Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda gender bərabərliyi...

Azərbaycanda gender bərabərliyi...

14.11.2023 [11:10]

Uğurlu siyasətin müsbət nəticəsi

Yeganə BAYRAMOVA

Azərbaycan dünyanın öndə gedən ölkələrindən biridir. Bu gün cəmiyyətimizdəki qadınlar istənilən sahədə fəaliyyət göstərirlər. Tarixən də Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib, xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb.

Qadınların təhsil alması, kişilərlə bərabər yüksək vəzifələrdə çalışmasına hər zaman rast gəlmişik. Bu baxımdan ölkəmizdə gender bərəbərliyinin pozulduğunu söyləyə bilmərik.

Hər zaman cəmiyyətimizdə gender bərabərliyi anlayışlarına münasibətdə dominant mövqe qorunub. Eyni zamanda gender bərabərliyi məfhumunun cəmiyyətə sirayət etməsi üçün lazım olan dövlət siyasəti həyata keçirilib.

Dövlətin gender siyasəti...

Mövzunu “Yeni Azərbaycan”a şərh edən psixoloq Aytən Ələkbərova bildirib ki, Azərbaycan qadını tarixin bütün mərhələlərində mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib və xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb: “Bu, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da cəmiyyətin inkişafı baxımından olduqca həssas səviyyədə yaşadıldı. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə, beynəlxalq münasibətlərdə yeni nailiyyətlərin əldə olunmasında qadınlar da yüksək təşəbbüskarlıq və fəallıq göstərdilər. Bu fəallıq tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyəti - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılması ilə bağlıdır.

2006-cı ildə ölkəmizdə qəbul edilən “Gender bərabərliyinin təminatı haqqında” qanuna görə, Azərbaycanda cinsi mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunub. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin edilib. Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar, görülən işlər ölkəmizdə demokratik cəmiyyətin qurulmasında mühüm arqument oldu”. 

Qabaqcıl ölkələrdən fərqli olaraq...

Psixoloq qeyd edib ki, gender bərabərliyinin əldə edilməsi, həm də sosial ədalətə nail olunması ictimai münasibətlərin düzgün qurulması deməkdir. Ona görə də bütün dünyada bu sahədə daha çox işlər görülməlidir: “Azərbaycan təcrübəsinə nəzər salsaq, qadınlarımız ictimai həyatın hər bir sahəsində fəallıq göstərirlər. Bu istiqamətdə dövlət səviyyəsində yüksək diqqət və qayğı var. Bir sıra qabaqcıl ölkələrdən fərqli olaraq Azərbaycan daha böyük uğurlar əldə edib və qadınlara müsəlman dünyasında ilk olaraq səsvermə hüququ verib. Ölkəmizdə bu gün də aparılan islahatlar qadınların cəmiyyətdə rolunun artırılmasına kömək edir. Bütün istiqamətlərdə qadınların iştirakçılığı artıb”.

Dünyada qadınlarımızın nüfuzu yüksəlir

A.Ələkbərovanın sözlərinə görə, Azərbaycanda gender siyasətinin reallaşdırılması məsələsində yeniliklər dünyanın diqqətini çəkir: “Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dünyada qloballaşma prosesi getdiyi bir zamanda milli mənəviyyat, tarixin qorunması, keçmişin bir irs olaraq yaşadılması Azərbaycan qadınının üzərinə məsuliyyət qoyduğu halda, zərif cinsin nümayəndələri bu yükün öhdəsindən layiqincə gəlir. İşgüzarlıq, yüksək daxili mədəniyyət, milli-mənəvi sərvətlərə sədaqət müasir Azərbaycan qadınının mövqeyini və simasını müəyyən edir. Müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Demək olar ki, respublikanın bütün sahələrində qadınlarımız təmsil olunurlar. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Bu və ya digər amilləri özündə cəmləşdirən qadınlarımızın nüfuzu günü-gündən artmaqdadır”.

Qadın-kişi bərabərliyi budur...

A.Ələkbərova vurğulayıb ki, hazırda cəmiyyətdə iştirak və dövlət quruculuğu təmsilçiliyində qadınlarla kişilər arasında fərq yoxdur: “Bu gün qadınlarımız idarəetmə, hüquq, məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Azərbaycan qadınları ölkəmizin ərazi bütövlüyünün qorunması işinə də öz töhfələrini verirlər. Milli Qəhrəman adını almış Azərbaycan qadınları bu məsələdə də kişilərdən geri qalmadıqlarını sübut ediblər. Azərbaycan qadınları ölkəmizin ərazi bütövlüyünü qorumaqda canlarını qurban verməkdən belə çəkinməyiblər, hər zaman da çəkinməyəcəklər. Qadın-kişi bərabərliyi budur”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 770 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30