Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi ilə bağlı işlər davamlı xarakter daşıyır

Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi ilə bağlı işlər davamlı xarakter daşıyır

11.04.2019 [09:06]

Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində səmərəli tədbirlər həyata keçirilir
Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, tarixi uğurların altına imza atıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ötən zaman müddətində əldə edilən strateji əhəmiyyətli müvəffəqiyyətlərdən biri Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi olub. Eyni zamanda, müxtəlif sahələri əhatə edən çoxşaxəli islahatlar həyata keçirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişaf tempinə dair müsbət proqnozlar verirlər. Ekspertlərin qənaətincə, nüfuzlu reytinq agentliklərinin Azərbaycanın inkişafı ilə bağlı pozitiv dəyərləndirmələri ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir.
Xüsusi vurğulamaq gərəkdir ki, ölkəmizdə respublika boyu infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə səmərəli tədbirlər həyata keçirilir, mühüm nəticələr əldə olunur. Bu kontekstdə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələrin uğurla icra olunmasını da ayrıca vurğulamaq lazımdır. Bu məqamda qeyd etmək yerinə düşər ki, 2004-cü ildən etibarən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına şərait yaradıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkə miqyasında bəhs olunan istiqamətlərdə qarşıya qoyulan vəzifələr də müvəffəqiyyətlə icra edilib. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində də sözügedən istiqamətlərdə işlər uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycanın regionlarında yol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı işlər davamlı xarakter daşıyır.
Ümumiyyətlə, regionlarda yüksək keyfiyyətli yeni yollar salınması, avtomobil yollarının tikintisi və yenidən qurulması mühüm iqtisadi və sosial əhəmiyyətə malikdir. Bütövlükdə, son 15 ildə respublikamızda 15 min kilometr avtomobil yolu çəkilib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 1-də “İmişli rayonunun Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. İyirmi doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu- Ağaməmmədli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bundan başqa, dövlətimizin başçısı aprelin 3-də “Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Aprelin 4-də isə Prezident İlham Əliyev “Daşkəsən rayonunun Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bundan başqa, dövlət başçısı aprelin 5-də “Göyçay rayonunun Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Aprelin 8-də isə Prezident İlham Əliyev “Şəmkir rayonunun Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, səksən beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,0 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Ümumiyyətlə, Azərbaycanın bölgələrində avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı işlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 81-ci kilometrində ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun yenidən qurulması işləri aparılır. Yol II texniki dərəcəli olmaqla uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni 7,5 metr, torpaq yatağının eni 15 metrdir. Yolboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca karxana çınqılı materialından 16 santimetr qalınlıqda əsasın alt layı, 15 santimetr qalınlıqda optimal çınqıl qarışığından isə əsasın üst layı inşa edilib. Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 90 min kubmetr çınqıl və optimal-çınqıl qarışığı sərf edilib. Hazırda yolboyu iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yolboyu 2 nöqtədə avtobus dayanacağı, 118 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaq, hərəkətin normal təşkili üçün 42 kilometr uzunluğunda bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə nişanlama xətləri çəkiləcək.
Qəbələ rayonunda isə uzunluğu 19 kilometr olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək. Hazırda yenidənqurma işləri yolun 12 kilometrlik hissəsində aparılır. Yaxın müddət ərzində analoji işlərin yolun qalan 7 kilometrlik hissəsində də aparılması nəzərdə tutulur. Yolboyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması da tələb olunur. Bu səbəbdən yolboyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü borular quraşdırılacaq, boru başlıqları dəmir-betonla tikiləcək. Həmçinin layihədə Qaraçay üzərində yerləşən mövcud körpünün də əsaslı şəkildə təmiri planlaşdırılıb. Başlanğıcını respublika əhəmiyyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 kilometr uzunluğa malik Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Quba rayonunda isə turizm əhəmiyyətli Şabrançay-Təngəaltı avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Bakı-Quba yoluna birləşən bu yolun uzunluğu 26 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun inşa edilən yolun eni 6 metr təşkil edir. Yolun 6 kilometrinə artıq asfalt döşənib. Hazırlıq işləri başa çatdıqdan sonra yolun qalan 20 kilometrinin asfaltlanmasına başlanılacaq. Hazırda ərazidə ağır texnikalar və işçi qüvvəsi çalışır. Əvvəlcə yolda söküntü və torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Yol əsaslı təmir olunduqdan sonra ərazidəki yaşayış məntəqələrinin əhalisinin rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşacaq.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 894 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30