/ / Yeni maliyyələşdirmə mexanizminin tətbiqi bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq
Yeni maliyyələşdirmə mexanizminin tətbiqi bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq
17.07.2010 [11:09]
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Şəmsəddin müəllim, bildiyimiz kimi 2009-2010-cu tədris ili yeni qəbul olunmuş “Təhsil haqqında” Qanunun əsasında həyata keçirildi. Bu baxımdan, tədris ilində hansı yeniliklər baş verdi?
- Məlum olduğu kimi, uzun müzakirələrdən sonra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu 2009-cu ilin 19 iyun tarixində Milli Məclis tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, 2009-2010-cu tədris ili milli təhsil sistemimizin təkmilləşdirilməsi və yenidən qurulması baxımından əlamətdar olmuşdur. Birmənalı şəkildə deyə bilərik ki, yeni təhsil qanunu məktəbəqədər təhsil müəssisələrindən başlamış universitetlərə qədər bütün təhsil müəssisələrinin həyatında mütərəqqi dəyişikliklərin baş verməsini şərtləndirmişdir. Xüsusu vurğulamaq lazımdır ki, təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən bu dəyişikliklər həm forma, həm də məzmun baxımından yeniliklərin olması ilə xarakterizə edilir. Hər şeydən öncə, yeni təhsil qanunu təhsil sistemində baş verən bütün proseslərin tənzimlənməsi üçün vahid qanunvericilik bazasının yaradılması və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin hüquqi statusunun dəqiq müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən də, təməl prinsipləri keyfiyyətli təhsilin təmin edilməsi və milli təhsilin dünya və Avropa təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsi olan yeni təhsil qanunu bütövlükdə təhsilimizin keyfiyyətinin yüksəldilməsi və onun Avropa və dünya standartlarına uyğunlaşdırılması nöqteyi-nəzərindən mühüm rol oynamışdır. Yeni qanunun qüvvəyə minməsi ali təhsilimizin Boloniya prosesinə qoşulmasının sürətləndirilməsi və ali təhsil müəssisələrimizin bu prosesin tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin artmasına səbəb olmuşdur. ümumiyyətlə, 2009-2010-cu tədris ili ali təhsil müəssisələrində kredit sisteminin tətbiqinin genişlənməsi, orta məktəblərdə test üsulunun tətbiqi ilə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin daha da təkmilləşdirilməsi, ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması və s. yeniliklər ilə xarakterizə oluna bilər. Təhsil qanununun icrasının təmin edilməsi məqsədilə, Nazirlər Kabineti tərəfindən “Məktəbə hazırlığın təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında, “ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında, “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında, “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi hasqqında, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında, “ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir və bu istiqamətdə işlər davam etdirilir.
- ötən ay Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasının ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinə dair müşavirə keçirildi. Bu müşavirə haqqında nə deyə bilərsiniz? Bu yöndə sizin nə kimi təklifləriniz var?
- İlk öncə vurğulamaq lazımdır ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən müşavirə vaxtında və çox faydalı bir müzakirə kimi qiymətləndirilməlidir. Sizin də qeyd etdiyiniz kimi, müşavirədə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə keçidi, bununla əlaqədar yarana biləcək problemlər və görülməli olan işlər müzakirə olunmuşdur. Məlumunuz olduğu kimi, təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi və əslində, tamamilə yenidən qurulması “Təhsil haqqında” Qanunun 38-ci maddəsində nəzərdə tutulmuşdur. Yeni maliyyələşdirmə mexanizminin ən sadə anlamda məzmunu təhsil müəssisələrinin hər bir təhsilalana düşən xərc norması üzrə maliyyələşdirilməsindən ibarətdir. Başqa sözlə, maliyyələşdirmə əvvəlcədən aparılmır və təhsilalanın arxasınca onun seçdiyi təhsil müəssisəsinə gedir. Bu ildən başlayaraq sözügedən mexanizmin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaqdır. Artıq bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə Nazirliyi, eləcə də, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Hesab edirəm ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəbləri arasında ayrı-seçkiliyin aradan