Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizə 2 milyon 700 min turist gəlib

2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizə 2 milyon 700 min turist gəlib

03.12.2019 [09:31]

Regionların sosial-iqtisadi inkişafı fonunda görülən işlər nəticəsində ölkəmizə gələn əcnəbi turistlərin sayı artır
Məlum olduğu kimi, son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrılıb. Azərbaycanda qeyri-neft sektorunun daha çox gəlir gətirən əsas sahələrindən olan turizm bütün dünyada iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri hesab edilir. Ölkəmizin beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsində turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən 6 aprel 2010-cu il tarixində təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən irimiqyaslı işlər böyük rol oynayıb.
Qeyd etmək gərəkdir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevnın turizm sahəsinin inkişafına davamlı diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Bu baxımdan, Dövlət Turizm Agentliyinin (DTA) turizm sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri kimi dinamik olaraq artım tempini davam etdirir. Birillik dövrü əhatə edən statistik göstəricilərə görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanı ziyarət edənlərin 10,9 faiz daha çox, xüsusilə yeni hədəf bazarlardan gələn ziyarətçilərin sayında artım müşahidə edilib. Bu ilin 10 ayı ərzində ölkəmizə 2 milyon 700 min turist gəlib.
Son illərdə Dövlət Turizm Agentliyi tərəfindən turistləri ölkəmizə cəlb edən mədəni və tarixi dəyərlərimizi qorumaq və tabeliyindəki qoruqların turizm potensialından səmərəli istifadəni təmin etmək yönündə kompleks işlər aparılıb.
Görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanın 2019-cu ildə Beynəlxalq turizm rəqabətqabiliyyətliliyi reytinqində (The Travel and Tourism Competitiveness Report 2019) 140 ölkə arasında tutduğu yer açıqlanıb. Ölkəmiz turizm sektorunun bir çox tanınmış liderini qabaqlayaraq 71-ci yerdə qərarlaşıb. CBC telekanalı xəbər verir ki, reytinqlərin yekun variantı Beynəlxalq İqtisadi Forumunun rəsmi saytında yerləşdirilib. Məhz bu forum hər iki ildən bir müxtəlif ölkələrin bazarlarının təhlilini aparır. Azərbaycan ümumi siyahıda İordaniya, Tunis, Dominikan Respublikası, Filippin, həmçinin regionun bir çox ölkələri - İran, Qazaxıstan, Ukrayna, Ermənistan və digərlərini geridə qoyub.
Beynəlxalq turizm rəqabətqabiliyyətliliyi reytinqində turizm sektorunun dayanıqlı inkişafını təmin edən, ölkənin tərəqqisinə və rəqabətqabiliyyətliliyinə şərait yaradan bir sıra amil və şərtlər qiymətləndirilir. Ümumi təsnifatla yanaşı, ixtisaslaşdırılmış sahələr üzrə reytinqlər də təqdim edilib. Məsələn, “Biznes-mühit” siyahısında Azərbaycan 7 mümkün baldan 5,1-ni toplayaraq 28-ci yeri tutub. Bu göstərici üzrə ölkəmiz Avstriya, İspaniya, Türkiyə, Rusiya və regionun əksər ölkələrini geridə qoyub.
“Təhlükəsizlik” reytinqində Azərbaycan 38-ci yerdədir. Bu siyahıya Finlandiya başçılıq edir. Azərbaycan ən yüksək - 23-cü yeri “qiymətlərin rəqabətqabiliyyətliliyi” reytinqində tutub. Bu siyahıya İran liderlik edir, sonuncu yerdə isə Böyük Britaniya yer alıb. Reytinqin nəticələri maraqlı tərəflərə imkanların qiymətləndirilməsi və turizm sektorunda problemlərin proqnozlaşdırılması üzrə imkanlar verir.
Bütün bunlar, həmçinin regionların sosial-iqtisadi inkişafı fonunda görülən işlər nəticəsində ölkəmizə gələn əcnəbi turistlərin sayı artır. Bu il Avropa ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. DTA-nın tabeliyində olan Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, bir sıra turizm istiqamətləri üzrə artım daha yüksəkdir. Misal üçün UEFA Avropa Liqasının oyunları ilə bağlı ölkəyə gələnlərin sayı kəskin artsa da, bu, statistikada nəzərə alınmayıb. Bu, onu göstərir ki, Azərbaycanla bağlı həyata keçirdiyimiz “Yeni baxış” kampaniyası düzgün addım idi və turizm sahəsində Azərbaycanın böyük potensialı var. Buraya Azərbaycanın macəra həvəskarları üçün təklif edə biləcəyi səyahət proqramları, eləcə də çaxır turizmi, alman və ya yəhudi irsi daxildir. Bu imkanlar xarici qonaqlara tanıdılmalıdır.
Mütəxəssis qeyd edib ki, Azərbaycan beynəlxalq turizm kataloqlarında nə qədər çox təqdim olunarsa, ölkə bir o qədər çox tanınacaq. Bu da öz növbəsində ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərəcək.
