Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Amnesty İnternational”ın əsl siması üzə çıxdı

“Amnesty İnternational”ın əsl siması üzə çıxdı

23.01.2013 [01:18]

Almaniyanın tənqidindən qəzəblənən “Amnesty İnternational” üçün insan haqlarını qorumaq imperialist dairələrə tabe olmadan öz iradəsi ilə hərəkət edən Azərbaycan kimi ölkələrə əsassız ittihamlar irəli sürmək, uydurma nöqsanlara görə tənqidlər yağdırmaqdan ibarətdir
Yanvarın 21-də Brüsseldə “İnsan haqları uğrunda” İctimai Birliyinin “Avropanın çöküşü, yaxud Avropa dəyərlərinin böhranı” adlı layihəsinin təqdimatı keçirilib. “haqqin.az” saytının yaydığı məlumata görə, təqdimatda Brüssel ictimaiyyətinin nümayəndələri, ATƏT və digər beynəlxalq təşkilatlardan olan nümayəndələr iştirak ediblər. Tədbirdə Birliyin sədri, jurnalist E.Fətullayevlə yanaşı, “Frankfurtu işğal et” hərəkatının lideri Tomas Pilç, Almaniyadakı Türk cəmiyyətinin prezidenti Kenan Kolat, Beynəlxalq Media İnstitutunun Avrasiya proqramının direktoru Stiven Ellisin çıxışları olub. Məruzəçilər öz çıxışlarında Almaniyada fundamental insan haqlarının, o cümlədən, milli azlıqların hüquqlarının, sərbəst toplaşma və söz azadlıqlarının pozulması məsələlərinə toxunublar. Çıxışçılar Almaniya hökumətinin fəaliyyətini sərt tənqid edərək cəmiyyəti mövcud özbaşınalıq və zorakılıqlara münasibətdə səssiz qalmamağa çağırıblar.
“Amnesty İnternational”ın qeyri-adekvat reaksiyası
Qeyd edək ki, hesabatın təqdimatından dərhal sonra “Amnesty İnternational” təşkilatı jurnalist E.Fətullayevlə əməkdaşlığa son qoyması ilə bağlı bəyanat dərc edib. “Qafqazinfo”nun yaydığı xəbərə görə, təşkilat iddia edir ki, Fətullayevin Almaniya haqqında layihəsi Azərbaycanın insan haqları pozuntuları barədə Avropadan gələn tənqidi zəiflətmək üçün Azərbaycan hökuməti tərəfindən istifadə edilir. Bəyanatda qeyd olunub ki, Eynulla Fətullayev təşkilatın işçilərini və onun layihəsinə cəlb olunan digər şəxsləri qəsdən aldatmağa cəhd göstərib.
Saytın yazdığına görə, təşkilatın bəyanatı ilə bağlı Eynulla Fətullayev cavabında deyib: “Bu bəyanat “Amnesty”nin özü üçün çox təhlükəli bir presedentə çevrildi. Artıq tənqidə icazə verilməyən dövlətlərin dairəsi cızılır və bu, beynəlxalq hüquq-müdafiə hərəkatı üçün ciddi bir siqnaldır. Belə çıxır ki, Qərb dövlətlərini tənqid etmək olmaz və onlar toxunulmazdır”.
“Bu bəyanatı sifarişli və tənqiddən kənar dövlətlərin immunitetini qorumaq məqsədilə yayılan bəyanat kimi qiymətləndirirəm”, - deyən E.Fətullayev təqdimatın baş tutmaması üçün ona Avropadan nüfuzlu şəxslərin təsir göstərməyə çalışdığını söyləyib.
Maliyyə məsələlərinə gəlincə, jurnalist bu barədə deyib: “Bütün Fondlardan aldığım qrant layihələrinin siyahısı göz önündədir. Digər tərəfdən, mən “Amnesty”dən maliyyə qaynaqlarını açmağı tələb edə bilərəm. Bir dəfə soruşmuşam - dedilər ianələrdi. Fəqət bu ianələri verən kimlərdir?”
“Hesab edirəm ki, bu bəyanat səhv bir addım oldu və təşkilatın bir çox dövlətlərdə monitorinqinə zərbə vuracaq. Sual olunacaq - Siz niyə Almaniyada monitorinqin aparılmasının əleyhinəsiz? Onda bizi niyə yoxlayırsız?”, - deyə E.Fətullayev cavabında bildirib.
“haqqin.az” saytında yer alan məlumatda isə E.Fətullayev “Amnesty İnternational”ın bəyanatının Avropa dəyərlərinin fəlsəfəsinə zidd olduğunu söyləyib: “Bundan sonra bu təşkilat hansı mənəvi haqla digər ölkələrə nəyi necə etməyi göstərəcək? Onlar hətta bir tənqidə də dözmədilər”.
