Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan vətəndaşları martın 18-də keçiriləcək səsverməyə tam hazırdırlar

Azərbaycan vətəndaşları martın 18-də keçiriləcək səsverməyə tam hazırdırlar

17.03.2009 [12:27]

Əli Əhmədov: Müxalifət daha çox iddialar ortaya qoymaqla seçki kampaniyasında iştirakını sübuta yetirmək istəyir. YAP isə Azərbaycan vətəndaşlarına istinad etmək, seçicilərlə görüşmək, məsləhətləşmək formatına üstünlük verir
Yeni Azərbaycan Partiyasının İcra katibi, deputat Əli Əhmədov “Media forum” saytına müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.
- Belə fikirlər səsləndirilir ki, referendum qərarı qəfildən verildi. Necə hesab edirsiniz, “Yeni Azərbaycan” da daxil olmaqla 9 təşviqat qrupu təbliğat kampaniyası dövründə Konstitusiyaya əlavə və dəyişikliklər layihəsinin mahiyyətini vətəndaşlara bütünlüklə çatdıra bildimi?
- Əvvəla, Milli Məclisin referendum keçirilməsi ilə əlaqədar qərarı heç də qəfildən olmayıb. çünki Azərbaycan cəmiyyətində konstitusiyanın 101-ci maddəsinin müəyyənləşdirdiyi məhdudiyyətin, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə yasağın aradan qaldırılması ilə bağlı müzakirələr uzun müddətdir aparılır. Bu müzakirələrin müəyyən bir səviyyəyə çatdığını aydın şəkildə müşahidə edən YAP belə qərara gəldi ki, məsələnin insanların rəsmi mühakiməsinə verilməsinin vaxtıdır. Digər tərəfdən, təşviqat üçün ayrılan müddətdə “Yeni Azərbaycan” təşviqat qrupu Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklərlə əlaqədar ətraflı və geniş maarifləndirmə apara bilib. Bu müddətdə ölkənin bütün bölgələrində, şəhərlər, rayon mərkəzləri, kəndlərdə çoxlu görüş keçirmişik. Bütün görüşlərdə Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Biz referendum kampaniyası zamanı təşviqatın formatının da dəyişdirilməsi qərarına gəldik. Belə hesab etdik ki, referenduma hazırlıqla əlaqədar kütləvi aksiyalar, mitinqlərdən daha səmərəli və faydalı ola biləcək format insanlarla, seçicilərlə görüşlər keçirib diskussiyalar aparılmasıdır. Kampaniya müddətində qəbul etdiyimiz qərarın səmərəli olduğunu da aydın şəkildə müşahidə etdik və qərarımızın düzgünlüyü qənaətinə gəldik. Azərbaycan vətəndaşları həm referenduma çıxarılan məsələlərin mahiyyəti, həm də bu məsələlərlə bağlı təşviqat kampaniyasında iştirak edən ayrı-ayrı qrupların maraq və niyyətlərinin mahiyyəti ilə əlaqədar yetərincə məlumatlandırılıb. Azərbaycan vətəndaşları martın 18-də keçiriləcək səsverməyə tam hazırdırlar. Bizim keçirdiyimiz görüş və diskussiyaların üstünlüyü və faydası ondan ibarət oldu ki, insanları referenduma çıxarılan məsələlərlə bağlı yetərincə məlumatlandıra bildik. Təbii ki, bu bizim qarşımıza qoyduğumuz məqsədlərdən biri və ən vaciblərindən idi. Eyni zamanda, bu görüşləri keçirən zaman çox əhəmiyyətli bir vəzifəni yerinə yetirirdik. Bu da sanki bir rəy sorğusu aparmaqla əlaqədar vəzifə idi. Biz görüşlər keçirəndə və söhbətlər aparanda eyni zamanda insanların dəyişikliklərlə bağlı rəylərini öyrənə bildik. Gəldiyimiz qənaət ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəkləyir. Bunun əsasında bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, martın 18-də keçiriləcək səsvermədə seçici fəallığı kifayət qədər yüksək olacaq.
