Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Rusiya münasibətləri çox möhkəmdir və xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanır

Azərbaycan-Rusiya münasibətləri çox möhkəmdir və xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanır

04.09.2010 [09:49]

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Prezident Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilib
Xəbər verdiyimiz kimi, sentyabrın 2-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirib ki, iki ölkənin əlaqələrinin dinamik inkişafı ölkələrimizin necə sıx qarşılıqlı fəaliyyət göstərməsinin əyani sübutudur: “İkitərəfli məsələləri, regional problemləri müzakirə etmək, yetərincə geniş, bir çox sahələri əhatə edən münasibətlərimizin gündəliyinə nəzər salmaq üçün həmişə yaxşı səbəb vardır. Ən sevindirici hal isə budur ki, hər yeni görüşümüz, praktiki olaraq hər səfər münasibətlərimizdə yeni səhifə açır. Münasibətlərimiz çox möhkəmdir, onlar xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanır. Bu, bizim üzərində dostluq, bərabərhüquqlu qonşuluq münasibətlərimizi qurduğumuz möhkəm təməldir. Biz çox fəal siyasi dialoq aparırıq. Biz regional məsələlərdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Demək olar ki, regional xarakterli bütün məsələlərə dair baxışlarımız üst-üstə düşür, biz vahid mövqedən çıxış edirik. çox ümid edirik ki, münasibətlərimizdə mövcud olan müsbət meyillər möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizin səfəriniz çərçivəsində, hörmətli Dmitri Anatolyeviç, siyasi və iqtisadi xarakterli mühüm sənədlər imzalanacaqdır. Onlar gələcəkdə münasibətlərimizin möhkəmlənməsinə və bütün istiqamətlərdə inkişafına xidmət edəcəkdir. Biz çox şadıq ki, bu il  iqtisadiyyatda böhranlı 2009-cu ilin mənfi meyillərini düzəldə bildik. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Əminəm ki, artım davamlı olacaq və ona gətirib çıxaracaqdır ki, iqtisadi münasibətlərimiz çox keyfiyyətli və çoxplanlı olacaqdır. Əmtəə dövriyyəsinin strukturu yaxşılaşır və bu gün biz qarşılıqlı ticarətin birmənalı şəkildə böyük artımına səbəb olacaq layihələr üzərində işləyirik. Biz təhlükəsizlik, regional əməkdaşlıq  məsələlərində birgə fəaliyyət göstəririk. Biz qonşuyuq. Biz dənizdə də, quruda da qonşuyuq. Rusiya və Azərbaycan iki Xəzəryanı ölkədir, iki Qafqaz ölkəsidir. Əlbəttə, regionumuzda baş verənlər bizi narahat edir və həyəcanlandırır. Biz regionumuzda potensial və mövcud riskləri azaltmaq üçün çox fəal, səmərəli və səmimi işləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da gündəliyimizin ayrılmaz hissəsidir. Mən, Dmitri Anatolyeviç, bu prosesdə fəal iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin iştirakınızla Azərbaycan və Ermənistan rəhbərlərinin artıq altı görüşü keçirilmişdir. Moskvada münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, qətnamələr və beynəlxalq təşkilatların qərarları əsasında həllini müəyyən edən mühüm bəyannamə imzalanmışdır. ümidvaram ki, Sizin fəal vasitəçilik missiyanız davam etdiriləcəkdir və biz müsbət nəticələrə nail olacağıq. Bu gün humanitar sahədə də fəal qarşılıqlı münasibəti qeyd etmək istərdim. Zənnimcə, bu istiqamətdə ölkələrimiz arasında münasibətlər qonşular və əsrlər boyu yanaşı yaşayan xalqlar arasında münasibətlərə nümunə ola bilər. Bu il biz Bakıda çox mühüm və mötəbər Rusiya-Azərbaycan ictimai forumunu keçirdik və onu illik Bakı beynəlxalq humanitar forumuna çevirmək barədə qərar qəbul edilmişdir. Bildiyiniz kimi, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə çox qayğıkeş münasibət göstərilir. ölkəmizdə təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb vardır, sovet dönəmindəkindən də xeyli artıq dövri nəşrlər dərc olunur, Rusiya Mədəniyyət Mərkəzi, Rusiya Kitab Evi, MDU-nun filialı fəaliyyət göstərir. Bütün bunlar bizi zənginləşdirir. Bütün bunlar münasibətlərimizin mühüm amilidir. Siyasi münasibətlərimiz, iqtisadi əlaqələrimiz, mənafelərimizin uyğunluğu necə olursa-olsun, münasibətlərimiz humanitar tərkibsiz natamam olardı. Mənə çox xoşdur ki, Rusiyada da, Azərbaycanda da irsimizə çox qayğıkeş münasibət vardır. Rusiyadakı Azərbaycan icması və Azərbaycandakı rus icması dövlətlərimizin tamhüquqlu vətəndaşlarıdırlar. Onlar da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhfə verirlər”.
