Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir

Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir

22.06.2021 [08:43]

Böyük uğurla başa çatan “YAŞAT” marafonu Azərbaycan cəmiyyətinin və xaricdə yaşayan soydaşlarımızın Vətənə bağlılıq hissinin kifayət qədər yüksək olduğunu bir daha təsdiqlədi
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gənc dövlətimizin ideoloji əsası kimi müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsi ötən dövrdə Azərbaycan dövlətinin və cəmiyyətinin potensialının, gücünün ümummilli məqsədlərə istiqamətləndirilməsində fundamental amillərdən biri qismində çıxış edib. Azərbaycan xalqının tarixi ənənələri, zəngin mədəniyyətimiz və bu kimi digər dəyərlər əsasında formalaşan azərbaycançılıq ideologiyası milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarında, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda yüksək vətənpərvərlik, Vətənə, ümummilli mənafeyə bağlılıq formalaşdırır. Başqa sözlə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini üzvi şəkildə birləşdirən, həmçinin gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir.
Biz müasir dövrdə dünyada insanlar arasında ciddi qütbləşmə və yaxud özlərinin məhdud maraqlarına qapanma meyillərinin artmasının şahidi oluruq. Dünyada gedən qloballaşma insanları getdikcə daha çox onların aid olduqları milli çərçivədən və milli dəyərlərdən uzaqlaşdırır. Ayrı-ayrı ölkələrdə belə arzuolunmaz proseslər üçün, necə deyərlər, münbit şəraitin yaranması digər amillərlə yanaşı, həm də cəmiyyətlərin ideoloji əsaslarının olmaması və yaxud bu sahədə boşluq olması ilə bağlıdır. Azərbaycanda isə artıq üç onillik ərzində yetişən nəsillərin azərbaycançılıq ideologiyası əsasında formalaşmaları kimi müsbət təcrübə var. Bu ideologiya güclü bir çətir kimi cəmiyyətimizi yad təsirlərdən qoruyur, bizim ümummilli maraqlar ətrafında sıx vəhdətimizi təmin edir. Deyə bilərik ki, bu gün xalqımızın güclü mənəvi həmrəyliyi Azərbaycanın uzunmüddətli sabitlik şəraitində inkişafını şərtləndirən əsas amillərdən birinə çevrilib.
Biz son vaxtlarda azərbaycançılıq ideologiyasının yüksək səviyyədə təbliğ olunmasının məntiqi nəticəsi kimi, cəmiyyətimizdə, dünya azərbaycanlıları arasında mənəvi həmrəyliyin müxtəlif platformalarda təzahür etməsinin şahidi oluruq. Bu baxımdan, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. “YAŞAT” Fondunun yaradılması və uğurlu fəaliyyəti dünya azərbaycanlılarının mənəvi birliyinin yüksək səviyyədə olduğunu bir daha təcəssüm etdirir.
Sirr deyil ki, respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə bir sıra dövlət dəstəyi mexanizmləri formalaşıb. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi cəmiyyətimizin də diqqət mərkəzindədir. Tarixən Azərbaycan xalqı özünün humanizm ənənələri ilə fərqlənib. Yaxşı haldır ki, belə ənənələr cəmiyyətimizdə bu gün də yaşayır. “YAŞAT” Fondunun fəaliyyəti buna yaxşı nümunədir. Yuxarıda bəhs olunan Fərmanda qeyd edilib: “Şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər”.
“YAŞAT” Fondunun fəaliyyətində Azərbaycan cəmiyyətinin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə böyük həssaslıqla yanaşıldığını aydın şəkildə izləmək mümkündür. Fəaliyyətini tam şəffaflıq və hesabatlılıq prinsipi ilə quran “YAŞAT” Fondu şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir. Vətən müharibəsində ağır yaralanan qazilərimiz müvafiq layihə çərçivəsində “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilir və sağlamlıqları bərpa olunan qazilərimiz böyük ruh yüksəkliyi ilə Vətənə dönürlər.
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün “Onlar bizə əmanət” layihəsi də uğurla davam edir. Layihə çərçivəsində dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhid övladının adına açılan hesabdakı vəsaitin üzərinə illik faizlər əlavə edilir. Şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanmış müvafiq həcmdəki məbləği hesabından özü çıxardacaq. Onu da qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən, bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