- YAP hər seçkidə yeni texnologiyadan istifadə etdiyini açıqlayır. Referendum kampaniyasında hansı yeni seçki texnologiyalarından istifadə etmisiniz?
- Bunlardan biri haqqında məlumat verdim - kütləvi aksiyaların keçirilməsindən düşünülmüş şəkildə imtina etdik. Bunun səbəbi onunla bağlıdır ki, hesab etdik ki, insanların Konstitusiyaya təklif olunan dəyişikliklərlə əlaqədar maarifləndirilməsinə daha çox ehtiyac var. Maarifləndirmə işinin yerinə yetirilməsi də mitinqlərdə yox, bizim keçirdiyimiz formatda olan görüşlərdə daha səmərəli şəkildə mümkün ola bilər. Bu bizim tətbiq etdiyimiz yeniliklərdən biridir. Baxmayaraq ki, opponetlərimiz bizi tənqid etməyə çalışırlar guya mitinq keçirə bilmirik. Amma açıq şəkildə demək istəyirəm ki, mitinqlərin keçirilməməsi bizim seçki və təşviqat kampaniyası ilə bağlı əvvəllcədən müəyyənləşdirdiyimiz proqramımıza daxildir. İkincisi, bu dəfə daha çox maarifləndirmə, diskussiya və intellektual söhbətlər formatından istifadə etdik. Təşviqat qrupumuzun kifayət qədər hazırlıqlı nümayəndələri bir aya yaxın müddət ərzində Konstitusiyanın 29 maddəsinə təklif olunan dəyişikliklərlə bağlı Azərbaycan vətəndaşları ilə ətraflı söhbətlər aparıblar. üçüncüsü, ilk dəfə olaraq Azərbaycan vətəndaşlarının həm diqqətini cəlb etmək və bir daha bizim mövqeyimizi onların nəzərinə çatdırmaqdan ötrü dünən Bakının 20 məntəqəsində təşviqat kampaniyasının materallarını vətəndaşlara çatdırmaq məqsədi ilə qruplar təşkil etdik. Bizim ilk dəfə tətbiq etdiyimiz bu format yetərincə səmərəli olub və gələcək seçki kampaniyalarında bundan istifadə edəcəyik. Bizim qənaət ondan ibarətdir ki, seçicilər bunu çox maraqla qarşılayıb. Nəhayət, biz vətəndaşlara paylamaq üçün referenduma çıxarılan məsələlərin mahiyyətini özündə əks etdirən bukletlər hazırladıq. Bunu da həm toplantılarda, həm də digər formalarda insanlara payladıq. Hesab edirəm ki, bütün bunların hamısı bizim təşviqat kampaniyamızın maraqlı keçməsini təmin etdi.
- Müxalifətin referendum kampaniyas
ı dövründəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Biz kampaniya dövründə Azərbaycanın bütün bölgələrində 1000-dən artıq görüş keçirmişik. Ancaq yəqin özünüz də müşahidə etmisiniz, müxalifət Azərbaycanın bütün bölgələrində cəmi dörd, ya da beş görüş keçirə bildi. Beləliklə, müxalifətin təşviqat kampaniyası ilə bizim təşviqat kampaniyamızın əhatələlik baxımından fərqi bir neçə yüz dəfədir. Biz 1000-dən artıq, müxalifət isə beş görüş keçirib. 1000-i beşə böləndə 200 alınır. Deməli, insanlarla görüşməyimiz və onlara öz baxışlarımızı çatdırmağımız baxımından bizim fəaliyyətimiz arasında 200 dəfə fərq var. İndi təsəvvür edin ki, bu qədər intensivliklə bu qədər passivlik arasında nəticə də səsvermədə özünü göstərəcək. Müxalifət daha çox iddialar ortaya qoymaqla seçki kampaniyasında iştirakını sübuta yetirmək istəyir. YAP isə daha çox Azərbaycan vətəndaşlarına istinad etmək, seçicilərlə görüşmək, məsləhətləşmək formatına üstünlük verir. Bunun bir fərqini də onda görürəm ki, biz yalnız xalqla, vətəndaşllarla görüşə üstünlük verdiyimiz halda müxalifət martın 12-də bir sıra səfirlərlə məxfi görüşdə Konstitusiyaya dəyişikliklərlə bağlı müzakirələr aparıb. Hesab edirəm ki, istənilən siyasətçi və siyasi partiya yalnız xalqa istinad etməlidir, xalqla məsləhətləşməlidir və vətəndaşlardan dəstək almağa çalışmalıdır.