Rusiya Prezidenti Dmitri Medvedev çıxış edərək bildirib ki, son illərdə biz iqtisadi münasibətlərin quruculuğu sahəsində irəliləmişik: “Energetika sahəsində əməkdaşlıq bu münasibətlərin təməl daşıdır. Lakin mən istəməzdim ki, əməkdaşlığımız təkcə energetika ilə məhdudlaşsın. Bizim ölkələr enerji istehsal edən iri ölkələrdir. Lakin indicə Sizinlə danışdığımız kimi, dövlətlərimizin qarşısında iqtisadiyyatlarımızı modernləşdirmək məsələsi durur, böhran isə, yeri gəlmişkən, göstərdi ki, hətta enerji tədarükçüləri olan böyük dövlətlər də bazardakı vəziyyətdən asılıdırlar. Buna görə də bizim vəzifəmiz ölkələrimizdə iqtisadi şəraiti, təsərrüfatçılıq şəraitini dəyişməkdir. Hesab edirəm ki, başqa sahələrdə əməkdaşlığı inkişaf etdirməklə bu məsələdə bir-birimizə kömək edə bilərik. Söhbət yüksək texnologiyalar, istehsal, infrastruktur və hətta turizm sahələrində kooperasiya və əməkdaşlıqdan gedir. Bütün bunlar bizim ümumi işimizin tərkib hissələridir. Təhlükəsizlik məsələləri çox mühüm mövzudur. Siz tamamilə dəqiq dediniz ki, bizim dövlətlər - Qafqaz dövlətləri, Xəzər dövlətləri və dost dövlətlərdir. Biz gələcəyə məhz bu cür baxmalıyıq. Elə etməliyik ki, asayiş olsun, münaqişələrin yaranmasına yol verilməsin. Bizim regionda problemlər kifayət qədərdir - həm gizli, həm də aşkar problemlər vardır. Bizim vəzifəmiz bu cür təhdidlərə mümkün qədər çevik münasibət bildirməyə çalışmaqdır. Rusiya bu proseslərdə öz rolunu başa düşür. Hətta, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi olduqca çətin problem də, Sizin haqlı olaraq dediyiniz kimi, beynəlxalq hüquq normaları və tərəflərin qarşılıqlı iradəsi əsasında həll edilə bilər. Son vaxtlar biz dəfələrlə görüşmüşük. Səmimi deyim ki, bu görüşlərin dinamikası məni qane edir. Əlbəttə, nəticələr hələ çox cüzidir. Lakin Siz bir məsələyə əsla şübhə etməyə bilərsiniz ki, Rusiya hədsiz çətin olan bu münaqişənin tənzimlənməsinə maksimum kömək etmək əzmindədir. Bunun üçün biz, şəxsən mən özüm də hər cür səy göstərmişik və bundan sonra da göstərəcəyik. Humanitar sahədə dostluq əlaqələrimiz yəqin ki, ayrıca təhlil aparılmasını tələb edir. Siz ölkənizdə rus dilinə xüsusi qayğı göstərildiyini xatırlatdınız. Nə gizlədim, bu, əlbəttə, mənim üçün çox xoşdur. Mənə belə gəlir ki, bu, Azərbaycan üçün də çox vacibdir. çünki biz yaxın ölkələrik, bizim tariximiz uzun müddət birlikdə davam etmişdir, indi də biz yanaşı inkişaf edirik və rus dili bu mənada, əlbəttə, müəyyən əhəmiyyət kəsb edir. Lakin bu, heç də o demək deyildir ki, Rusiya Azərbaycan dilinin  inkişafı üçün heç nə etməməlidir. Siz bilirsiniz ki, bu yaxınlarda mən telekanalların verilişlərinin peyk vasitəsilə dost ölkələr üçün yayımlanması barədə qərar qəbul etmişəm. Rusiyada böyük Azərbaycan diasporu vardır və onun Azərbaycan dilində xəbərlərlə tanış ola, proqramlara, filmlərə baxa bilməsi, əlbəttə, çox vacibdir. Əlbəttə, onlar hamısı rusca danışırlar, lakin ana dilini də yadda saxlamaq lazımdır. Buna görə də bu cür yayım həyata keçiriləcəkdir. Mənə belə gəlir ki, bu da çox faydalıdır, böyük mübadilələr də öz yerində - məsələn, indicə Siz Ulyanovskdakı məktəb və mehriban əməkdaşlığa dair bir sıra başqa nümunələr barədə danışdınız. Bu, çox vacibdir. Yeri gəlmişkən, elə Rusiya üçün də. Ona görə ki, Rusiya çox mürəkkəb, çoxmillətli, çoxkonfessiyalı dövlətdir və ölkə daxilində vətəndaş sülhü və asayiş olması üçün biz qonşularımızla dostluq etməyi bacarmalıyıq”.

Paylaş:
Baxılıb: 1028 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30