Şuşa! Yurdumuzun azadlıq rəmzi! Azərbaycanımızın mədəniyyət paytaxtı!
26.05.2021 [09:36]
Şuşa bu gün bizim arzularımızın gerçəkləşdiyi bir məkan olub. Şuşada illərboyu arzuladığımız “Xarıbülbül” musiqi festivalını keçirdik. Neçə illərdir həsrətlə gözlədiyimiz anları yaşadıq. Şuşada Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası səsləndi. Bu, çox möhtəşəm məqamlardır.
Əlbəttə ki, bu sevinci biz xalqımızın böyük vətənpərvər oğlu, şanlı sərkərdə, müdrik dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə borcluyuq. Biz Şuşanı, Vətənimizi qanı ilə, canı ilə qoruyan əsgərlərimizə borcluyuq. Şuşa dağlarında ruhu dolaşan şəhidlərimizə borcluyuq.
Məhz Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən “Xarıbülbül” musiqi festivalı Şuşanın əzəmətinin dirçəldilməsinə yönəldilmişdir. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı öz əzəməti ilə dünyanın diqqətini cəlb etdi.
Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən festivalın təəssüratları çox böyükdür və bizim üçün bir ömrə bərabərdir. Xüsusilə Ümummilli Liderimiz Heydər Əliyevin illər öncə dediyi və sanki bu festival iştirakçılarına ünvanladığı fikirlərin səsləndirilməsi bizə duyğulu anlar yaşatdı. Ulu Öndər uzaqgörənliklə Şuşanın azad olunacağını bilirdi və gələcəyə böyük ümidlə baxırdı. Əlamətdar haldır ki, biz bu qalibiyyətin şahidləri olduq və zəfərimizi Şuşada bayram etdik.
Şuşanı bir vaxtlar “Qafqazın konservatoriyası” adlandırırdılar. Dünyada elə musiqili şəhərlər var ki, kök salmış musiqi ənənələri, musiqi mühiti ilə əsrlərboyu bəşər tarixinə musiqi dühaları bəxş edib. Şuşa da belə şəhərlərdən biridir.
Həqiqətən də, şuşalı, qarabağlı musiqiçilərin sorağı bir çox ölkələrdən gəlir. Şərqin görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinskinin sənətkarlığı Şuşa torpağında püxtələşib. Şuşa orta əsrlər dövrünün böyük musiqişünas-alimlərindən biri Mir Möhsün Nəvvabın, Azərbaycan tarının yaradıcısı Mirzə Sadıq Əsədoğlunun vətənidir. Şuşa milli bəstəkarlıq məktəbimizin banisi Üzeyir Hacıbəylinin vətənidir. Bülbül, Rəşid Behbudov, maestro Niyazi öz sənətkarlığı ilə dünyanı fəth ediblər. Burada Azərbaycan musiqisinin sütunlarını təşkil edən nə qədər bəstəkarlarımız, musiqi ifaçılarımız yetişib və yetişməkdə davam edir.
Baxmayaraq ki, Şuşa, Qarabağ torpağı otuz ilə yaxın düşmən əsarətində qalıb, ancaq bu diyarın istedadlı insanları onun ruhunu yaşadıblar. Qaçqın və məcburi köçkün olaraq nə qədər əzab-əziyyətlərə dözüblər, məhz bu möhtəşəm qayıdışı yaşamaq üçün. Şuşanın musiqi ənənələrini yaşadıblar, onları gələcək nəsillərimizə ötürmək üçün. Və bu varislik ənənəsi yəqin ki, sonsuza qədər davam edəcəkdir.
“Xarıbülbül” musiqi festivalı bunu bir daha nümayiş etdirdi. İki gün davam edən festivalda Şuşada Azərbaycanın milli musiqisi səsləndi, Azərbaycanda yaşayan bütün xalqların musiqisi səsləndi. Dünya musiqi xəzinəsinə böyük töhfələr vermiş Azərbaycan bəstəkarlarının əsərləri ifa olundu. Nə qədər tədbirlər, açılışlar, təməlqoyma mərasimləri oldu. Soy-kökü Şuşa ilə, Qarabağla bağlı olan musiqi xadimlərini öz ətrafına toplayan festival rəmzi məna daşıyırdı - çünki Şuşa Azərbaycanın musiqi beşiyi, müasir musiqi mədəniyyətimizin özülüdür.
