Azərbaycan xalqının bu günü və gələcəyi cənab İlham Əliyevlə bağlıdır
05.10.2013 [11:19]
YAP Siyasi Şurasının üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov www.yap.org.az saytına müsahibə verib:
- Elmar müəllim, ölkəmizdə prezident seçkilərinə cəmi bir neçə gün qalıb. Hazırda seçkilərin təbliğat-təşviqat mərhələsindəyik. Bu prosesdə bir reallıq özünü təsdiqləyir: xalqın seçimi cənab İlham Əliyevdir. Siz insanların bu mövqeyini hansı amillərlə əlaqələndirərdiniz?
- Qeyd etdiyiniz kimi, Azərbaycan cəmiyyəti bu gün prezident seçkiləri ərəfəsindədir. Aydındır ki, seçkilər hər bir dövlətin, xalqın həyatında mühüm əhəmiyyət kəsb edir. İnsanlar öz dövlətlərinin gələcəyi üçün düzgün seçim etməlidirlər. Bu mənada Azərbaycan cəmiyyəti müxtəlif proseslərdən çıxmış bir cəmiyyətdir. Bildiyiniz kimi, bu gün dünyanın bir sıra ölkələrində mürəkkəb proseslər gedir, cəmiyyətlərdəki sabitliyin pozulmasının, müəyyən qarşıdurmaların, vətəndaş müharibələrinin şahidi oluruq. Bəzi ölkələrin keçdiyi o ağır, məşəqqətli yolu Azərbaycan xalqı 1988-1993-cü illərdə keçib. Bu illər ərzində Azərbaycan cəmiyyəti çətin anlar yaşadı. Ölkəmizə hərbi təcavüz edildi, qaçqın və məcburi köçkün ordusu yarandı, xalqımıza qarşı soyqırım törədildi və s. Belə bir şəraitdə ölkəmizdə sabitliyin olmaması, vətəndaş müharibəsi təhlükəsi dövlətçiliyimizin süqutu ilə nəticələnə bilərdi. O zamanlar Azərbaycanda hakimiyyətdə olanların səriştəsizliyi vəziyyəti belə həddə gətirib çıxarmışdı. Təbii ki, həmin illər ərzində cəmiyyətimiz yetkinləşdi, ağı qaradan seçmək imkanı əldə etdi.
1993-cü ilin iyununda isə xalqımızın təkidli tələbi ilə Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Onun qayıdışı ilə dövlətimizin üzləşdiyi ciddi problemlər aradan qaldırıldı. Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və ötən 20 il ərzində məhz ölkəmiz Heydər Əliyev siyasəti əsasında inkişaf edir. Təbii ki, vətəndaşlarımız 1993-cü ildən bu yana doğru seçim ediblər və inanıram ki, oktyabrın 9-da da bu ənənəyə sadiq qalacaqlar. Doğru seçim qarşısında olan xalqımız məsuliyyətli qərarı verərkən öz inkişafına, sabitliyinə, əmin-amanlığına səs verməlidir. Azərbaycanda da bu sabitliyin, əmin-amanlığın və inkişafın qarantı Ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyevdir.
Cənab İlham Əliyevin son 10 illik fəaliyyətinə nəzər yetirəndə Azərbaycanın bu illər ərzində dinamik inkişafından qürur duyuruq. Eyni zamanda, ölkəmizin beynəlxalq müstəvidə nüfuzu artmaqdadır. Bu gün vətəndaşlarımız fəxr edir ki, ölkəmiz dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Fəxr edirik ki, Azərbaycan əksər beynəlxalq təşkilatlarda söz sahibidir, müstəqil daxili və xarici siyasət həyata keçirir, Prezident İlham Əliyev milli maraqlarımızı müdafiə edir. Bu mənada cəmiyyətimiz də özünün gələcək sabitliyi, əmin-amanlığı və inkişafı naminə ən doğru seçimini cənab İlham Əliyevi yenidən Prezident seçməkdə görür. Belə bir yetkin cəmiyyətin bu cür seçimi təbiidir.
- Azərbaycanın dinamik inkişafının əsasında hansı faktorlar dayanır? Bütün bunlar seçkilərin nəticələrinə necə təsir edir?
