Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Siyavuş Novruzov: Qanun qarşısında bu insanlar cavab verməlidirlər

Siyavuş Novruzov: Qanun qarşısında bu insanlar cavab verməlidirlər

09.06.2017 [11:35]

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, ölkəmizdə həyata keçirilən struktur dəyişiklikləri, idarəçilik sahəsində aparılan islahatlarla bağlı nələri söyləyə bilərsiniz?
- Bu məsələ hələ ötən il Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referendumda öz əksini tapmışdı. Referendumun bir çox maddələri insan hüquq və azadlıqlarını əks etdirsə də, orada müəyyən struktur dəyişiklikləri də nəzərdə tutulmuşdu. Ümumxalq səsverməsi yolu ilə bu artıq qəbul olundu və hüquqi təsdiqini tapdı. Bundan sonra idarəetmə strukturlarında müxtəlif dəyişikliklər və təkmilləşdirmə işləri aparıldı. Beləcə strukturların daha çox çevikliyi, mövcud iqtisadi, ictimai- siyasi proseslərə cavab verməsi ilə əlaqədar olaraq belə strukturlar yarandı və yeni təyinatlar həyata keçirildi. Hesab edirəm ki, bu, ilk mərhələdir. Digər aidiyyəti strukturlarda da müvafiq islahatlar aparılacaq. Bunun effektivliyi daha çoxdur. Çünki aylar, illər, günlər elə dövr edir ki, burada da çox çevik bir mexanizm tələb olunur. Bu çevik mexanizmin yaradılması üçün də struktur islahatlarına ehtiyac var idi.
- Azərbaycan həqiqətlərinin dünya ölkələrində təbliği ilə bağlı diplomatik korpuslarımızın gördüyü işlər, Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə təhdidləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində hansı işlər görülür?
- Bu gün Azərbaycan gənc bir dövlətdir və burada diplomatik işlər gedir. Bildiyiniz kimi, ara-sıra diplomatik korpusun nümayəndələri Azərbaycanda toplanırdı və ölkəmizdə baş verən hadisələr, qanunvericilik, həyata keçirilən iqtisadi islahatlar, quruculuq-abadlıq işləri, dövlətin siyasəti və digər bu kimi məsələlər bir neçə həftə ərzində diqqətə çatdırılırdı. Eləcə də müxtəlif strukturların rəhbərləri ilə görüşlər keçirilirdi və onlarla sual-cavab aparılırdı. Kifayət qədər informasiya əldə olunduqdan sonra bu məlumatların dünya ölkələrinə çatdırılması istiqamətində də işlər görülürdü. Mən bu prosesin davamlı olmasını düşünürəm. Həmçinin diplomatik korpusumuz Azərbaycan həqiqətlərini, ölkədə aparılan abadlıq-quruculuq işlərini, ictimai-siyasi sabitliyi, bütün beynəlxalq tədbirlər haqqında məlumatları geniş şəkildə təmsil olunduğu ölkəyə və yaxud da həmin ölkənin mətbuat orqanlarına çatdırmağa nail olmalıdır. Bu gün Azərbaycan artıq turizmin inkişafı ilə bağlı da xüsusi addımlar atıb. Vaxtilə Azərbaycan müharibə aparan bir ölkə, təhlükəli ərazi hesab olunurdu. Nəticə etibarilə də onu oxuyan, məlumatı olmayan turistlər Azərbaycana gəlməkdən imtina edirdilər. Amma artıq bir sıra ölkələrdə bu ənənəyə son qoyuldu. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, müxtəlif forumlar, dünya çempionatları və s. zamanı ölkəmizə gələn həm idmançılar, həm də turistlər gördülər ki, bu gün Azərbaycan dünyanın ən sabit və stabil ölkəsidir. O baxımdan bunu daha da genişləndirərək dünya ictimaiyyətinə çatdırmaq lazımdır ki, onlar da ölkəmizə səfərləri zamanı heç bir maneəyə rast gəlməsinlər. Digər tərəfdən, Dağlıq Qarabağ, işğal olunmuş ərazilərimiz, erməni təcavüzü, ermənilərin həyata keçirdikləri terror aktları, Xocalı soyqırımı və s. kimi məsələlər daim gündəmdə saxlanılmalıdır.
- Xaricdən maliyyələşən QHT-lərin, erməni lobbisi və bəzi beynəlxalq qurumların Gürcüstan üzərindən ölkəmizə qarşı əsassız ittihamları nə ilə bağlıdır?
