Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ səfiri niyə gerçəklər barədə bixəbərlər kimi danışır?

ABŞ səfiri niyə gerçəklər barədə bixəbərlər kimi danışır?

10.08.2024 [11:10]

Mübariz FEYİZLİ

Postmüharibə mərhələsində Ermənistan və bu ölkənin Qərb havadarlarının məkrli planların reallaşdırılmasına hesablanan koordinasiyalı fəaliyyətləri Cənubi Qafqaz coğrafiyasında yeni təhlükə riskləri yaradır. Məğlub Ermənistanın havadarlarının dəstəyi ilə sürətlə silahlanmasının, hərbi xərclərini artırmasının başqa izahı yoxdur. Bununla belə, Ermənistan hakimiyyətinin və Qərb dairələrinin təmsilçiləri müxtəlif manipulyasiyalara əl atmaqla, absurd açıqlamalar verməklə diqqəti əsas məsələdən yayındırmağa və beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar.

ABŞ səfirinin “çoxbilmişliyi” əks effekt yaradır

Bu günlərdə  Caliber.az saytı sensasiya sayıla biləcək bir xəbər yayıb. Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır. 

Mahiyyət etibarı ilə söhbət çox ciddi məsələdən gedir. Nəzərə alsaq ki, Caliber.az saytı ciddi nəşrdir və xəbərlərini bir qayda olaraq etibarlı mənbələrə istinad etməklə yayır, onda okeanın o tayından Ermənistana silah daşınması narahatlıq doğurmaya bilməz. Hazırda Cənubi Qafqaz həssas bir dönəmdən keçir. O cümlədən Azərbaycanla Ermənistan arasında müharibə cəmi bir neçə ildir ki, bitib və hələ sülhyaratma prosesi yekunlaşmayıb. Məğlub dövlətin yerinə yetirməli olduğu mühüm şərtlər var. Bu reallıq Ağ Evə də yaxşı məlumdur. Onu da xüsusi olaraq vurğulayaq ki, ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa can atan dövlətlərdən biridir. Belə olan halda ABŞ rəsmilərinin Caliber. az-ın   yaydığı xəbərə ilkin mənbə kimi ciddi münasibət bildirmələri və ətraflı izahat vermələri gözləniləndir.

ABŞ-nin  Ermənistandakı səfiri isə bununla bağlı news.am saytına açıqlamasında ona verilən sualdan yayınaraq başqa məsələlərdən danışıb, necə deyərlər, söz oyunu ilə baş qatmaq istəyib. Beləliklə də, ictimaiyyətə təqdim olunan fakt kənarda qalıb. “İyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”, - deyə səfir açıqlamasında bildirirb. 

Burada söhbət əlbəttə ki, Ermənistan- ABŞ hərbi təlimlərindən deyil, Ermənistana gizli yolla 2 təyyarədə silah-sursat daşınmasından gedir. Silah daşınması ilə bağlı yayılan xəbərdə ABŞ səfirinin cavabında qeyd olunan təlimlərdən bəhs edilməyib. Səfir isə mövzudan yayınaraq “təlimləri” şərh edir. Bu isə onu göstərir ki,  ABŞ-nin səfirinin faktlar qarşısında deyəcəyi söz yoxdur.  

Əslində, səfir məlumatlı və ölkəsinin xarici siyasətinin bütün incəliklərini yaxşı bilən şəxsdir. Sual da ona məhz buna görə ünvanlanıb. Ancaq sən demə, Ağ Evin İrəvana göndərdiyi səfiri silahlanma, silah tədarükü ilə hərbi təlimlər mövzularını qarışdıracaq, onların mahiyyətini təhrif edcək birisi imiş. Əlbəttə, burada səfirin erudisiyası barədə yox, ona ünvanlanan sualı məqsədli şəkildə manipulyasiya etməsi ilə bağlı mülahizələr yürütmək lazım gəlir. Aydın şəkildə görünür ki, səfir ona ünvanlanan sualdan, mövzudan şüurlu olaraq yayınır və sirr vermək istəmir. Səfir çox məmnuniyyətlə “belə bir fakt yoxdur, sübutlar göstərilsin” deyərdi. Bunu da deyə bilmir. Çünki ortada ictimailəşən faktlar var. Belə olanda isə çıxış yolu qalır, məsuliyyəti öz üzərindən kənara atmağa və iz azdırmağa. Lakin səfirin bu “çoxbilmişliyi” əks effekt yaradaraq mövzuya ictimai marağı daha da artırır.