qaldırılmasına və son nəticədə bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır. Fikrimizcə, yeni maliyyələşdirmə mexanizmi “Təhsil haqqında” Qanunun tələblərinə tam uyğun olmalıdır. Hesab edirəm ki, universitetlər ixtisaslar üzrə qəbul planlarını müəyyən edərkən dövlət sifarişi və ödənişli təhsil üzrə yerləri ayırmamalıdırlar. Universitetlər, ümumiyyətlə, hər bir ixtisas üzrə nə qədər mütəxəssis hazırlanmasının mümklünlüyünə dair potensial imkanlarını bildirməlidirlər. Eyni zamanda, ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən xərc normalarının düzgün hesablanması yeni sistemin özünü doğrultmasında mühüm rol oynayacaqdır. Məhz belə olan şəraitdə tələbənin azad seçim etməsi mümkün olacaqdır və əvvəldə də qeyd etdiyimiz kimi, dövlət və özəl ali məktəbləri arasında sağlam rəqabət mühiti yaradılacaqdır. Təkliflərimizə gəlincə, məlum olduğu kimi, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən bir qrup vətəndaşlar ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsindən azad olunmuşlar. Yeni maliyyələşdirmə mexanizminin tətbiqi zamanı qeyd olunan vətəndaşların təhsil haqlarının dövlət tərəfindən ödənilməsi məqsədəuyğun olardı. Məlumat üçün bildirim ki, İqtisad Universitetində bu kateqoriyadan olan 1300-dən çox tələbə vardır. Bu tələbələrin ödəməli olduğu təhsil haqqının kifayət qədər yüksək məbləğ olduğunu təsəvvür etmək mümkündür. Digər bir məsələ kimi, iqtisadyönümlü ixtisaslar üzrə təhsil haqqının 1500 manat məbləğində müəyyən edilməsi narahatlıq doğurur. Hesab edirəm ki, bu məbləğin təxminən iki dəfə artırılmasına ehtiyac vardır. Bu məsələ tərəfimizdən sözügedən müşavirədə də qaldırılmışdır. Xüsusilə, magistratura təhsilinin lazımi səviyyədə həyata keçirilməsi üçün daha çox vəsaitə ehtiyac olduğu nəzərə alınmalıdır. Bundan başqa, Elm Fonduna ayrılmış dövlət büdcə vəsaitlərinin xərclənməməsi və bu vəsaitlərin növbəti illər üçün həmin Fondun saxlanılması xərclərinə daxil edilməsinin zəruriliyi xüsusi qeyd edilməlidir. Eyni zamanda, 2009-cu ildə doktoranturaya qəbul prosesinin aparılmamısından narahatçılığımızı bir daha bildiririk və 2010-cu ildə aparılacaq qəbul zamanı 2009-cu ilin qəbul planının da nəzərə alınmasının məqəsədəuyğun olmasını vurğulamaq istəyirik.
- Akademik Ramiz Mehdiyev dinamik inkişaf edən ölkəmizdə yüksək ixtisaslı mütəxəssislərə ehtiyac olduğunu bildirib və bəzi problemləri ali məktəb rəhbərlərinin diqqətinə çatdırıb. Sizcə, bu problemlərdən çıxış yolu nədir, hansı addımlar atılmalıdır?
- Bəli, tamamilə düz buyurdunuz ki, müşavirədə ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə ehtiyacı olduğu xüsusi vurğulanmış və bu sahədə mövcud olan problemlər ətrafında müzakirələr aparılmışdır. Əsas məqsədin ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsindən, bütövlükdə tədris prosesinin şəffaflığının artırılmasından, neqativlərin aradan qaldırılmasından və hazırlanan mütəxəssislərin müasir bazar iqtisadiyyatının və əmək bazarının tələblərinə cavab verməsindən ibarət olması diqqətə çatdırılmışdır. Ali təhsilin magistratura səviyyəsində təhsilin təşkili və onun modernləşdirilməsi əsas müzakirə mövzularından biri olmuşdur. Hazırda magistraturanın bakalavriata sanki bir əlavə kimi fəaliyyət göstərməsinin yolverilməz olduğu bildirilmiş, magistratura təhsili üçün yeni standartların və tədris proqramlarının hazırlanmasının vacibliyi xüsusi vurğulanmışdır. Konkret olaraq bir sıra ali məktəblərdə magistr hazırlığının səviyyəsinin çox aşağı olması bildirilmiş və bunun tez bir zamanda aradan qaldırılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verilmişdir. Yeri gəlmişkən, təhsil qanununda magistratura təhsilinin təşkilinə dair ümumi tələblər və beləliklə də, onun harada təşkil edilməsinin mümkünlüyü qəti müəyyən olunmuşdur. Hesab edirəm ki, Boloniya prosesinə keçidin başa çatdırılması bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müvafiq kadr hazırlığının keyfiyyətinin yüksəldilməsini, milli iqtisadiyyatın yüksəkixtisaslı kadrlara olan ehtiyacının tam ödənilməsini və ali təhsilimizin Avropa ali təhsil məkanına səmərəli inteqrasiyasının təmin edilməsini şərtləndirəcəkdir.
- Boloniya prosesinə qoşulduğunu elan edən ali məktəblərlə bağlı da tənqidi fikirlər səsləndirilib. Sizcə, hazırda bu prosesə keçid hansı səviyyədədir?
