Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Eldar İbrahimov: Ölkəmiz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq ərəfəsindədir

Eldar İbrahimov: Ölkəmiz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq ərəfəsindədir

18.03.2016 [09:45]

Modern.az saytı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla müsahibəni təqdim edir.
- Eldar müəllim, bir neçə gün öncə Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənildi. Hesabatla bağlı çıxış edən deputatlardan biri də siz oldunuz. Ümumilikdə hökumətin ötənilki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hesabat barədə onu deyə bilərəm ki, dünyada və regionda baş verən təlatümlü iqtisadi, maliyyə və siyasi proseslər, ölkəmizə göstərilən təzyiqlər şəraitində Azərbaycanın sosial-iqtisadi inkişafı təmin edilib. Bunu beynəlxalq reytinq agentlikləri və tanınmış beynəlxalq təşkilatlar da təsdiq ediblər.
Bu nailiyyətlərin əldə edilməsi isə Prezident İlham Əliyev tərəfindən çox uğurla aparılan iqtisadi və sosial islahatlar, habelə məqsədyönlü xarici və daxili siyasət nəticəsində yaradılmış iqtisadi potensial və ictimai-siyasi sabitlik sayəsində mümkün olub. Təqdim olunan hesabatın təhlili göstərir ki, ümumi iqtisadi artımın əldə edilməsi ilə yanaşı, hökumət 2015-ci ildə qeyri-neft sektorunda yeni istehsal sahələrinin yaradılması, real sektorda innovasiyaların tətbiqi, texnoparkların yaradılması, iri sənaye və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlaması üçün əsaslı işlər görüb.
Bütün sahələrdə əldə edilən uğurlu nəticələr deməyə əsas verir ki, çox gərgin proseslərlə müşayiət olunan 2015-ci ildə Azərbaycan hökuməti üzərinə düşən çətin vəzifənin öhdəsindən layiqincə gəlmiş, inkişafın artan dinamikası saxlanmış, insanların həyat səviyyəsinin yaxşılaşmasına nail olunmuşdur.
- 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdi. Qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı nə demək olar?
- Hörmətli Prezidentimiz İlham Əliyev 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etmiş və keçən il, sözün həqiqi mənasında, kənd təsərrüfatı ili olmuşdur. Belə ki, ölkəmizin tarixində ilk dəfə əsas strateji ərzaq məhsulu olan taxılın məhsuldarlığı rekord həddə çataraq hər hektardan 30,5 sentnerdən çox olmuş, kənd təsərrüfatı məhsulu istehsalçılarına verilən subsidiya və yardımların, güzəştli kreditlərin həcmi əsaslı surətdə artmış, kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 6,6 faiz, bu sahədə yaranan ümumi daxili məhsul isə 7,8 faiz çoxalmışdır. Respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracına da son vaxtlar xüsusi fikir verilir. Keçən il ixrac olunan 1,58 milyard dollarlıq qeyri-neft məhsullarının 604 milyon dolları (bizim hesablamalara görə) və ya 38,1 faizi aqrar sektorun payına düşüb.
Bütün bunları nəzərə alaraq, mən Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətinə dair hesabatını yüksək qiymətləndirərək, onun qəbul edilməsini dəstəkləmişəm.
- Ancaq etiraf edilməlidir ki, kənd təsərrüfatı sahəsində həlli çox vacib olan xeyli məsələlər var...
- Aqrar sahədə həlli vacib olan bəzi məsələləri hökumət üzvlərinin diqqətinə mən də çatdırmışam. Bildiyiniz kimi, son vaxtlar çovdar çörəyinə olan tələbat artmaqda davam edir. Maraqlı məqam odur ki, əsasən Rusiyadan idxal olunan çovdar dəninin bir kiloqramının qiyməti keçən il əvvəlki illərlə müqayisədə 4 dəfə artıb. Buna görə ölkəmizdə çovdar istehsalını artırmaqla idxalı azaltmaq tələb olunur. Respublikamızda az da olsa çovdar istehsal olunur. Ən çox 2012-ci ildə - 460 ton çovdar istehsal edilmişdi. Həmin il Bərdə rayonunda hər hektardan 25,5 sentner, Füzuli rayonunda isə 48,8 sentner məhsul götürülmüşdü. Lerik rayonunun Zivand ərazisində fəaliyyət göstərən “Sədrəddin” kəndli fermer təsərrüfatının bu sahədə böyük təcrübəsi və çovdar əkinini genişləndirmək imkanı var. Göründüyü kimi, respublikamızın aran və dağətəyi bölgələrində bu bitkini becərmək və yüksək məhsul əldə etmək mümkündür. Bunun üçün çovdarın əkin sahəsinə buğda və çəltik bitkiləri kimi əlavə subsidiyanın verilməsi, istehsal olunan məhsulun satışının təşkil edilməsi, sığorta haqqının müəyyən hissəsinin büdcə vəsaiti hesabına ödənilən bitkilər siyahısına daxil edilməsində hökumətin köməklik göstərməsinə ehtiyac var. Eyni zamanda, əkinlərə görə verilən subsidiyanın dağ və ya dəmyə zonası ilə aran və ya suvarılan zona arasında diferensiallaşması məqsədəuyğun olardı.