- Azərbaycan inkişaf baxımından bu gün dünya dövlətləri arasında ön sıralarda gedir. Təbii ki, bu inkişafın əsasında Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində nailiyyətlərimiz artmaqdadır. “Əsrin müqaviləsi”nin imzalanması ilə həyata keçirilməyə başlanan yeni neft strategiyasının gənc ölkəmizə nələr bəxş etdiyini sadalamağa ehtiyac yoxdur. Təkcə bəzi sahələr üzrə 20 il əvvəlki vəziyyətlə bu günümüzü müqayisə etmək kifayətdir ki, həmin strategiyanın xalqımız və ölkəmiz üçün dəyərini qiymətləndirək. 2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə artmış, ÜDM-nin ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatmışdır. 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 873 manat olmuşdusa, 2012-ci ilin yekununda 5885 manat təşkil etmişdir. Başqa sözlə, adambaşına ÜDM 7 dəfəyə yaxın artmışdır. Beynəlxalq Valyuta Fondunun hesabatında Azərbaycan son 10 ildə ən sürətlə inkişaf edən ölkədir. Son 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfədən çox artaraq, 48 milyard dolları ötmüşdür.
Cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirmiş, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirmişdir. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır. Bu, ölkəmizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir.
Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.
Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir. Eyni zamanda, iqtisadi artım, əhalinin rifah səviyyəsinin yüksəlməsi üçün görülən konkret tədbirlər struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir.
- Bu uğurlar təhsil sahəsində də özünü göstərir...
- Ölkəmizdə təhsil sahəsi də uğurla inkişaf edir. Prezident İlham Əliyevin “biz neft kapitalını insan kapitalına çevirməliyik” konsepsiyası bu gün həyata keçirilməkdədir. Təhsil sistemi müasirləşdirilir, bu sahədə infrastruktur yeniləşdirilir. Son 10 ildə ümumilikdə, minlərlə təhsil, məktəbəqədər təhsil müəssisələri tikilib və ya əsaslı təmir olunub.
Eyni zamanda, ölkəmizdə yeni ali təhsil müəssisələri də yaradılıb. Bunların sırasına Azərbaycan Diplomatik Akademiyasını, Moskva Dövlət Universitetinin Bakı filialını, Gömrük Akademiyasını, Bakı Ali Neft Məktəbini, İnformasiya Texnologiyaları Universitetini və s. aid etmək olar. Hazırda neft kapitalının insan kapitalına çevrilməsi layihəsi çərçivəsində gənclərimizin xaricdəki nüfuzlu ali məktəblərə dövlət hesabına təhsil almağa göndərilməsi unikal bir layihədir. Bununla da, dövlət savadlı, bilikli gənclərə imkanlar yaradır ki, dünyanın nüfuzlu ali məktəblərində təhsil alıb qayıdaraq ölkəmizə xidmət göstərsinlər. Belə bir proqramı dünyada cəmi bir neçə dövlət həyata keçirir ki, Azərbaycan da onların arasındadır. Bu proqramın ölkəmiz üçün çox böyük fayda verəcəyi şübhəsizdir.
- Rəhbərlik etdiyiniz Bakı Ali Neft Məktəbi də neft sektoru ilə əlaqədar mütəxəssis hazırlığında vacib rol oynamalıdır. Hazırda bu istiqamətdə hansı işlər görülür?
- Bildiyiniz kimi, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradılmışdır. Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd dinamik sürətlə inkişaf edən ölkənin sənaye müəssisələrində, habelə artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin, istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksəkixtisaslı mütəxəssislərə olan ehtiyacını ödəməkdir.
Ən müasir standartlara cavab verən tədris prosesinin təşkil olunduğu ali məktəbimiz ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığını həyata keçirmək üçün əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Əməkdaşlıq müqaviləsinə əsasən, Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi və s. proseslər Heriot-Vatt Universitetinin tələblərinə müvafiq həyata keçiriləcək və sözügedən proqramlar üzrə 2013-2017-ci illər ərzində bakalavriatda təhsil almış məzunlara Heriot-Vatt Universitetinin və Bakı Ali Neft Məktəbinin diplomları veriləcək.
BANM ölkədə ən nüfuzlu ali məktəblərdən biridir. Təsəvvür edin, 2 il ardıcıl olaraq ali məktəbimiz TQDK-nın reytinqində birinci yerə çıxmışdır. Yəni, ən savadlı gənclər bizim ali məktəbə gəlir. Yeni tədris ilində Bakı Ali Neft Məktəbinin 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Amma bu, o demək deyil ki, əsas məqsədimiz yalnız ali məktəblər sırasında önəmli yer tutmaqdır. Əsas məqsəd budur ki, beynəlxalq səviyyədə tələbələrə ali təhsil verək, dünyanın müasir təhsil texnologiyalarını Azərbaycana gətirək. Digər tərəfdən, məqsədimiz müasir yeni təlim texnologiyalarına əsaslanan və qiymətləndirmə sistemindən tutmuş idarəetmə sisteminə qədər tamamilə müasir tələblərə cavab verən ali məktəb sisteminin yaradılmasıdır. Biz qısa müddətdə bütün bunlara nail olmuşuq. Dediyim kimi, BANM ARDNŞ-in (SOCAR) tərkibindədir. SOCAR Azərbaycanın milli brendi, ölkəmizin ən böyük transmilli şirkətidir. Şirkət nəinki Azərbaycan daxilində, xarici ölkələrdə də böyük investisiya layihələri həyata keçirir. Bu investisiya layihələri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirir. Məsələn, qardaş Türkiyədə çoxlu sayda layihələrin həyata keçirilməsi SOCAR-ın bu ölkədə nüfuzlu bir şirkətə çevrilməsinə imkan yaradıb. Yüz minlərlə soydaşımızın yaşadığı Gürcüstanda SOCAR demək olar ki, ən böyük şirkətdir. Bu baxımdan, SOCAR-ın tərkibində olan Ali Neft Məktəbinin şirkətin gələcək kadr siyasətində mühüm yeri var.
