Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Yeni təsərrüfatların yaradılması heyvandarlıq məhsullarının istehsalının artmasına təkan verib

Yeni təsərrüfatların yaradılması heyvandarlıq məhsullarının istehsalının artmasına təkan verib

21.04.2021 [08:47]

Həyata keçirilən tədbirlər nəticəsində regionlarda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir
Məlum olduğu kimi, Azərbaycanda bütün sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində dövlət tərəfindən davamlı addımlar atılır, müvafiq proqramlar həyata keçirilir. Aqrar sektorun inkişafından danışarkən, heç şübhəsiz ki, heyvandarlığın inkişafını xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, dövlətin aqrar sahəyə, o cümlədən heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, damazlıq işinin təşkili və süni mayalanma tədbirlərinə görə fermerlərə əlavə subsidiyaların ayrılması regionlarda bu sahənin inkişafına güclü təkan verib. Bununla bağlı 2021-ci ilin ilk üç ayı ərzində ayrı-ayrı rayonlar üzrə əldə edilən nəticələr barədə bir qədər sonra, hələlik isə bildirmək yerinə düşər ki, dövlət fermerlərə təkcə qanunların qəbulu və maddi baxımdan dəstək göstərmir, eyni zamanda, onların dünyadakı yenilikləri mənimsəməsi üçün də davamlı addımlar atır.
Məsələn, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytarlıq mütəxəssislərinə Türkiyənin “Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin ixtisaslı nümayəndələri və İstanbul Universitetinin Sağlamlıq elmləri üzrə mikrobioloq-professoru Mustafa Hasöksüz tərəfindən təlimlər keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd Türkiyədən alınmış baytarlıq preparatlarının heyvanlarda tətbiqinə dair müasir peyvəndləmə üsulları barədə bilgilər verməkdir.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, son illərdə kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, baytarlıq sahəsində də köklü dəyişikliklər aparılıb. Baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, xüsusi təhlükəli xəstəliklərə qarşı tətbiq olunan preparatların keyfiyyətinin daha da yaxşılaşdırılması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Türkiyədən alınmış baytarlıq preparatlarının heyvanlar üzərində müasir profilaktik peyvəndləmə üsullarının tətbiqi ilə bağlı bilgilərin verilməsi, baytarlıq mütəxəssislərinin peşəkarlığının artırılması üçün keçirilən təlimlər böyük əhəmiyyət kəsb edir.
Daha sonra “Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin rəhbəri Abdullah Tutak, İstanbul Universitetinin Sağlamlıq elmləri üzrə mikrobioloq-professoru Mustafa Hasöksüz çıxış edib. Təlim iştirakçılarına “Qarayara (34F2 ştammı) və nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin (Neetling ştammı) yaranma tarixi və təsnifatı”, həmçinin “Müasir profilaktik peyvəndləmə üsulları”, “Genetik olaraq hazırlanmış və rekombinant peyvəndlər”, “Canlı və inaktiv peyvəndlərin tətbiqi” və “Heyvanların bəslənməsində müasir texnologiyalar” mövzularında bilgilər verilib.
Beləliklə, yuxarıda da vurğuladığımız kimi dövlətin diqqət və qayğısı bu ilin ilk üç ayında da regionlarda heyvandarlıq və heyvandarlıq məhsullarının artımında müsbət nəticələr əldə edilməsinə səbəb olub. Məsələn, göstərilən dövlət dəstəyi Tərtərdə də heyvandarlıq məhsullarının istehsalının ilbəil artmasına təkan verib. Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, 2021-ci il aprelin 1-i vəziyyətinə rayonda 29 min 480 baş qaramal, 49 min 740 baş qoyun və keçi olub. Yanvar-mart ayları ərzində rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 807,9 ton ət, 5789,2 ton süd istehsal edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 1,2 faiz, süd istehsalı 0,2 faiz artıb.
Məlum olduğu kimi, heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Məhz bu məqsədlə son illərdə rayona aqrolizinq yolu ilə 672 baş, o cümlədən 2020-ci ildə 204 baş cins heyvan gətirilib. Məlumatda deyilir ki, rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla davam etdirilir. Belə ki, 2021-ci ilin yanvar-mart aylarında rayonda 250 baş inək və düyə süni yolla mayalandırılıb, 347 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən, “Holştein-friz”, “Simmental”, “Şvis”, “Şarol” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.