Bu festival Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən dünyaya tanıtdı. Festivalın iştirakçıları arasında məşhur mədəniyyət və incəsənət xadimləri, eləcə də Azərbaycan musiqi ifaçılıq məktəbini xarici ölkələrdə təmsil edən tanınmış sənətkarlarımız vardı.
Xüsusi vurğulamaq istərdim ki, festivalda iştirak edən musiqi ifaçılarının böyük əksəriyyəti - həm klassik, həm də milli musiqi ifaçıları vaxtilə Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyasının məzunlarıdır. Bu, bir daha təsdiq edir ki, 100 illik tarixi ərzində Bakı Musiqi Akademiyası hər zaman Azərbaycanda musiqi mütəxəssislərinin hazırlanmasında öncül mövqe tutub və əsas baza əhəmiyyəti daşıyıb, bu gün də öz ənənələrini davam etdirir.
Dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəylinin yaratdığı və onun “mənəvi övladı” sayılan musiqi təhsili ocağı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası bu il 100 illik yubileyini qeyd edir. Bu münasibətlə nəzərdə tutulan əsas tədbirlərimizdən biri avqust ayında Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Burada Bakı Musiqi Akademiyasının bütün ixtisaslar - fortepiano, vokal, simli və nəfəsli alətlər üzrə, o cümlədən xanəndəlik və xalq çalğı alətləri üzrə məzunlarının, həmçinin professor-müəllim və tələbə heyətinin konsertləri olacaq. Bu konsertlərdən biri də Şuşada keçiriləcək ki, bu da bizim üçün çox böyük əhəmiyyətə malikdir. Yubiley tədbirlərimiz 18 sentyabr Üzeyir Musiqi Günündə davam etdiriləcək. Düşünürəm ki, bütün bunlar çox möhtəşəm olacaq və musiqi mədəniyyətimizə öz töhfəsini verəcək. Məncə, bu yubileyin ilk sədaları elə “Xarıbülbül” musiqi festivalında eşidildi.
“Xarıbülbül” musiqi festivalının özəllikləri və əhəmiyyəti haqqında çox danışmaq olar. Bu festival həm Azərbaycanın dövlət siyasətinin qələbəsinin, həm musiqi mədəniyyətinin təntənəsinin, həm də Azərbaycandakı multikultural və tolerantlıq ənənələrinin nümayişi idi.
Ölkəmizdə - azərbaycanlılarla yanaşı, nə qədər millətlər dinc yanaşı yaşayır, Azərbaycanı öz Vətəni bilir, bu torpaq üçün canından keçir. “Xarıbülbül” musiqi festivalının proqramında da bütün bunlar öz təsdiqini tapdı.
Onu da deyim ki, festivalda xüsusi bir ab-hava hökm sürürdü. Burada hər kəs rəsmiyyətdən uzaq, çox demokratik əhval-ruhiyyədə idi. Hamı bir-birini bayram münasibətilə təbrik edirdi. Bu, Şuşanın bayramı idi.
Şuşanın şüşə kimi təmiz havası insanlara da təsir edir, onları sanki saflaşdırırdı. Hətta mən Murad Adıgözəlzadə ilə səhnədə ifa edərkən, bir qartalın göydə süzdüyünü gördüm. Dünyanın heç bir səhnəsində belə bir mənzərəni görməmişdim. Bu, yəqin ki, insan həyatında nadir hallarda baş verən hadisədir.
Festivalın sonundakı yallı - bütün iştirakçıların və qonaqların yüksək sevinc və iftixar hissinin təcəssümü oldu. Bu rəqsi hamı oynayırdı - milliyyətindən, yaşından, mövqeyindən asılı olmayaraq, hər kəs. Bu, qalib xalqın yallısı idi.
Şuşadakı “Xarıbülbül” musiqi festivalı - azərbaycançılığın əsl rəmzinə çevrildi.
Fərhad Bədəlbəyli
Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının rektoru,
SSRİ və Azərbaycanın
Xalq artisti, professor
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