- Eldar müəllim, müşahidələr göstərir ki, bir sıra bölgələrdə kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə olunmur...
- Azərbaycan xalqı ta qədimlərdən torpağa bağlı olub, torpağı mühafizə etmək, onu becərməklə özümüz yaşamışıq və onu nəsildən-nəslə ötürmüşük. Hazırda respublikamızda adambaşına 19 sot əkin yeri düşür və bu, dünyada aşağı göstərici hesab olunur. Belə bir vəziyyətdə aqrar sahədə davamlı inkişafa nail olmaq üçün hökumət kənd təsərrüfatına yararlı torpaqlarda müntəzəm olaraq monitorinqlər aparılmasını və ciddi tədbirlər görülməsini təmin etməlidir. Yaxşı olar ki, kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə yanaşı, həm də Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilsin. Digər tərəfdən, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsinə dair hər il tərtib olunan hesabatın Nazirlər Kabinetində müzakirə edilib müvafiq qərarın qəbul edilməsinə də böyük ehtiyac var. Hesab edirik ki, yalnız bu halda kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə və onların mühafizəsinə ciddi nəzarəti təmin etmək olar.
Cənab Prezident deyib ki, “keçən il “Kənd təsərrüfatı ili” olub. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır. Ona görə belə olmalıdır ki, bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək”. Gələcəyə hesablanmış bu tarixi sözləri bizim hər birimiz fəaliyyətimizin əsas qayəsi kimi qəbul edərək kənd təsərrüfatına maliyyə, material-texniki resursları və sosial qayğıları əsirgəməməliyik. Çünki kənd təsərrüfatına indi başqa cür yanaşsaq, sonralar bu, gələcək nəsillərə çox baha başa gələcək və onda biz qınaq obyekti olacağıq.
- Bildiyimizə görə, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun layihəsi ikinci oxunuş üçün hazırlanır. Bu qanunun hazırlanması nədən irəli gəlib?
- “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun aqrar sahənin inkişafındakı əhəmiyyətinə görə “Torpaq islahatı haqqında” Qanun kimi dəyərləndirilir. Çünki ölkəmiz dünya iqtisadiyyatına sıx inteqrasiya olunub və qeyri-neft sektorunun prioritet istqaməti kimi gələcəkdə ixracın çox hissəsi aqrar sektorun üzərinə düşəcək. Nəzərə almaq lazımdır ki, respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti yüksək olduğundan onlara xarici ölkələrdə tələbat çoxdur və biz bu üstünlükdən maksimum istifadə etməliyik. Hörmətli Prezidentimiz də bu barədə dəfələrlə deyib və əlaqədar təşkilatlara tapşırıqlar verilib. Digər tərəfdən, ölkəmiz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq ərəfəsindədir. Bütün bu amillər kənd təsərrüfatında rəqabətədavamlı məhsulların istehsalını zəruri edir. Bunun üçün innovasiyaların, yeni texnika və texnologiyaların tətbiqi, məhsuldarlığın kəskin surətdə artırılması, torpaqlardan səmərəli istifadənin təşkili, kənd ərazilərinin inkişaf etdirilməsi, aqrar sahədə çalışanlara informasiya-məsləhət xidmətinin göstərilməsi və digər tədbirlərin həyata keçirilməsi tələb olunur. Hazırda respublikamızda böyük üstünlük təşkil edən xırda fermer təsərrüfatları lazımi maddi-texniki bazaya və kadr potensialına malik olmadıqlarına görə bu məsələləri həll etmək iqtidarında deyillər və rəqabətə dözməyərək hətta yerli bazardan da çıxmaq təhlükəsi ilə üzləşə bilərlər. İri təsərrüfatların, o cümlədən kooperativlərin isə yuxarıda sadaladığımız problemləri həll etmək üçün aqrar sahədə idarəetməni elmi əsaslarla təşkil etməyi bacaran müasir biliklərə yiyələnmiş gənc mütəxəssisləri və aqrar sahə üzrə kadrları işə cəlb etmək imkanı olacaq.
