Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Abşeron rayonuna səfər edib

Prezident İlham Əliyev Abşeron rayonuna səfər edib

04.10.2014 [11:13]

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərinə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə rayonda görülən işlər barədə məlumat verib.
* * *
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin canlandırılmasında müstəsna xidmətləri olan Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, Onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür. Bu cür mərkəzlərdən biri də Abşeron rayonunda inşa olunub. Orijinal layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi Ümummilli liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir.
Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünyanın nüfuzlu siyasətçilərindən olan Ulu öndər Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhrandan inkişaf yoluna çıxarılması, güclü ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz Vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir.
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı Ulu öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıb.
Məlumat verilib ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə Ümummilli liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Yaradılan bu şərait gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır.
Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edilib ki, bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur. 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Bir sözlə, Ulu öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün burada hər cür şərait yaradılıb.
Sonra dövlətimizin başçısı Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev çıxış edərək deyib: “İlk növbədə, sizi qarşıdan gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə, Abşeron rayonunun bütün sakinlərinə, bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram. Bu gözəl bayram ərəfəsində bu gün bu möhtəşəm mərkəzi biz birlikdə açırıq. Heydər Əliyev Mərkəzi doğrudan da, həm xarici görünüşü, həm də daxili dizaynı baxımından zövq oxşayır. Gözəl binadır, burada Ulu öndərin həyat və fəaliyyətini əks etdirən videomateriallar, fotoşəkillər, interaktiv lövhələr var. Müasir səviyyədə tikilmiş çox gözəl bir mərkəzdir. Mərkəzin yerləşdiyi meydan da abadlaşıb, gözəlləşib.
Mən əvvəllər də burada olmağımı xatırlayıram və görürəm ki, Abşeron rayonunda, Xırdalan şəhərində çoxlu işlər görülüb. Xırdalana şəhər statusu veriləndən sonra burada inkişaf daha da sürətli olmuşdur. İndi Xırdalan gözəl, abad şəhərdir və burada binalar tikilir, bərpa edilir, eyni zamanda, yollar salınır, sosial obyektlər inşa olunur, artıq Bayraq Meydanı yaradılıbdır. Bir sözlə, son illərdə Xırdalanın inkişafı çox sürətli olmuşdur və rayonda çox böyük işlər görülmüşdür. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Bir daha demək istəyirəm ki, bütün bunlar məni çox sevindirir. Çünki bizim əsas inkişaf istiqamətimiz sosial sahənin inkişafı ilə bağlıdır.
Bütün bölgələrdə, rayonlarda quruculuq işləri aparılır, şəhərlər abadlaşır və insanların yaşayış səviyyəsi yaxşılaşır. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, beynəlxalq mövqelərimiz daha da möhkəm olsun, insanlar daha da yaxşı yaşasınlar.
Bizim uğurlu inkişafımızın təməlini məhz Ulu öndər Heydər Əliyev qoymuşdur. 1993-cü ildən bu günə qədər biz ancaq inkişaf yolu ilə gedirik. Ona görə Ulu öndərin xatirəsini bu əziz bayram ərəfəsində biz böyük ehtiramla yad edirik. Biz Abşeron rayonunun timsalında Azərbaycanda aparılan iqtisadi, sosial islahatları görürük. Ümumiyyətlə, ölkəmizin sürətli inkişafı hər bir yerdə özünü göstərir. Əminəm ki, gələcək illərdə də Abşeron rayonunun inkişafı sürətlə gedəcək, burada bütün məsələlər öz həllini tapacaq, sosial problemlər bundan sonra da həll olunacaq.
Abşeron rayonu artıq böyük rayondur, 400 minə yaxın əhalisi var. Xırdalan şəhəri də böyük şəhərdir, 150 min əhalisi var. Əlbəttə ki, şəhərin gələcək inkişafı da diqqət mərkəzində olmalıdır. Çünki Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır, şəhərlər böyüyür. Şəhərlərin gələcək inkişafı ilə bağlı xüsusi plan tərtib edilməlidir ki, şəhərlər bundan sonra hansı istiqamətdə inkişaf etsin.
Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasətimiz dayanır. İki həftə bundan əvvəl biz “Əsrin kontraktı”nın 20-ci ildönümünü qeyd etmişik. Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, bu gün bu uğurlardan söhbət açmaq mümkün olmazdı. Neft-qaz sektorumuzun inkişafı, gəlirlərin düzgün bölüşdürülməsi bizi bu vəziyyətə gətirib çıxarıbdır. Mötəbər beynəlxalq təşkilatların hesablamalarında Azərbaycanda bu sahədə görülən işlər yüksək qiymətləndirilir.
Dünən Bakıda IV Beynəlxalq Humanitar Forumu öz işinə başlamışdır. Forumda iştirak edən qonaqlar, beynəlxalq təşkilatların nümayəndələri, dövlət xadimləri Azərbaycanda gedən inkişafı yüksək qiymətləndirmişlər. Onlar öz çıxışlarında Azərbaycanda sosial sahədə, xüsusilə yoxsulluğun azaldılmasında görülən işlərə yüksək qiymət vermiş və Azərbaycanı nümunə kimi göstərmişlər. Həqiqətən bu, belədir. Çünki son 10 il ərzində iqtisadi inkişaf templərinə görə bizim ölkəmiz qədər inkişaf edən ölkə olmamışdır. Bütün bunlar xalqın rifahı üçün edilir.
Ölkəmizin həm beynəlxalq mövqeləri möhkəmlənir, həm sosial sahədə böyük işlər görülür. Dünən işə başlamış Forum artıq dünya miqyasında nadir bir müzakirə meydanına çevrilibdir. Bunu biz etmişik. Çünki bu gün Azərbaycan bu bölgənin həm iqtisadi, həm mədəni mərkəzidir və bütün bunları biz özümüz yaratmışıq. Bütün bunlar Azərbaycan xalqının zəhməti hesabına yaradılıb. Biz bunu qiymətləndiririk və gələcəyimiz də çox uğurlu olacaqdır. Çünki hazırda icra edilən infrastruktur layihələri, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası bizə əlavə imkanlar yaradacaq ki, - bu proqram 2018-ci ilədək başa çatacaq, - o vaxta qədər Azərbaycanda bir dənə də olsun icra edilməmiş infrastruktur layihəsi qalmasın.
O ki qaldı Abşeron rayonuna, burada işlər, qeyd etdiyim kimi, sürətlə gedir - həm sosial sahədə, eyni zamanda, abadlıqla bağlı böyük işlər görülür. Xırdalan şəhərinin siması tamamilə dəyişmişdir, indi gözəl, müasir şəhərdir və belə də olmalıdır. Çünki bizim bütün şəhərlərimiz gözəl olmalıdır. Azərbaycan xalqı buna layiqdir, biz də öz işimizlə çalışırıq ki, hər sahədə daha da yaxşı nəticələr olsun.
Bu gün bir neçə obyektin açılışı gözlənilir. Onlar da çox önəmlidir. Xırdalan üçün yeni imkanlar açılır və əminəm ki, həm Abşeron rayonunun, həm də ümumiyyətlə, ölkəmizin sürətli inkişafı bundan da güclü olmalıdır və olacaq.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın əldə etdiyi uğurlar bu gün ən mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və bizim təcrübəmiz indi başqa ölkələrdə də öyrənilir. Bunu biz etmişik, biz yaratmışıq.
Bu gün mənim Abşeron rayonuna səfərimin məqsədi həm sizlərlə görüşmək, həm də yeni obyektlərin açılışında iştirak etməkdir. Biz möhtəşəm mərkəzin açılışını qeyd edirik. Əlbəttə, gələcək inkişafla bağlı əlavə tədbirlər görüləcək. Bu məqsədlər üçün həm rayon səviyyəsində xərclərdən, həm də dövlət büdcəsinin xərclərindən istifadə olunacaq.
Bir sözlə, biz çox sürətli temp götürmüşük və çalışacağıq ki, gələcək illərdə də bu tempi saxlayaq. Çünki hələ görüləsi işlər çoxdur. Sizi, Abşeron rayonunun bütün sakinlərini bir daha qarşıdan gələn gözəl Qurban bayramı münasibətilə təbrik edirəm. Sağ olun”.
* * *
Saray qəsəbəsindəki 3 nömrəli orta məktəbin direktoru, Əməkdar müəllim Təyyibə Hüseynova çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
* * *
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında olub.
* * *
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində yaradılan “Park Abşeron” əyləncə mərkəzində yaradılan şəraitlə tanış olub.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Xırdalan şəhərində musiqi məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev musiqi məktəbi ilə tanış olub.
* * *
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində şahmat məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.
* * *
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak edib.

Paylaş:
Baxılıb: 782 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30