Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizin regionlarında bu ilin birinci rübündə uğurlu nəticələr əldə olunub

Ölkəmizin regionlarında bu ilin birinci rübündə uğurlu nəticələr əldə olunub

28.04.2017 [09:20]

Bu uğurlar bölgələrin sosial-iqtisadi inkişafına böyük təkan verir
Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məhz bu sadalananların nəticəsidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır.
Hər halda ayrı-ayrı rayonların timsalında bu ilin birinci rübünün yekunlarına dair əldə edilən uğurlar, həmçinin hazırda görülən işlər də bunu təsdiqləyir. Təsadüfi deyildir ki, ölkəmizin bütün regionları kimi, Mərkəzi Aran zonasına daxil olan rayonlar da ötən rübü uğurlarla başa vurub.
Faktlara diqqət yetirək. Bu ilin birinci rübündə Salyanda məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2 milyon 658 min manat artaraq 52 milyon 865 min manata çatıb. Kənd təsərrüfatı məhsullarının ümumi həcmi 261 milyon manat çoxalaraq 14 milyon 498 min manat olub. Bu faktlar Salyanda 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun məruzəsində səsləndirilib. Yığıncaqda qeyd olunub ki, hesabat dövründə qəzalı vəziyyətdə olan şəhər 2 və 3 nömrəli məktəblərin ərazisində Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına inşa olunan 1200 şagird yerlik yeni məktəb binasının tikintisi, Kürsəngi kənd tam orta məktəbində əsaslı təmir işləri, rayon Prokurorluğunun, 24 mənzilli 5 və 27 mənzilli 7 mərtəbəli yaşayış binalarının, “Sünbül-2012” MMC tərəfindən un dəyirmanının və Bazar-Ticarət Mərkəzinin, “Azərişıq” ASC tərəfindən Salyan şəhərində və Kərimbəyli kəndində 110 kilovoltluq yarımstansiyaların inşası davam etdirilib.
Rayonun Xocalı və Cəngan kəndlərində ibtidai məktəblər üçün Təhsil Nazirliyi tərəfindən modul tipli müasir məktəb binalarının quraşdırılmasına, Bayraq meydanında sahəsi 313 kvadratmetr olan Bayraq Muzeyinin tikintisinə başlanıb. Ötən dövrdə rayonda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, Ələt-Astara magistral və Çuxanlı-Gəncəli-Piratman-Parça Xalac-Seyidan kəndlərini birləşdirən avtomobil yollarında işlər əsasən başa çatdırılıb. Salyan-Şirvan yolunda və Qaraçala-Düzənlik-Peyk kəndlərini birləşdirən yollarda tikinti işlərinə başlanılıb. Qeyd olunub ki, ilin ilk üç ayında əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 1178 daimi iş yeri yaradılıb.
Bildirilib ki, 2017-ci ildə rayonda 7 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Rayonda bu strateji və əmək tutumlu bitkinin əkini üçün hazırlıq işləri görülüb. Artıq səpin işlərinə başlanılıb. Bu günədək, ümumilikdə, 2400 hektar sahəyə çiyid səpilib. İclasda rayonda əhalinin elektrik, qaz və içməli su ilə təminatı sahəsində görülən işlərdən ətraflı söhbət açılıb, təhsil, səhiyyə, mədəniyyət sahəsində qazanılan nailiyyətlər və nöqsanlar göstərilib.
İmişli rayonunda isə 2017-ci ilin birinci rübündə iqtisadiyyatın əsas sahələri üzrə 225 milyon manatlıq məhsul istehsal edilib. Cari ilin üç ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda bildirilib ki, istehsal olunan məhsulun və ya görülən işin 60,5 faizi sənayenin, 17,7 faizi kənd təsərrüfatının, 5 faizi tikintinin, qalanı isə ticarət, rabitə və nəqliyyat xidmətlərinin payına düşüb.
Qeyd olunub ki, hesabat dövründə rayonda tikinti-abadlıq və quruculuq işləri davam etdirilib, 78 min manatlıq abadlıq işləri aparılıb. Şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 6 mərtəbəli 54 mənzilli yaşayış binasının, rayon məhkəməsinin, kənd təsərrüfatı ərazi idarəsinin inzibati binalarının tikintisi başa çatıb, “Azərişıq” ASC-nin elektrik şəbəkəsinin və “ASAN xidmət” mərkəzinin inzibati binalarının tikintisi davam etdirilib. Şəhərdəki Heydər Əliyev prospektində müvafiq abadlıq işləri aparılıb. Bundan əlavə, 41 min nəfər əhalisi olan 9 yaşayış məntəqəsini özündə birləşdirən 23 kilometrlik İmişli-Otuziki-Xoşçobanlı-Murğuzalılı-Mürsəlli-Qaraqaşlı-Muradalılı-Nurulu-Ölcələr və Yuxarı Qaralar kəndlərarası avtomobil yollarının əsaslı təmir işlərinə də start verilib.