Xatırladaq ki, “Amnesty İnternational” illərdir ki, E.Fətullayevlə sıx əməkdaşlıq edib, jurnalist fəaliyyətinə görə hətta onu mükafatlarla da təltif edib. Bəs belə olan halda, təşkilatın birdən-birə E.Fətullayevə düşmən kəsilməsinə səbəb nədir?
“Amnesty İnternational”ı bu qədər narahat edən nədir?
Qeyd edək ki, www.thedecline.info saytında jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu İctimai Birliyin hazırladığı hesabat və “youtube” portalında yerləşdirilmiş “The decline of Europe” (“Avropanın çöküşü”) sənədli filminin videosu əksini tapıb. 6 hissədən ibarət olan hesabatın birinci hissəsi Almaniyada multikulturalizmin böhranını faktlar əsasında ortaya qoyur. Hesabatda Almaniyada multikulturalizmin iflası və özünü doğrultmaması ilə bağlı kansler Angela Merkelin öz çıxışlarına istinad edilir. Həmçinin, Almaniyada ksenofobiya, islamafobiya və faşizmi təbliğ edən kitabların müəlliflərinin hakimiyyət dairələrində müdafiə edilməsi, sayları sürətlə artan neo-nasistlərin, irqçilərin əməlləri və hüquq-mühafizə orqanlarının törədilən cinayətlərə etinasız yanaşması faktları əksini tapıb.
Hesabatın ikinci hissəsi Almaniyadakı korrupsiya hallarına həsr olunub. Hesabatda göstərilir ki, hökumətin yol verdiyi korrupsiya halları əhalidə narazılıq yaratdığı kimi, Avropa Şurası tərəfindən də pislənilib: “Almaniyanın Federal Cinayət Polisi İdarəsi tərəfindən yayılan məlumatlara görə, təkcə 2007-ci ildə, Avropa Şurası tərəfindən vəziyyətin təhlil edilməsinə dair qərar qəbul edilməsi ərəfəsində ölkədə vəzifəli şəxslərin pulla ələ alınması faktları ilə bağlı 10 minə yaxın cinayət törədilib. Federal idarənin rəisi Yorke Tsirkenin sözlərinə görə, alman xəzinəsi bu iqtisadi cinayətlər ucbatından hər il təxminən 6 milyard avro itirir”.
İfadə azadlığının pozulması problemindən bəhs edən üçüncü hissədə Almaniyada söz azadlığına yaradılan məhdudiyyətlər, KİV üzərində sərt nəzarət, sifarişli yazıların dərc olunması məsələlərinə toxunulur. Almaniya Hüquq Müdafiə İttifaqının hesabatına görə, bu ölkənin 5 iri federal torpağı öz parlamentlərində informasiya azadlığı haqqında qanunun qəbul edilməsini indiyə qədər də əngəlləyir. Hesabatda KİV-lərə göstərilən təzyiqlərin, maliyyə sanksiyalarının arxasında siyasi motivlərin dayanması faktlarla ortaya qoyulub.
Almaniyanın məhkəmə və penitensiar sistemlərinin fəaliyyətində, həmçinin, ölkənin qanunvericilik praktikasındakı artmaqda olan problemlər və çatışmazlıqlar inkar edilməsi mümkün olmayan faktlar əsasında dördüncü bölmədə geniş əksini tapıb. Almaniya həbsxanalarındakı çoxsaylı işgəncə və amansız rəftar halları bu ölkədə insan haqlarının qorunması ilə bağlı çox ciddi problemlərin olduğunu göstərən həqiqətlərin sadəcə kiçik bir hissəsidir.
Almaniya hökuməti, eləcə də, “Amnesty İnternational” təşkilatının başqa dövlətlərin daxili işlərinə qarışmaq üçün tez-tez bəhanə kimi istifadə etdikləri “etiraz aksiyalarının dağıdılması zamanı əsassız güc tətbiqi” ittihamı ilk növbədə, elə bu ölkə rəhbərliyinin özünə yönəldilməlidir. Sözügedən hesabatın beşinci hissəsi məhz Almaniyada keçirilən dinc nümayişlərin və etiraz aksiyalarının dəbilqəli, dəyənəkli polislər tərəfindən amansızlıqla yatırılması, yaşlı qadınların belə rüsvayçı şəkildə döyülməsi faktları və həmin mənzərələri əks etdirən fotoşəkillər yer alıb. Halbuki, Almaniya və Qərbin digər aparıcı dövlətlərindəki aksiyalarda çəkilən belə şəkillər nədənsə, nüfuzlu transmilli media orqanlarında çox zaman göstərilmir.
