Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İstanbul Universitetində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib

İstanbul Universitetində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib

28.03.2014 [09:15]

İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.
Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu 944 səhifəlik kitab “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanıb.
İstanbul Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, türkiyəli cavidsevərlərin və Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə keçirilmiş mərasimdə Hüseyn Cavidin zəngin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Mərasimi giriş sözü ilə açan Avrasiya İnstitutunun prorektoru, professor Sedat Murad və Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin və elmi konfransın əhəmiyyətindən bəhs ediblər.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, İstanbul Universitetinin Avrasiya İnstitutunun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, Avrasiya İnstitutunun ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turan, professor İbrahim Yıldırım, Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suverin məruzələri və çıxışları dinlənilib.
Natiqlər qeyd ediblər ki, böyük ədibin dünya tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvanda doğulması, Təbrizdə oxuması, İstanbulda təhsilini davam etdirməsi və elmin sirlərinə yiyələnməsi, Bakıda ədəbi yaradıcılığını uğurla davam etdirməsi onun fəlsəfi düşüncəsinin inkişafına əhəmiyyətli təsir göstərib. Cavid Odlar yurdu Azərbaycanın sönməz əbədi məşəlini dünya ədəbiyyatına bəxş edib.
Çıxışlarda qeyd olunub ki, Cavidin məzarının tapılması, nəşinin öz doğma Vətənində dəfn edilməsi, adının əbədiləşdirilməsi Ulu öndər Heydər Əliyevin dünya ədəbiyyatını yaradan nadir şəxsiyyətlərə tükənməz məhəbbətinin nəticəsidir.
Professor Kamran Əliyev deyib ki, Hüseyn Cavidin qələmə aldığı mövzular türkdilli xalqlar arasında ədəbi bir körpüdür. Cavidin qəhrəmanları dünya siyasətinə təsir etmək imkanında olan şəxsiyyətlərdir. Onun əsərləri əfsanə və miflərə söykəndiyi kimi, real tarixi proseslərə də aydın baxış formalaşdırıb. Odur ki, yaradıcılığı həm sadə oxucular, həm də ayrı-ayrı sahələrin mütəxəssisləri tərəfindən diqqətlə izlənilir. Əminliklə qeyd edə bilərik ki, cavidsevərlər bundan sonrakı dövrdə də Cavid ideyalarından faydalanacaqlar.
Hüseyn Cavidin tarixi şəxsiyyət, yenilməzlik və mübarizlik nümunəsi olduğunu diqqətə çatdıran Sova Vəliyeva bildirib ki, şair öz əsərlərini orijinal üslubda yaratmaqla bərabər, türkçülük və turançılıq ideyalarının yaşamasına nail olub, diqqəti bəşəri dəyərlərin mahiyyətinin dərk edilməsinə yönəldə bilib. Cavidin əsərləri həmişə müasirliyini saxlayacaq və sevilə-sevilə oxunacaq. Cavid bəşəri sənətkardır. Onun əsərlərinin başqa dillərə tərcümə etdirilməsi Cavid irsinin dünyada yayılmasına şərait yaradacaq.
Mustafa Özkan Cavidin şeirlərinin Osmanlı dövlətinin dövründə işlədilən türk dilində olmasından danışıb, onlardan nümunələr təqdim edərək üzərində təhlillər aparıb.
Xəlil Bal diqqəti Hüseyn Cavid yaradıcılığının onun öz dövrünün reallıqlarını tarixiləşdirməsinə yönəldib. Qeyd edib ki, 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırımı törətmiş ermənilər Cavidin şeirlərində kəskin ittiham olunublar.
Hüseyn Cavidin İstanbuldakı həyat və fəaliyyəti barədə yeni faktlarla çıxış edən İbrahim Yıldırım bildirib ki, Cavid islami dəyərləri uca tutmaqla bərabər, milli adət-ənənələrimizə, mədəniyyətimizə və musiqimizə sonsuz rəğbət bəsləyən bir şəxsiyyət olub.
Cavid yaradıcılığına xoş münasibəti bəşəri dəyərlərə və insani hisslərə hörmət kimi dəyərləndirən Azər Turan kitabın tərtibi ilə bağlı görülən işlər barədə fikrini bölüşüb.
Hüseyn Cavidin əsərlərinin bütün zamanlar üçün aktual olduğunu diqqətə çatdıran Sabir Rüstəmxanlı ədibin məzarının tapılması, nəşinin ölkəmizə gətirilməsi, adının əbədiləşdirilməsi, əsərlərinin nəşri barədə fikirlərini söyləyib.
Məruzəsini Heydər Əliyevin və Mustafa Kamal Atatürkün tarixi fəaliyyətinin təhlili üzərində quran Akkan Suver qeyd edib ki, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev böyük Cavidə yenidən həyat verdiyi kimi, Türkiyə Cümhuriyyətinin qurucusu da türk şairi Tofiq Fikrət yaradıcılığına yeni həyat işığı bəxş edib.
Sonda aktyorlar Məmməd Səfa və Məlahət Abbasova Cavidin əsərlərindən parçalar səsləndiriblər.
Jurnalistlərə müsahibə verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim olunan kitabı dünya ədəbiyyat xəzinəsini zənginləşdirən bir inci kimi dəyərləndirərək Cavid yaradıcılığının bu gün də öz aktuallığını saxladığını qeyd edib. Azərbaycan hökumətinin elmə və mədəniyyətə göstərdiyi qayğıdan danışan Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ədəbi simalarının dünyada tanıdılması ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbirlərdən bəhs edib və bu siyasətin nəticələri haqqında söhbət açıb. O, Hüseyn Cavidin əsərlərinin İstanbulda ilk dəfə nəşr edilməsini də bu siyasətin göstəricisi olduğunu deyib.

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31