Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Kür çayının əcəb seyrangahı var...

Kür çayının əcəb seyrangahı var...

22.02.2022 [10:22]

...hayıf ki, yoxdur

Müşfiqə BAYRAMLI

Cənubi Qafqazın və Azərbaycanın ən böyük çayı Kürümüz sürətlə quruyur. Çayda suyun səviyyəsinin kəskin azalması baş verib. Kür çayının, su ehtiyatlarının azalması səbəbilə 2050-ci illərə qədər Xəzər dənizinə qədər gəlib çatmama riskləri var. 2022-ci ilin isti dövründə yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə Kürətrafı bölgələr su qıtlığından əziyyət çəkəcəklər. Bəs ekoloji fəlakətin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görülür?

“Ana Kür” niyə quruyur?

Kür çayının aşağı axınında çay və ətraf ərazilərdəki təbii-antropogen ekosistemlərdə baş verən dinamiki dəyişmələri öyrənmək məqsədilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları 4 gün müddətində ezamiyyətdə olublar. Əraziyə səfər edən tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər.

Alimlər Kürdə suyun quruması ilə bağlı həyəcan təbili çalır

Alimlər bildiriblər ki, iqlim dəyişmələri və Xəzər dənizinin səviyyə tərəddüdləri çay və çayətrafı ekosistemlərə ciddi təsir göstərir. Belə ki, hava temperaturunun ölkə ərazisində artması və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb.

Dənizin səviyyəsinin 1978-ci ildən 1995-ci ilə kimi 2,5 m-dən çox qalxması dəniz sularının çayın aşağı axınında çay yatağına dolmasına səbəb olub. Bu zaman duzlu dəniz suyu ağır olduğundan çay yatağının dibi ilə yuxarıya doğru irəliləyib.

Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ gəlib.

“Dəli” Kürü qurudan 6 səbəb

Qısası,  Kürdə suyun səviyyəsinin aşağı düşməsinin bir neçə səbəbi var, amma əsas səbəb iqlim dəyişməsidir. Əfsuslar olsun ki, insan amilinin də təsiri az deyil.

Kürü qurudan səbəblər aşağıdakılardır:

1. Lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması;

2. Kür çayının deltasında balıq yetişdirmək üçün geniş imkanların olmasına baxmayaraq Kür-Araz ovalığının daxili hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq gölməçələrinin yaradılması;

3. Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının tikilməsi ilə çayın aşağı axınında suyun azalması;

4. Qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı gətirmələrin təbii dinamiki vəziyyətinin pozulması;

5. Antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin dəyişməsi;

6. Çay suyundan özbaşına su götürülmələri və s. Bütün bu səbəblər yaxın illərdə vəziyyətin düzələcəyini vəd etmir.

Çirklilik artır bəs bioloji təmizləmə qurğusu niyə yoxdur?

Son yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar göstərir ki, Kür, Araz çayları və onların əsas qolları respublikamızdan kənarda - Gürcüstan və Ermənistan ərazilərində çirklənir. Nəticədə Kür çayı respublikamıza son dərəcədə çirklənmiş, insan və su orqanizmləri üçün təhlükəli çay kimi daxil olur.

Bundan başqa, Kür boyu yerləşən Yevlax, Zərdab, Sabirabad, Şirvan, Salyan, Neftçala və b. yaşayış məntəqələri Kürə ilboyu aramsız çirkab axıdırlar. Əfsuslar olsun ki, hövzədə yerləşən yaşayış məntəqələrinin heç birində müasir bioloji təmizləmə qurğusu yoxdur.

Su resurslarımız 10-15 % azalıb

Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, 2010-cu ildən sonra Kürdə sululuq normadan həddən artıq aşağı olub, quraqlığa mey?llilik özünü büruzə verib. Nəticədə, son bir neçə ildə çayın suyu azalıb: “Artıq bizim 10-15 % su resurslarımız azalıb. Ölkədə 30 milyard kub metr su ötən əsrin sonlarında var idisə, indi bunun miqdarı ondan 4-5 milyard azdır. Kür çayının su ehtiyatlarının son illərdə azalması iqlim dəyişmələrinin təsiri, havanın temperaturunun 1 dərəcə yarımadək yüksəlməsi, Kür hövzəsi üzrə yağıntıların azalması, eləcə də buxarlanmanın artması ilə bağlıdır. Bunun nəticəsində Kürün aşağı hissəsində çayda su azaldı. Məhz bunun səbəbindən iri su anbarlarının Mingəçevir, Şəmkir və digər su anbarlarını doldurmaqda çətinlik yarandı. Kürün su səviyyəsinin aşağı olduğundan güclü küləklər, dalğalar zamanı Xəzərin duzlu suyunun Kür boyu hərəkət edərək Salyan rayonu istiqamətində genişlənib və həmin ərazilərdə əhalinin su təchizatında problem yarandı. Şirin su əvəzinə artıq çayda duzlu su müşahidə olundu. Bu da sudan qənaətlə və səmərəli istifadə olunmasına bir işarə olmalıdır”.

“Bu kimi proseslərin qarşısı alınması üçün ölkədə lazımı işlər həyata keçirilir, Kürün deltasında işlər görülür, eyni zamanda, su anbarlarında suyun doldurulması istiqamətində suvarma zamanı mövcud olan 30-40% su itkisinin qarşısının alınması, kənd təsərrüfatında suyu damcılama yolu ilə suvarmanın həyata keçirilməsi kimi işlər qarşıda durur. Bundan başqa, iqlimə uyğun az su tələb edən bitliklər əkilməli, sudan təkrar istifadəyə geniş yer verilməli, eləcə də yeraltı sulardan daha səmərəli istifadə təmin edilməlidir”, - deyə rəis müavini əlavə edib.

Kürümüzün şəninə şeirlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib. Qələm sahibləri öz yaradıcılıq dünyasında Kürə heyranlıqlarını öz əsərlərində nümayiş etdiriblər. Xüsusilə də, Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur!” deyən Molla Pənah Vaqif bu əsərdə Kür qırağının bənzərsız təbiətinə, onun qız-gəlinlərinin təbii gözəlliyinə olan vurğunluğunu və heyranlığını səmimi bir dillə ifadə edib. Vaqif əsrarəngiz təbii gözəlliklərə malik olan Kür qırağında abad bir kənd görmədiyinə təəssüflənir

Belə gözəl yerin, gözəl məkanın

Bir gözəl obası, hayıf ki, yoxdur!

Bundan başqa, sözləri Şərafət Dağıstanlı, musiqisi isə Aşıq Pənah Pənahova məxsus olan “Ana Kürüm” mahnısı bu gün də sevilə-sevilə dinlənilir:

Nəğmə deyər şirin-şirin,

Ay mənim, ana Kürüm.

Bəzəyisən sən bu elin,

Ay mənim, ana Kürüm.

İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında çəkilmiş eyniadlı filmində hadisələrin başlandığı məkan elə Kür qırağıdır. Öz əzəməti ilə insanları riqqətə gətirən, çoşub-daşan çayımız indi ekoloji fəlakətlə qarşı-qarşıyadır. Kür bizim həm tariximiz, həm də coğrafiyamızdır. Kür Azərbaycanın özüdür. Bu sərvətin qurumasına isə göz yummaq olmaz.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 1116 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30