Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın valyuta ehtiyatları rekord həddə çatıb

Azərbaycanın valyuta ehtiyatları rekord həddə çatıb

30.01.2014 [10:01]

Prezident İlham Əliyev: Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir
Hazırda Azərbaycanda rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını sürətləndirib. Xüsusilə qeyri-neft sektoru üzrə ixracın dinamik artımı ölkədə liberal biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini təmin edir. Son dövrlərdə dünyada gedən qlobal proseslər də ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi olduğunu bir daha təsdiqləyir.
Beləliklə, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2013-cü ili bütün makroiqtisadi parametrlər üzrə yüksək inkişaf göstəriciləri ilə başa vurmasına səbəb olub. Belə ki, 2013-cü ildə Azərbaycanda böyük layihələr icra edilib. Ümumi daxili məhsul təxminən 6 faiz artıb. Bu göstərici dünya səviyyəsində böyük nəticə hesab olunur. Ötən il Azərbaycanın qeyri-neft sektoru 9,8 faiz artıb, il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub.
Mühüm hadisədir ki, dünyanın aparıcı iqtisadi və maliyyə qurumları ölkəmizin uğurlarına biganə qalmırlar. Belə ki, Azərbaycanın iqtisadi sahədə qazandığı bu nailiyyətlər, eləcə də, ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, iqtisadi təhlükəsizlik üçün zəmanəti təmin edən strateji valyuta ehtiyatları 2013-cü ildə də artıb və makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatıb. Bütövlükdə, strateji valyuta ehtiyatlarının yüksək artım templəri Azərbaycana güclü makroiqtisadi buferi təmin edir. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim valyuta ehtiyatlarımız da rekord həddə çatıb: “Mən dəfələrlə demişəm, yenə də qeyd etmək istəyirəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artmalıdır və artır. Son illər ərzində elə bir il olmamışdır ki, valyuta ehtiyatlarımız aşağı düşsün. Baxmayaraq ki, çoxlu investisiya layihələri icra edilir, keçən il də artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Bunu biz yaratmışıq, bunu bizim siyasət, bizim iqtidar yaradıbdır. Bu, Azərbaycanın böyük üstünlüyüdür, bizə əminlik, inam və imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı böyük layihələri icra edək”.
Xatırladaq ki, bu göstərici 2009-cu ildə 20,4 milyard dollar, 2010-cu ilin sonunda 30 milyard dollara yaxın, 2011-ci ilin sonunda isə 40 milyard dollardan çox olub.
Beləliklə, Azərbaycanın strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula (ÜDM) nisbəti ilin yekununda da dəyişməyib və hazırda 70 faizə yaxındır. Azərbaycan Mərkəzi Bankının (AMB) 2013-cü ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında qeyd olunur ki, 2013-cü ilin 9 ayında ölkənin strateji valyuta ehtiyatları ötən ilin əvvəli ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 7 faiz artaraq 49,4 milyard dollara bərabər olub. Bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir.
İcmalda bildirilir ki, hesabat dövrü ərzində ölkənin strateji valyuta ehtiyatlarının artımı davam edib və beynəlxalq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə ötüb: “Strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü “makroiqtisadi bufer” formalaşdıran amildir. Eyni zamanda, strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 9 dəfə çoxdur”.
Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları Dövlət Neft Şirkətinin aktivlərindən, Mərkəzi Bankın ehtiyatlarından və hökumətin depozitlərindən formalaşır. AMB-nin valyuta ehtiyatları isə 2013-cü ilin əvvəlindən 13,4 faiz (1568 milyon ABŞ dolları) artaraq 13,3 milyard dollara çatıb. Başqa sözlə, Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları dövrün sonuna 13262,7 milyon ABŞ dollar təşkil edib. Bu da 9 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.