- Müxalifətin boykot qərarı vətəndaşların referendumda iştirakına təsir edə bilərmi?
- Azərbaycanın bugünkü müxalifətinin böyük bir hissəsi bəlkə də 15 ildir boykot çağırışları edir. Müxalifətin səsləndirdiyi boykot çağırışlarına bir dəfə Azərbaycan vətəndaşlarının hər hansı diqqətini müşahidə etmisinizmi? Bu günə qədər belə bir hal olmayıb və müxalifətin səsləndirdiyi boykot çağırışlarına xalq tərəfindən etinadsızlıq müşahidə olunub. Hesab edirəm ki, biz növbəti dəfə də həmin mənzərəni müşahidə edə biləcəyik. Birincisi, müxalifətin boykot çağırışlarının əsası yoxdur. çünki müxalifət nəyə görə boykot çağırışları etdiyini heç kimə əsaslandıra və heç kimi bunun lazımlılığına inandıra bilməyib. İkincisi, Azərbaycan cəmiyyətində indi də belə bir qənaət var ki, müxalifətin boykot çağırışları Azərbaycanın maraqlarından daha çox müxalifətə tapşırıqlar verən xarici maraqlı dairələrin istəklərinə uyğun gəlir. Onlar martın 12-də keçirdiyi xəlvəti görüşlə bu qənaəti bir qədər də gücləndirdilər. Ona görə də həm bizim araşdırmalarımız, apardığımız sorğuların nəticələləri, həm də keçirdiyimiz çox saylı görüşlərdə insanların referenduma çıxarılan məsələlərə münasibətinin bizə aydın olan bütün reallıqları bu fikri söyləməyə çox ciddi əsaslar yaradır ki, Azərbaycan vətəndaşları müxalifətin çağrışlarına qulaq asmaq fikrində deyillər. Martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar keçiriləcək səsvermədə birmənalı şəkildə həm kvorum təmin olunacaq, həm də vətəndaşlarımız təklif olunan bütün dəyişiklikləri tam dəstəkləyəcəklər. Bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşlarının müxalifətin ifasında boykot çağırışlarına, hansısa mahnılara qulaq asmağa nə həvəsi, nə də vaxtı var.
- Necə hesab edirsiniz, seçki kampaniyası dövründə çıxışların tək-tək olması yoxsa, debat formatı daha yaxşıdır? Keçirilən debatlarda kim özünü daha aqressiv aparırdı - referendumun əleyhinə çıxanlar, yoxsa bunu müdafiə edənlər?
- Azərbaycanda seçki praktikası ildən-ilə təkmilləşir. Seçki kampaniyasının aparılması üçün ayrılan efir vaxtının debatlar şəklində keçirilməsi daha səmərəlidir. Ən azı ona görə ki, seçicilər debatlarda iştirak edən insanlar arasında fikir mübadiləsinin aparılması çərçivəsində seçki kampaniyasında iştirak edən ayrı-ayrı partiyaların və qrupların fikirlərini müqayisəli şəkildə dəyərləndirmək imkanı əldə edirlər. Ona görə də hesab edirəm ki, debatlar daha səmərəlidir. Debatlarda kimin özünü daha çox aqressiv aparması məsələsinə gəlincə, mən belə hesab edirəm ki, buna sadəcə olaraq kim daha çox həqiqəti dedi, kim daha çox reallıqların təhrif edilməsinə üstünlük verdi konteksindən qiymət vermək mümkündür. Bugünkü Azərbaycanın reallıqlarının təhrif edilməsi heç bir siyasətçiyə və yaxud debatda iştirak edən insana inam gətirə bilməz, insanlar ona inanmazlar. çünki xüsusi ilə də bu tənqidləri və daha çox təhriflər əsasında olan tənqidləri vaxtilə hakimiyyətdə olub Azərbaycanı çox acınacaqlı vəziyyətə salmış insanlar edərsə. Əgər 1992-93-cü illərin böhranlarının yaranmasında bilavasitə günahkar olan insanlar bugünkü Azərbaycanın reallıqlarını təhrif edib tənqidə meyl göstərəcəklərsə, təbiidir ki, onların özlərinin çox ciddi əsaslarla tənqid üçün tamamilə açıq olduqlarını da nəzərə almaq lazımdır.