“YAŞAT” Fondunun reallaşdırdığı digər belə layihələr də şəhid ailələri və müharibə əlilləri tərəfindən böyük rəğbətlə qarşılanır. Biz fondun fəaliyyətinin timsalında bütün cəmiyyətin, dünya azərbaycanlılarının ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və qazilərimizə dayaq durduqlarının şahidi oluruq. Bu, Azərbaycan cəmiyyətinin, o cümlədən dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların humanizmini və mənəvi həmrəyliyini təcəssüm etdirən nümunədir. İnsanlar arasında belə mənəvi həmrəyliyin təmin olunmasında isə heç şübhəsiz ki, azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir.
“YAŞAT” marafonunun kütləviliyinin təmin olunmasında müxtəlif ölkələrdə yaradılan Koordinasiya şuraları və Azərbaycan evləri yüksək fəallıq göstəriblər
Bu məqamda xatırlatmaq yerinə düşər ki, son illərdə respublikamızda və dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideologiyasının daha səmərəli və geniş şəkildə təbliğinə, onlarda Vətənə bağlılıq hissinin daha da güclənməsinə hesablanan məqsədyönlü tədbirlər görülür. Xarici ölkələrdə soydaşlarımızın iştirakı ilə Koordinasiya şuralarının, Azərbaycan evlərinin və digər belə qurumların yaradılması da bu qəbildən olan tədbirlər sırasında yer alır. Öz növbəsində, bəhs olunan qurumlar dünya azərbaycanlılarının bir araya gəlməsində, onların fəaliyyətlərinin koordinasiya edilməsində, Vətənlə əlaqələrinin güclənməsində mühüm rol oynayırlar.
Yeri gəlmişkən, dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən Koordinasiya şuraları və Azərbaycan evləri Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən “YAŞAT” xeyriyyə marafonunun kütləviliyinin təmin olunmasında da yüksək fəallıq göstəriblər. Məlumat üçün bildirək ki, “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək məqsədilə dünya azərbaycanlılarını “dəmir yumruq” ətrafında birləşdirmək olub. Marafona aprelin 29-da start verilib. Mayın 25-də isə marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib. Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış ediblər. Yayım zamanı marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 “skype” bağlantısı reallaşıb. Eyni zamanda, “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub. Ümumilikdə, marafonda 1 000 000 manatdan artıq vəsait toplanıb.
Dünyanın 63 ölkəsindən soydaşlarımız “YAŞAT” marafonuna qoşularaq, milli ideologiya ətrafında sıx birləşdiklərini növbəti dəfə nümayiş etdiriblər
“YAŞAT” marafonunun əhatə dairəsi kifayət qədər geniş olub. Şəhid ailələrinə və qazilərimizə yardım məqsədilə keçirilən marafona Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri qoşulublar. Eləcə də xaricdə yaşayan soydaşlarımız xeyriyyə marafonunda yüksək fəallıq göstəriblər. Azərbaycan diasporunun tarixində ilk dəfə keçirilən marafonda bütövlükdə 63 ölkədən olan soydaşlarımız iştirak ediblər. Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb. 6 ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan xarici ölkə vətəndaşlarının marafona qoşulmaları ilə bağlı çağırışlar səsləndirilib. Marafonda, həmçinin Baham adalarından, Trinidad və Tobaqodan, Kolumbiyadan, Braziliyadan, Ekvadordan da insanlar iştirak ediblər. O cümlədən xarici mediada xeyriyyə marafonu ilə bağlı 50-dən çox material dərc olunub, sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.
Beləliklə, istər yuxarıda sadalanan ümumi məqamlar, istərsə də “YAŞAT” marafonu ilə bağlı qeyd olunan faktlar bir daha dünya azərbaycanlılarının Vətənə bağlılığının kifayət qədər yüksək olduğunu təsdiqləyir. Bu isə azərbaycançılıq ideologiyasının təntənəsi deməkdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30