Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın inkişaf modeli dünya üçün nümunədir

Azərbaycanın inkişaf modeli dünya üçün nümunədir

14.05.2014 [09:10]

Fransua Olland: Siz ehtiyatlarınızdan lazımi şəkildə istifadə etməyi bacardınız. Neft və qazdan inkişaf layihələri üçün ən yaxşı şəkildə istifadə etdiniz
Məlum olduğu kimi, Azərbaycan son illərdə dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri kimi qabaqcıl mövqeyini qoruyub saxlayır. Ölkəmizin inkişafı beynəlxalq aləmdə böyük maraq və heyranlıq doğurur. Azərbaycanda gedən hərtərəfli inkişaf və abadlıq prosesləri ölkəmizə səfər edən xarici qonaqlarda böyük təəssürat doğurur. Təsadüfi deyil ki, bu günlərdə respublikamızda səfərdə olan Fransa Prezidenti Fransua Olland Azərbaycanda gördüyü sürətli inkişaf prosesinin müsbət nəticələrinə olan heyranlığını gizlətməyib. Fransanın dövlət başçısı qatıldığı Azərbaycan-Fransa biznes forumundakı çıxışında ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən inkişaf siyasətinin uğurlarından geniş bəhs edib.
AZƏRBAYCAN TƏBİİ SƏRVƏTLƏRİNDƏN LAZIMİ ŞƏKİLDƏ YARARLANIR
Xatırladaq ki, tədbirdəki çıxışı zamanı Fransa Prezidenti ölkəmizdə böyükmiqyaslı dəyişikliklərin şahidi olduğunu deyib: “Enerji sahəsinə sərmayələrin cəlb edilməsi istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir. Eyni zamanda, nəqliyyat, tikinti, infrastruktur, yeyinti məhsulları kimi sahələrdə gördüyünüz işlər, fikrimcə, region və bütövlükdə dünya üçün nümunəvidir. Siz ehtiyatlarınızdan lazımi şəkildə istifadə etməyi bacardınız. Neft və qazdan inkişaf layihələri üçün ən yaxşı şəkildə istifadə etdiniz”.
Fransa Prezidentinin sözləri heç də təsadüfi xarakter daşımır. Məlum olduğu kimi, Azərbaycan strateji əhəmiyyətə malik olan neft və qaz kimi mühüm enerji resurslarına malikdir. Karbohidrogen ehtiyatlarının zənginliyi özlüyündə müstəqil inkişafa möhkəm əsas yaratsa da, bu potensialın gerçəkləşdirilməsi məhz hərtərəfli düşünülmüş strategiya sayəsində mümkündür. Azərbaycanda məhz belə bir neft strategiyasının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə ölkənin neft-qaz siyasətinin bugünkü faydalı nəticələrinin təməli hələ 20 il öncə qoyuldu.
Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev isə uyğun olaraq 2006 və 2007-ci illərdə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismarından dövlət büdcəsinə gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsinə, paytaxtın və regionların inkişafına, əhalinin rifahının yüksəldilməsinə, abadlaşdırmaya yönəldib. Nəticədə, əldə olunan uğurlar göz önündədir. Azərbaycanda müxtəlif sahələrin inkişafına yaradılan əlverişli şərait, mövcud potensialın düzgün istifadəsi və müşahidə olunan irəliləyişlər xarici investorların qeyri-neft sahələrinə marağını daha da artırır.
FRANSA AZƏRBAYCANLA ÇOXSAHƏLİ ƏMƏKDAŞLIQDA MARAQLIDIR