Yığıncaqda qeyd edilib ki, ötən müddətdə rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalı da nəzərə çarpacaq qədər çoxalıb. Vurğulanıb ki, ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda bu sahənin sürətli inkişafına nail olunub. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Məlumat verilib ki, bu il rayonda 17 min 750 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Hazırda pambıq əkini işləri sürətlə aparılır.
Yevlax rayonunda isə bu ilin birinci rübündə ümumi məhsulun həcmi 159,2 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 26,4 milyon manat və yaxud 21,3 faiz çoxdur. Ümumi məhsulun 2,5 milyon manatını sənaye, 14,8 milyon manatını kənd təsərrüfatı, 11,1 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 11 milyon 625 min manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4,4 dəfə çoxdur. Bu faktlar Yevlax rayonunda 2017-ci ilin üç ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsində bildirilib ki, hesabat dövründə tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Prezident İlham Əliyev aprelin 16-17-də rayona səfəri zamanı Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin, Varvara balıqartırma müəssisəsinin, Varvara Su Elektrik Stansiyasının açılışında, Aran Regional İnkişaf Mərkəzinin təqdimat mərasimində iştirak edib.
Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçasının binalarının, Kür çayı üzərində dəmir yolu körpüsünün tikintisi aparılır. 12 kənddə 28 min hektar sahədə meliorasiya işləri həyata keçirilir.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Sabirabad rayonunda da ilin birinci rübündə müsbət nəticələr əldə olunub. 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirib ki, bu dövrdə rayonda geniş tikinti, abadlıq və quruculuq işləri aparılıb. “Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına şəhərin Heydər Əliyev prospektində, 20 Yanvar, İlham İsgəndərov və digər küçələrində 17 çoxmərtəbəli ictimai yaşayış binasında əsaslı təmir işləri davam etdirilib. Binaların dam örtükləri, qapı və pəncərələri dəyişdirilib, ətrafları abadlaşdırılıb.
Qeyd olunub ki, hesabat dövründə 205 çarpayılıq rayon mərkəzi xəstəxanasının binasında, həmçinin Nizami kəndi ərazisində 300 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan quşçuluq kompleksində tikinti işləri aparılıb. Dövlətimizin başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanalın çəkilişi davam etdirilib. Bu layihə 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq.
Yanvar-mart ayları ərzində rayonda pambıqçılığın inkişafı üçün kompleks tədbirlər görülüb. Diqqətə çatdırılıb ki, cari ildə rayonda 15 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Artıq pambıq istehsalçıları tərəfindən 12 min 768 hektar sahədə pambıq əkilməsi üçün müqavilələr bağlanılıb. Həmçinin 2016-cı ildə cari ilin məhsulu üçün 24 min 475 hektar sahədə taxıl əkilib ki, bunun da 13 min 849 hektarı buğda, 10 min 626 hektar arpa sahəsidir.
Ötən müddətdə 20 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi davam etdirilib. Rüb ərzində 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin tikintisi, 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir, Qəfərli kəndində 80 yerlik modul tipli məktəb binasının inşası və 40 yerlik Qarağac kənd uşaq bağçasında təmir işləri aparılıb. Rayonda 73 yeni müəssisə və təşkilat yaradılıb, 2080-i daimi olmaqla, 2110 iş yeri açılıb.
Cari ilin birinci rübündə Sabirabadda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın inkişafına da xüsusi diqqət yetirilib. Ötən il rayonda 3075 kiloqram barama istehsal olunub. Cari ildə isə 6 ton barama istehsalı planlaşdırılıb. Bunun üçün 8 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində 62,5 min ədəd tut tingi əkilib. Hazırda rayonda barama istehsalı ilə bağlı hazırlıq işləri aparılır və kümçulərlə müqavilələr bağlanır.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 903 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30