Qarabağ bölgəsində yerləşən Ağdam rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2021-ci ilin birinci rübündə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2021-ci il aprelin 1-nə təsərrüfatlarda 44 min 996 baş iribuynuzlu heyvan, 102150 baş qoyun-keçi olub. Birinci rübdə 1108,2 ton ət, 9737,8 ton süd istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 1,9 faiz, süd istehsalı isə 3 faiz artıb.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün süni mayalanma uğurla həyata keçirilir. 2021-ci ilin üç ayında 1299 baş inək və düyə süni yolla mayalandırılıb, 732 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.
Mərkəzi Aran regionundakı Kürdəmir rayonunda da heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Belə ki, son illər mal-qaranın cins tərkibini süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, təkcə 2021-ci ilin ilk üç ayında 1968 baş inək və düyə süni yolla mayalandırılıb, 799 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
Bildirmək yerinə düşər ki, rayonda hazırda 5-i əsas, 1-i yardımçı olmaqla, 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Doğulan hər bir buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.
Regionun digər rayonu Neftçalada da heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda Neftçalada 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 4 min 61 baş inək və düyədən cari ilin üç ayı ərzində 650 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara 65 min manat subsidiya ödənilib.
Dövlət tərəfindən heyvandarlığın inkişafına göstərilən hərtərəfli dəstək nəticəsində əsasən, kənd təsərrüfatı rayonu olan Biləsuvarda da bu sahədə fəaliyyət göstərən fermerlərin sayı ilbəil artır. Maldarlar istehsaldan əldə etdikləri mənfəət hesabına təsərrüfatlarını genişləndirir, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərirlər. Bu da rayonda mal-qaranın baş sayının çoxalmasına, məhsul artımına öz müsbət təsirini göstərir.
Rayon Statistika İdarəsindən bildirilib ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 385 baş iribuynuzlu mal-qara, 136 min 298 baş qoyun-keçi saxlanılır. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 983 baş çoxdur.
Cari ilin I rübü ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 1874 ton ət (diri çəkidə), 6 min 749 ton süd və 2 milyon 923 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 40 ton, süddən 20 ton, yumurtadan isə 124 min ədəd çoxdur.
Cənub regionunda, o cümlədən Masallı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, bu ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb. Rayon Statistika İdarəsindən verilən məlumatda deyilir ki, bu il 1 aprel tarixinə rayonda iribuynuzlu mal-qaranın sayı artaraq 73 min 240 başa çatıb. Rayonda xırdabuynuzlu heyvanların sayı isə 627 baş artaraq 94 min 563 baş təşkil edib. Eyni zamanda, son illər rayonda mal-qaranın cins tərkibinin süni mayalanma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi üçün məqsədyönlü iş aparılır. Belə ki, təkcə bu ilin ilk üç ayında rayonda 532 baş inək və düyə süni yolla mayalandırılıb, 617 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
Qeyd edək ki, Masallı rayonunda hazırda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə təcrübəli, peşəkar mütəxəssislər işləyirlər. Doğulan hər buzova görə dövlət tərəfindən verilən subsidiyalar fermerlərin və fiziki şəxslərin bu sahəyə marağını artırıb.
Bu ilin birinci rübündə Yardımlı rayonunda isə iribuynuzlu mal- qaranın sayı 28988 baş, o cümlədən inək və camışların sayı 14825 baş, davarların sayı isə 88096 baş olub. Bu müddətdə rayonda 5791 sentner ət, 61494 sentner süd, 1 milyon 200 min ədəd yumurta istehsal edilib. Yardımlı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 41, inək və camışların sayı 35, davarların sayı isə 131 baş artıb.
Üç ay ərzində rayondakı süni mayalanma məntəqəsində 71 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu ilin əvvəlindən heyvanların süni mayalanmasından alınan balaların sayı 47 baş olub.
Cənub bölgəsinin digər rayonu Astarada da mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu ilin üç ayında 532 baş inək və düyə süni yolla mayalandırılıb, 213 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 714 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30