Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP ölkəmizdə ən mütəşəkkil siyasi təşkilatdır

YAP ölkəmizdə ən mütəşəkkil siyasi təşkilatdır

14.11.2012 [01:44]

Yeni Azərbaycan Partiyası (YAP) 1990-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. O dövrdən başlanan iqtisadi, siyasi, xüsusilə, dövlət hakimiyyəti böhranı, həmçinin, həmin illərdə Azərbaycanda rəhbərliyə gətirilən səriştəsiz, milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər etmək və əhalinin rifahını təmin etmək əvəzinə öz hakimiyyətlərini qorumaq uğrunda mübarizə aparmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Ölkəni bürüyən total böhran AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından daha da dərinləşmişdi.
1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə müstəqillik əldə edən respublikamızda 1992-ci ildə zor gücünə, xalqın deyil, silahların iradəsi altında hakimiyyətə gələn təsadüfi şəxslərin “sayəsində” ölkəmiz yenidən təhlükələrlə baş-başa qaldı. Ermənistanın ölkəmizə qarşı elan edilməmiş müharibəsi, daxili separatçı qüvvələrin ölkəni regionlara bölməsi və yerlərdə hakimiyyəti ələ alması həm xalqın, həm də dövlətin gələcəyini sual altına qoymuşdu.
1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında Azərbaycanda yaranan vəziyyət, müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi, sabitliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıdırdılar. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqın sağlam qüvvələri, həmçinin, ziyalılar böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci ilin oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu öndər Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı.
Tarixdə hər bir xalqın taleyində həlledici rol oynayan xilaskar olur. Ulu öndər Heydər Əliyev xalqının taleyini xilas edən, dövlətini qoruyan, inkişaf etdirən, uçurumda olan bir Azərbaycanı dirçəldən liderdir. 1993-cü ilin iyun ayında Azərbaycan xalqı artıq vəziyyətin ən son həddə gəlib çatdığını, yalnız bir çıxış yolu olduğunu görürdü. Bu çıxış yolu isə, dövrünün ən böyük siyasətçilərindən biri, dahi, fenomenal siyasi biliyə malik, XX əsrin ən görkəmli siyasi və dövlət xadimi, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin yaşamasını istəyən insanlar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. İyunun 15-də isə Heydər Əliyev Azərbaycan parlamentinin Sədri seçildi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, həmin dövrdən etibarən Azərbaycanın dirçəliş dövrü başladı.
Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP bu gün ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır. Cəmiyyətin ən müxtəlif sosial təbəqələrini sıralarında birləşdirən partiyanın ictimai-siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, beynəlxalq nüfuzu artır. Partiya üzvlərinin təxminən 40 faizinin gənclərdən ibarət olması onun böyük siyasi gələcəyindən və inkişaf potensialından xəbər verir. Eyni fikirləri YAP sıralarında birləşən qadınlar haqqında da demək mümkündür. Partiya fəaliyyətinin ən konkret və dərin məzmunlu yekununu möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəyərləndirmiş və YAP-ın 15 illik yubiley mərasimində gələcək hədəfləri müəyyənləşdirərək demişdir: “Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqından bizə verilən dəstək bizi gücləndirir və bizim məsuliyyətimizi də artırır. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti öz üzərimizə götürmüşük. Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Nəsillər gəlirdi, gedirdi, ölkəmiz müstəqil deyildi. Başqa ölkələrin tərkibində yaşayırdı. Böyük sərvətdir, böyük xoşbəxtlikdir ki, biz, indiki nəsil bu müstəqilliyi görürük. Azərbaycan xalqı azaddır. Azərbaycan bayrağı bütün beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda dalğalanır. Biz azadıq, biz müstəqilik, biz güclü Azərbaycan yaradırıq, güclü dövlət qururuq. Mən bu dövlət quruculuğunda Yeni Azərbaycan Partiyasının rolunu çox yüksək qiymətləndirirəm. Əlbəttə ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik. İndi biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, səma aydındır, üfüqlər açıqdır və biz irəli gedirik”.
Əldə edilən bu uğurlar isə onu deməyə əsas verir ki, Ümummilli liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz xaosdan xilas olub, sabitliyə, inkişafa qədəm qoyub və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı bölgənin güclü, qüdrətli, zəngin ölkəsinə çevirməklə rifaha doğru inamla aparmaqdadır. Məhz bunun nəticəsidir ki, bu gün hakimiyyətlə xalqın vəhdəti yaranmışdır və YAP bu birliyin parlaq ifadəsidir.
Azər Süleymanov
YAP Nəsimi rayon təşkilatı aparatının rəhbəri, Tarix elmləri üzrə fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 1799 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30