Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ötən il respublikamızın cənub bölgəsində sosial-iqtisadi inkişaf baxımından ciddi uğurlar əldə olunub

Ötən il respublikamızın cənub bölgəsində sosial-iqtisadi inkişaf baxımından ciddi uğurlar əldə olunub

20.02.2019 [09:54]

Bölgəyə daxil olan rayonlarda 2018-ci il ərzində əldə edilən nəticələr də deyilənləri təsdiqləyir
Ölkəmizdə son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə olunub. Təbii ki, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni zamanda respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın icrası da yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Yeri gəlmişkən dövlət başçısı cari il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin inkişafı baxımından üçüncü Dövlət Proqramını yüksək qiymətləndirib: “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.
Beləliklə, Azərbaycanda 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, hər bir rayonda əldə edilən uğurlarla müşayiət olunub. Və bu uğurlar 2018-ci ildə də davam edib. Bu məqamda vurğulamaq yerinə düşər ki, 2018-ci il respublikamızın cənub bölgəsi üçün də uğurlu olub. Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir.
Beləliklə vurğulamaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlər və əldə edilən nəticələr Lənkəranda da özünü əyani şəkildə göstərir. Bu barədə Heydər Əliyev Mərkəzində keçirilən şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı məlumat verilib. Ötən ilin sosial-iqtisadi inkişafının yekunlarının və qarşıda duran vəzifələrin müzakirə edildiyi iclasda hesabat məruzəsi ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, 2018-ci ildə ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da sosial-iqtisadi inkişaf uğurla davam edib. Qeyd olunub ki, dövlətimizin başçısının açılışında iştirak etdiyi Lənkəran Olimpiya İdman Kompleksi, xalça fabriki, Hirkan-Daşdatük-Biləsər avtomobil yolu, baxış keçirdiyi Lənkəran İstisu Sağlamlıq Mərkəzi, yeni istifadəyə verilmiş Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyası, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi, “Lənkəran-2” Elektrik Yarımstansiyası ötən 15 ildə rayonun sürətlə artan iqtisadi potensialına növbəti töhfələr olub. Keçən il rayonda ümumi məhsul buraxılışı 1,1 faiz artaraq 450,9 milyon manata çatıb. Əvvəlki ilə nisbətən 2,6 faiz çox sənaye məhsulu istehsal olunub. Sənayedə çalışanların orta aylıq əməkhaqqı isə 306 manat təşkil edib.
Bəhs edilən dövrdə rayonda tikinti-quraşdırma işlərinə 129,8 milyon manat investisiya qoyulub. Əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 31,4 min kvadratmetr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib. Ötən il rayonda ümumilikdə 3360 yeni iş yeri açılıb. Bunun 2754-ü daimidir.
Məruzədə həmçinin rayonun yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik təsərrüfatının müasirləşdirilməsi, yeni su xətlərinin çəkilməsi istiqamətində görülən işlərdən də danışılıb.
Ötən il rayonda aqrar sahədə də işlərin uğurla davam etdiyini vurğulayan Taleh Qaraşov bu dövrdə 105,1 milyon manatlıq kənd təsərrüfatı məhsullarının istehsal olunduğunu, çəltikçiliyin inkişafına göstərilən dövlət qayğısının torpaq sahiblərində bu sahəyə marağı artırdığını bildirib. Diqqətə çatdırılıb ki, 2018-ci ildə rayonda 826 hektarda çəltik əkilib. Bu, əvvəlki illə müqayisədə 300 hektar çoxdur. 2019-cu ildə çəltik sahələrinin genişləndirilərək 1000 hektara çatdırılması nəzərdə tutulub. İstehsal olunan məhsulun emalı üçün müasir tipli üçüncü çəltik zavodu istifadəyə verilib. Separadi kəndində sitrus bağlarının salınması, Osakücə kəndində çay plantasiyasının genişləndirilməsi əlavə iş yerlərinin də açılmasına səbəb olub.
Məruzədə həmçinin ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar ötən ildən başlayaraq uzun fasilədən sonra ilk dəfə olaraq rayonda barama istehsalına başlanıldığı və 3,7 ton yüksəkkeyfiyyətli barama istehsal edildiyi vurğulanıb.