Hesabatın altıncı hissəsində Almaniyada miqrantların cəmiyyətə inteqrasiyasının çətinliyinin əsas səbəbi kimi təhsil sahəsindəki problemlər göstərilir. Hesabatdan məlum olur ki, təhsil həm də Almaniyada sosial təbəqələşməni, varlılar ilə yoxsullar arasındakı fərqin artmasını ən qabarıq şəkildə göstərən sahədir. Bir vaxtlar hörmətə layiq olan alman təhsil sisteminə tənqidlər artmaqadır. Son illərdə bu ölkədə etnik kimliyi, sosial statusu, miqrant olması səbəbindən təhsildən kənarda qalanların sayı çoxalır.
Təqdim olunan sənədli filmdə də Almaniyada korrupsiya və insan haqlarının pozuntusu ilə bağlı bir çox üstüörtülü məqamlara aydınlıq gətirilib. Belə ki, xarici işlər naziri Vestervellenin Berlin aeroportunun tikintisinə ayrılmış milyonlarla vəsaitin oğlan məşuqunun şəxsi biznesinə yönəltməsi şok effekti doğurub. Təsadüfi deyil ki, aeroportun tikintisi 2015-ci ilə qədər təxirə salınıb və hətta hökumətin istefasına gətirib çıxara bilər.
Beləliklə, hesabatda müasir Almaniya cəmiyyətinin siyasi elitasından cəmiyyətin ən aşağı təbəqələrinədək olan hissəsində insan haqlarının vəziyyəti ilə bağlı problemlər əksini tapıb. Təsadüfi deyil ki, təqdimatda göstərilən faktlar tədbir iştirakçıları arasında şok effekti yaradıb.
İmperializmin “muzdlu döyüşçüləri”
E.Fətullayevin rəhbəri olduğu qurumun hazırladığı hesabatın “Amnesty İnternational” təşkilatı tərəfindən aqressiya ilə qarşılanması bir çox mətləblərdən xəbər verir. Bu, onu göstərir ki, başqa dövlətlərdə daim qüsur, xəta axtaran təşkilat müəyyən qrup dövlətləri toxunulmaz ölkələr kimi müəyyənləşdirib və həmin dövlətlərdə insan haqlarının pozulması hallarına ya göz yumur, ya da problemlərə ötəri şəkildə toxunmaqla həmin ölkənin imicinə zərər vuracaq səviyyədə tənqiddən çəkinir. Belə olan halda, jurnalist E.Fətullayevi “hakimiyyətin sifarişlərini yerinə yetirmək”də ittiham edən “Amnesty İnternational”ın özünə eyni sualı ünvanlamaq lazım gəlir. Məsələyə təşkilatın öz məntiqi ilə yanaşsaq, belə çıxır ki, Almaniyadakı çatışmazlıqları ortaya qoyan bir hesabata qarşı çıxan “Amnesty İnternational” Almaniya hökumətinin sifarişlərini yerinə yetirməklə məşğuldur. Bu bir daha onu göstərir ki, bu təşkilat yalnız hədəfə aldığı dövlətlərdə insan haqlarının vəziyyəti ilə “maraqlanır”. “Amnesty İnternational” üçün insan haqlarını qorumaq Azərbaycan kimi müstəqil siyasət yürüdən, imperialist dairələrə tabe olmadan öz iradəsi ilə hərəkət edən ölkələrə əsassız ittihamlar irəli sürmək, uydurma nöqsanlara görə tənqidlər yağdırmaqdan ibarətdir.
Ümumiyyətlə, “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch” kimi “insan haqları təşkilatları”nın fəaliyyətinin gerçək mahiyyəti çoxdan bəllidir. Bu qurumlar imperializmin əlində istismarçı vasitəyə çevrilərək ayrı-ayrı dövlətlərə qarşı təzyiq qrupları kimi istifadə olunur. Bu təşkilatlar üçün “insan haqları”, “azadlıq”, “ədalət”, “demokratiya”, “bərabərlik” anlayışları sadəcə olaraq öz fəaliyyətlərinin əsl mahiyyətini gizlətmək və manipulyasiya məqsədilə istifadə olunur. Halbuki, qlobal səviyyədə fəaliyyət göstərən bu təşkilatların qeyri-səmimi və qeyri-ciddi fəaliyyəti, sadalanan prinsiplərə göstərdikləri hörmətsizlik ən ali insani dəyərləri gözdən salmağa xidmət edir. Müəyyən geosiyasi məkanlara nəzarət uğrunda mübarizə aparan güclərin və dövlətlərin neo-imperialist maraqlarına qulluq edən “Amnesty İnternational”, “Freedom House” və “Human Rights Watch” kimi təşkilatların hazırladıqları hesabatlar, yaydıqları bəyanatlar heç bir mənəvi, hüquqi dəyər daşımır.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30