- Məlumat üçün bildirim ki, Azərbaycan Dövlət İqtisad Universitetinin 4 fakültəsində 2006-cı ildən, digər fakültələrində isə 2008-ci ildən kredit sisteminin tətbiqinə başlanılmışdır. Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş standartlara əsaslanaraq kredit sisteminin bütün tələblərinə cavab verən yeni tədris planları hazırlanmış və 2009-2010-cu tədris ilindən I kurslar həmin tədris planlarına müvafiq olaraq təhsilə başlamışlar. Əvvəlki illərdən fərqli olaraq, bu ildən tələbələr üçün fərdi tədris planları tərtib olunmuş, onların əsasında işçi tədris planları qurulmuş və fənlər üzrə qruplar formalaşdıqdan sonra dərs cədvəlləri tərtib edilmişdir. Eyni zamanda, kredit sisteminin əsasnaməsinə uyğun olaraq yeni jurnallar tərtib olunaraq istifadəyə verilmişdir. Bu jurnallarda sərbəst işlər üçün ayrıca səhifə ayrılmış və tələbələrin imtahana qədərki ballarının hesablanması cədvəlləri yerləşdirilmişdir. Bu jurnallarda tələbələrin gündəlik qiymətləri yazılır, semestrin sonunda fənlər üzrə topladığı ballar hesablanır və imtahana qədər balların hesablanması cədvəli doldurulur. Jurnalların doldurulması prosesinə kredit sistemi üzrə akademik məsləhətçilər - tyutorlar nəzarət edirlər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu ildən I və II kurslarda imtahanlar kompüterlərlə təchiz edilmiş xüsusi otaqlarda test üsulu ilə həyata keçirilir. Hər bir fənn üzrə nəzərdə tutulmuş test imtahanlarına ayrılan vaxt 1 saat 20 dəqiqə olmaqla 50 sualdan ibarətdir və hər bir düzgün cavab bir balla qiymətləndirilir. İmtahana qədərki balların qabaqcadan proqrama daxil edilməsi nəticəsində tələbələr imtahandan dərhal sonra öz yekun ballarını görürlər və imtahanın nəticələri dərhal çap olunur. Onu da qeyd etmək lazımdır ki, virtual universitet bu nəticələrdə heç bir dəyişikliklər etməyə imkan vermir. Universitetdə imtahanlar başa çatdıqdan sonra tələbənin təhsil proqramını mənimsəmə səviyyəsini yoxlamaq üçün ümumi Orta Müvəffəqiyyət Göstəricisi (üOMG) hesablanır. üOMG kredit sisteminin əsas atributlarından biridir. Bu göstərici avtomatik olaraq virtual universitetin köməyi ilə hesablanır. Bütün bu yeniliklər tyutorların xüsusi səyi nəticəsində həyata keçirilmişdir. Məhz kredit sisteminə aid ilkin əsas məlumatları, eyni zamanda Boloniya prosesi, biliyin qiymətləndirilməsi, virtual universitetdən istifadə qaydaları və s. haqqında ətraflı məlumatları tələbələrə tyutorlar aşılayırlar. Onu da qeyd edim ki, bu ildən bütün ixtisaslar üzrə “Tədris Planları”, semestrlər üzrə dərs yükünün paylanmasını asanlıqla müəyyən etməyə və tələbələrin fənn seçimi ərizələrini təhlil etməyə geniş imkanlar yaradan “Fənlərin ixtisas və semestr üzrə təsnifatı”, fənlərin kodlaşdırılmasını özündə əks etdirən “Fənlər reyestri” kimi sənədlər hazırlanmışdır. Bundan başqa, universitetdə tədris edilən bütün fənnlər üzrə sillabuslar hazırlanmışdır. Sillabuslar fənlər üzrə kursun təsviri və məqsədlərini, prerekvizitlərini, semestr ərzində keçiriləcək mövzuları, istifadə olunan mənbələri, tələbələrin biliyinin qiymətləndirilməsini, xüsusən də, fənnin mövzuları üzrə sərbəst işləri özündə əks etdirən vacib sənədlərdən biridir. Bütün bu prosesləri keyfiyyətli həyata keçirmək üçün yeni kadrlara ehtiyac olduğuna görə universitet daxilində daimi tyutor hazırlığı həyata keçirilir. Bu günlərdə Boloniya prosesinin tətbiqi ilə əlaqədar olaraq Təhsil Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Avropa İttifaqının beynəlxalq ekspertlər qrupu İqtisad Universitetində də olmuşlar. Təvazükarlıqdan uzaq olsa da, onlar universitetdə kredit sisteminin tətbiqi prosesini yüksək qiymətləndirərək demişlər: “Azərbaycan Dövlət İqisad Universiteti müasirliyi və təhsil sistemi ilə bizi çox təəccübləndirdi. Buradakı menecment prosesi, keyfiyyətin təmin olunması və ən əsası tələbələrin tyutor vasitəsilə idarə olunması müasir Avropa standartları səviyyəsində təşkil edilib. Hesab edirik ki, İqtisad Universitetini kredit sisteminin tətbiq edilməsi sahəsində ölkənizdə baza kimi götürmək olar.”
