Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sumqayıt-Abşeron bölgəsinin dindarları qarşıdakı prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər

Sumqayıt-Abşeron bölgəsinin dindarları qarşıdakı prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər

23.08.2013 [09:15]

Avqustun 22-də Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə respublikanın Sumqayıt-Abşeron bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, regional konfrans dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmənin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi ilə keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Sumqayıtda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və tər güllər düzüblər.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib.
Regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu toplantının Azərbaycanın müxtəlif bölgələrində keçirilən analoji silsilə tədbirlərdən sayca altıncısı olduğunu diqqətə çatdırıb. Komitə sədri bu konfransın ölkəmizdəki dövlət-din münasibətlərinə müsbət təsirini diqqətə çatdırıb, mövcud dövlət-din münasibətlərindən ətraflı danışıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Son illərdə milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran natiq, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının artdığını bildirib. Vurğulayıb ki, Qafqazın ən qədim tarixə malik Şamaxı Cümə məscidi, Sumqayıt Cümə məscidi və digərləri yenidən əsaslı şəkildə bərpa edilərək dindarların ixtiyarına verilib, Şamaxı Cümə məscidinin açılış mərasimində dövlət başçısı şəxsən iştirak edib.
Elşad İskəndərov rəhbərlik etdiyi qurumun gündəlik fəaliyyətində dini icmalarla işin əsas prioritet olduğunu deyib. Bildirib ki, əsas məqsəd dini maarifləndirmənin gücləndirilməsi və düzgün istiqamətdə inkişaf etdirilməsidir. DQİDK-nın sədri diqqətə çatdırıb ki, son vaxtlar zərərli cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar. Biz bunu dünyanın müxtəlif ölkələrində görürük. Azərbaycanda bu istiqamətdə problem nəzərəçarpacaq dərəcədə olmasa da, biz bundan tam sığortalandığımızı da deyə bilmərik. Amma düzgün dini təbliğat, insanlara İslamın ali prinsiplərini mükəmməl formada çatdırmaq dini icmaların əsas vəzifəsidir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov DQİDK-nın bu təşəbbüsünü ölkəmizdə dini maarifləndirmənin gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirib. O, Sumqayıt Cümə məscidinin Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir olunması və dindarların istifadəsinə verilməsini xüsusi vurğulayıb.
Milli Məclisin deputatı Musa Qasımlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev son vaxtlar DQİDK-nın təşəbbüsü ilə keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Din xadimləri son bir ildə dini maarifləndirmənin genişləndirilməsi, dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin gücləndirilməsi və tolerantlıq ənənələrinin təbliğində həyata keçirilən kompleks tədbirlərdən danışıblar. Həmçinin vətənpərvərlik ruhunun gücləndirilməsində “Qazi Qarabağ azanı” layihəsini, dini maarifləndirmədə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və DQİDK-nın dəstəyi ilə “Axund və imamlar üçün xütbə vəsaiti”ni, ölkəmizdə tolerantlığın inkişafına xidmət edəcək Milli Tolerantlıq Mərkəzinin yaradılmasını xüsusi qeyd ediblər. Vurğulanıb ki, komitənin dini icmalar üçün təlim kursları təşəbbüsü dindarlar tərəfindən dəstəklənib.
Din xadimləri Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyiblər.
Konfrans iştirakçıları adından qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, bu gün xalqımız və dövlətimiz üçün böyük və ciddi əhəmiyyəti olan tarixi hadisə - prezident seçkisi ərəfəsindəyik. Seçkilərdə iştirak hər kəsin vətəndaşlıq borcudur. Lakin bu, dindar üçün həm vətəndaşlıq, həm də mənəvi borc deməkdir. Bu baxımdan dindarların cəmiyyətin önəmli təbəqələrindən biri kimi seçkilərdə daha fəal iştirakı zəruridir. Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində yürütdüyü siyasəti təqdir edən Sumqayıt-Abşeron bölgəsinin dindarları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdiriblər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı, dövlətimizin başçısı İlham Əliyevdir.
Konfransın plenar iclaslarında “Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı”, “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, “İslamın radikalizmə və ifratçılığa qarşı münasibəti”, “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “Vətənpərvərlik milli-mənəvi dəyər kimi”, “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzularında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Regional konfransın bağlanış mərasimində dini icmalar və din xadimləri konfransı yüksək qiymətləndirib və belə tədbirlərin gələcəkdə davam etdirilməsinin zəruriliyini deyiblər.
Regional konfransda ümumilikdə yüzdən artıq nümayəndə iştirak edib və tədbir çərçivəsində müxtəlif mədəni proqramlar təşkil olunub.

Paylaş:
Baxılıb: 1165 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31