Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın sürətli inkişafının əsasında güclü lider fenomeni dayanır

Azərbaycanın sürətli inkişafının əsasında güclü lider fenomeni dayanır

05.01.2012 [22:57]

Heydər Əliyevin dövlətçilik irsini fərdi istedadı və liderlik bacarığı ilə yaşadan Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir
Liderlik fenomeni və onun mahiyyəti hər zaman tədqiqatçıların diqqət mərkəzində olub. Dövr, zaman dəyişdikcə liderlik fenomeninə yanaşmalar, münasibət də müvafiq olaraq zənginləşib, yeni çalarlar qazanıb. Buna səbəb dəyişən reallığın özü ilə bərabər, yeni tələblərə cavab verən, öz zəkası, düşüncəsi, uzaqgörənliyi ilə toplumun böyük əksəriyyətindən bir addım öndə olan, ən gözlənilməz məqamlarda belə möhkəm iradəsi və əzmkarlığı ilə vəziyyətdən çıxış yolunu müəyyən edən şəxsiyyətlərin siyasət meydanına gəlməsini tələb etməsidir. Liderlik fenomeni tarix boyu dövləti, xalqı müəyyən amal uğrunda səfərbər edən, irəliyə doğru aparan qüvvə kimi çıxış edib.
Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın bir dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycan siyasi, sosial, hərbi burulğanlar içərisində məhv olmaq təhlükəsi ilə üz-üzə idi. SSRİ-nin dağılması və müstəqilliyin elan olunması kimi mühüm tarixi hadisələri ehtiva edən və 80-ci illərin sonlarından etibarən yaranan yeni siyasi situasiyada meydana çıxan bir sıra qüvvələrin liderlik iddiaları ölkəni daha böyük fəlakətlərə doğru sürükləyirdi. Zaman göstərdi ki, liderlik heç də sosial böhrandan, siyasi boşluqdan və xaosdan önə çıxmaq məqsədi ilə istifadə etmək cəhdi deyil. Yaxud liderlik heç də siyasi, iqtisadi böhranların, kataklizmlərin səbəb olduğu xalq hərəkatına öndən qoşularaq özünü irəlidə hiss etmək demək deyil. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, kütlələrə doğru yolu göstərmək bacarığı ilə xalqı arxasınca apara bilən şəxsdir. Lider dövrün xüsusiyyətlərindən, situasiyadan, cəmiyyətin siyasi təşkili səviyyəsindən asılı olmayaraq toplumu və dövləti müəyyən məqsədə çatmaq uğrunda irəliyə doğru apara bilən bir insan olmalıdır. Bu baxımdan, milli lider adını tam mənası ilə doğruldan Heydər Əliyev hadisələrin axarına qapılmadı, əksinə, əsl öndər kimi ölkədə və regionda gedən proseslərdən xalqın, dövlətin mənafeyi naminə maksimum istifadə etdi, bununla kifayətlənməyərək bir sıra hallarda hadisələrin axarını münasib istiqamətə yönləndirməyi bacardı. Bu mənada, bugünkü sürətlə inkişaf edən, müasir müstəqil Azərbaycanın Onun əməyi, irsi olduğunu tam əminliklə söyləmək olar.
Qloballaşan dünyada gedən tendensiyalar liderin fəaliyyətinin təsir dairəsinin bir dövlət çərçivəsindən çıxaraq daha geniş arealı əhatə etməsinə, eyni zamanda, liderin mənəvi keyfiyyətlərinin daha çox önə çıxmasına şərait yaradıb. Liderliyin mahiyyətinə ənənəvi yanaşma sərgiləyən müəlliflər onu daha çox inzibati kateqoriya kimi nəzərdən keçirib. Məsələn, Maks Veberin müəllifi olduğu liderin tipləri haqqında ənənəvi, harizmatik və rasional-leqal tipdən ibarət olan ən məşhur bölgü buna nümunə ola bilər. Lakin qeyd etdiyimiz kimi, bu günün, yəni, müasir dünyanın reallıqları liderin mənəvi keyfiyyətlərini, onun xalq içərisindəki nüfuzunu, rəhbər tutduğu ideya və dəyərləri ön plana çıxarır. Görkəmli Azərbaycan filosofu Nəsrəddin Tusi ölkənin idarəçiliyni həyata keçirən şəxsin atalıq, alicənablıq, mətinlik, əzmkarlıq, səbrlilik kimi keyfiyyətlərə malik olmasının vacib olduğunu əbəs yerə qeyd etməmişdi.
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, tarix XX-XXI əsrlərin qovşağında müstəqil respublikamıza sadaladığımız keyfiyyətlərə sahib olan bir deyil, iki böyük lider bəxş edib. ümummilli lider Heydər Əliyevin yolunu inamla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-2011-ci illər Azərbaycan tarixinə hərtərəfli sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin əsasında ümummilli liderin inkişaf strategiyasının, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttinin uğurla davam etdirilməsi dayanır. Lakin Ulu öndərin fəaliyyətinin nəticəsində formalaşan dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi, uzaqgörənliyi sayəsində mümkün olub. Heydər Əliyevin dövlətçilik irsini fərdi istedadı və liderlik bacarığı ilə yaşadan Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Azərbaycanda gedən dəyişiklikləri beynəlxalq ictimaiyyət, o cümlədən, xarici tədqiqatçılar, mütəxəssislər də diqqətlə müşahidə edirlər. Bu nöqteyi-nəzərdən, tanınmış müəllif Qrem Uilsonun çapdan çıxan “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” (“The President of Azerbaijan: His struggle for peace and vision of the future”) kitabı Prezident İlham Əliyevin həyat və fəaliyyətinə göstərilən marağın ifadəsidir. Əsər Azərbaycan tarixini, xüsusən, müstəqillik qazandıqdan sonrakı dövrü obyektiv surətdə əks etdirməklə bərabər, Prezident İlham Əliyevin milli lider obrazını dolğun təsvir edir. öz növbəsində, kitabın təqdimatı mərasimində çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev iki böyük şəxsiyyətin müstəqil Azərbaycanın tarixindəki rolunun önəmini vurğulayıb: “XX əsin sonu - XXI əsrin əvvəlləri Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi səciyyələnir. Tarixin bu dövründə baş verən hadisələr iki tarixi şəxsiyyəti - Heydər Əliyevi və İlham Əliyevi siyasi səhnəyə gətirmişdir. Onlar mürəkkəb dövrün çətinliklərini dəf edə, milli birliyin gücünü ölkənin quruculuq məsələlərinin həllinə yönəldə, Azərbaycanın simasını dəyişdirə bildikləri üçün milli lider adını qazana bilmişlər”.
Liderin fəaliyyəti cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına önəmli təsir göstərir. Xalqın lideri, ilk növbədə, insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin ümummilli yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə əsl siyasi lider kimi özünü təsdiqləyib.
Qeyd etdiyimiz kimi, güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta müəyyən mənada qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib. Azərbaycanın rolu artaraq təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.
Beləliklə, göründüyü kimi, müasir Azərbaycanın milli ənənələrə bağlı, eyni zamanda, demokratik-hüquqi dövlətçilik prinsipləri əsasında sözün hər bir mənasında müstəqil dövlət kimi inkişafının təməlində milli düşüncəyə, rasional təfəkkürə, möhkəm iradəyə malik lider amili dayanır.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 881 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30