Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyev Azərbaycanın uğurlu xarici siyasət strategiyasının müəllifidir

Ulu öndər Heydər Əliyev Azərbaycanın uğurlu xarici siyasət strategiyasının müəllifidir

09.05.2014 [09:53]

Məlum olduğu kimi, 1991-ci ildə Sovet İmperiyasının süqutundan sonra müstəqilliyini elan edən Azərbaycan daxildəki problemlərlə yanaşı, beynəlxalq güc mərkəzlərinin bölgədəki rəqabəti fonunda da mürəkkəb vəziyyətə düşmüşdü. Ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan geriləmə, xaos və böhran xarici siyasətdə də özünü göstərirdi. Lakin 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan üçün sözün həqiqi mənasında yeni mərhələ başladı. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanda vətəndaş müharibəsini dayandırdı, beynəlxalq güclərin təzyiqlərinin qarşısını aldı, heç kəsdən asılı olmayan sözün həqiqi mənasında müstəqil xarici siyasət kursunun əsasını qoydu. Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında isə Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirdi, iqtisadi imkanlarını, dünyadakı çəkisini artırdı.
Əlbəttə ki, inkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən - ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Azərbaycanın xarici dövlətlərlə əlaqələrinin möhkəmləndirilməsi, bərabərhüquqlu münasibətlərin formalaşması, yaranmış münbit zəmin üzərində bu əlaqələrin inkişafı, dünyanın əsas güc mərkəzləri ilə əlaqələrində milli maraqlarının və ölkə mənafeyinin rəhbər tutulması, beynəlxalq təşkilatlarda və dünyada baş verən siyasi proseslərdə rolunun artırılması, sülhmeyilli addımların dəstəklənməsi və problemli məsələlərin diplomatik yolla həllinə töhfə verilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətləri təşkil edir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan nəhəng güc mərkəzləri, dünyanın böyük dövlətləri ilə strateji əhəmiyyət daşıyan münasibətlər qura bilmişdir. Azərbaycanın ABŞ-la münasibətlərini də bu sferaya şamil etmək olar.
Bu gün ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək səviyyəli münasibətlər mövcuddur. ABŞ-Azərbaycan münasibətlərinin yüksələn dinamika ilə inkişafını sübut edən ən mühüm məqamlardan biri şübhəsiz ki, iki dövlət nümayəndələri arasında mütəmadi görüşlərin, məsləhətləşmələrin keçirilməsi, tərəflərin marağında olan bir sıra məsələlərlə bağlı açıq dialoqun təşkilidir. Bu mənada aprelin 29-30-da keçirilən “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumunun əhəmiyyətini xüsusi qeyd etmək istərdim.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyi indiki məqamda Ümummilli liderimizin müəllifi olduğu xarici siyasət strategiyasının uğurlarını bir daha dərk edir, onun ölkəmizə qazandırdığı nailiyyətləri müşahidə edirik. “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu da bu uğurların nümayiş etdirilməsi, Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olmasının təsdiqi kimi də tarixə yazıldı.
Qeyd etmək yerinə düşər ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Cəmiyyətinin (AFAZ) təşkilatçılığı və SOCAR, PSG, BP, FLUOR, FOSTER WNEELER, Conoco Philips, KBR, Caspian Drilling Company, PRODEA, OSSIA, Arthur D Little, Mi SWACO, Azeri MI, AZERFON şirkətlərinin dəstəyi ilə keçirilən “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu bir çox mühüm tərəfləri ilə yadda qaldı. Əvvəla, bu forumda iki dövlət arasında münasibətlər yenidən nəzərdən keçirildi, ölkəmizin super dövlət üçün əhəmiyyəti bir sıra siyasətçilər və dövlət təmsilçiləri tərəfindən dəfələrlə vurğulandı, regional və qlobal proseslərdə