Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Etibar Nəcəfov: Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına həsr olunan nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi böyük uğurlara dünya ictimaiyyəti tərəfindən göstərilən böyük etimaddır

Etibar Nəcəfov: Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına həsr olunan nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi böyük uğurlara dünya ictimaiyyəti tərəfindən göstərilən böyük etimaddır

21.04.2016 [10:02]

Xəbər verdiyimiz kimi, aprelin 14-15-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in baş qərargahında “Tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi üzrə siyasətlər və strategiyalar” mövzusunda İnsan Ölçüsü üzrə Birinci Əlavə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov iştirak etmişdir. Bu tədbirlə bağlı E.Nəcəfovdan aldığımız müsahibəni sizə tədqim edirik:
- Etibar müəllim, ATƏT-in bu tədbiri haqqında, xüsusilə onun əhəmiyyəti haqqında məlumat verməyinizi xahiş edirik.
- ATƏT-in Daimi Şurasının qərarına əsasən, ATƏT-ə sədrlik edən dövlət hər il İnsan Ölçüsü üzrə 3 Əlavə görüş keçirir. Görüşlərin təşkilində ATƏT-ə sədrlik edən dövlətə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT-in digər strukturları kömək edir. Bu il ATƏT-ə Almaniya Federativ Respublikası sədrlik edir. Sözügedən görüşlərdə İnsan ölçüsünə aid olan aktual məsələlər müzakirə olunur. Məlum olduğu kimi, İnsan ölçüsü - insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya aid olan norma və fəaliyyəti özündə ehtiva edir. ATƏT-in İnsan ölçüsü konsepsiyası onun təhlükəsizlik konsepsiyasının əsasını təşkil edən 3 tərkib hissədən biridir. Digər 2 hissə isə hərbi-siyasi və iqtisadi-ekoloji ölçülərlə bağlıdır. Başqa sözlə desək, təhlükəsizlik məsələləri ilə məşğul olan ATƏT təhlükəsizlik məsələlərinə üç ölçüdən (aspektdən) yanaşır: Hərbi-siyasi, İqtisadi- ekoloji və İnsan ölçüsü.
Təhlükəsizliyin Hərbi-siyasi ölçüsünə aid olan tərk-silah, silahlara nəzarət, münaqişələrin qarşısının alınması, terrorizmlə mübarizə, dövlətlər arasında etimadın güclənməsi və bu kimi digər məsələlər Vyanada hər həftə iştirakçı dövlətlərin nümayəndələri tərəfindən müzakirə olunur.
Təhlükəsizliyin iqtisadi və ekoloji aspektinə aid olan davamlı iqtisadi inkişaf, nəqliyyat və enerji təhlükəsizliyi, miqrasiya proseslərinin tənzimlənməsi, ətraf mühitin qorunması, ekoloji təhlükələrin qarşısının alınması və digər bu kimi məsələlər Praqada ildə bir dəfə keçirilən ATƏT-in iqtisadi forumunda müzakirə olunur.
Təhlükəsizliyin İnsan ölçüsü dedikdə, cəmiyyətdə insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın təmin olunması nəzərdə tutulur. Daha konkret desək, təhlükəsizliyin İnsan ölçüsünə insan alverinə qarşı mübarizə, gender bərabərliyinin təmin olunması, etnik, dini azlıqların hüquqlarının qorunması, tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviq olunması kimi məsələlər daxildir. Hər il payızda Polşanın paytaxtı Varşava şəhərində bu məsələlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclasında müzakirə olunur.
Mənim iştirak etdiyim Birinci Əlavə görüşün mövzusundan göründüyü kimi, o, ATƏT regionunda tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi üzrə siyasətlərin və strategiyaların müzakirə olunmasına həsr olunmuşdu. Qeyd etmək lazımdır ki, görüşün həsr olunduğu mövzu müasir dövrdə olduqca aktualdır. Belə ki, bütün dünyada dözümsüzlüyün və ayrı-seçkiliyin artması müşahidə olunur. Bu, özünü ksenofobiya, islamofobiya, antisemitizm, dini və etnik radikalizm kimi neqativ halların güclənməsində göstərir.
- Yəqin ki, iştirak etdiyiniz görüşün mövzusu müasir dövrdə Avropa ölkələrini bürümüş qaçqın böhranı ilə əlaqədar daha da aktual görünür...