- Elm və ali təhsil haqqında qanunların hazırlanması ilə bağlı yeniliklər nədən ibarətdir? Bu qanunların qəbulu sadalanan problemlərin həllinə nə dərəcədə kömək edə bilər?
- Məlumunuz olduğu kimi, “Təhsil haqqında” Qanun çərçivə qanunu olduğu üçün təhsilin ayrı-ayrı pillələri və səviyyələri üzrə bir sıra sahəvi qanunların da qəbul edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, “Təhsil haqqında” Qanunun qəbulundan dərhal sonra “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin hazırlanması məqsədilə Milli Məclisin Elm və təhsil komitəsinin nəzdində müvafiq İşçi Qrupları yaradılmışdır. Hazırda hər iki qanunun ilkin layihəsi hazırdır və onların Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur. Əsas məqsədi Azərbaycan elminin inkişafını sürətləndirmək olan “Elm haqqında” qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin təmin olunmasına xidmət edəcəkdir. Qanun layihəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması və s. bu kimi məsələlər təsbit edilmişdir. Elmin nəticəliliyinin yüksəldilməsi, Azərbaycan elminin dünya elmindəki çəkisinin artırılması və elmi yeniliklərin praktikada tətbiqinin genişləndirilməsi sözügedən qanun layihəsinin ən ümdə keyfiyyətləri kimi qeyd oluna bilər. “Ali təhsil haqqında” qanun layihəsi də öz növbəsində sahəvi qanun olmaqla ali təhsil sferasında olan münasibətlərin tənzimlənməsi üçün hüquqi baza rolunu oynayacaqdır. Qanun layihəsi “Təhsil haqqında” Qanunda müəyyən edilmiş ümumi prinsiplərdən çıxış etməklə ali təhsilin təşkili və idarə olunması sistemini, ali təhsilin hər bir səviyyəsində (bakalavriat, magistratura və doktorantura) tədrisin təşkili və səviyyələr arasında üzvi bağlılığın təmin olunması mexanizmini, ali təhsil müəssisələrinin hüquqi statusunu, ali təhsilin yeni maliyyələşdirmə sistemini, ali təhsil müəssisələrində elmlə tədrisin effektiv vəhdətinin bərqərar olunmasını müəyyən edir. Ali təhsilimizin Boloniya prosesinin tələblərinə tam uyğunlaşdırılması və ali məktəblərimizin dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması baxımından bu qanun mühüm əhəmiyyət kəsb edir.
- Məlum olduğu kimi, təhsilin inkişafı ilə bağlı xeyli sayda dövlət proqramları icra olunur. Sizcə, proqramlar yolu ilə islahatlar bu sahədə hansı nəticələr verir?
- Dünya təcrübəsi göstərir ki, sistemli islahatların həyata keçirilməsi prosesində proqram-məqsədli yanaşma ən effektiv üsullardan biridir. Təkmilləşdirilməsi, yaxud keyfiyyətcə yenidən qurulması istənilən sosial-iqtisadi münasibətlər kompleksinin mahiyyət mürəkkəbliyi, çoxşaxəliliyi və çoxlaylılığı onarın aydın konturları və hədəflənən konkret məqsədləri olan altsistemlərə bölünməsi zəruriliyini ortalığa qoyur. Yalnız bu halda islahatların sistemlilik keyfiyyətinə nail olmaq və alınan nəticələrin effektivliyini təmin etmək mümkündür. Kifayət qədər mürəkkəb konfiqurasiyaya malik olan təhsil sferasında isə ümumiyyətlə proqram-məqsədli yanaşma alternativi olmayan üsul kimi çıxış edir. Proqram-məqsədli yanaşmadan gözlənilən nəticələrin gerçək məzmun daşımaması yalnız bir halda - proqramlararası koordinasiyanın və tənzimlənmənin kifayətedici səviyyədə olmadığı şəraitdə mümkündür. Hal-hazırda təhsil sferasında 14 dövlət proqramı uğurla həyata keçirilməkdədir. Apardığımız hissəvi ümumiləşdirmələr göstərir ki, təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən bu proqramların reallaşdırılması prosesi təhsil sisteminin keyfiyyətcə yeniləşməsində əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan vermişdir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

