Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda arıçılıq təsərrüfatları genişləndirilir

Regionlarda arıçılıq təsərrüfatları genişləndirilir

29.04.2021 [08:33]

Dövlətin göstərdiyi hərtərəfli dəstək bu sahənin inkişafında mühüm rol oynayır
Məlum olduğu kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yürüdülən siyasətin nəticəsi olaraq bir çox sahələrin, o cümlədən iqtisadiyyatın inkişafında çox mühüm uğurlar əldə edilib. Onu da qeyd edək ki, ölkəmizdə iqtisadi sahədə aparılan islahatlar çərçivəsində kənd təsərrüfatının inkişafını, ixracyönümlü istehsal sahələrinin genişləndirilməsini və heyvandarlıq sahəsində məhsul istehsalının artırılmasını nəzərdə tutan genişmiqyaslı layihələr həyata keçirilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda heyvandarlıq sektorunun perspektivli sahələrindən biri olan arıçılığı inkişaf etdirmək məqsədilə son illərdə mühüm işlər görülüb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Eyni zamanda, arıçılığın inkişafına nail olmaq üçün arı ailələrinin sayının və məhsuldarlığının artırılması, arıçılığın yem bazasının gücləndirilməsi istiqamətində xüsusi tədbirlər həyata keçirilməkdədir.
Arıçılıq təsərrüfatında çalışan fermerlər üçün növbəti təlim keçirilib
Yeri gəlmişkən, ölkəmizdə arıçılıq təsərrüfatlarının, damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və digər istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Məhz bu tədbirlər çərçivəsində isə mütəmadi olaraq arıçılıq təsərrüfatlarında fermerlər üçün təlimlər keçirilir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən şimal-qərb bölgəsində fəaliyyət göstərən arıçılar üçün “Arıçılığın təşkili və qışlama ilə əlaqədar profilaktik tədbirlərin rolu” mövzusunda təlimlər baş tutub.
Regional Mərkəzdən bildirilib ki, arıçı fermerlər üçün növbəti təlim Qax rayonunun Ləkit kəndində yerləşən arıçılıq təsərrüfatında keçirilib. Təlim zamanı arıçılara qışlamaya qoyulmuş arı ailələrinin gücünə uyğun çərçivə sayının müəyyənləşdirilərək, artıq çərçivələrin pətəklərdən götürülməsi tövsiyə olunub. Arıçıların diqqətinə çatdırılıb ki, arı ailələri təftiş edilməli və ana arıların olub-olmaması müəyyənləşdirilməlidir. Pətəkdə ana arı varsa, yanvarın birinci yarısında yumurta qoymağa başlayır. Əgər ana arı yoxdursa, deməli, yuvalar yaxşı təmizlənməyib, pətəyin dibində şan qırıntıları qalıb. Bu zaman arı ailələrinə qış yemi verilərək onların məhv olmasının qarşısını almaq olar. Diqqətə çatdırılıb ki, anasını itirmiş arı ailəsini zəif bir ailə ilə birləşdirərək, onu yenidən həyata qaytarmaq mümkündür.
Cənub rayonlarında arıçılar cari ildə bol məhsul əldə etməyi proqnozlaşdırırlar
Əksər ekspertlərin də vurğuladıqları kimi, arıçılığın inkişafına dövlət dəstəyi çərçivəsində arıçılıqla məşğul olan fermerlərə və məhsul istehsalçılarına subsidiyaların verilməsi, arıçılıq məhsullarının satış yarmarkalarının təşkil edilməsi bu sahənin inkişafına güclü stimul verir. Bunu ayrı-ayrı rayonların timsalında əldə edilən nəticələr də təsdiqləyir.