Yeri gəlmişkən, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 29,8 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 8,2 faizi İran, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Ukrayna, hər birindən 1,7 faiz olmaqla İraq və Türkmənistan, 1,6 faizi İsrail, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-oktyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,5 faiz), Hindistan (66,5 faiz), Çin (64,2 faiz), Misir (62,5 faiz), Səudiyyə Ərəbistanı (43,7 faiz), Malayziya (41,3 faiz), Filippin (36,6 faiz), Polşa (32,7 faiz), Macarıstan (31,4 faiz), İspaniya (28,9 faiz), Özbəkistan (26,1 faiz), Qazaxıstan (24,1 faiz), Böyük Britaniya (23,7 faiz), Almaniya (21,3 faiz), Gürcüstan (21,2 faiz) və Cənubi Koreya (20,3 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,3 faiz artaraq 121,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,2 faiz artaraq 974,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,0 faizi dəmir yolu və avtomobil, 41,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
Cari ilin on ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artaraq 4653,9 min nəfər olub. Ölkə vətəndaşlarının 36,5 faizi İrana, 28,8 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,6 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,3 faizi dəmir yolu və avtomobil, 17,0 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.
Ən çox artım oktyabrda qeydə alınıb. Belə ki, ötən ilin oktyabrı ilə müqayisədə bu ilin eyni ayında ölkəyə gələn turistlərin sayı 25 faiz çox olub. Azərbaycana daha çox turist Rusiya, Gürcüstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və MDB ölkələrindən Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan gəlib. Bu il Avropa ölkələrindən gələn turistlərin sayında da artım qeydə alınıb. Artım olan ölkələr sırasında Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa var.
Onu da qeyd edək ki, DTA-nın təşkilatçılığı ilə Azərbaycanın, həmçinin ölkəmizin turizm potensialının tanıdılması üçün xarici ölkələrdə müxtəlif tədbirlər keçirilir. Bu günlərdə Rusiyanın paytaxtı Moskvada “Qış mövsümündə Azərbaycanda turizm imkanları” mövzusuna həsr olunmuş seminar keçirilib. DTA-dan bildirilib ki, seminarda Rusiyanın 100-ə yaxın turoperatoru, turagenti və turizm sənayesinin nümayəndələri iştirak ediblər. Tədbirdə “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək kurortlarının nümayəndələri tərəfindən Azərbaycanın qış turizmi imkanları, dağ-xizək mərkəzlərində təqdim olunan xidmətlər haqqında ətraflı məlumat verilib. Həmçinin Qəbələdəki sağlamlıq və özünübərpa turizmi üzrə fəaliyyət və xidmətlərindən danışılıb, Qəbələ şəhərinin qədim müalicə adət-ənənələrindən və sanatoriyalarından bəhs olunub.
Tədbir çərçivəsində vurğulanıb ki, rusiyalı turistlərin qış aylarında istirahət destinasiyası olaraq seçdikləri ölkələr arasında Azərbaycan ilk sıralardadır, həmçinin dekabr ayından mart ayınadək davam edən qış turizm mövsümündə ölkəmizə gələn Rusiyadan olan ziyarətçilərin sayı ildən-ilə artmaqdadır. Belə ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən rusiyalı turistlərin sayı 724730 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 5,31 faiz artım deməkdir.
Qeyd edək ki, bu yaxınlarda DTA və ATB-nin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Londonda keçirilən “Dünya Səyahət Bazarı” (“World Travel Market”) sərgisində də iştirak edib. DTA-dan bildirilib ki, Azərbaycan sərgidə 12 turizm şirkəti ilə təmsil olunur. 232 kvadratmetrlik sahədə turizm brendinə uyğun olaraq yeni dizaynla qurulan stend Azərbaycanın indiyədək hazırlanan ən böyük sərgi stendidir.
Sərgi barədə münasibətini bildirən ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid bu sərginin dünya turizm bazarında yeni əməkdaşlıq və münasibətlərin qurulmasında mühüm rol oynadığını qeyd edib.
Onun sözlərinə görə, dünyanın ən böyük turizm sərgisi sayılan “Dünya Səyahət Bazarı”nda Azərbaycanı 13 turizm şirkəti təmsil edib. O diqqətə çatdırıb ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 32 min nəfər təşkil edib və bu, ötən ilin eyni dövrünə nisbətdə 23,5 faiz artım deməkdir.

(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30