Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “QHT-hökumət dialoqunun gücləndirilməsi” mövzusunda tədbir keçirilib

“QHT-hökumət dialoqunun gücləndirilməsi” mövzusunda tədbir keçirilib

30.05.2013 [03:58]

Azərbaycan Milli QHT Forumu bu ilin aprel ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT sektorunun inkişafı məqsədi ilə ictimai müzakirələrin təşkili” adlı layihə həyata keçirir.
AzərTAc xəbər verir ki, mayın 29-da Beynəlxalq Mətbuat Mərkəzində layihə çərçivəsində “QHT-hökumət dialoqunun gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Layihənin məqsədi QHT sektorunu və vətəndaş cəmiyyətini narahat edən məsələlərlə əlaqədar ictimai müzakirələrin təşkil edilməsindən və bu müzakirələrdə QHT, media, əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakının təmin olunmasından, ictimai sektorun gücləndirilməsindən, açıq və elektron hökumətin təbliği sahəsində səmərəli fəaliyyət göstərilməsindən ibarətdir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra hüququ dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində inamlı addımlar atılıb. Hələ 1997-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə BMT və Azərbaycan hökuməti arasında memorandum imzalanıb və bu sazişə əsasən QHT-lərə yardım edilib, 1999-cu ildə milli QHT Forumu təsis olunub. Bununla Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda yeni mərhələ başlanıb. 2000-ci ildə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması, 3800-dək QHT-nin qeydiyyata alınması vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verib.
R.Zeyni deyib ki, ötən illər ərzində həm Bakıda, həm də regionlarda QHT-lərin bilik və bacarıqlarının artırılması, onların inkişaf proqramlarının həyata keçirilməsi, geniş layihələrin reallaşdırılmasına dövlət tərəfindən geniş dəstək göstərilib. Vurğulanıb ki, milli maraqların müdafiəsi, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan QHT-ləri əhəmiyyətli layihələr həyata keçiriblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, QHT-lər ölkə siyasətinə alternativ fəaliyyət ortaya qoyan qurumlardır.
Şöbə müdiri bildirib ki, Azərbaycanda fəaliyyət göstərən 600-dən çox QHT-lərin qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsi böyük əhəmiyyət kəsb edir. 2013-cü il prezident seçkilərinin də tam şəffaf, demokratik keçəcəyinə əminliyini vurğulayan Əli Həsənov bildirib ki, qarşıdakı seçkilərdə Prezident İlham Əliyevin Azərbaycan xalqı tərəfindən dəstəklənməsi və qalib gəlməsi artıq heç kəsdə şübhə doğurmur.
Əli Həsənov diqqətə çatdırıb ki, hətta daxili dəyərləndirmələri kənara qoyaraq Avropa İttifaqının Avropa Komissiyasının nəzdində fəaliyyət göstərən qurumun keçirdiyi sorğunun nəticələrinə diqqət yetirsək buna bir daha əmin olarıq. Həmin sorğunun nəticələrinə əsasən, səsvermə hüququ olan ölkə vətəndaşlarının 92 faizi Azərbaycan hökumətinin fəaliyyətindən ümumən razıdır. Bu isə o deməkdir ki, Azərbaycan seçicisi 2013-cü ildə keçiriləcək seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bizim buna şübhəmiz yoxdur. Lakin məlum prosedurlar vardır ki, biz onları həyata keçirməliyik. Azərbaycan demokratik dövlətdir. Bu baxımdan ölkəmizdə 2013-cü il prezident seçkiləri də demokratik əsaslarda keçiriləcək, tam şəffaf olacaq, insanlara öz iradəsini sərbəst şəkildə ifadə etmək şəraiti yaradılacaq.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri deyib ki, vətəndaş cəmiyyətləri institutlarının böyük hissəsi İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi və dəstəklənməsi ilə bağlı bəyanatlar verir, qərarlar qəbul edirlər. QHT-lər, gənclər, veteranlar, uşaq təşkilatları və digər qurumlar tərəfindən İlham Əliyevin namizədliyinin dəstəklənməsi, sözün həqiqi mənasında vətəndaşların dövlətimizin başçısının fəaliyyətinə verdikləri dəyərdir. Bu bir daha sübut edir ki, Prezidentimiz ümumxalq dəstəyinə layiqdir və uğurlu siyasət həyata keçirən dövlət başçısıdır. Dövlət başçısı, siyasətçi üçün bundan yüksək dəyər ola bilməz.
Əli Həsənov Azərbaycan dövlətinin QHT-lərə dəstəyini yüksək qiymətləndirib. O, müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərə maliyyə yardımının ayrıldığını vurğulayıb. Bildirib ki, QHT-lərin Prezidentimizin namizədliyinin dəstəklənməsi haqqında bəyanatlarını da yüksək qiymətləndiririk və bunu vətəndaş cəmiyyəti institutlarının Azərbaycanın dövlət başçısının apardığı uğurlu siyasətə dəstəyi kimi dəyərləndiririk.
Prezident Administrasiyasının şöbə müdiri bəzi beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarının Azərbaycan ilə bağlı qərəzli mövqelərinə də toxunub. Bildirib ki, hazırda beynəlxalq aləmdə insan hüquqları ilə məşğul olan bəzi QHT-lərin Azərbaycana münasibəti sırf subyektiv xarakter daşıyır. Onların dəyərləndirmələri, metodologiyaları doğru deyil. Xüsusilə onların Azərbaycanla bağlı dəyərləndirmələri bizi qane etmir. Çünki onlar öz dəyərləndirmələrində düzgün metodologiyaya söykənmirlər. Bir qayda olaraq onların Azərbaycanla bağlı açıqlamalarının əksəriyyəti obyektivlikdən kənar mahiyyət daşıyır.
Tədbirdə QHT-lərin rəhbərləri çıxış edərək ölkəmizdə bu sahənin inkişafı üçün görülən işlərdən danışıb, öz təkliflərini bildiriblər.
Tədbir iştirakçıları qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi və dəstəklənməsi haqqında bəyanat qəbul ediblər.
Sonda bir qrup QHT üzvünə səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim olunub.

Paylaş:
Baxılıb: 1065 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30