Təsadüfi deyil ki, Fransa Prezidenti F.Olland sözügedən biznes forumdakı çıxışında ölkəsinin işadamlarının Azərbaycandakı şirkətlərlə ən müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu dilə gətirib. Fransa Prezidenti, ilk növbədə, Azərbaycanın iqtisadi və siyasi baxımdan strateji rol oynadığını, Avropaya enerji təchizatı, onun enerji təhlükəsizliyi məsələsindəki əhəmiyyətini əsas gətirərək enerji sahəsindəki əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıb: “Bu səbəbdən, mən illər boyu həmin sahələrdə işləyən fransız şirkətlərini sizinlə daha yaxından işləmək üçün buraya dəvət etdim. Mən xüsusən də “Total” və “GDF-Suez” şirkətlərinin iştirak etdiyi yeni “Abşeron” yatağını nəzərdə tuturam. Bilirəm ki, bu iki böyük fransız şirkəti layihələri gəlirli etmək məqsədilə sərmayə qoyuluşu baxımından daha çox işləri görmək arzusundadır”.
Fransa Prezidenti nüvə enerjisi və bərpa olunan enerji sahələrində ölkəmizlə əməkdaşlığa ölkəsinin marağını ifadə edib.
F.Olland Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətlərinin iştirakının genişləndirilməsi perspektivlərindən də danışıb: “Kosmos sahəsində biz çox mühüm razılaşmalara nail olmuşuq. İnanmaq istərdim ki, bu, bizim böyük tərəfdaşlığımızın başlanğıcı ola bilər. Çünki bunun nəticəsində bütöv telekommunikasiya sektoru dəyişəcəkdir. Digər iri müəssisələrimiz - “Thales”, “Airbus Defense and Space” vardır. Bilirəm ki, bu müəssisələr artıq sizinlə işləyir”.
F.Olland Fransa şirkətlərinin Azərbaycanın kənd təsərrüfatı, tullantıların təmizlənməsi, turizm, mədəniyyət və idman sahələrinə də maraq göstərdiyini bildirib.
“BAKIDA BÖYÜK DƏYİŞİKLİKLƏR GEDİR”
Ölkəmizə səfəri çərçivəsində paytaxtda görülən abadlıq, yenidənqurma işləri ilə tanışlıq da Fransa Prezidentində böyük təəssürat doğurub. F.Olland forumdakı çıxışında Bakıda gördüyü yenidənqurma işlərinin uğurundan da danışıb: “Bakıda genişmiqyaslı yeniləşmə işləri aparılır, böyük dəyişikliklər gedir. Dünən biz fransız məhəlləsini ziyarət etdik. Orada öz gözlərimlə gördüm ki, binalar sıfırdan qaldırılır. Hətta orada söhbət etdiyimiz zaman belə işlər dayanmırdı, lap liseydəki kimi. Mən şəhərin elə bir hissəsini gördüm ki, orada illər boyu sənaye zonaları, gəmi təmiri zavodu yerləşirdi. Siz orada “Eurovision” müsabiqəsi üçün saray tikdiniz və hazırda həmin yerdə böyük mədəni tədbirlər keçirilir. Bu, turizm zonasına çevrilib. Beləliklə, siz sübut etdiniz ki, bir neçə il ərzində şəhər nəinki iqtisadi inkişafdan faydalana, o cümlədən şəhərsalma planları əsasında daha gözəlləşə bilər”.
AZƏRBAYCAN İNVESTİSİYALARI FRANSANIN İNKİŞAFINA DƏSTƏK OLA BİLƏR
Qeyd edək ki, forumdakı çıxışında F.Olland ölkəsinin inkişaf planlarının gerçəkləşməsində Azərbaycanın önəmli rol oynaya biləcəyini də söyləyib: “Biz də Azərbaycan sərmayələrini istəyirik ki, bizim ölkədə də yeni iş yerləri açılsın. Şirkətləriniz idman, mədəniyyət və sənaye, tikinti sahəsində sərmayə qoya bilər”.
Bu o deməkdir ki, Azərbaycanın sürətli inkişafı Fransa rəhbərliyində belə bir inam formalaşdırıb ki, ölkəmizlə uzunmüddətli strateji əməkdaşlıq bu ölkənin inkişafına da təkan verə bilər. Sadalananlar Azərbaycanın uğurlu inkişaf yolunun beynəlxalq aləmdə, hətta inkişaf etmiş ölkələrdə belə böyük maraq doğurduğunu və ölkəmizlə əməkdaşlığa olan meyillərin gücləndiyini təsdiq edir. Bu isə qeyd olunduğu kimi, məhz Azərbaycan dövlətinin həyata keçirdiyi səmərəli daxili və xarici siyasi kursun sayəsində mümkün olub.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 761 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31