Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzindədir

Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzindədir

15.04.2021 [08:37]

Hazırda respublikamızın pambıqçılıq rayonlarında çiyid səpininə başlanılıb
Məlum olduğu kimi, Azərbaycanda 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həmçinin reallaşdırılan çoxsaylı layihələr digər sahələr kimi aqrar sektorun da inkişafını sürətləndirib. Bu, eyni zamanda, regionlarda əmək ehtiyatlarından, təbii-iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artırılmasına zəmin yaradıb. Bu kontekstdə vurğulamaq olar ki, iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədilə ölkəmizdə ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafında da mühüm nəticələrin əldə olunmasına təkan verib.
Ümumiyyətlə, qeyd edək ki, regionlarda fermerlər üçün yaradılan şərait, o cümlədən böyük təsərrüfatların fəaliyyəti aqrar sahəyə olan marağın daha da artmasında əsaslı rol oynayır. Vurğulanmalıdır ki, bu gün Azərbaycan dövləti kənd təsərrüfatının inkişafı, ən əsası isə fermerlərin əsas gəlirli sahələr üzrə spesifikləşməsi üçün bütün addımları atır. Bunun sırasında gübrələrin güzəştli şərtlərlə satılması, fermerlərin toxum və ya çiyid ilə təmin edilməsi, o cümlədən lazımi texniki vasitlərin əldə olunması, sahələrə gətirilməsi, əkin və ya biçin prosesində iştirakının təmini, yanacaq pulunun verilməsi və digər lazımi məsələlərin həlli yer alır. Belə olan təqdirdə isə fermerlərin ildən-ilə bu sahəyə marağının artması təmin olunur, əkin sahələri artırılır, məhsuldarlıq isə gündən-günə çoxalır.
Azərbaycanın böyük pambıqçılıq ənənəsi var
Onu da qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında sahibkarların pambıqçılıq sahəsinə xüsusi əhəmiyyət verməsinin vacibliyindən danışaraq deyib ki, pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir: “Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri”.
Nəzərə alınmalıdır ki, Azərbaycan uzun illərdir pambıqçılıq ənənəsi olan dövlətlərdən sayılır. Münbit coğrafi şərait “ağ qızıl”ın ölkəmizdə yüksək səviyyədə yetişdirilməsinə imkan yaradır. Hələ keçmiş Sovet İttifaqı dövründə öz “ağ qızıl”ı ilə məşhur olan Azərbaycan bu gün dünya bazarında yenidən pambığı ilə tanınması üçün bütün lazımi addımları atır. Qeyd edildiyi kimi, atılan davamlı addımlar öz növbəsində, bu sahədə məhsuldarlığın artımına və fermerlərin illik gəlirlərinin çoxalmasına şərait yaradır. Bir sözlə, bu sahənin inkişafı istiqamətdə görülən işlər davamlı xarakter daşıyır.
Bu məqamda xatırladaq ki, bu ilin əvvəlində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda keçirilən onlayn müşavirədə qeyd olunmuşdu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib, aqrar sektorun bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə dövlətimizin başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə 2019-cu illə müqayisədə 41 min ton çox pambıq istehsal edilərək 336 min tona çatdırılıb. Məhsuldarlıq isə 2019-cu ilə nisbətən 14 faiz artaraq 33,6 s/ha təşkil edib.
Pambıqçılıqda məhsuldarlığın artırılması mühüm vəzifə kimi qarşıya qoyulub
Sözügedən müşavirədə ölkəmizdə cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflər müzakirə edilib. Cari ildə pambıq əkininin vaxtında həyata keçirilməsi, texniki təminatla bağlı məsələlərin icra edilməsi və bütün istehsal prosesini əhatə edən dövr üzrə kompleks tədbirlər planı hazırlanıb.
Beləliklə, pambıqçılıqda məhsuldarlığın artırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Bu gün qarşıda duran əsas hədəf pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaqdır. Eyni zamanda, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbəli əkin tətbiq edilməlidir. Bundan başqa, aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsinin, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılmasının, mineral gübrələrdən düzgün istifadə olunmasının, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi vacib məsələlərdən biridir.
