşlığımız var, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda. Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə edir.
Bu, beynəlxalq hüquqa uyğun olan bir mövqedir və bizim əməkdaşlığımızı, qardaşlığımızı əks etdirir.
Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağırılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir.
Həmin o zorakılığı və soyqırımını bu gün Ermənistan rəhbərliyində olan kriminal ünsürlər törədiblər. Biz bu məsələni daim diqqətdə saxlayırıq. Bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, regional sülh və sabitliyə töhfəsini vermiş olacaq. Cənab Baş nazir, bu məsələ ilə bağlı ölkənizin qətiyyətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm.
Biz bu gün iqtisadi əməkdaşlığımızı müzakirə etdik. Razılıq əldə edildi ki, hər iki ölkənin şirkətləri qarşılıqlı şəkildə sərmayə yatırsınlar. Bu gün biznes forum keçiriləcək və hər iki ölkə öz biznes imkanlarını təqdim edəcək. Zənnimcə, praktiki addımlar müəyyən ediləcək ki, gələcəkdə əməkdaşlığımız güclənə bilsin.
Biz birgə sərmayə imkanlarını nəzərdən keçirdik - söhbət üçüncü ölkələrdə reallaşdırılacaq layihələrdən gedir. Zənnimcə, böyük potensial var. Təəssüflər olsun ki, bu gün ticarət dövriyyəmiz olduqca aşağı səviyyədədir. Amma əminəm ki, bu səfərdən sonra müsbət irəliləyiş əldə ediləcək.
Bu gün biz enerji sahəsində çox ətraflı, geniş müzakirə apardıq. Bu sahədə əməkdaşlığımız üçün çox böyük perspektivlər var. Zənnimcə, biz bu sahədə strateji tərəfdaşlığa nail ola bilərik - enerji resurslarının ixracı, nəqli, emalı və digər məsələlərdə. Bu səbəbdən də bu gün SOCAR və “Petroliam Nasional Berhad” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu gözəl bir əməkdaşlıq çərçivəsi yaradır. Əminəm ki, hər iki şirkətin rəsmiləri dərhal fəal dialoqa və əməkdaşlığa başlayacaqlar. Çünki artıq tərəflər konkret layihələr müəyyən ediblər. Ümid edirəm ki, biz olduqca qısa zamanda real nəticələr görəcəyik.
Onu da qeyd etmək istərdim ki, Malayziya dünyada bizim üçün mühüm tərəfdaş və dost ölkələrdəndir. Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün birgə tədbirlər həyata keçiririk, səylər göstəririk. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal əməkdaşlıq edirik. Malayziya istər iqtisadi və siyasi, istər də sosial inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu, bir çox ölkələr üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistemin və güclü iqtisadi zəminin yaradılması baxımından böyük nailiyyətləri var. Zənnimcə, İslam dövlətlərinin inkişafı, həmrəyliyi əməkdaşlığın gücləndirilməsinə də töhfəsini verir. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək daha çox işlərə nail ola bilərik. Biz əməkdaşlığımızdan çox razıyıq. Düşünürəm ki, bugünkü səfər əməkdaşlığımızın yeni səhifəsini açır.
Cənab Baş nazir, bir daha Sizi Azərbaycanda salamlayıram”.
* * *
Baş nazir Mohammad Najib Tun Abdul Razakın bəyanatı: “Cənab Prezident, məni ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Mənə və nümayəndə heyətimə göstərilən çox səmimi və mehriban qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən də, mənim səfərimi tarixi səfər adlandırmaq olar. Çünki Malayziya Baş nazirinin Azərbaycana ilk səfəridir. Mən təyyarədən endiyim ilk andan çox təsirləndim. Təkcə inkişafın özü deyil, keyfiyyəti də məni valeh etdi. Sizin gələcəyə olan baxışlarınız məndə böyük təəssürat yaratdı. Təbii ki, ölkəmə qayıdandan sonra həmvətənlərimə Azərbaycana səfər etməyi tövsiyə edəcəyəm.