Azərbaycanın rolu ilə bağlı müxtəlif fikirlər səsləndi. Heç də təsadüfi deyil ki, tədbirdə çıxış edən ABŞ rəsmiləri, konqresmenlər və diplomatlar da bu Forumun əhəmiyyətini xüsusi qeyd etməklə bərabər, iki dövlət arasında münasibətlərin inkişafı ilə bağlı da xoş fikirlərini ifadə etdilər. Məsələn, Florida ştatından Konqresin üzvü İliana Ros-Letinen, Texas ştatından konqresmen Henri Kuelar, Pensilvaniya ştatından konqresmen Maykl Doyl, Kaliforniyadan Konqresin üzvü Pol Kuk Amerika-Azərbaycan tərəfdaşlığının vacibliyini ifadə edərək son 20 ildə Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi olduğunu vurğuladılar. Nyu-Yorkdan olan konqresmen Qreys Menq, ABŞ Konqresində Azərbaycan ilə əlaqələr üzrə işçi qrupunun Pensilvaniyadan olan həmsədri Bill Şuster isə Azərbaycan xalqının zəngin mədəni dəyərlərindən söhbət açdılar. Forumda artıq 20 il müddətində qüvvədə olan “Azadlığa dəstək aktı”na ədalətsiz 907-ci düzəlişi ləğv etməyə çağırışlar səsləndi. Ohayo ştatından konqresmen Maykl Törner, Pensilvaniyadan Konqresin üzvü Çarli Dent Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında Azərbaycanın rolu mövzusuna toxunaraq müstəqil Azərbaycanın regionda təhlükəsizliyin qarantı olduğunu söylədilər.
Forumda ABŞ Senatının üzvləri - Mark Beqiç (Alyaska ştatı), Mark Uorner (Virciniya), Çarlz Şumer (Nyu-York), ABŞ dövlət katibinin enerji diplomatiyası məsələləri üzrə köməkçisinin müavini Amos Hokstayn, Texas ştatından konqresmen Stiv Stokman Avrasiya enerji dəhlizi və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolu ilə bağlı müsbət fikirlər səsləndirdi.
Forum çərçivəsində keçirilən panel iclaslarında, həmçinin, Hudson İnstitutunun Elmi-Tədqiqat Mərkəzinin direktoru və baş elmi araşdırıcısı Riçard Ueyts, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, Heritage Fondunun böyük elmi işçisi Ariel Koen və digərləri çıxış edərək qarşılıqlı maraqlara söykənən ABŞ-Azərbaycan münasibətlərini fərqli rakurslardan təhlil edərək, xüsusilə, son dövrlər bölgədə və dünyada baş verən proseslər fonunda bu əməkdaşlığın daha böyük əhəmiyyətə malik olduğunu bildirdilər.
Bu Forumun Azərbaycan üçün əhəmiyyətini göstərən başqa bir məqam isə tədbirdə ölkəmizin çox geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunmasıdır. Xatırlatmaq istərdim ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Elşad Nəsirov, Xalik Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və digər dövlət qurumlarının nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və katolik icmasının ordinarisi Vladimir Fekete, o cümlədən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət geniş nümayəndə heyəti Azərbaycanın mövqeyi ilə bağlı məsələləri Forum iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin, Forum ərəfəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ABŞ mediasında çıxış edərək ölkəmizin iqtisadi inkişaf modeli, enerji təhlükəsizliyində oynadığı rol, xarici siyasət prioritetləri və digər məsələlər barədə dolğun informasiyaları ictimaiyyətə çatdırdılar. Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin şərəfinə verilən şam yeməyində Nümayəndələr Palatasının sədri Nensi Polesinin iştirakı və onun Azərbaycanın əhəmiyyəti haqqında yüksək fikirləri də müsbət məqam kimi yadda qaldı.
Beləliklə, kifayət qədər əhəmiyyətli olan bu Forum ölkəmizin maraqlarının müdafiə olunması, Azərbaycanla bağlı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından uğurlu oldu.
Sahibə QAFAROVA,
Milli Məclisin üzvü,
professor

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31