Qeyd edək ki, artıq bu mövsümdə çiyid əkininə başlanılıb. Bölgələrin hava-iqlim şəraitinə uyğun olaraq bu istiqamətdə işlər görülür. Bir neçə gün öncə Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzində “Pambıq əkiləcək sahənin hazırlanması, səpinin təşkili və becərmə texnologiyası” mövzusunda təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimdə sosial məsafə qorunub, tibbi maskalardan istifadə edilib.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Namiq Məmmədov, mərkəzin mütəxəssisi Bayram Əliyev və baş aqronom Alim Əliyev çıxış edərək pambıq əkiləcək sahənin əkinə hazırlanmasından, səpinin təşkilindən və becərmə texnologiyasından danışıblar. Bildirilib ki, pambıq sahəsini yüksək keyfiyyətlə becərmək üçün əvvəlcə quzapayı sahədən çıxarılmalıdır. Sahədə az miqdarda pambıq kolu qalarsa iş vaxtı kotanın, kultivator, dırmığın işçi orqanlarına ilişəcək və şumun, becərmə işlərinin, səpinin düzgün aparılmasına maneçilik edəcək. Sahə quzapayından tam təmizləndikdən sonra üzvi və mineral gübrə verilməli, 30-35 santimetr dərinliyində şumlanmalı və arat olunmalıdır. Sahə malalanmalı, səpindən qabaq alaq otlarına qarşı kimyəvi herbisitlər verilməlidir. Səpin aprelin əvvəllərində - havanın temperaturu 20-25 C olduqda həyata keçirilməli, hər hektara 70-80 kiloqram lifli, 20-25 kiloqram isə lifsiz toxum səpilməlidir. Cərgə arası 90 santimetr olan sahələrdə 120-130 min, 60 santimetr olan cərgələrdə isə 100-110 min bitki olduqda hektardan yaxşı məhsul götürmək mümkündür.
Ölkəmizdə aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Neftçala rayonunda da uğurla icra edilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il 23 min 41 ton məhsul istehsal edən rayon pambıqçıları bu mövsüm istehsalı 25 min tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədə nail olmaq üçün əkinçilər 6 min 728 hektar sahədə şum aparıb, sahələrə kifayət qədər üzvi gübrə verib, şumlanmış sahənin 2 min 676 hektarı arata qoyublar. Həmçinin 1563 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb, səpin üçün lazım olan bütün texnika baxışdan keçirilərək hazır vəziyyətə gətirilib, kifayət qədər yüksək reproduksiyalı toxum sortları sifariş olunub. Yaxın vaxtlarda sahələrin malalanaraq səpin üçün hazırlanmasına başlanılacaq. Torpaqda normal temperatur yaranan kimi səpin kampaniyasına start veriləcək.
Saatlı, Ağcabədi və Kürdəmir rayonları göstəriciləri daha da artırmaq niyyətindədir
Respublikanın ən iri pambıqçılıq rayonu olan Saatlıda isə cari ilin məhsulu üçün çiyid səpininə hazırlıq işləri görülür. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il Saatlıda 13 min 850 hektar sahədə pambıq əkini aparmaq nəzərdə tutulub. Ötən il ölkə üzrə ən çox “ağ qızıl” istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün tədbirləri vaxtında həyata keçirirlər. Bu məqsədlə rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi 2 min 964 məhsul istehsalçısı ilə müqavilə bağlayıb, 13 min 644 hektar sahədə qış şumu aparılaraq, ondan 6 min 555 hektarı arata qoyulub, suvarma kanalları vaxtında lildən təmizlənib. Hazırda bəzi ərazi nümayəndəliklərində çiyid səpiləcək sahələrdə malalama işlərinə başlanılıb.
Qeyd edək ki, ötən il Saatlıda 14 min 141 hektar pambıq sahəsindən 47 min 365 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 33 sentner olub. Pambıqçılar cari ildə məhsul istehsalını 50-55 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.
Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları isə cari ilin çiyid səpininə başlayıblar. Xatırladaq ki, 2020-ci ildə Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq əkilib, 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub. Ağcabədi pambıqçıları 2021-ci təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Cari ildə rayon ərazisində 10 min 615 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb.
Bununla əlaqədar olaraq “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya” MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.
Artıq təsərrüfatlarda çiyid səpininə başlanılıb. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksəkkeyfiyyətli pambıq sortları yetişdiriləcək. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub. Çiyid səpininin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır.
Respublikamzın aran rayonu olan Kürdəmirdə də çiyid səpini kampaniyasına başlanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ilk günlərdən sahələrə 25 səpin aqreqatı, 30-dan çox malaçəkən traktor çıxarılıb və artıq 100 hektardan çox sahədə səpin aparılıb. Çiyid səpini rayonun əsasən, Şilyan, Qarasu, Muradxan, Sor-Sor, Köhünlü, Karrar və Garıs Əyribənd ərazi dairələrini əhatə edir.
Qeyd edək ki, pambıqçılıq Kürdəmirdə ənənəvi təsərrüfat sahəsidir. Ötən il bölgədə 1997,5 hektarda əkin aparılmış, hər hektardan 28,7 sentner məhsul götürülmüşdür. Cari ildə rayonda 2500 hektar sahədə çiyid səpiləcəyi gözlənilir. Pambıq tədarükü məntəqələri 96 nəfər istehsalçı ilə müqavilə bağlayıb. Hazırda səpinin qısa vaxtda və mütəşəkkil başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 779 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30