Azərbaycan, həqiqətən, çox gözəl ölkədir, Xəzər sahilində yerləşən bir dövlətiniz var. Bu gün qaldığım otağın pəncərəsindən baxanda məndə elə təəssürat yarandı ki, sanki böyük, gözəl bir istirahət məkanındayam. Həqiqətən də, Azərbaycan mənim bu günə qədər səfər etdiyim ən gözəl ölkələrdən biri hesab oluna bilər.
Cənab Prezident, Sizə müdrik siyasətinizə və uzaqgörənliyinizə görə təşəkkür edirəm, eyni zamanda, nailiyyətlərinə görə Azərbaycan xalqını təbrik edirəm. Əminik ki, bizim birgə irsimiz, hətta oxşar dəyərlərimiz var. Biz haqq-ədalətin tərəfdarı olan ölkəyik. Bu səbəbdən də biz hər yerdə Azərbaycanın mövqeyini müdafiə edirik, xüsusilə də ərazi bütövlüyü məsələsində. Biz bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyik. Haqq-ədalət Sizin tərəfinizdədir və biz hər zaman Sizinlə olacağıq. Eyni zamanda, mən Azərbaycana təşəkkür edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü məsələsində bizim ölkəmizi dəstəkləyib.
Bu gün təkbətək və geniş tərkibdə çox gözəl görüşümüz oldu və hər iki görüşün nəticəsi çox müsbətdir. Qeyd edə bilərəm ki, enerji, neft və qaz sahələri diqqət mərkəzində olacaq. Bildiyiniz kimi, Malayziyanın, xüsusilə “Petronas” şirkətinin bu sahədə böyük təcrübəsi var. Zənnimcə, bu şirkət Azərbaycan ilə neft və qaz sahəsində yaxından əməkdaşlıq edə bilər. Eyni zamanda, təkcə neft-qaz sektorunda deyil, artıq istifadədən çıxarılmış neft və qaz sahələrinin reabilitasiyası məsələsində bizim böyük təcrübəmiz var.
Digər tərəfdən, qeyd etmək istərdim ki, Azərbaycan qazının Avropaya nəqli xüsusi strateji əhəmiyyətə malik olan məsələdir. Bu baxımdan Azərbaycan çox strateji mövqeyə malikdir. Sizi əmin edə bilərəm ki, Malayziya Azərbaycan üçün etibarlı tərəfdaş olacaq. Mən bütün sahələri nəzərdə tuturam və əminəm, biz əlimizdən gələni edəcəyik ki, gələcək nəsillərə də bir növ çox dəyərli bir irs qoya bilək.
Bundan başqa, Azərbaycan rəsmilərinin müvafiq peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif təlimlər təşkil edə bilərik. Əminəm ki, bu səfərin çox gözəl nəticələri olacaq. Cənab Prezident qeyd etdi, bu gün biznes forum keçiriləcək, iş adamları və sahibkarlar öz aralarında fikir mübadiləsi aparacaqlar. Malayziya şirkətlərinin xüsusilə infrastruktur layihələrinin həyata keçirilməsində böyük təcrübəsi var. Tikinti, emal sənayesi, elektronika avadanlığı istehsalı sahələrində böyük təcrübəyə malik olan şirkətlərimiz var.
Zati-aliləri, mən qəti əminəm ki, gələcəyimiz çox uğurlu olacaq. Müzakirə etdiyimiz məsələlər bu səfərdən sonra qısa müddətdə praktiki nəticələrini verəcək və ümid edirəm ki, bunun çox gözəl nəticələri olacaq. Mən Zati-aliləri İlham Əliyevi öz ölkəmə dəvət etdim. Biz çalışacağıq ki, həmin səfər zamanı cənab Prezidentə öz nailiyyətlərimizi nümayiş etdirək.
Mənim bu səfərdən böyük gözləntilərim var. Cənab Prezident, ümid edirəm ki, Siz bizim ölkəyə səfər edəndə biz də Sizə eyni dərəcədə qonaqpərvərlik nümayiş etdirəcəyik. Bu gözəl imkana görə bir daha təşəkkür edirəm. Gözəl ölkənizdə olmaqdan çox məmnunam. Əminəm ki, görüşlərimiz çox səmərəli olub”.
* * *
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın və xanımı Datin Paduka Seri Rosmah Mansorun şərəfinə ziyafət verilib.

Paylaş:
Baxılıb: 730 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30