Açıq demək lazımdır ki, hazırda Aqrar Universiteti bitirən gənc mütəxəssislər iri təsərrüfatlar az olduğundan işlə təmin oluna bilmirlər, az miqdarda olan belə təsərrüfatlarda çalışan mütəxəssislər isə pensiya yaşında olanlardır. Göründüyü kimi, iri təsərrüfatların yaradılmasının bir üstünlüyü də yüksək ixtisaslı mütəxəssislərin işlə təmin ounması yolu ilə kəndlərdə əhalinin intellekt səviyyəsini artırmağa xidmət edir. Bunları nəzərə alaraq hörmətli Prezidentimizin 16 aprel 2014-cü il tarixli Fərmanına əsasən, kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilmiş və hazırda layihə üzərində iş davam edir. Layihədə əsas diqqət fermerləri iri təsərrüfatlar, yəni kooperativlər yaratmağa və hər bir iştirakçını səmərəli kooperasiya əlaqələrinin qurulmasına həvəsləndirən stimullaşdırıcı tədbirlərin əks olunmasna yönəlib. Deyə bilərsiniz ki, Mülki Məcəllədə kooperativlər haqqında xüsusi fəsil var və kooperativ yaratmaq üçün heç bir maneə yoxdur. Bu, tamamilə doğrudur, ancaq istər ölkəmizin, istərsə də xarici ölkələrin təcrübəsi göstərir ki, dövlət dəstəyi olmadan yalnız fermerlərin təşəbbüsü ilə yaranan kooperativlər səmərəli fəaliyyət göstərə bilmir və çox hallarda uğursuzluğa düçar olurlar. Bu dəstək və səmərəli fəaliyyət üçün tələb olunan hüquqi baza isə belə bir qanunun qəbul edilməsi ilə mümkündür.
Eyni zamanda, istehsalçılarla həmin məhsulları emal edən, satışını təşkil edən, habelə istehsal üçün lazım olan maddi-texniki resurslarla təmin edən, aqroservis və digər xidmətlər göstərən təşkilatlar arasında kooperasiya əlaqələri qurulmalıdır. Ona görə də istehsal kooperativləri ilə yanaşı, istehlak, yəni xidmət kooperativləri də yaradılmalıdır.
Xırda təsərrüfatların üstünlük təşkil etməsini, emal və digər xidmət təşkilatlarının həmişə istehsalçılar üzərində əsasən alınan və satılan malların qiyməti məsələsində dominantlıq etməsini nəzərə alaraq, hesab edirik ki, ölkəmizdə qarışıq istiqamətli (istehsal-istehlak) kooperativlərin yaranması daha səmərəli nəticələr verəcək. Yəni istehsal kooperativi istehsal etdiyi və kooperativə üzv olmayan istehsalçılardan aldığı məhsulu özü emal edib satarsa, maddi-texniki tələbatını və digər xidmətləri özü yerinə yetirərsə, daha çox qazanc əldə edər, məhsul itkisinin qarşısı alınar. Ona görə də biz çalışırıq ki, elə bir qanun hazırlansın ki, o, Fərmanda nəzərdə tutulan məqsədə nail olmağa imkan versin, fermerlər könüllü olaraq birləşib həm istehsal və həm də istehlak kooperativləri yarada bilsinlər. Belə olan halda Azərbaycan kəndlisi işlə tam təmin olunar, rəqabətədavamlı məhsullarla daxili və xarici bazarlara çıxmaq imkanı əldə edilər.
- Aqrar siyasət komitəsi bu qanunla əlaqədar hansı digər addımlar atıb?
- Bu məqsədlə komitəmizin üzvləri həm xarici ölkələrdə və həm də ölkəmizdə mövcud təcrübə ilə tanış olur, rayonlarda fermerlər və digər əlaqəli şəxslərlə görüşlər keçiririk. Bu görüşlərdən biri bu il martın 11-də İsmayıllı rayonunda İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun təşəbbüsü ilə baş tutdu. Həmin görüşdə fermerlər və digər tədbir iştirakçıları dəyərli təkliflər verdi, onları narahat edən məsələlərə diqqət yetirildi və bu qanunun tezliklə qəbul edilməsinin vacibliyini və onu gözlədiklərini bildirdilər. Biz yaxın vaxtlarda Sabirabad rayonunun Çölbeştəli və Axıska kəndlərində fəaliyyət göstərən kooperativlərin iş təcrübəsi ilə də tanış olmaq fikrindəyik. Yəqin ki, başqa rayonlarda da görüşlər keçirilməsinə ehtiyac var və bu görüşlər nə qədər çox keçirilsə, bir o qədər təkmil qanun hazırlamaq imkanı yaranar. Bu qanunu biz elə hazırlamalıyıq ki, o, sadə və hamının birmənalı başa düşdüyü dildə yazılsın və ölkəmizdə kooperasiyanın inkişafını təmin etsin. Yəni gec olsa da, yaxşı olsun, ölkəmizdə aqrar sektorun və onunla əlaqəli digər iqtisadi sahələrin dayanıqlı və davamlı inkişafına təkan versin.

Paylaş:
Baxılıb: 1018 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30