Məsələn, Yardımlı rayonunun iqtisadiyyatında əkinçilik və heyvandarlıqla yanaşı, arıçılıq da prioritet sahələrdən hesab olunur. Cari il yanvarın 1-dək rayonda 7023 arı ailəsi qeydə alınıb. Bunun 345-i kənd təsərrüfatı təyinatlı müəssisələrin, 6678 arı ailəsi isə ailə kəndli təsərrüfatlarının mülkiyyətindədir. Yardımlı Rayon Statistika İdarəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda, ümumilikdə, 756 arı ailəsi artıb. Artım əsasən, rayonun ailə kəndli təsərrüfatlarında qeydə alınıb. Hər arı ailəsinin orta məhsuldarlığı 10 kiloqramdır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə “Arıçılıq haqqında” Qanun qəbul edildiyi dövrdən indiyədək nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində Yardımlıda arı ailələrinin sayı son beş ildə 38,2 faiz artıb. Belə ki, ötən il rayonda hər arı ailəsinə görə 10 manat olmaqla, 377 ailə kəndli təsərrüfatına 62 min 140 manat subsidiya verilib. Eyni zamanda, bu ilin əvvəlindən Yardımlıda arıçılıqla məşğul olan mülkiyyətçilərin informasiyalarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsi işinə start verilib və yaxın vaxtlarda subsidiyaların verilməsinə başlanacaq.
Cənub rayonlarından olan Biləsuvarda da arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin və məhsul istehsalının artırılmasına müsbət təsir göstərir. Hazırda rayonda mövcud olan 98 arıçılıq təsərrüfatında 3001 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birindən 10 kiloqram olmaqla, 36 ton 12 kiloqram məhsul götürülüb. Saxlanılan arı ailəsinə görə arıçılara 30 min 10 manat subsidiya ödənilib. İstehsal olunan məhsulun üçdəiki hissəsi rayonun Bağbanlar, Amankənd kəndlərində fəaliyyət göstərən fermerlərin payına düşüb.
Ölkəmizin ən böyük arıçılıq rayonu olan Astarada da artıq arıxanalara baxış keçirilib, pətəklər ölü arılardan təmizlənib. Qış çox sərt keçmədiyindən, arıxanalarda, demək olar ki, tələfat qeydə alınmayıb. Qışdan çıxan arıların aktivliyini artırmaq, çoxlu nektar toplamaları üçün onlara bal və vitamin qarışığından hazırlanmış sirop verilib.
Verilən məlumatlara əsasən, Astara arıçıları bu mövsüm ötən ilkindən çox bal götürəcəklərini proqnozlaşdırırlar. Havaların əlverişli keçməsi, aparılan yaz qulluq işləri bunu deməyə əsas verir. Arıçı Yaşar Ağayev bildirib ki, pətəklərdə arıların vəziyyəti də qənaətbəxşdir: “Dərmanını, balını vaxtında vermişik. İndi yeşikləri Masallıya köçürməyə başlamışıq. İndi arıların çöldən çiçək tozu gətirmə dövrüdür”.
Astara Arıçılar Birliyinin sədri Arif Nəzərov da deyib ki, bu il məhsuldarlıq yaxşı olacaq: “Çünki arılar artıq çiçək tozu gətirməyə başlayıb. Əgər arı çiçək tozu gətirməsə, inkişaf etmir, bala vermə olmur. Hər bir bala təzə çıxanda çiçək tozu ilə qidalanır, sonra hərəkətə başlayır. Sonra arı sərbəst hərəkət edib, öz yemini daşıyacaq”.
85 arı ailəsi olan Miki kənd sakini Əlikram Salayev də arılarını yaza sağlam çıxarıb. Onun sözlərinə görə, hər arı ailəsinə dövlət tərəfindən 10 manat subsidiya verilməsi xərclərinin müəyyən hissəsini qarşılayır. Ötən il hər pətəkdən 18-20 kiloqram bal götürən arıçılar bu il də yaxşı məhsul əldə edəcəklərinə ümid edirlər.
Onu da xatırladaq ki, ötən il Astarada 400 tona yaxın bal tədarük olunub. Bu mövsüm ilk balın süzümü hava şəraitindən asılı olaraq, iyunun ortalarında aparılacaq. Qeyd edək ki, Astarada həvəskarlarla birgə 1300-dən yuxarı arıçı var. Onlar təsərrüfatlarında 28 minə yaxın arı ailəsi bəsləyirlər.
