Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Uğurlu və etibarlı tərəfdaş

Uğurlu və etibarlı tərəfdaş

09.05.2023 [10:48]

Nicat Dilqəmli

Müasir dünyanın əsas prioritetlərindən biri siyasi və mədəni inteqrasiyadır. Çoxşaxəli siyasət yürüdən müstəqil Azərbaycanda da inteqrasiya, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi kimi məsələlər dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyən edilib. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu siyasət bu gün Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edilən istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlərin uğurlu nəticəsi olaraq Azərbaycan dünyada istər siyasi, iqtisadi, istərsə də digər sahələr üzrə ən etibarlı tərəfdaş kimi qəbul olunur, tanınır. Dövlətimizin başçısı da öz çıxışlarında ölkəmizin dünya birliyinə inteqrasiyası məsələsinə hər zaman toxunub, onun vacibliyi barədə dəfələrlə söz açıb.

Şübhəsiz ki, inteqrasiya prosesi qarşılıqlı əməkdaşlıq, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı ilə bərabər, həm də tərəqqi, inkişaf, müasir texnologiyaların mənimsənilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu istiqamətdə qazandığı nailiyyətləri, uğurları vurğulamaqda fayda var. Ölkəmizin beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığından, dünya birliyinə inteqrasiyasından söz açarkən bu siyasətin ilk növbədə milli maraqlara söykəndiyi qeyd edilməlidir. Hazırda Azərbaycan bütün dünya dövlətləri ilə siyasi, iqtisadi, ticari və bir çox digər istiqamətlər üzrə yüksəksəviyyəli əlaqələrə malikdir. Qonşularla ikitərfli münasibətlərin prioritet təşkil etdiyi Azərbaycanın hər hansı bir münasibəti olmayan yeganə ölkə Ermənistandır. Gələcəkdə münasibətlərin və əməkdaşlıq münasibətlərinin yaranması isə Ermənistanın davranışından asılıdır. Qonşularımızla yüksək səviyyəli münasibətlərimizin olması nəticə etibarilə regionda çox mühüm layihələrin reallaşmasına yaşıl işıq yandırıb. Belə ki, əgər bizim Gürcüstan və Türkiyə ilə yüksək səviyyəli əlaqələrimiz olmasaydı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən söhbət gedə bilməzdi. Bu ölkələrlə yaxşı əlaqələrimiz olmasaydı, bu gün Şərq-Qərb nəqliyyat dəhlizindən danışa bilməzdik. Eyni zamanda, Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərimiz olmasaydı, İranla qonşuluq münasibətlərinin inkişafına sadiq qalmasaydıq, Şimal-Cənub nəqliyyat dəhlizi işə düşə bilməzdi. Bütün bunlar bir daha təsdiq edir ki, strateji əhəmiyyətli layihələrin reallaşmasında Azərbaycanın uğurlu ikitərəfli münasibətləri, xüsusilə də qonşu ölkələrlə əlaqələri çox mühüm əhəmiyyətə malikdir.

Bu illər ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər bu kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib. Hər zaman məsuliyyəti, sadiqliyi ilə seçilən Azərbaycanın tərəfdaşlarının sayı ildən-ilə artır. Çox da uzaq olmayan keçmişdə - COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tərəfdaşları ilə olan münasibətləri növbəti dəfə, daha aydın şəkildə özünü göstərdi. Xalq-Ordu-İqtidar birliyi nəticəsində əldə olunan parlaq zəfərdən çox qısa bir müddətdən sonra başlanan, bu gün öz miqyasına görə alternativsiz olan bərpa-quruculuq işlərində də xarici şirkətlər aktiv şəkildə iştirak etməkdədirlər. Ölkəmizə olan inamın nəticəsi olaraq bu gün Qarabağa yatırım etmək istəyənlərin sayı sürətli şəkildə artır.

Azərbaycan regionun aparıcı ölkəsi kimi çıxış etməklə bərabər, beynəlxalq arenada mövqeyi nəzərə alınan söz sahibinə çevrilib və qlobal məsələlərin həllinə cəlb olunub. Dövlətimizin başçısı bu nailiyyətlər barədə çıxışlarından birində bildirib: “Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu ölkələrlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır”. Beləliklə, ölkə başçısının fikirləri də təsdiq edir ki, Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi xeyli möhkəmlənib. Təbii ki, aparılan məqsədyönlü siyasət nəticəsində qarşıdakı illərdə də Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, mövqeyi və tərəfdaşlarının sayı daha da artacaq.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30