- İlk növbədə qeyd edim ki, biz Milli Məclisdə QHT sektorunun maliyyələşməsi ilə əlaqədar qanun qəbul etmişik. Burada şəffaflığın təmin olunması ilə əlaqədar verilən qrantların mənbəyi, onun hansı məsələlərə xidmət edəcəyi, kim tərəfindən alınması, verilməsi və s. məsələlər haqda aidiyyəti strukturlara məlumat verilməlidir. O zamanlar bu qanunda əlavə və dəyişikliklər olunanda bizə qarşı müxtəlif erməni lobbisinin dəstəklədiyi təşkilatlar xeyli hay-küy qaldırdılar. Burada sırf bir məsələ ortaya qoyulurdu ki, şəffaflıq təmin olunsun. Beləcə, faktlar da göz qarşısına çıxdı. Məsələn, bir partiyanın sədr müavini il yarım ərzində Gürcüstana 41 dəfə səfər edib. Eləcə də ayrı-ayrı banklardan müxtəlif valyuta növlərində qrantlar, pullar alıb və bunun da mənbəyi bəlli deyil. Əgər bunlar Azərbaycanda istifadə olunursa, mən ölkəmizdə hansısa tədbirin keçirilməsinin şahidi olmamışam. Ona görə də bu qrantlar məqsədli şəkildə verilir. Sözügedən qrantlar məqsədli şəkildə verilirsə, həmin şəxslər qarşısında da məsələlər qoyulur. Bizə aydındır ki, Azərbaycan haqqında düzgün olmayan qeyri-obyektiv məlumatlar bunların dili ilə dünya ictimaiyyətinə çatdırılır. Onlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması üçün də bu qrantları, pulları ayırırlar. Bu baxımdan da həm hüquq-mühafizə orqanları, həm də ictimaiyyət, cəmiyyət artıq bu insanları tanıyır. Qanunun aliliyi qorunmaq şərtilə qanun qarşısında bu insanlar cavab verməlidirlər.
- Qətər böhranı, regionda yeni müharibə ocağı yetişirmi? Bunun Azərbaycana təsir imkanları nə dərəcədir?
- Bu böhranın Azərbaycana təsiri olmayacaq. Qətərlə Azərbaycan arasında çox yaxşı iqtisadi, siyasi əməkdaşlıq münasibətləri var. Amma bütün bunlara baxmayaraq, həmin olaylar çox ciddi bir faktordur. Çünki ərəb dünyasında artıq haçalanma ortaya çıxır. Bir tərəfdən terrorizm, ayrı-ayrı dövlətlərin suverenliyinin pozulması, onların ərazilərinə müdaxilə, digər tərəfdən isə müxtəlif bəhanələrlə kifayət qədər təbii sərvətləri olan ölkələrin qarşı-qarşıya qoyulması faktları ortadadır. Təbii ki, burada da o təbii sərvətlərdən güzəştli şərtlərlə istifadə nəzərdə tutulur. Bütün o sıxmalar, təsir mexanizmləri də hamısı ondan qaynaqlanır. Faktlardan biri odur ki, guya bu, hansısa terrorist təşkilatının maliyyələşdirilməsi ilə məşğuldur. İndi sual olunur ki, o təşkilatlar haradan yaranıb. Biz onun tərkibinə, təchizatına nəzər salsaq, hansı ölkələrin silahları ilə silahlandığının şahidi olarıq. Günün günorta çağı ərəb yarımadasında 60 minlik ordu ortaya çıxıb və digər ölkələrin suverenliyini pozmaqla məşğuldur. Bu heç də elə-belə hal deyil. Bəs niyə o dövlətlər məsuliyyət daşımırlar? Eləcə də müxtəlif ölkələrin daxilində qarşıdurma yaratmaqla, etnik separatizmi dirçəltməklə həmin dövlətləri dağıtdılar. Vaxtilə onlar dünyanın ən inkişaf etmiş və aparıcı dövlətləri idi. Buna misal olaraq Liviyanı, İraqı, Misiri, Yəməni və s. göstərə bilərik. Bu gün həmin ölkələrin vətəndaşları ayrı-ayrı Avropa ölkələrinə qaçıb miqrant statusu ilə yaşamaq məcburiyyətindədirlər. Onların təbii sərvətləri dəyər-dəyməzinə daşınır. O baxımdan bunlar da müzakirə olunmalıdır və qiymət verilməlidir. Hesab edirəm ki, yanaşma tərzi düzgün olmalıdır.
- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri ilə bağlı nələri söyləyə bilərsiniz. Səfərdən gözləntilər nədir?
- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərindən də heç nə gözləməyə dəyməz. Çünki onların bu səfərləri turistik bir səfərdir. ATƏT öz üzərinə götürdüyü funksiyanı sona kimi yerinə yetirmir. Biz bütün hallarda bu proseslərlə bağlı öz fikirlərimizi demişik. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinə ATƏT indiyənə kimi də bir münasibət bildirməyib. Bizim vətəndaşlarımızın əziyyət çəkmələrinə, onların zorla məhkəmələrə gətirilmələrinə və onlar haqqında qeyri-qanuni qərar çıxarılmasına göz yumurlar.

Paylaş:
Baxılıb: 1057 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30