- Elədir. Hələ ötən əsrin 70-ci illərində multikulturalizmin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi meydana gəldiyi hətta Qərbi Avropa dövlətləri ksenofobiya, islamofobiya, antisemitizm və bu kimi mənfi halların qarşısının alınmasında acizdirlər. 5-6 il bundan əvvəl bir neçə Qərb dövlətinin başçıları multikulturalizm siyasətinin cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində səmərəsiz bir siyasət olduğunu açıq şəkildə etiraf etmişdilər. Məlum olduğu kimi, müasir dövrdə bir sıra Yaxın və Orta Şərq ölkələrində (Suriya, İraq, Əfqanıstan) davam edən hərbi münaqişələr burada yaşayan müxtəlif etnik və dini qrupların nümayəndələrinin Avropanın bir sıra ölkələrində sığınacaq axtarmalarına səbəb olaraq orada qaçqın böhranının yaranmasına səbəb olmuşdur. Bu isə, öz növbəsində, Avropada dözümsüzlüyün və ayrı-seçkiliyin, onların konkret təzahür formaları olan ksenofobiyanın, islamofobiyanın, antisemitizmin geniş yayılması ilə nəticələnir. Buna görə də qeyd olunan mənfi, demokratiyaya zidd olan hadisələrin qarşısının alınmasında ATƏT-in bu görüşünün keçirilməsinin böyük praktiki əhəmiyyəti vardır. ATƏT-ə üzv olan 57 ölkənin rəsmi nümayəndələrinin, vətəndaş cəmiyyətinin nümayəndələrinin, məsələ ilə məşğul olan ekspertlərin sözügedən tədbirdə bir araya gəlmələri olduqca vacibdir.
ATƏT-in İnsan Ölçüsü üzrə Birinci Əlavə görüşünün qarşısında 3 əsas məqsəd dururdu. Birincisi, tolerantlıq və qeyri-ayrı-seçkilik sahəsində ATƏT-ə üzv olan ölkələrin qarşılaşdığı problemləri müəyyən etmək; ikincisi, dözümsüzlüyə və ayrı-seçkiliyə qarşı mübarizədə əldə olunan mütərəqqi təcrübəni təqdim etmək; üçüncüsü, dözümsüzlüyə və ayrı-seçkiliyə qarşı mübarizə sahəsində ATƏT-ə üzv olan ölkələrə əldə olunan mütərəqqi təcrübə əsasında praktiki tövsiyələr işləyib hazırlamaq və bu sahədə ATƏT-in rolunu möhkəmlətmək. Qeyd olunan 3 məqsədə uyğun olaraq görüşdə 3 sessiya təşkil olunmuşdur.
- Qeyd etdiyiniz 3 məqsəddən hansı ölkəmiz üçün daha aktual idi?
- Məlum olduğu kimi, müasir dövrdə Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Dünyada Azərbaycanın multikulturalizm modelinə maraq artmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, multikulturalizm sahəsində Azərbaycanın təcrübəsi öyrənilir. Bu fakt bizdə tolerantlıq və qeyri-ayrı-seçkilik sahəsində heç bir problemin olmamasından xəbər verir. Başqa sözlə desək, görüşün birinci sessiyasında müzakirə olunan “tolerantlıq və qeyri-ayrı-seçkilik sahəsində ATƏT-ə üzv olan ölkələrin qarşılaşdığı problemlər” bizdə yoxdur. Bununla belə, qeyd etmək lazımdır ki, həmişə olduğu kimi, ölkəmizə düşmən mövqeyində olan Ermənistan nümayəndəsi birinci sessiyada öz çıxışında Azərbaycanda ermənilərə qarşı dözümsüzlük meyillərinin artmasının olduğunu deyirdi. O, bu meyillərin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş hərbi münaqişə zamanı daha da artdığını söyləyirdi. Ermənistan nümayəndəsinin bu böhtanla dolu çıxışı, əslində, Azərbaycanın bu münaqişədə qazandığı ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun gələn, parlaq hərbi, siyasi və mənəvi-psixoloji qələbəsini ləkələmək məqsədini güdürdü. Lakin artıq dünya ictimaiyyəti Ermənistanın bu münaqişədə təcavüzkar tərəf olduğunu yaxşı bilir.
- Yəqin ki, görüşün ikinci və üçüncü sessiyalarında dözümsüzlüyə və ayrı-seçkiliyə qarşı mübarizədə əldə olunan mütərəqqi təcrübələr müzakirə olunan zaman bizim deməyə sözümüz çox idi?
- Bəli. Görüşün növbəti sessiyalarında tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi sahəsində uğur qazanan ölkələrin mütərəqqi təcrübələrinin müzakirəsi və bu təcrübələrin yayılması ilə bağlı praktiki tövsiyələrin irəli sürülməsi zamanı bizim söyləyəcəyimiz fikirlər, irəli sürəcəyimiz ideyalar çox idi. Yuxarıda qeyd etdiyim kimi, dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan tolerantlığın və qeyri-ayrı-seçkiliyin möhkəmləndirilməsi sahəsində əldə etdiyi nailiyyətləri görüş iştirakçılarının diqqətinə çatdırmalı idi.