- Ali məktəbin gələcək planları nədən ibarətdir?
- Gələcək üçün müəyyən planlarımız var. Qeyd edim ki, hazırda ali məktəbimizin yeni kampusu tikilir və biz gələn il yeni kampusumuza köçəcəyik. Planımızda həmçinin, magistratura təhsili, yeni ixtisasların açılması da var. BANM-ın əsas məqsədlərindən biri bu təhsil ocağında xarici ölkə vətəndaşlarının təhsil almasını təmin etməkdir. Çünki xarici vətəndaşların burada təhsil alması Azərbaycanın yeni dostlarının, ölkəmizin dünyada təbliğatçılarının artması deməkdir. Gələcək iş planlarından biri də ondan ibarətdir ki, ali məktəbdə texnoparkın yaradılmasını təmin edək. Bu məqsədlə artıq Türkiyə universitetləri ilə danışıqlarımız gedir. Yəni, strateji planda istiqamətimiz odur ki, nüfuzlu ali məktəb yaradaq, sözün əsl mənasında Azərbaycanın ən istedadlı gənclərinin bu ali məktəbdə oxumaq arzusunu reallaşdıraq.
- Elmar müəllim, qayıdaq seçki məsələsinə. Radikal müxalifətin namizədi İctimai Televiziyanın pulsuz efir vaxtından istifadə edərək qeyri-obyektiv, böhtan fikirlər səsləndirir. Buna münasibətiniz necədir?
- Yetkin cəmiyyətlərdə populist çıxışlara, boş vədlərə yer yoxdur. Ataların gözəl məsəli var: xalqın gözü tərəzidir. Teledebatlara baxırıq və görürük ki, müxalifətin namizədləri demoqogiya ilə məşğul olurlar. Bu teledebatlara baxan insanlar seçki ilə bağlı qəti mövqe ortaya qoyurlar. Bu mövqe də ondan ibarətdir ki, ki, xalqın bu günü və gələcəyi cənab İlham Əliyevlə bağlıdır. Çünki cənab İlham Əliyevin praqmatik və milli maraqlara söykənən siyasəti xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir.
Radikalların namizədi isə 1990-cı illərin əvvəlində olduğu kimi populist çıxışlar edir. Amma nəzərə almalıdırlar ki, həmin dövr çoxdan keçib. Belə çıxışlarla xalqın dəstəyini qazanmaq mümkün deyil. Teledebatların əhəmiyyəti ondan ibarətdir ki, insanlar bu şəxslərin hansı səviyyəyə malik olduqlarını görürlər.
- Deməli, bu amil onu deməyə əsas verir ki, radikalların cəmiyyətdə heç bir dəstəyi yoxdur...
- Əlbəttə ki, radikal müxalifətin cəmiyyətdə heç bir dəstəyi yoxdur. Radikal düşərgə seçki marafonuna bu qədər primitiv səviyyədə qoşulubsa, onların “gücünün” nə olduğu hər kəsə aydın olur. Bu seçkilər onların siyasi bitkinliklərini bir daha göstərir. Müxalifət düşərgəsində həmişə iddialarla çıxış edən Əli Kərimli, İsa Qəmbər kimilərinin öz namizədliklərini irəli sürməyə cəsarətləri çatmadı. Onlar özlərinə inanırdılarsa, bunu edə bilərdilər. Amma seçki prosesindən özlərini kənarda saxlamaqla sübut etdilər ki, onlar artıq keçmişdilər, gələcəyin adamı deyillər. Bu mənada əminliklə demək olar ki, cəmiyyətimiz radikalizmi qətiyyən qəbul etmir və seçkilərdə onların nümayəndəsi ağır məğlubiyyətə məhkumdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20