Aprel görüşündən sonra Ermənistana intensivləşən hərbi dəstək

Kollektiv Qərbin münaqişənin bütün tarixi boyunca, o cümlədən də postmüharibə mərhələsində Ermənistana hərtərəfli dəstək verdiyi hər kəsə yaxşı məlumdur. Məğlub ölkənin silahlanmasına gəldikdə isə bu proses cari ilin aprelində Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra daha da intensivləşib. Azərbaycan bu görüşdə iştirak etməyib və aparılan müzakirələrlə bağlı narahatlığını bildirib. Həmin ərəfədə rəsmi Bakını inandırmağa çalışırdılar ki, üçtərəfli formatda aparılan müzakirələr Azərbaycana qarşı yönəlməyib. Xatırladaq ki, Brüssel görüşünə iki gün qalmış Antoni Blinken, bir gün qalmış isə Ursula Fon der Lyayenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək bir növ ölkəmizin narahatlığına son qoymağa çalışmışdılar. Lakin əlbəttə ki, telefon zənglərində və sonradan görüş barədə yayılan məlumatlarda pərdəarxası məqamlardan bəhs edilməmişdi. Sonrakı proseslər təsdiqlədi ki, Bakı narahatlığında yanılmayıb, Brüssel görüşündə Ermənistana hərbi dəstəyi də özündə ehtiva edən razılaşmalar əldə olunub.

Artıq son gəlişmələr sirlərin üstündən pərdələri yana çəkir. Dildə “sülhə hazırıq”, “bir ay müddətində sülh sazişini imzalaya bilərik” deyən  Nikol Paşinyanın ölkəsini silahlanma yoluna çəkdiyi göz önündədir. Ermənistanın hərbi büdcəsini artırmasını, Hindistandan, Fransadan öldürücü silahlar almasının məntiqi izahı ondan ibarətdir ki, bu ölkə yeni müharibəyə hazırlaşır və yaxud buna təhrik edilir. 

Müşahidə edilən odur ki, ABŞ Ermənistanın hərbi potensialının bərpasında və onun müqavimət gücünün artırılmasında təşəbbüsü öz əlinə almağa çalışır. Yada salaq ki, ABŞ-nin dünya üzrə ən böyük səfirliyi məhz Ermənistanda fəaliyyət göstərir. Birgə təlimlər barədə yuxarıda bəhs etdik. Həmçinin ABŞ mütəxəssisi Ermənistan Müdafi Nazirliyində işə qəbul olunub. Okeanın o tayından bu ölkəyə çoxsaylı hərbiçilər göndərilib, hərbi məqsədlər üçün maliyyə ayrılacaqğı vədləri verilib. Başqa faktlar da sadalamaq mümkündür. Bütün bunlar Ağ Evin Ermənistanda mövcudluğunu təmin etməkdən ötrü daha əhatəli planlarının olmasından xəbər verir.

Bəs supergüc dövlət olan ABŞ nə üçün məğlub, hər cəhətdən potensialı zəif olan Ermənistanla siyasi-hərbi  əməkdaşlığı genişləndirməkdən ötrü canfəşanlıq göstərir? Kiçik Ermənistanın böyük ABŞ üçün önəmi nədir? Bunun əsasən üç səbəblə şərtləndiyi fikrini ifadə edə bilərik.

Qərbin Cənubi Qafqazda hərbi mövcudluğunu onun üzərindən təmin etməsinə “yaşıl işıq” yandıran Ermənistanın Qərblə yeni formatda əməkdaşlıqdan qazancı dağılmış ordusunu bərpa etmək olur. Hazırda Ermənistanın 44 günlük müharibədə itirdiyi hərbi texnikanı yenidən tədarük etmək imkanları məhduddur. N.Paşinyan və komandası haqqın yolunu Qərbin bölgə ilə bağlı planlarında yer almaqda görür.

İkinci səbəb kimi, getdikcə gərginləşən ABŞ-Rusiya münasibətlərini göstərə bilərik. Rəsmi Vaşinqtonun regionda Rusiyanın mövqelərini zəilətmək və bunun əvəzində öz mövcudluğuu gücləndirməklə bağlı planları var. Ağ Evin bu planı Azərbaycan üzərindən reallaşdrmaq perspektivi yoxdur. Çünki rəsmi Bakı müstəqil siyasət kursuna malikdir və regional əməkdaşlıq ideyasından çıxış edir. Fürsətcil Ermənistan isə başı üzərindəki çətiri hər zaman dəyişməyə hazır olan forpost ölkədir.

ABŞ-nin Ermənistan üzərindən həyata keçirmək istədiyi digər bir plan qonşu İrana qarşıdır. Hazırda İran Vaşinqtonun sərt sanksiyaları altındadır və bu qadağalar səbəbindən öz resurslarını xarici bazarlara çıxartmaqda böyük çətinliklərlə üzləşir. Yaxın Şərqdə baş verənlər, həmçinin HƏMAS müqavimət hərəkatının sabiq liderinin Tehranda öldürülməsi fonunda yaranan situasiya Ağ Evin İranla bağlı siyasətində daha sərt ritorikaya keçməsini zəruri hala gətirib. Heç şübhəsiz ki, şərait tələb etdikdə  Ermənistan ərazisi ABŞ üçün İrana qarşı lazımi əməliyyatların həyata keçirilməsi üçün plasdarm qismində istifadə olunacaq.

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30