- Opponentləriniz deyir ki, YAP bu referendumun təşəbbüskarı və prosesdə fəal iştirak edən siyasi qüvvə olsa da, Prezident İlham Əliyev referenduma ötəri münasibət bildirib. Sizcə, referendumla bağlı qərar verildikdən sonra Prezidentin iştirak etdiyi tədbirlərdə bu məsələyə daha fəal münasibət bildirməsi YAP-ın mövqeyi baxımından daha düzgün olmazdımı?
- Cənab Prezident İlham Əliyev referenduma çıxarılan məsələlərlə əlaqədar bütövlükdə və konkret daha çox müzakirə predmetinə çevrilən müddəa ilə bağlı mövqeyini açıqlayıb. Prezident çox ciddi demokratik əsaslara söykənərək mövqeyini izah edib və bu mövqeyə qarşı hər hansı bir arqumentin gətirilməsi mümkün deyil. Dövlət başçısının referenduma çıxarılan məsələlər və bütövlükdə referendumla əlaqədar fikir söyləməməsi və yaxud bu məsələlərə az fikir verməsi ilə bağlı sizin səsləndirdiyiniz tezisi qəbul etmək istəmirəm. Opponentlərimizin tənqidlərini də əsassız hesab edirəm. YAP-ın sədri İlham Əliyevdir və partiyanın apardığı bütün təşviqat kampaniyası prinsip etibari ilə İlham Əliyevin baxışları və onun həyata keçirdiyi siyasət kontektsindədir. Bu mənada mən belə hesab edirəm ki, iqtidar partiyası olan YAP referenduma çıxarılan məsələlərlə bağlı həqiqətləri bütün çılpaqlığı ilə Azərbaycan vətəndaşlarının diqqətinə çatdırmağa nail ola bilib.
- Referendumdan sonrakı Azərbaycanı necə görürsünüz. Bu referendum nəyi dəyişəcək?
- Azərbaycan vətəndaşları öz iradələrini ifadə etmələrinə heç bir məhdudiyyətin olmamasından irəli gələn daha böyük inam əldə etmiş olacaqlar. Daha əhəmiyyətli dərəcədə ölkənin taleyinin həll edilməsində başlıca rolun onlara məxsus olduğu qənaətini özlərində möhkəmlədəcəklər. Bu isə bütövlükdə dövlətçiliyin vətəndaş-hakimiyyət inamının möhkəmləndirilməsi əsasında güclənməsinin fundamental məqamlarından biridir. Azərbaycan Konstitusiyası zamanın və şəraitin bir sıra çağırışlarına cavab verməsi baxımından daha da kamil olacaq. Kamil Konstitusiya ilə ölkə daha sürətlə və əhatəli şəkildə inkişaf edəcək. Referendumdan sonra Azərbaycanın inkişafı, sabit, əmin-amanlıqla müşahidə olunan həyat davam edəcək, vətəndaşların sabaha olan ciddi inamlarının artmasına kömək edən əlavə bir arqument ortaya çıxmış olacaq.
- Bunu yeni bir siyasi situasiya kimi qiymətləndirmək olarmı?
- Azərbaycanın siyasi vəziyyəti kifayət qədər sabit və dayanıqlıdır. Azərbaycanın inkişafının da fundamental əsaslarından birini ölkədə qərarlaşmış siyasi sabitlik təşkil edir. Bu bizim bütövlükdə dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində əldə etdiyimiz ən böyük nemətlərdən biridir və qorunub saxlanacaq. Azərbaycan inkişaf edir. Bu inkişafın özü ən böyük dəyişiklikdir.
- Müxalifət referendum əleyhinə birləşdiyini bəyan edib. Sizcə, referendumdan sonra bu düşərgə daxilində vəziyyət necə olacaq?