Mən çıxışımda tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviq olunmasında müasir dövrdə Azərbaycanın qazandığı nailiyyətlərdən danışaraq 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi və bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə Tədbirlər Planının təsdiq edilməsini toplantı iştirakçılarının nəzərinə çatdırdım. Tədbirlər Planında ölkəmizdə tolerantlığın və qeyri-ayrı-seçkiliyin möhkəmlənməsi sahəsində bir sıra tədbirlərin nəzərdə tutulduğunu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan olduğunu qeyd etdim. Tədbirlər Planında tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi ilə bağlı planlaşdırılan işlərdən danışaraq onların ölkədaxili və beynəlxalq əhəmiyyətini qeyd etdim. Beynəlxalq əhəmiyyətli tədbirlər haqqında danışarkən bu yaxınlarda Bakıda öz işinə başlayacaq Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd etdim.
İkinci sessiyada əsas məruzəçi qismində çıxış edən Avstriyanın Təhsil Nazirliyinin Vətəndaş Təhsili və Ətraf Mühit Təhsili Departamentinin müdiri cənab Manfred Virtitş öz çıxışında orta məktəb şagirdlərinin siyasi savadını qaldırmaq məqsədilə onlara siyasi elmlərin tədris olunmasının vacibliyini qeyd etdi. Onun fikrincə, bu, gələcəkdə gənclərdə tolerantlıq və multikulturalizm ideyalarının artmasına səbəb olacaq və cəmiyyətdə tolerantlığın və qeyri-ayrı-seçkiliyin bərqərar olmasına kömək edəcəkdir. Onun bu təşəbbüsünün mühüm əhəmiyyətini qeyd edərək, mən çıxışımda bu istiqamətdə artıq ölkəmizdə müəyyən işlərin görüldüyünü söylədim. Söhbət Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin uğurla həyata keçirdiyi “Beynəlxalq Multikulturalizm Yay/Qış Məktəbi” adlı layihəsindən gedirdi. Məlum olduğu kimi, “Beynəlxalq Multikulturalizm Yay/Qış Məktəbi” “Azərbaycan multikulturalizmi” fənnini yerli və xarici ölkə universitetlərində dinləyən tələbələr üçün təşkil olunur. Çıxışımda bu layihənin tələbə gənclərdə tolerantlıq və qeyri-ayrı-seçkilik ideyalarının formalaşdırılmasına səbəb olmasından danışdım.
Görüşün yekun iclasında hər sessiyanın moderatorunun verdiyi hesabatda mənim çıxış etdiyim sessiyanın moderatoru çıxışımda səsləndirdiyim Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm Yay/Qış Məktəbi” adlı layihəsini müsbət təcrübə kimi qiymətləndirdi və onun təqdir olunmasını məsləhət gördü.
- Ermənistanın nümayəndəsi Sizin çıxışınıza reaksiya etdimi?
- Sözsüz ki, tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi sahəsində Azərbaycanın əldə etdiyi böyük nailiyyətləri Ermənistanın nümayəndəsi sakit halda qəbul edə bilməzdi. Buna görə də onun mənim çıxışıma reaksiyası oldu. Ermənistanın nümayəndəsi heç bir dəlil təqdim etmədən mənim çıxışımdakı faktları “təkzib etməyə” çalışdı. Lakin onun bütün söylədiklərinin öz mahiyyətinə görə böhtandan başqa heç bir şey olmadığı aydın şəkildə görünürdü. Azərbaycanın istər ölkədaxili, istərsə də beynəlxalq müstəvidə tolerantlığın, qeyri-ayrı-seçkiliyin təşviqi, xüsusilə də mədəniyyətlərarası dialoqun, əməkdaşlığın möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi işlər dünya ictimaiyyətinə məlumdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaranan və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsinə yönələn “Bakı prosesi” çərçivəsində Azərbaycan Respublikası indiyədək Dünya Dini Liderlərinin Sammitini (26-27 aprel, 2010-cu il), dörd Beynəlxalq Humanitar Forumu (2011, 2012, 2013 və 2014), üç Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011, 2013, 2015), dörd Qlobal Bakı Forumu (2013, 2014, 2015 və 2016) keçirmişdir. Yuxarıda qeyd olunan və bir neçə gündən sonra Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da “Bakı prosesi” çərçivəsində keçirilən tədbirlərdəndir.
“Bakı prosesi” Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürüdür. Azərbaycan Respublikası ölkə daxilində etnik-mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara eyni münasibət göstərməklə onlar arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq münasibətlərini yaratdığı kimi, eyni münasibətləri beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlərə və sivilizasiyalara mənsub olan dövlətlər arasında təbliğ edərək onlar arasında dialoqun inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirir. Dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən bu kimi nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə onun multikulturalizm sahəsində əldə etdiyi böyük uğurlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

Paylaş:
Baxılıb: 993 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30