Ötən il Astara rayonunda da bütün sahələrdə nailiyyətlər qazanılıb. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsulların və əhaliyə göstərilən xidmətlərin ümumi dəyəri 204 milyon manat təşkil edib, il ərzində 1900 yeni iş yeri açılıb. Bu barədə Astara rayon İcra Hakimiyyətində keçirilən ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda danışılıb. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin hesabat məruzəsində diqqətə çatdırılıb ki, 2018-ci ildə rayonun ictimai-siyasi həyatında ən əlamətdar hadisə oktyabrın 15-də Prezident İlham Əliyevin ölkəmizin cənub bölgəsinə növbəti səfəri çərçivəsində Astarada bir sıra sosial obyektlərin açılışında iştirak etməsi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü olub. Həmin səfərdən sonra Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması, Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometr hissəsinin, Astara çayı üzərində körpünün tikintisi məqsədilə Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.
Hesabat ilində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Belə ki, Astara şəhərindəki park-bulvar kompleksinin ərazisi genişləndirilərək 18 hektara çatdırılıb. Azərbaycan Prezidentinin Sərəncamına əsasən Taxtanəkəran-Toradi, Taxtanəkəran-Miki və Ojakəran-Təngərüd avtomobil yolu tikilərək istifadəyə verilib. Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisinə, Astaraçay və Pensərçayda sahilbərkitmə işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir.
Astara şəhərinə 29 kilometr məsafədən çəkilən magistral su kəməri isə gələcəkdə qəsəbə və kəndlərin su təchizatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Diqqətə çatdırılıb ki, Astarada aparılan quruculuq işləri rayonda turizmin inkişafı üçün geniş imkanlar açıb. Ötən il rayona gələn turistlərin sayı iki dəfə artıb.
Məruzə və çıxışlarda kənd təsərrüfatında görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən də ətraflı söhbət açılıb, mövcud problemlər müzakirə olunub.
2018-ci il Lerik rayonu üçün də uğurlarla yadda qalıb. Belə ki, ötən il Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış 36,8 milyon manat vəsait hesabına rayonda 10 modul tipli və Orand kəndində 180 şagird yerlik məktəb binasının, 50 yerlik Noda kənd uşaq bağçasının, Lerik şəhərində 48 mənzilli binanın, 56 kilometrlik Lənkəran-Lerik və 27 kilometrlik Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi, Veri kəndinə qaz xəttinin, Lerik şəhəri, Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə su xəttinin çəkilməsi işləri həyata keçirilib. Rayonda aparılan tikinti-quruculuq işləri 2019-cu ildə də davam etdiriləcək, bir sıra obyektlər istifadəyə veriləcək. Həyata keçirilən tədbirlər nəticəsində rayon üzrə 593 yeni iş yeri açılıb. Onlardan 225-i daimi, 368-i isə müvəqqətidir. Bu barədə Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat yığıncağında ətraflı məlumat verilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov görülən işlərdən geniş bəhs edib. Ötən il ölkəmizin bütün bölgələrində olduğu kimi, Lerik rayonunda da sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələrin qazanıldığını vurğulayan R.Bağırov 2018-ci ildə rayonun ictimai-siyasi həyatında ən yaddaqalan hadisənin oktyabrın 15-də Prezident İlham Əliyevin Lerikə növbəti səfərinin olduğunu bildirib. Dövlətimizin başçısının Lerik rayonunun iqtisadiyyatının inkişafına, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş sosial obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri ilə görüşü, rayonun gələcək inkişafı ilə bağlı imzaladığı sərəncamlar sakinlər tərəfindən böyük razılıqla qarşılanıb.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 833 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30