- Azərbaycan həyatın bütün sahələrində yüksək dinamika ilə yaşayan ölkə kimi xarakterizə olunur. Həm iqtisadiyyat sürətlə inkişaf edir, həm həyatımızın bütün sahələri müsbət mənada çox sürətlə dəyişir, həm də Azərbaycanın siması yenilənir. Azərbaycanı bütövlükdə səciyyələndirən yüksək dinamika müxalifət düşərgəsindəki süstlük və apatiya ilə sanki çox ciddi ziddiyyət yaratmış olur. Bir yanda sürətli inkişaf, dinamika, bizim opponetlərimizin düşərgəsində isə süstlük və apatiya. Mən güman etmirəm ki, müxalifət düşərgəsində indi görüntüləri yaradılmağa çalışılan birlik həqiqi birlik elementlərinə əsaslanır və bundan sonra özünü daha bariz şəkildə ifadə edəcək. Müxalifətdaxili münasibətlərin 15 illik tarixi onu göstərir ki, onun ayrı-ayrı qütblərini və nümayəndələrini bir-birindən uzaqlaşdıran və qarşı-qarşıya qoyan məqamlar daha çoxdur, nəinki onları birləşdirən və ümumi bir rəyə gətirən məqamlar. Hesab etmirəm ki, referendum kampaniyası bu nisbətdə hər hansı bir dəyişiklik yaradıb. Referendumdan sonra görüntüləri yaranan birlik əlamətləri də aradan qalxacaq. çünki onları bir-birindən ayıran cəhətlər daha çoxdur. ümumiyyətlə, siyasi həyatın təkzibolunmaz bir qanunauyğunluğu var. Qaliblər öz siyasətlərini davam etdrirlər, məğlublar isə öz siyasətlərini və həmin siyasəti formalaşdıranları dəyişirlər, yeni yollar axtarırlar. Azərbaycanda qalib olmayanların düşərgəsində ümumi sosioloji qanunauyğunluğun 15 ildir pozulduğu müşahidə olunur. Dünyanın heç bir yerində 15 il ərzində uğur qazana bilməyən siyasətçinin siyasətdə yenə də öz ambisiyasını saxladığının şahidi olmaq mümkün deyil. Bu yalnız Azərbaycan müxalifətinə xas keyfiyyətdir. Nə qədər ki, bu keyfiyyətdə dəyişiklik baş verməyib, Azərbaycan müxalifətinin uğur qazanmaq şansının sıfırdan yuxarı qalxdığını düşünmək mümkün olmayacaq.
- Referenduma çıxarılan məsələlərin Azərbaycanla beynəlxalq təşkilatlar, Qərb ölkələri arasında problemlər yaradacağına dair fikirlərlərə münasibətiniz necədir?
- Müxalifətin ayrı-ayrı nümayəndələrinin səsləndirdiyi bu tezislər o qədər mənasız və primitiv düşüncə nümunəsidir ki, heç fikir söyləməyə dəyməz. Dövlətlər arasındakı münasibətləri ölkədə keçirilən referendum və referenduma çıxarılan məsələlər təyin etmir. Bu münasibətləri hər iki tərəfi maraqlandıran məsələlərə tərəflərin yanaşması və münasibəti həll edir. Beynəlxalq təşkilatlarla Azərbaycanın qarşılıqlı münasibətləri daha əhəmiyyətli və qlobal məsələlər ətrafında cərəyan edir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ən etibarlı tərəfdaş ölkələrdən biri hesab olunur. Azərbaycanın Avropa dövlətləri və Avropanın, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə münasibətlərini ölkəmizin dünya iqtisadiyyatında, beynəlxalq münasibətlərdə, o cümlədən regional problemlərin həllində oynadığı və bundan sonra oynayacağı rol müəyyənləşdirir. Referendumun keçirilməsi hər bir ölkənin daxili işi hesab olunur. Azərbaycan öz səlahiyyətinə aid olan hər hansı bir hərəkəti etdiyinə görə heç bir beynəlxalq təşkilat onu günahlandıra bilməz.

Paylaş:
Baxılıb: 1267 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31