Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır

25.02.2020 [09:12]

Aran iqtisadi rayonunda 2019-cu ildə də iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sənaye və kənd təsərrüfatının inkişafı davam edib
(əvvəli ötən sayımızda)

O cümlədən ötən il rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, uzunluğu 17 kilometr olan, 11 min əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən Abadkənd-Kolanı-Xələc-Yenikənd və Şirvan-Salyan avtomobil yolunun rayonun ərazisindən keçən 31,5 kilometr hissəsində işlər tam başa çatdırılıb.
Hesabat dövründə rayonun Qarabağlı kəndində 100, Salyan şəhər Babazanlı yaşayış massivində 60, şəhərin N.Babayev küçəsində 60 yerlik uşaq bağçalarının tikintisinə başlanılıb, şəhər 7 saylı uşaq bağçasında təmir işləri aparılıb, şəhər Uşaq İncəsənət Məktəbi və Salyan Dövlət Kukla Teatrı əsaslı təmir edilib. Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchizatı davam etdirilib.
Qeyd olunmalıdır ki, ötən il rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, aqrar sahənin dinamik inkişafına nail olunub. 2018-ci ildə ötən ilin məhsulu üçün 16 min 734 hektar sahədə taxıl əkini aparılıb və hər hektarda məhsuldarlıq 38 sentner olmaqla, 63 min 508 ton taxıl yığılıb. Əkilən buğda sahəsinin hər hektarından 40,5, arpa sahəsində isə 36,2 sentner məhsul götürülüb.
Hesabat ilində rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində tədbirlər davam etdirilib, Qaraçala qəsəbə, Yenikənd, Yolüstü və Qarabağlı kənd ərazilərində istixana sistemində yetişdirilən tərəvəz (xiyar-pomidor) yaxın xarici bazarlara göndərilib.
Rayonda iribuynuzlu heyvanların sayı 62 min 734, qoyun və keçilərin sayı isə 185 min 925 başa çatıb. Ət istehsalı 13,4 ton (diri çəkidə), süd istehsalı 50 ton, yumurta istehsalı 34 milyon 862 min ədəd, yun istehsalı isə 347,6 ton olub.
Ötən dövr ərzində rayon ərazisində torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 373,6 kilometr kollektor drenaj şəbəkəsi, 754 kilometr suvarma kanalı lildən təmizlənib, rayonun Qızılağac kəndi ərazində 3 min hektar sahədə yaradılan aqroparkda tikinti işləri, əkin sahələrində meliorativ tədbirlər davam etdirilib.
2019-cu ildə rayon əhalisinin sosial problemlərinin həlli də diqqət mərkəzində saxlanılıb, 1613 ailənin 6 min 767 nəfər üzvünə sosial yardım verilib. Bir ailəyə düşən sosial yardımın orta məbləği 208 manat təşkil edib. Əhalinin işlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən il 1298-i daimi olmaqla, 14 min 659 yeni iş yeri yaradılıb.
Aran iqtisadi rayonunun başqa bir rayonu olan İmişlinin də ötən il sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunub. İqtisadiyyatın əsas sahələri üzrə 621 min 509,7 manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul istehsalının 351 min 942,3 manatı sənaye, 128 min 922,5 manatı kənd təsərrüfatı, 52 min 871,1 manatı tikinti, 78 min 909,4 manatı ticarət və ictimai iaşə, 8 min 202,5 manatı nəqliyyat, 671,9 manatı isə rabitə müəssisələrinin payına düşüb. İqtisadiyyatda əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutub. İstehsal olunan 351 min 942 manatlıq sənaye məhsulunun 96,5 faizi qeyri-dövlət sektorunda istehsal olunub.
Qeyd edək ki, rayonun sənaye, kənd təsərrüfatı və tikinti-abadlıq sahələrində əldə olan göstəricilər olduqca yüksəkdir. Hesabat dövründə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzilli yeni yaşayış binasının tikintisi, rayon statistika idarəsinin inzibati binasının əsaslı təmiri, Muradxanlı kəndində 56 yerlik modul tipli, Aranlı kəndində 132 yerlik, Qızılkənd kəndində 624 yerlik məktəb binalarının tikintisi başa çatıb, rayon İcra Hakimiyyətinin və 264 yerlik Muradxanlı kənd tam orta məktəb binasının inşası davam etdirilib, şəhərin Q.Qarayev, C.Cabbarlı, M.Ə.Sabir, 28 May və C.Dədəkişiyev küçələrinə asfalt örtüyü qoyulub. Hesabat dövründə rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalı nəzərəçarpacaq qədər çoxalıb. Vurğulanıb ki, ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda bu sahənin sürətli inkişafına nail olunub. Son illərdə olduğu kimi, pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Ötən il rayonda 7 min 492 hektar sahədə pambıq əkilib və sahələrdən 19 min 715,2 ton məhsul yığılıb. Ötən il rayonda 152 kümçüyə ipəkqurdu toxumu paylanılaraq 9 ton 570 kiloqram yaş barama tədarük olunub. 2019-cu ildə rayonda 13 min 431 ton ət (diri çəkidə), 50 min 84 ton süd istehsal olunub, 70 min 821,4 ton taxıl, 2 min 215,3 ton kartof, 3 min 235,5 ton bostan, 917 ton şəkər çuğunduru, 2 min 587,4 ton tərəvəz, 1954,5 ton dən üçün qarğıdalı, 1626,3 ton darı istehsal olunub. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları yaradılıb.
Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, il ərzində 535 nəfər daimi işlə təmin olunub, gəlirləri ehtiyac meyarından aşağı olan ailələr ünvanlı sosial yardımla təmin edilib.
Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonunda isə iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə əkin dövriyyəsinə qatılan 14650 hektar sahədə 4 aqropark yaradılır. Aqroparklardan biri - Pirli massivindəki “Qlobal Aqro” MMC artıq tam fəaliyyət göstərir, qalanlarında isə infrastrukturun yaradılması, torpaqların münbitləşdirilməsi, suvarma şəbəkələrinin və digər zəruri tikililərin inşası istiqamətində işlər davam etdirilir. Aqroparklarda hazırda 300 nəfərədək daimi, 1000 nəfərədək sakin mövsümi işlərdə çalışır. 2019-cu ildə aqroparklarda 8 min ton taxıl, 3500 tondan çox pambıq və digər kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu məlumat Kürdəmirdə ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan şura iclasında səsləndirilib. Prezident İlham Əliyevin fevralın 12-də Kürdəmirə səfərinin, səfər çərçivəsində “ASAN xidmət” mərkəzinin, “Azərxalça” ASC-nin filialının, “Qlobal Aqro” MMC-nin aqroparkının, Pirli-Muradxan-Sor-Sor avtomobil yolunun açılışında iştirakının sakinlər tərəfindən minnətdarlıqla qarşılandığını, insanlarda yüksək əhval-ruhiyyə yaratdığını diqqətə çatdırıblar. Vurğulanıb ki, səfərdən dərhal sonra dövlət başçısının Sərəncamı ilə şəhərdə 8 saylı körpələr evi-uşaq bağçasının tikintisinə, şəhər və şəhərətrafı avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat, şəhər 5 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın inşasına isə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Qeyd olunub ki, hesabat ilində rayonda ümumi məhsul buraxılışının həcmi 16,5 faiz artaraq 537605,3 manata çatıb. Tədbirdə həmçinin ötən il aqrar sektorun ənənəvi sahələri olan taxılçılıqda, pambıqçılıqda, baramaçılıqda, heyvandarlıqda qazanılan uğurlardan, əhalinin məşğulluğu, onlara göstərilən xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən, habelə cari ildə qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.
Aran iqtisadi rayonunun Zərdab rayonunda da ötən ilin yekunlarına həsr olunan şura iclası keçirilib. İclasda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Tədbirdə bildirilib ki, ötən il rayon iqtisadiyyatının əsas sahələrində 160 milyon 109,7 min manatlıq məhsul istehsal edilib. Bu, inişilki illə müqayisədə 27 milyon 756,9 min manat və ya 17,7 faiz çoxdur. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı istiqamətində xeyli işlərin görüldüyü diqqətə çatdırılaraq, istehsal olunan məhsulların 73 milyon 719,5 min manatının və ya 46 faizinin aqrar sektorun payına düşdüyü vurğulanıb.
2019-cu ildə 18 min 715,5 hektar taxıl sahəsindən 62 min 135 ton məhsul istehsal olunub ki, bu da əvvəlki ildəkindən 1985 ton çoxdur. Cari ilin məhsulu üçün ötən payızda 19 min 580 hektarda taxıl əkilib. Taxıl əkini sahələri 864,5 hektar artıb.
Dövlət başçısının 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib. Belə ki, 2016-cı ildə 5710 kiloqram barama tədarük olunduğu halda, 2019-cu ildə bu göstərici 12,5 dəfə artaraq 71 ton 539 kiloqrama çatdırılıb. Bunun 6 ton 218 kiloqramı yay yemləməsi nəticəsində tədarük edilib.
Rayon üzrə təhvil verilən yaş baramanın miqdarına görə kümçülərə emal müəssisəsi tərəfindən 282,3 min, dövlət büdcəsinin vəsaiti hesabına isə 352,6 min manat subsidiya verilib. Hesabat ilində pambıqçılıq, heyvandarlıq, çəltikçilik və digər sahələrdə də nəticələr uğurlu olub.
Şura iclasında ötən il tikinti-quruculuq işlərində, yol infrastrukturunun yaxşılaşdırılmasında, təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində, əhalinin elektrik enerjisi, təbii qazla təminatı, su təchizatı istiqamətlərində xeyli işlərin görüldüyü diqqətə çatdırılıb, bu sahələrdə qarşıda duran vəzifələrdən danışılıb.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 765 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30