Laçınlı arıçılar doğma rayonlarına qayıtdıqdan sonra bu sahədə fəaliyyətlərini daha da genişləndirməyi planlaşdırırlar
İqtisadiyyatının əsasını arıçılıq təşkil edən Laçın rayonu vaxtilə ölkəmizin arıçılıq mərkəzlərindən biri hesab edilib. Belə ki, Ermənistan tərəfindən işğal edilənə qədər rayonda 42 min 364 arı ailəsi olub. Laçın 1992-ci ildə işğal ediləndə rayonun digər sərvətləri kimi, arı ailələri də düşmən tərəfindən talan edilib. Buna baxmayaraq, ölkəmizin müxtəlif bölgələrində məskunlaşan laçınlı məcburi köçkünlər arıçılıq təsərrüfatlarını yenidən quraraq, ata-babadan qalan bu sahəni yaşatmaqdadırlar. Laçın rayonunun 2020-ci il dekabrın 1-də işğaldan azad edilməsi laçınlı arıçılar üçün həm 28 il həsrətində olduqları doğma yurdlarına qayımaq, həm də arıçılığı daha yaxşı inkişaf etdirmək imkanı yaradıb.
Belə ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı arıçılar da öz təsərrüfatlarını Laçın rayonunda inkişaf etdirməyi planlaşdırırlar. Rayonun peşəkar arıçılarından olan Marks Vəliyev bildirib ki, Laçın rayonunun ərazisi arıçılığın inkişafı üçün olduqca əlverişlidir: “Ata-babadan arıçılıqla məşğuluq. Laçın rayonu işğal edildikdən sonra Ağcabədi rayonunun Taxtakörpü ərazisində arıçılığı davam etdirirəm. Bitki örtüyünə və balının keyfiyyətinə görə Laçınla Ağcabədinin fərqi çoxdur. Laçın rayonu arıçılığın inkişafı üçün əvəzolunmazdır. Laçında istehsal edilən arı məhsullarının keyfiyyəti, balın ətri də, rəngi də fərqli, müalicəvi xüsusiyyəti yüksək olub. Laçına qayıdanda təsərrüfatımı daha da genişləndirəcəyəm, arı ailələrinin sayını artıracağam. Eyni zamanda, gənc nəslə arıçılığın sirlərini öyrədəcəyəm ki, ənənəni davam etdirsinlər”.
Digər arıçı Hüseyn İsmayılov da Laçın rayonuna qayıtdıqdan sonra arı ailələrinin sayını artıracağını deyib: “Burada 10 arı ailəsi saxlayıramsa, Laçında 60-70 arı ailəsi saxlamağı planlaşdırıram. Artıq buna hazırlaşmağa başlamışam. Əlavə yeşiklər düzəltmişəm”.
Hazırda laçınlı arıçılar arı ailələrinə yaz qulluğu edirlər. Qulluq işlərini vaxtında və düzgün aparmaqla onlar bol məhsulun əsasını qoyurlar. Gövhər Hümbətova bildirib ki, yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir.
Yaz mövsümündə pətəklərdə arı xəstəliklərinə tez-tez rast gəlinir. Laçının təcrübəli arıçıları bildirirlər ki, doğma yurdlarında əvvəllər bu cür hallar çox az müşahidə olunurdu. Onlar əmindirlər ki, Laçın rayonuna qayıtdıqdan sonra təbiətin zənginliyinə görə yenə də arıların sağlam inkişafını təmin edə biləcəklər.
Onu da qeyd edək ki, dövlət tərəfindən arıçılıqla məşğul olan şəxslərə dəstək göstərilməsi sayəsində Laçında bu sahəni yenidən inkişaf etdirmək çətin olmayacaq. Bundan başqa, Laçının təbiəti, iqlimi və zəngin bitki örtüyünün də arıçılığın inkişafı üçün əlverişli olması təsərrüfat sahiblərini əlavə xərclərdən azad edəcək. Çünki yaz-yay mövsümündə arı ailələrinin bir ərazidən başqa əraziyə köçürməyə ehtiyac qalmayacaq.
Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və regiondakı fermerlərin bu sahəyə marağının artması cari ildə də Azərbaycanda bal və digər arıçılıq məhsullarının istehsalında, habelə ixracında ciddi artım əldə edilməsini şərtləndirir.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 745 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30