Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin 2014-cü il yaz sessiyası öz işinə başlayıb

Milli Məclisin 2014-cü il yaz sessiyası öz işinə başlayıb

04.02.2014 [09:37]

Fevralın 3-də Milli Məclisin 2014-cü il yaz sessiyası öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov sessiyanın ilk iclasını açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Oqtay Əsədov yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Milli Məclisin sədri parlamentin yaz sessiyasının da yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib.
2013-cü ilin payız sessiyası barədə danışan Oqtay Əsədov qeyd edib ki, bu müddət ərzində parlament 10 iclas keçirib. Bu iclaslarda 170 qanun və qərar qəbul olunub. Həmçinin Milli Məclisin komitələri 62 iclas keçirib və 215 məsələyə münasibət bildirib. Ölkədə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində lazımı tədbirlər görülüb. Payız sessiyası dövründə parlamentin xarici əlaqələri də müəyyən inkişaf yolu keçib. Sessiya dövründə Milli Məclisin nümayəndə heyəti bir sıra beynəlxalq tədbirlərin iştirakçısı olub, 25 ölkəyə 60-dan çox səfər edib. Eyni zamanda, 23 xarici ölkənin 30-dan çox nümayəndə heyəti Milli Məclisdə olub. Milli Məclisin deputatları Gürcüstanda və Tacikistanda prezident, Ukraynada və Türkmənistanda parlament seçkilərində müşahidəçi qismində iştirak ediblər.
Yaz sessiyasında deputatları gərgin və maraqlı iş gözlədiyini deyən sədr diqqətə çatdırıb ki, sessiya dövründə müzakirə olunacaq qanunvericilik işləri planına parlamentin komissiyalarında baxılıb və təsdiqlənib.
Sonra iclasın 14 məsələdən ibarət gündəliyi təsdiqlənib.
Daha sonra cari məsələlər müzakirə olunub.
Çıxışlarda son günlər azərbaycanlı gənclərin Suriyada gedən döyüşlərdə iştirak etmələri xəbərindən narahatlıq ifadə olunub, bu istiqamətdə bəzi tədbirlərin görülməsi təklif edilib.
İclasda, həmçinin Milli Məclisin intizam və hesablayıcı komissiyaları yenidən təşkil olunub.
Sonra Milli Məclisin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. Qanunvericilik işləri planına Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Rəqabət Məcəlləsi, “Reklam”, “Dəniz limanları”, “Akkreditasiya”, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr”, “Hərbi qulluqçuların statusu”, “Yaşıllıqların mühafizəsi”, “Kənd təsərrüfatı kooperasiyası”, “Elm”, eləcə də Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.
Sonra gündəlikdə duran digər məsələlərə baxılıb. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” sazişlər təsdiq edilib. Bildirilib ki, bu sazişlərin imzalanması Azərbaycanın həm İsrail, həmdə Peru ilə mövcud olan yüksək münasibətlərinin təcəssümüdür.
Deputatlar “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair”, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxıblar.
Qeyd olunub ki, “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş strateji əhəmiyyət daşıyır və Azərbaycanın maraqlarına tam cavab verir. 2013-cü il noyabrın 29-da imzalanmış bu Sazişin məqsədi Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsini qarşılılıq prinsipi əsasında sadələşdirməkdir.
Bildirilib ki, ötən ilin noyabrında Ankarada imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişə əsasən tərəflər qüvvədə olan milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq, transmilli cinayətkarlıq, xüsusilə də terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan alveri, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizədə əməkdaşlıq edəcək.
Deputatlar, həmçinin Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının və “Beynəlxalq Telekommunikasiya Reqlamenti”nin təsdiq edilməsi barədə qanun layihələrini müzakirə ediblər.
İclasda “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci 22 aprel tarixi 896-IIQ nömrəli Qanununda və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxılıb.
Milli Məclisin deputatları Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsini də nəzərdən keçiriblər.

Paylaş:
Baxılıb: 940 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31