Bütövlükdə Azərbaycanda həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və eyni zamanda, valyuta gəlirlərinin çoxalmasını təmin edib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən, 2013-cü ilin 9 ayında xarici ticarət dövriyyəsi 26,1 milyard dollar təşkil edib ki, bunun da 18 milyard dolları ixracın, 8 milyard dolları isə idxalın payına düşür. Xarici ticarət balansının profisiti isə 10 milyard dollar olub.
İxracda yüksək templə artan mallara misal kimi pambıq ipliyi, metal borular, marqarin, kartof, şəkər, bitki yağlarını və s. göstərmək olar. İdxalı artan mallara isə metal, maşın və mexanizmlər, çay, sement, buğda unu və s. aiddir.
Mərkəzi Bankın pul siyasəti icmalında deyilir ki, 2013-cü ilin sonunda əksər kənd təsərrüfatı və yeyinti məhsulları üzrə özünü təmin etmə səviyyəsi daha da artıb. Bundan başqa, bəzi məhsul növləri üzrə bu göstərici 100 faizi ötüb ki, bu da ölkənin xarici ixracatçıya çevrilməsi anlamına gəlir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında o da deyilir ki, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi yanvar-sentyabr aylarında 66 faizdən çox artaraq 4,3 milyard dollar təşkil edib.
Qeyd etdiyimiz kimi, hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır. Bu, inkişaf etmiş dövlətlər içərisində də ən yaxşı göstəricidir. İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in 24-30 faizini təşkil edir. Neftlə zəngin olan ərəb ölkələrində isə bu rəqəm təxminən 45 faizə bərabərdir. Demək, Azərbaycan hazırda valyuta rezervlərinin real artımı və həcminə görə, dünyada ən yaxşı göstəriciyə malikdir. Qeyd olunan faktor, yəni güclü maliyyə-valyuta rezervləri ölkənin davamlı inkişafı üçün uzunmüddətli zəmanətdir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü makroiqtisadi bufer formalaşdıran amildir.
Azərbaycan hazırda strateji valyuta ehtiyatlarının həcminə görə, regionda ən yaxşı göstəriciyə malikdir. Ölkəmiz valyuta rezervlərinin həcminə görə, Gürcüstanı 20 dəfə, Ermənistanı isə 29 dəfə üstələyir.
Onu da qeyd edək ki, güclü valyuta ehtiyatları hər bir ölkənin inkişafını təmin etməklə bərabər, həm də onun xarici borc müqabilində etibarlı makroiqtisadi sabitliyini möhkəmləndirir. Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlılığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun təqribən 8 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir. Azərbaycanın valyuta ehtiyatlarının xarici borc göstəricisini üstələməsi ölkəmizin etibarlı makroiqtisadi sabitliyinin ən başlıca göstəricilərindən biri hesab oluna bilər. Halbuki, MDB regionunda əksər ölkələrin xarici borcu onların valyuta ehtiyatlarına bərabərdir, hətta bəzən çoxdur.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti digər iqtisadi resursların istehsalını və nəqlini artırmaqla, həmçinin, dünyanın nüfuzlu maliyyə qurumlarında saxlanılan valyuta sərvətlərinin səmərəli idarə olunması sayəsində mühüm irəliləyişlərə nail olub. Ölkənin qızıl valyuta ehtiyatlarının alət, valyuta və coğrafi şaxələndirilməsi artıq həyata keçirilməyə başlanılıb. Burada əsas məqsəd təbii ki, etibarlılıq, valyuta ehtiyatlarının idarə olunmasının səmərəliliyinin daha da artırılmasıdır. Bu məqsədlə, ötən ilin əvvəllərindən etibarən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarının alınmasına başlayıb.
Əlavə edək ki, respublikada makroiqtisadi sabitliyin qorunub saxlanması və iqtisadi inkişafın dinamik xarakter alması bank maliyyə sisteminə əhəmiyyətli təsir edib. Azərbaycan iqtisadiyyatının, eləcə də, bank və ödəniş sistemlərinin dinamik inkişafı milli valyutaya olan inamın artmasına gətirib çıxarıb. Azərbaycan manatının regionda ən dayanıqlı və etibarlı valyutaya çevrilməsi onun ödəniş və yığım funksiyasını gücləndirib. Möhkəm iqtisadi dayaqlara, xüsusilə, dayanıqlı xarici valyuta ehtiyatlarına, mükəmməl makroiqtisadi idarəetməyə söykənən manatın sabitliyi bu gün də davam etməkdədir. Manatın möhkəmlənməsi idxal məhsullarının bahalaşmasının qarşısını almaqla inflyasiya təzyiqlərini zəiflədir.
SEVİNC

Paylaş:
Baxılıb: 1285 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31